adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Adil Mirseyidlə 50 yaşın şeiri - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
501 | 2022-09-26 14:57

Bu da bir söhbətdir

 

Öncə Adil Mirseyiddən deyim. Ona görə öncə deyirəm ki, indi o Tanrı dərgahında bizləri izləyir. Dostlarını, oxucularını, rəsm əsərlərinin pərəstişkarlarını bir-bir gözünün önünə gətirir. Yəqin ki, hər biri haqqında da yenə yazır, yenə portretlər çəkir. Çünki Adil Mirseyid nə fırçadan, nə də qələmdən kənarda dayanmağı heç vaxt özünə yaxın buraxmadı. Onu tanıdığım bütün zaman kəsiyində tüstülənən siqareti, qələmi, kağızı, həmişə özü ilə oldu. Bax, elə mən də birlikdə çalışdığım, dostluq etdiyim və hər zaman da həyatımın şirin xatirələrindən biri olan Adil Mirseyidin özündən sonra işıq üzü görən «Son şeir, son vəsiyyət» kitabı ilə dayanmışam bilgisayarın önündə. Bu dəfə «Bir şairin bir şeiri» layihəmdə Adil Mirseyidlə dərdləşmək, həmsöhbət olmaq istəyirəm. Çox qəribədir ki, özüm də bilmədən onun «50 yaşın şeiri» çıxdı qarşıma. Bu şeiri sağlığında dinləmişdi, oxumuşdu mənə. İndi də özüm oxudum. Oxuya-oxuya da getdim Adil Mirseyidin 50 yaşına çıxdım. Həmin günü, həmin tarixi yenidən yaşadım. Məhz həmin gün Adil Mirseyid yazmışdı ki:

 

nə günəş var göydə, nə də ki, bulud,

dörd yol ayrıcında bir qəribəm mən.

durna gözlərini xəyalında tut,

mənim gözlərim də öylədi eynən.

 

Mən bu mənzərənin içində bir anlıq susdum. O susduğum anda da nə deyəcəyimi, nə yazacağımı götür-qoy etdim. Bu iki sual özü-özlüyündə mənə cavab verdi. Yəni xatırladım ki, mən də Adil Mirseyidə özümü «Bu da 50 yaş» şeirimi oxumuşdum o zaman. Özü də şeiri oxuyanda Adillə razılaşmışdıq ki, mütləq bir portret çəkmək lazımdı. 50 yaşın portretini. Həm onun üçün, həm də mənim üçün. O portreti çəkmək nəsib olmadı. Amma şeir artıq yazılmışdı. İndi o şeiri xatırlayıram. Mən onda yazmışdım ki:

 

bu da doğum günü...

bu da əlli yaş

gör, necə keçmişəm

mən bu illəri

yollarda əriyib mən yavaş-yavaş

öyrəndim səninçün şirin dilləri.

 

Biz yaşadığımız hər anı, hər günü, bəzən boş-boşuna, necə deyərlər havaya üfürürük, sovururuq gedir zamanın arxivinə. Və sonra da həmin o külü də qalmayan anlar üçün göynəyirik. Bu mənada Adil Mirseyidin qısa ömrünü də mənim hesabıma görə itirilən vaxt, sovrulan gün yoxdur. O, həm şair, həm rəssam, həm də bütövlükdə Azərbaycan aydını kimi dayanmadan yaratdı, ortalığa söz və rəsm qoydu. Amma bəzən özü-özünü ittiham etdi. Hətta acıladı ki, niyə hər şey ən yüksək səviyyədə deyil. Bu mənada özü-özünü günahlandıran şair Adil Mirseyid yazdı ki:

 

bu gün nə aqiləm, nə də bir naşı,

sanki mən səninlə dərdiş deyiləm.

mən nə hurifiyəm, nə də bektaşi,

bir şair babayam, dərviş deyiləm.

 

Mən də elə bu nüansdan, bu nöqtədən yapışıb özümə təsəlli verdim. Düşündüm ki, bu əlli ildə hansısa bir işin qulpundan tuta bilmişəmsə, və yaxud hansısa bir ağaca bir ovuc su səpmişəmsə, buna da azacıq da olsa sevinmək olar. Deməli, həmin günü yaşamışam və  o yaşadığım günlərin sırasına belə şeirləşdirmişəm:

 

həyat dəftərimdə hər söz, hər nöqtə

bir andı, bir ildi, bilmir ki, kimsə...

bəzən mən, bəzən də vaxt edir diktə –

çəkili qalıbdı bir sarı simsə...

 

Enişi, yoxuşu, sərt döngələri

Yüyürüb də keçdim, iməkləyib də...

