adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

SAğLAM EQOiZM OLURMU?

OQTAY SALAMOV
19192 | 2012-06-02 08:15
Sovet dövründə təhsil alanlar eqoizmin sovet adamı üçün çox mənfi keyfiyyət olduğu qənaətində idilər və şəxsən mən indi də bu fikirdəyəm. Vaxt, zaman dəyişildi, sosializm kapitalizmlə əvəz olundu və o vaxt yaxşı olanlar indi risk imi, o vaxtkı pislər isə indi yaxşı kimi qəbul edilməyə başladı. Əslində sovet dövrünü yaşamış adamların bədbəxtlikləri tərbiyə, təhsil aldıqları dövrün keyfiyyətlərinin əks istiqamətdə yozulması və bununla daxilən razı ola bilməmələridir. Amma, neynəmək olar, yaşayırsansa dövrün qanunlarına əməl etmək məcburiyyətindəsən. Qəbul etməkdə çətinlik çəkdiyimiz anlayışların biri də eqoizmdir. Doğrudanmı indi eqoizm müsbət keyfiyyət sayılır?
   
   Əvvəlcə indiki dövrün inanılmış mənbələrindən birinə, Vikipediyaya müraciət edirəm:
   
   Eqoizm (lat. ego - mən) - insanın cəmiyyətə və digər insanlara münasibəti baxışından səciyyələndirən həyat prinsipi və əxlaqi keyfiyyət. Eqoist insan öz davranışında yalnız özünün mənafeyini əsas tutur, cəmiyyətin və ətrafdakıların mənafeyi ilə hesablaşmır.
   
   "Eqoist" jurnalı (London) . Eqoizm fərdiyyətçiliyin təzahür formalarından biridir. Eqoizm xüsusi mülkiyyətçilik münasibətləri üçün daha səciyyəvidir. Əxlaqi keyfiyyət kimi eqoizm bəşəriyyətin əxlaqi şüuru tarixində adətən mənfi qiymətləndirilmiş, lakin mübarizə dövründə hər bir fərdin xoşbəxtliyə səy göstərmə hüququnun əsaslandırılmasında müəyyən rol oynamışdır.
   
   Kapitalist münasibətlərinin bərqərar olması ilə eqoizmi təbliğ edən nəzəriyyələr getdikcə daha çox antisosial istiqamət almış (Ştirner), sonra isə əsasən mürtəce məna kəsb etmişdir (Nitsşe); eqoizmə şüurlu tərəfdar çıxmaq mövqeyi (saxta əxlaqi prinsip kimi) eybəcərləşərək amoralizmə çevrilmişdir.
   
   Maraq üçün sosial şəbəkələrin birində eqoizmlə bağlı keçirilən sorğunun nəticələri ilə maraqlanıram. Bu gün adamlar ciddi olaraq sağlam eqoizm anlayışına inanırlar. Deyirlər ki, bu, insanın özünə , öz tələbatlarına, ehtiyaclarına, öz irsinə və s.-ə qayğı ilə yanaşmasıdır.
   
   Onda icazə verin soruşum, bəs onda instiktlər nədir? Heyvanlar da öz qidalanmalarına, nəsil artırmağa çox vaxt bizdən daha çox qayğı göstərirlər axı.
   
   Maraqlı alınır, biz insanların "sağlam eqoizm" adlandırdığımızı heyvanlarda özünü qoruma və sağqalma instintikti adlandırırıq.
   
   Bu ona görə belə çıxır ki, eqoizm heyvanlarda olan kimi, yaşaya bilmək üçün bizə təbiət tərəfdən fitrədən qoyulub. Təsəvvür edin ki, adam olmayan adaya düşmüsünüz. Yəqin əvvəlcə maraqlı görünərdi, eləmi? Bəs beş il sonra necə? Görəsən belə situasiyaya düşsək, bizdən hansımız deyək ki, təzə kostyum, paltar almaq yoxsag haqda düşünərdik? Buna görə deyirəm ki, bizim istehlakçı eqoizmimiz yaşadığımız sosiumda formalaşır. Amma qorxuram ki, bu artıq sağlam eqoizm deyil.
   
   Deməli, sivilizasiyanın və nemətlərin artması ilə bizim insani eqoizmimiz də artır? Soruşa bilərsiniz ki, bunun nəyi pisdir ki?
   
   Əvvəllər hər şey sadə idi: biz hamımız bir kənddə yaşayır və bir qonşu kimi bir-birimizə kömək edirdik. Sonra mürəkkəbliklər başlandı, yeni texnologiyalar, yeni sosial münasibətlər yarandı, banklar, sudalar, istənilən növ alış-satış növləri, hesablaşmalar yarandıg Beləliklə də sivilizasiya ilə birgə ildən-ilə bizim arzularımız da artdı.
   
   Ötən yüzillikdə biz dünya iqtisadiyyatını özümüzün şişmiş eqoizmimizə uyğun qurduq ki, indi "tam" oldu. Buyurun, nəhayət eqoizmimiz bütün Yer kürəsini əhatə edən "tam"laşmış oldu.
   
