Yer Göyə bənd, bəs Göy nəyə...

3156 | 2015-03-20 10:45
Bəlkə, gəlməsən yaxşıdı

Bəlkə, gəlməsən yaxşıdı,
Gecə...
səni gözləyəcəm...
Özün bilməsən yaxşıdı,-
Necə səni gözləyəcəm...

Bir gözəlsən, pir deyilsən,
Daha mənə sirr deyilsən,
Bir bədəndə bir deyilsən,-
Neçə səni gözləyəcəm...

Çox ayrılıq əsdi bizdən.
Üşüdülər istimizdən...
Dağ yeriyə üstümüzdən
keçə... səni gözləyəcəm...

Gözlər dolub sellənəcək,
Qum da açıb güllənəcək,
Tənbəl-tənbəl yellənəcək
Küçə... səni gözləyəcəm...

Süz göyləri,
dön mələyə,
Yağış yuya, gün bələyə,
Yaz adımı son bələyə,-
heçə...
səni gözləyəcəm...

Göy gəzirəm Yerdə bir az

Mövzu deyib dağı, düzü
Gəzib suyun çıxardıram.
Misraya yatmayan sözü
Əzib suyun çıxardıram.

Ruh uçunan sirdə yer az,
Göy gəzirəm yerdə bir az,
Ayrılığı Araz-Araz
Üzüb suyun çıxardıram.

İpək hördüm dəmirdən də,
Gül bağladım kömürdən də,
Can çəkişən ömürdən də
Bezib... suyun çıxardıram.

Dəniz gözlüm, bu mən,bu sən,
Gir könlümə, üz dərindən,
Sənsizliyi gözlərindən
Süzüb suyun çıxardıram...

Qoru

Bu evi bu tavandan,-
Bu damdan qoru,Tanrım.
Nə quşdan, nə heyvandan,
Adamdan qoru,Tanrım.

Bu adam şər buyruğu,
Yüz tələ var qurduğu,
Özünə uydurduğu
Edamdan qoru,Tanrım.

Küydü dil-dil ötdüyü,
Qeybətdi üyütdüyü,
İçində böyütdüyü
Nadandan qoru,Tanrım.

Qərib şairə

Noldu qərib yetim,
qəribə yetim,
Ölümün gözündə çiçəklədinmi ?!
Evindən qəbrinə uzanan yolu
Dörd taxta üstündə iməklədinmi ?!

Əlində bel idi, kürəyində tər,
günün varıydımı,
gün-gündən betər ...
Qəribin qəbri də ayrılıq ötər,
Bu təzə sevdaya söz köklədinmi ?!

Bu yaz bənövşələr sənsiz qaldı ki ...
Sevdiyin çay yeri çənsiz qaldı ki ...
Çat düşən ürəyin dənsiz qaldı ki ...
Torpağın altında dərd ləklədinmi ?!

Bu torpaq sənindi,
Sən bu torpağın,
Ələyir, sovurur qəm bu torpağı,
Həm səni ağladım, həm bu torpağı
Gözümün yaşını yelpiklədinmi ?!

... Bilməyib gəlmişəm dünyaya mən də,
Elə sənin kimi tənhayam mən də,
Dönürəm bir bəyaz röyaya mən də,-
Yanında bir qara yer rənglədinmi?!

Gilənar

Yer Göyə bənd, bəs Göy nəyə,
Ölləm göynəyə-göynəyə,
İki dünya bir köynəyə
Dar gələsi, ay Gilənar... ay Gilənar...

"Bəhri divanə" irsimin
Qopuz kimi öz tilsimi,
Eşq özü də iki simin
Bir naləsi ay Gilənarg ay Gilənar...

"Baş müxəmməs" şah beytimdi,
"Baş sarıtel" ah beytimdi,
"Kərəmi" mdi, "Dübeyti" mdi
Yar tələsi, ay Gilənarg ay Gilənar...

"Dərbəndi" dərd dənim kimi,
"Laçını" dağ çənim kimi,
"Yurd yeri"nin mənim kimi
Var dəlisi, ay Gilənarg ay Gilənar...

Dilimdə o gülün adı,
"Zarıncı"dı, "Qaytarma"dı,
Neyçün məni qaytarmadı,
Bir beləsi ay Gilənarg ay Gilənar...

Gecələr dağlara baxa bilmirəm

Bu qışın qarını duman əritdi
Əritdi, özü də yaman əritdi...
Bu qış da ürəyim güman əritdi
Gecələr dağlara baxa bilmirəmg

Üstümə qayalar, dağlar sürüşür,
Dağları bağlayan tağlar sürüşür,
Bulaqlar sürüşür, -
ağlar sürüşür,
Gecələr dağlara baxa bilmirəmg

Bu Araz, bu da ki, Samur dağları,
Bürüyüb yamyaşıl mamır dağları,
Dağ çəkir sinəmə çadır dağları
Gecələr dağlara baxa bilmirəm.

Üzülür ağrıdan Ağrının canı,
Gözümdən tökülür Murovun qanı,
Şuşanın dağları kəsir aranı
Gecələr dağlara baxa bilmirəm.

Qaldırın üstümə uçan dağları,
Uçunur Kəlbəcər, Laçın dağları,
O mənfur buxovdan açın dağları
Gecələr dağlara baxa bilmirəm.

Bir mehəm, Mehrinin mehrinə acam,
Dərbəndin dumanı dağılar haçan,
Şahəm Şah düzündən Şah dağınacan...
Gecələr dağlara baxa bilmirəm.