Yanımca yeriyən kölgəlikləri

Ötdüm tıncıxanda – küləkləyib də.

 

Bu bir həqiqətdir ki, insan yaşlaşdıqca onun həmsöhbəti xatirələr olur və bir də arzularının sırasına yenidən baxır. Düşünür ki, nəyə qovuşa bilib, nədə qazanıb, nədə itiribdi. Bu mənada şairin, rəssamın xəyalı da, arzusu da, xatirəsi də tamam fərqli olur. Çünki o, Yer üzündən çox göy üzündə gəzib-dolaşır. Onun təması da, onun söz-söhbəti də mələklərlə, ilham pəriləri ilə bir məcrada, bir macərada görüşür və sözə, portretə çevrilir. Bu mənada Adil Mirseyidin də sözə, rəsmə çevrilən arzusu, xatirəsi, mələklərlə pıçıltısı qələmin, fırçanın reallığıdır. Bax, elə bu yerdə onun misraları mənim fikirlərimi təsdiqləyir:

 

aldanma dedilər şair sözünə,

inandım aldandım peşman olmadım.

mən şeirdən yuva qurdum özümə

yuvamı yaxdılar, düşman olmadım.

                             

Bəli, şairin özü-öz sözünə inanması, hətta öz sözündən aldanması da bir poetik tapıntıdı. Oxucunu inandırmaq üçün birbaşa deyilmiş, səsləndirilmiş etirafdı. Bax, Adil Mirseyidin 50 yaşı ona bu etirafı da etdiribdi. Özü də həm şair kimi, həm də rəssam  kimi. Mən də həmkarıma, dostuma qoşulub bir növü onun getdiyi yolun üzbəüz səkisi ilə paralel bir şəkildə öz oxucularıma doğru addımlayanda səsinə səs verdim, duyğularımı misralara çevirdim və yazdım ki:

 

Dizim qan, dirsəyim, dırnağım qançır

Üzümdə zamanın şillə izləri.

Mənim axtardığım səadət qaçır –

Mən hələ yığıram boş gilizləri...

 

Bu yerdə oxucunun mənim barəmdə nə düşünəcəyini təxmin edirəm. Amma demək istəyirəm ki, bir şair, bir insan olaraq axtarışlarımın səbəbi də var, məqsədi də və onun hansı nəticə verəcəyini də öncə göz altına almışam. Baxmayaraq ki, 50 yaşda sevinc də, sevgi də, kədər də, göz yaşı da insan üçün müəyyən mənada bir az adiləşir. Lakin söhbət uğurunda mücadilə etdiyin sevgidən gedirsə, həyatını həsr etdiyin sevgidən bəhs olunursa, burada hər şey gözəldi, hətta ağrı-acı da. Bax, mən də bu fikirlərimin mayasında Adil Mirseyidin etirafına iki əlli səs verib onunla yanaşı dayanmaqdan çəkinmirəm. Çünki bütün ağrıların canında, qanında səmimiyyət və sevgi mənim üçün önəmlidir. Əgər bu varsa, vicdan da, ruh da gec-tez rahat olacaqdır.  Və bu yolda bağışlanmaq şansı da mümkündür. Bunu da Adil Mirseyid deyir:

 

vicdan əzabına bənzər bir ağrı,

çəkib göy üzünə aparır məni.

bir axşam çatlayar umudun bağrı,

Allah bağışlayar şair bəndəni.

 

 

Mən də Allahın bağışlayan olduğunu bildiyindən sevgim üçün, çarpışdığım, vuruşduğum məqamlar üçün təəssüf hissi keçirmirəm. Əksinə, bilirəm ki, bu 50 ildə ürəyimi, ruhumun istəyini heç vaxt gizlətməmişəm. Allahımla, dörd divarla və Sənlə olan bütün söhbətlərim Allaha da, Sənə də, dörd divara da bəllidi. Şahidim sizsiniz. Deməli, 50 yaş üçün qazancım da, uğurum da yenə sizin adınızla bağlıdır. Yəni Allahın və Sənin adınla.  Və:

 

bu da doğum günü, bu da əlli yaş

sevinclə kədərin qovuşan yeri...

indi duyuram ki, yandığım atəş –

məni sənin üçün çəkib irəli...

 

Yəqin ki, bu misralar bura qədər dediklərimin hamısını təsdiqləyir. Bax, elə Adil Mirseyidlə mən 50 yaşı  məhz belə təsdiqləmişik. Hamının gözü önündə, hamının bildiyi, duyduğu yozumda. Ən   vacibi  isə  bağışlayan Allahın nəzərləri altında Adil Mirseyidin ruhu  şad olsun!

TƏQVİM / ARXİV