   Özümüz də dərk etmədən, öz xüsusi təbiətimizə uyğun olaraq ümumi inteqral eqoistik qarşılıqlı əlaqələr şəbəkəsi yaratdıq. Düzdü, hələ qlobal əlaqə yaranmayıb, amma ayrılıqda keçinməyə, vəziyyətin necə mürəkkəb olmasına göz yummağa artıq öyrəşməyə başlamışıq. Bizim iqtisadiyyatımız ucuz al, baha sat prinsipi ilə qurulub. Başqalarından istifadə etməklə özün qazan, sonrası nə olacaqsa olsung
   
   Gəlib çatdıq. Bir ölkədə valyuta düşdü, bütün dünya zibilə düşür. Dibsiz tənəzzülə, özü də təkcə iqtisadiyyatda olmayan tənəzzülə avarlanmağımız göstərir ki, biz inkişafən yeni, növbəti mərhələsinə gəlib çıxmışıq. Nə qədər desələr də ki, dünyada baş verən tənəzzülün bizə təsiri yoxdur, olmayacaq və s.
   
   Məncə ancaq bir çıxış yolumuz var: Bir-birimizdən indiki mənada istifadə etməmək. Özümüzün qayğısına qalaraq, eyni zamanda başqaları haqda da düşünək. Deyirsiniz bu o qədər çətindi?...
   
   
   
   P.S. Yazı üzərində işləyəndə tanıdığım bir filosofa zəng etdim və eqoizm haqda fikirlərini bildirməyi xahiş etdim. Onun fikirlərini olduğu kimi təqdim edirəm:
   
   Mən- eqoistəm? Bəs siz?
   
   Ay-yay-yay! Heç utanmırsan? Yaxşı, eqoist, hamının günahı var, otur və sus, özünün eqoizminlə mübarizə et. Yox! Adam özünü göstərməlidi, özünün çürük daxilini dünyaya göstərməlidir! Hamı bilir ki, dünyada bütün şərlər eqoizmdən yaranır! Özünü göstərir!
   
   Elə di! Düzdü! Haqlısınız, gözəl insanlar! Bütün şərlər eqoizmdən törənir! Amma gəlin bir az qərəzsiz baxaq görək bu EQOİZM nə olan şeydi? Nə olan şeydi ki, bizi xoşbəxt yaşamağa qoymur, amma bizsiz yaşaya, mövcud ola da bilmir.
   
   Eqoizm- bu sənin özünə məhəbbətindi, yəni eqoist məhəbbət. Bu aydındır. İndi gəlin əsl, həqiqi Məhəbbətə tərif verək. Məhəbbət- bu şərtsiz olaraq hər şeyi vermək deməkdir! Hətta ana da özünü balasına qurban eləyəndə bunu eqoistcəsinə edir. Çünki, o zaman özü də zənginləşir. (Filosof rus dilli olduğundan "napolnyat" ifadəsini işlədir ki, birbaşa mənası "doldurmaq" mənasını verir, mən "zənginləşdirmək" kimi qəbul edirəm). Axı bu ONUN uşağıdır və o uşağını özünün bir hissəsi hiss edir. Uşaq əzab çəkir-ana da əzab çəkir, uşaq tox, şəndirsə- ana da toxdu, şəndi. Amma dünyada nə qədər xəstə və ac uşaqlar olduğu bu ananın vecinə deyil. Əgər ananın övladına məhəbbəti kimi güclü məhəbbət də şərsiz deyilsə (şər belədir- ana uşağına elədiyini özünə etmiş olur), onda başqa hansı "məhəbbət"lərdən danışırsan? Amma qayıdaq eqoizmə. Sizin istəyiniz varmı (hansı istəyin olması vacib deyil)? Siz onu zənginləşdirirsiniz? Siz öz fəaliyyətinizdə "mən istəyirəm" və "mən istəmirəm" çərçivəsindən kənara çıxa bilərsiniz? İstənilən əməlinizə diqqətlə baxın və özünüzdən soruşun:- mən bunu niyə etdim? Görəcəksiniz ki, hər bir əməliniz arxasında zənginləşmə və ya mənəvi, maddi gəlir əldə etmək, ən azından əziyyətdən "qaçmaq" istəyi var ki, bu da bir növ qazanmağa bərabərdir.
   
   Belə çıxır ki, biz arzulardan, istəklərdən, özü də sadəcə istəklərdən yox, xoşumuza gələn istəklərdən ibarətik. Bu yaxşıdır, ya pis? Bu belədir! Nəticəsi yaxşı olacaq, ya pis, ancaq BİZİM HAMIMIZdan asılıdır! İnanın ki, heç kimi neç nədə günahlandırmıram və qınamıram. Biz başa düşəndə ki, bizim şərtimizin kökü nədir, onu ortaya "çıxaranda" utana-utana "nəciblik" və "qərəzsizlik" kimi hissləri əncir yarpağı ilə gizlətməyəcəyik. Ancaq onda biz özümüzün pis eqoizmimizi yaxşıya dəyişə bilərik. Bizim pis eqoizmimizin yaxşıya dəyişdirilməsi yolunda çətin, amma həmişə xoş olan Şərtsiz Məhəbbət yolunda əsas olan Şərin dərk olunmasıdır. Bax, bu mənada mən eqoistəm!..

TƏQVİM / ARXİV