Dağdan da ağırdır daş tənhalığı,
Ürək tənhalığı, baş tənhalığı.
Asılıb zirvədən qış tənhalığı
Gecələr dağlara baxa bilmirəmg

Yaz qarı bir daşın donqarı üstə,
İzim yox bu yazın son qarı üstə,
Dərd yağır dərdimin yonqarı üstə
Gecələr dağlara baxa bilmirəmg

Dünya kökdən düşüb

Dünya kökdən düşüb, Zakir əfəndi,
Dünyanın simləri yerində deyil.
Kim kimi kökləyir,
kim kimi qırır,-
Kimin də kimləri yerində deyil...

Yuyulmaz Qəzzada hərbin əlləri,
ABŞ-ın lilləri, Qərbin lilləri...
Batıb Suriyada haqqın zilləri
İraqda bəmləri yerində deyil...

Kimdi saya salan türk çabasını,
Səriblər üstünə fars libasını,
Pozdular ərəbin əlifbasını
"Mim"ləri, "Cim"ləri yerində deyil...

Hər körpə qəbrində can havası var,
Qisas havası var,
qan havası var,
Qiyamət adında son havası var,-
Sonun iqlimləri yerində deyil.

Şərt kəsmir bu şumlar,
bu yabalıqlar,
Oynadır ümmanı xırda balıqlar,
Yer-yerdən böyüyür xarabalıqlar
Göyün təlimləri yerində deyil...

Dünya kökdən düşüb, Zakir əfəndi,
Dünyanın simləri yerində deyil.

Nə var, nə yox, Akif Səməd

Nə var, nə yox, Akif Səməd,
De kimlər öldürdü səni...
Nə xəstəlik, nə pul, nə də
Həkimlər öldürdü səni...

Gül göyərtdin qar üstündə,
Tağın getdi bar üstündə,
Doğma havalar üstündə
Yad simlər öldürdü səni...

Nə düz qalıb, nə də Cıdır,
Ta Qarabağ boyat dadır,
Vətən bağrı çadır-çadır
Təslimlər öldürdü səni...

Dağ çəkən kim yurd dağına,-
Yurd sevinə, yurd uğuna...
Özgələrin buyruğuna
Təhkimlər öldürdü səni...

Ölümlər öldü qarşında,
Zülümlər öldü qarşında,
Gör kimlər öldü qarşında,
Nə var, nə yox,Akif Səməd,
Nə var, nə yox...
Qalmayıb

Bu çay, bu sel, bu yataq,
Axmağa yer qalmayıb.
Çıxıb hündürdən baxaq,-
Baxmağa yer qalmayıb.

Göy pərişan,
Yer əyri,
Düzü kəsmir hər əyri,
İldırım ol, nə xeyri
Çaxmağa yer qalmayıb.

Bu quyunu kim hörüb,-
Divar - divar qan hörüb,
Ağzını şeytan hörüb
Çıxmağa yer qalmayıb.

Dərd eləmə,ay naşı,-
Dərd ürəyin oynaşı...
Tök ətəyindən daşı
Yığmağa yer qalmayıb.

Yıx özünü çəliyə,
Qal ləliyə-ləliyə...
Daha sən tək dəliyə,-
"Axmağa" yer qalmayıb...

Qaytarın Şuşamı,
qaytarın mənə

Görünür qisasdan, döyüşdən keçib,
Tənədən,qınaqdan, söyüşdən keçib,
Diş-dişə dirənib, iş-işdən keçib
Qaytarın Şuşamı, qaytarın mənə...

Göylərin sirrini yerdə örtməyin,
Günahı məsciddə, pirdə örtməyin,
Tökülən qanlara pərdə örtməyin,
Qaytarın Şuşamı, qaytarın mənə...

Aram yox aranı pozanlılarla,
Yolum yox yolunu azanlılarla,
Başımı qatmayın Quzanlılarla,-
Qaytarın Ağdamı, qaytarın mənə...
Qaytarın Şuşamı, qaytarın mənə...

Xarı bülbülümü gülə qaytarın,
Sarı sünbülümü telə qaytarın,
Necə satılıbsa elə qaytarın,
Qaytarın Şuşamı, qaytarın mənə...

Çiçəksiz çəməni neynirəm axı,
Ürəksiz bədəni neynirəm axı,
Şuşasız Vətəni neynirəm axı,
Qaytarın Şuşamı, qaytarın mənə...

Nə qədər silahı yağlamaq olar,
Nə qədər səngərdə ağlamaq olar,
Nə qədər efirdə ağnamaq olar,
Qaytarın Şuşamı, qaytarın mənə...

Bu şəhər qalanız,bürcünüz deyil?!
Bu torpaq Vətəndi...mərciniz deyil...
Vallah, bir gecəlik xərciniz deyil...
Qaytarın Şuşamı, qaytarın mənə...

Bir məzar yeri də qoy mənim olsun,
Bir şəhid köynəyi kəfənim olsun,
Andından dönənə and qənim olsun
Qaytarın Şuşamı, qaytarın mənə...

Orda bir papağın yeri göynəyir,
Orda bir bayrağın yeri göynəyir,
Orda bir Qələbə şeiri göynəyir,
Qaytarın Şuşamı, qaytarın mənə,-
Necə bacarırsız elə qaytarın..

TƏQVİM / ARXİV