adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

"QURBANOV MƏKTƏBİ"NİN DƏRSLƏRİ

ƏLÖVSƏT BƏŞİRLİ
16970 | 2016-02-20 09:11
Elə adamlar, şəxsiyyətlər var ki, onların ölümünə inanmaq olmur. Dəfnində iştirak etsən də, başsağlığı versən də, vaxt ötsə də inanmaq olmur. Düşünürsən ki, sözü-söhbəti bitib tükənməyən dost-tanış məclislərindən birinə axır ki, özü gəlib çıxacaq, həmişə olduğu kimi hamı susub el ağsaqqalını ehtiramla dinləyəcək.
Palıd kimi möhkəm, iri gövdəli, zəhmli, qıvraq, həmişə hərəkətdə olan, ömrü boyu işdən doymayan, tikib-quran, yaradan, torpağı laləzara çevirən, üzü çörəkli, qonaqpərvər və xeyirxah insanın ölümünə inanmaq olmur. Rəhmətliklə bir yerdə işləyənlərin, yaxından tanıyanların əksəriyyəti onun yoxluğuna inana bilmir...

***
Həyatımın unudulmaz çağları, bir çox vacib, ibrətamiz məqamları onun adı ilə bağlıdır.
Həmişə harasa tələsərdi. Başladığı işləri tezliklə qurtarmaq üçün sözün əsl mənasında gecəni gündüzə qatar, bütün rayonu ayağa qaldırardı.
İş isə çox idi, bitib tükənmək bilmirdi. Rayon mərkəzi Cəlilabad şəhərindən başlamış ucqar kəndlərdə də tikinti-abadlıq işləri gedir, yollar çəkilir, körpülər salınır, dünənəcən susuzluqdan cadar-cadar olan torpaqlar yaşıl don geyir, bağların, tarlaların, zəmilərin məhsulu aşıb-daşırdı.
O, rahatlıq bilməzdi. Gecənin bir aləmi mənə (o vaxt raykomun ikinci katibi - Ə.B.) zəng çalar, gur, qətiyyətli səsi dəstəkdən eşidilərdi:
- Qar yağır, fermalara baş çəkmək gərəkdir. Büro üzvlərinə, fəallara xəbər elə. Mən dağ kəndlərinə gedirəm.
Beləcə, rayonda iş gecə-gündüz qaynayardı. Bütün işlərə özü başçılıq edərdi, həmişə öndə, hamıdan qabaqda olardı. Əsl öndər, yorulmaq bilməyən təşkilatçı idi.
Etiraf edim ki, onunla işləmək asan deyildi. Hamını yorub əldən salırdı. Özü isə köməkçilərindən, rayonun əksər vəzifə sahiblərindən yaşlı olsa da, "yoruldum" kəlməsini dilinə gətirməzdi. Məsul işçilər də ona baxıb cani-dildən çalışar, yorulsalar da üstünü vurmaz, "Qurbanov məktəbi"nin dərslərini səylə mənimsəyərdilər.
Rayona qonaq gələndə üstümüzdən elə bil dağ götürülərdi. Rəhmətlik dedikcə qonaqpərvər idi. Kimliyindən asılı olmayaraq qonağı xoş üzlə, şirin dillə qarşılayar, iş-güc vaxtı zəhmli görünsə də, günəşdən yanmış tunc sifətindən mehribanlıq yağardı.
Əlbəttə, qonaqların gəlişi rayonda işlərin vüsətinə xələl gətirməzdi. Əksinə, bir növ onları da "işə qoşar", daha doğrusu, özü ilə birlikdə tikintiləri, bağları, tarlaları gəzdirər, mütəxəssis qonaqların məsləhətlərindən yerlərdə istifadə olunmasına çalışardı. Bütün bunlardan sonra vaxt tapıb qonaqlarla "bir stəkan çay" içər, onları min bir hörmətlə yola salardı.
Özünə, tabeliyində işləyənlərə nə qədər tələbkar idisə, qonaqlara bir o qədər mehribandı. Onun üçün fərqi yoxdu: qonaq istər adlı-sanlı vəzifə, səlahiyyət sahibi olsun, istərsə də fəhlə, bütün qonaqlara eyni hörmətlə yanaşar, imkansızlardan köməyini əsirgəməzdi.
Rayonun məsul işçiləri Birinci katibin tapşırığı ilə qonaqları müşayiət edər, onlara ehtiram göstərərdilər.
Bir dəfə qələm dostum, yazıçı Əlibala Hacızadə heyrətini gizlədə bilmədi:
- İbrahim müəllim, bu qədər binaları, yaşayış evlərini nə vaxt, necə tikdirmisiniz? - deyə soruşdu.
Mən dedim:
- İbrahim müəllim harada işləyibsə, orada tikib-qurub, yaradıb: Salyanda, Neftçalada, Cəlilabadda.
Əməkdar jurnalist Ələkbər Abbasov-Şəhrili sözümə qüvvət verdi:
- İbrahim kişi abadlığın rəmzidir. Belə getsə, bir neçə ilə burada, rayon mərkəzində abad şəhər görəcəyik.
İbrahim Qurbanov bir qədər qayğılı və fikirli halda:
- Sağlıq olsun, - dedi, - ömür vəfa etsə...
Heyf ki, ömür vəfa etmədi...

***
... Aradan neçə illər keçsə də, onun vəfatına inanmaq olmur...
İbrahim Musa oğlu Qurbanov kimi ömrü boyu zəhmətdən, tikib-qurmaqdan, yaratmaqdan, əkib-becərməkdən yorulmayan, heç vaxt xeyir-şərdən qalmayan, həmişə imkansızlara əl tutan, evsizlərə ev verən, insanlara sevinc bəxş edən xeyirxah insanlar, şəxsiyyətlər mənən ölmürlər, daim ürəklərdə, xatirələrdə yaşayırlar.

TƏQVİM / ARXİV