adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Türkiyə prezidenti kim olacaq?

HİDAYƏT ELVÜSAL
42929 | 2018-05-04 09:36
Qardaş Türkiyə ölkəmizin ən yaxın, doğma, etibarlı tərəfdaşıdır. Heç şübhəsiz ki, orada baş verən hadisələrin bu və ya başqa şəkildə Azərbaycana dəxli və təsiri var. Hazırkı ərəfədə nəinki ölkələrimizdə, hətta bütün dünyada maraq dairəsində olan növbədənkənar seçki olayları müzakirə edilməkdədir.
Türkiyə niyə növbədənkənar, erkən seçimi gedir? Doğrudanmı az qala il yarım əvvələ çəkilmiş bu siyasi qərar səbəbsizdir? Əlbəttə, yox. Açığını deyək ki, ölkə iqtisadiyyatı ciddi böhran keçirir. Hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası (AKP) əvvəlki nüfuzunu bərpa etmək üçün bir sıra tədbirlər, yəni terrora qarşı ciddi mübarizə və Afrin hərəkatı adlanan hərbi yürüş keçirsə də, əhalini qane etmədi. Çünki bir daha qeyd edirik ki, bütün bunların fonunda böhranda boğulan, çökməkdə olan iqtisadiyyat əsas səbəb kimi önə çıxdı. Nə qədər ki, bu böhran geniş vüsət almayıb, AKP qabaqlayıcı tədbir kimi erkən seçimi siyasi çıxış yolunu gördü. Dəfələrlə yalnız 2019-cu ildə keçiriləcəyini deyən prezident Ərdoğan vəziyyətin kritik xarakter aldığını gördü və belə bir addımın vacibliyini həyata keçirdi. Bunun üçün əlbəttə, son vaxtlar AKP-nin gözlənilməz tərəfdarına çevrilmiş milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçəli meydana çıxdı və erkən seçim məsələsini ortaya atdı. Təbii ki, Ərdoğan bunu istəyirdi. Həmin anda əvvəlki sözlərini geri götürdü və erkən seçimə start verdi.
AKP-nin hakimiyyətdə qalmaq, yenidən seçilmək ümidi ilə başqa çıxış yolu yoxdur. Ölkə böhran, bahalıq, inflyasiya və işsizlik girdabındadır. Xarici borclar astronomik həddə çatıb. Əsas diqqət yol, körpü, bina, alış-veriş mərkəzlərinə yönəldiyindən digər bütün sahələr durğun vəziyyətdədir. Dollar 4 lirəni çoxdan keçib. İş o yerə çatıb ki, AKP əldə olan bütün fabrikləri, mədənləri, bir sıra digər istehsal sahələrini satışa çıxarıb. Cümhuriyyətin qürur simvolları olan 14 şəkər fabriki satılır. Bu səbəbdən həm sənayedə, həm kənd təsərrüfatında, həm də nəqliyyat sektorunda yüz minlərlə yeni işsizlər ordusu yaranır. Hazırda isə 4 milyona qədər işsizi olan Türkiyədə elə təxminən 4 milyon suriyalı var. Qəribədir ki, onlar bəzi bölgələrdə ticarət sahələrini ələ keçiriblər. Suriyalı iş adamlarından vergi alınmır. Yerlilər bu rəqabətə dözə bilmir və hər gün yüzlərlə orta və kiçik sahibkarlar iş yerlərini bağlamaq məcburiyyətində qalırlar. İndi Qaziyan, Mərsin, Hatay və hətta İstanbulun göbəyində ərəb əlifbası ilə təqdim olunan obyektlərin, dükanların, müxtəlif iş yerlərinin sayı-hesabı yoxdur. Suriyalıların böyük bir hissəsinə seçki hüququ da verilib.
Kənd təsərrüfatı bitmiş vəziyyətdədir. Təsəvvür edin ki, bu gün Türkiyə adi samanı da xaricdən idxal edir. Bu sahəyə rəhbərlik edən nazir başqa ölkələrdən alınan və alınacaq məhsullardan fəxrlə danışır. Ət, süd məhsulları, taxıl, mərcimək, quru lobya... xaricdən alınır. Halbuki Türkiyə bütün bu və başqa kənd təsərrüfatı məhsullarını istehsal edən ən qüdrətli ölkələrdən idi. Vəzifəsi xaricdən almaq deyil, ölkənin özündə bütün bunların inkişafını təmin etmək olan nazir isə idxalla öyünür.
Belə misallar çoxdur. Başqa səbəblər də var. Türkiyə az qala həbsxanalar ölkəsinə çevrilib. FETÖ-çilər, terrorçular, digər cinayət törədənlərin həbsi əlbəttə, qanunidir. Amma bu qədər jurnalistin, yazıçının həbsi qorxu yaradır. İş o yerə qalıb ki, adicə bir etiraz söz söyləyən həbsə atılır. Aktyorlar, müğənnilər təqib edilir.
Tələbələr də narazıdır. Onlar mitinqlərdən həbsxanaya göndərilir. Universitetlər boşalır. Brend təhsil ocaqları dağıdılır. Orta məktəblər dünyəvi elmlərdən uzaqlaşdırılıb, imam-xətib okullarına çevrilir. Bu və başqa neqativ tablolar önündə erkən, növbədənkənar seçkiyə gedən Türkiyənin təxmini panoramı belədir.
Namizədlər isə məlumdur - AKP-dən Rəcəb Teyyub Ərdoğan, HDP-dən həbsdə olan Səlahəddin Dəmirdaş, Səadət Partiyasından Temer Qaramollaoğlu, İyi (yaxşı) Partiyadan Maral Anşəkər, Vətən Partiyasından Doğu Pərincək və s. Bu yazı hazırlanarkən CHP-dən deyilən kimi həyəcan doğuracaq namizəd elan edilməyib.
Bəzi olaylar da baş verdi. Türkiyənin sabiq prezidenti, AKP-nin qurucusu, Ərdoğanın yol yoldaşı Abdullah Gülün namizəd ola bilməsi xəbəri bomba kimi partladı. Gözlənilməz həm də o oldu ki, Səadət Partiyasının arzusu olan Abdullah Gülün ofisinə həmin anda bir helikopter endi. Və... bu hava nəqliyyatından Ərdoğanın müşaviri, sözçüsü İbrahim Qalın və Baş Qərargah rəisi Hulisi Akar düşüb Güllə xeyli söhbət apardı. Səhərisi gün isə Gül namizəd olmayacağını elan etdi. Beləliklə seçkiyə hərbi gücün də qatılması şok yaratdı.
Biz əslində çox qısa söhbət açdıq. Amma bir məsələni mütləq qeyd etməliyik. Kimin prezident seçilməsindən asılı olmayaraq, Türkiyə iqtisadiyyatını onillər boyunca dirçəltmək mümkün deyil. Eyni zamanda ordu, təhsil, səhiyyə və digər sahələrdə də vəziyyət ürəkaçan deyil.
Amma Türk milləti Atatürk demişkən - çalışqandır, yaradandır. O, bu dəfə də dirçələcək gücə malikdir. Biz də bunu istəyirik. Güclü Türkiyə güclü Azərbaycan deməkdir.
Söz seçicilərindir!

  • May:
  • 3

TƏQVİM / ARXİV