20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

200 | 2025-09-19 13:19

Yurda dönüş, dövlətə minnətdarlıq Azərbaycan xalqının taleyüklü məsələləri gerçək həllini tapanda yurda bağlılıq, el-obaya qayıdış ümiddən gerçəkliyə şevrilir. Nisgili,qübarı qəlbimizdə yara açan yurd yerlərimizin bir çoxu mənfur düşmənlərimizin- ermənilərin əlinə keçmişdi. Doğma ocağından didərgin düşən insanlarınsa bir arzusu var idi, yurda dönüş.

44 günlük Vətən müharibəsində əldə edilən şanlı Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olundu . Bu tarixi qələbələr xalqımızın müasir tarixində yeni mərhələ açdı. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin işğaldan azad olunması ilə dövlətimizin milli maraqları, tarixi ədalət və beynəlxalq hüququn norma və prinsipləri bərpa edildi.

2023-cü il oktyabrın 15-i Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Tarixi qələbəmizin sevinci böyük vüsət aldı. Prezident İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilməyə başlanıldı. Bu möhtəşəm hadisə Azərbaycan xalqının milli qürurunun və qələbə əzminin ən yüksək təcəssümü idi. Qeyd edək ki, Prezident İlham Əliyevin 2023-cü ildən bu günədək Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə çoxsaylı səfərləri , açılışlarda, təməlqoyma mərasimlərində iştirakı oldu. Bu səfərlər regionda sürətlə aparılan bərpa-quruculuq işlərinin və dövlət siyasətinin praktiki təzahürüdür.

Bu gün Azərbaycan dövləti tam suverenliyə malikdir, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi fonunda daxili sabitlik daha da möhkəmləndirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü iloktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edərək deyib: “Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır.

Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir”. İndi azad edilmiş torpaqlarımız beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkana çevrilir.

Bu baxımdan Xankəndi şəhəri də xüsusi diqqət çəkir. Bu il ənənəvi Şuşa Qlobal Media Forumu Xankəndi şəhərində keçirildi. Həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə Xankəndi şəhəri ev sahibliyi etdi. Prezident İlham Əliyevin qətiyyəti və prinsipial mövqeyi sayəsində Azərbaycan tarixinin daha bir şanlı səhifəsi yazıldı. Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Xankəndi şəhərində “Qarabağ Universiteti” yaradıldı və işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olundu.

Ölkə prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi, qəbul olunmuş digər sənədlər və həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edir. Bu isə dövlətimizin Qarabağın və Şərqi Zəngəzurun dirçəlişində, əhalinin dayanıqlı məskunlaşmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında məqsədyönlülüyünün göstəricisidir.

                                                                                                                             

Gülxarə Əhmədova,

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

TƏQVİM / ARXİV