adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

"ÖMÜR ADLI YOL KEÇDİM"

ƏLÖVSƏT BƏŞİRLİ
27440 | 2015-07-04 09:24
Qrupumuz ürəyimizcə idi. Səmimi, mehriban, çalışqan həmyaşıdlarım özləri ilə Azərbaycanın müxtəlif bölgələrinin ab-havasını gətirmişdilər.
İlk gəncliyimizin arzusuna çatmış, tələbəlik həyatına qədəm qoymuşduq. Uşaqlıq, yeniyetməlik arxada qalmışdı. Ömrümüzün həmin çağlarına atalarımızın, yaxınlarımızın girdabına düşdüyü müharibə kölgə salmış və o ağır vaxtların, ehtiyacın "rəngi" üzümüzdən hələ tamam silinməmişdi. Xüsusən Yusiflə mənim kimi atasız böyüyüb ana ümidinə qalanların. Birinci kursun ilk günlərindən başlanan, indi yarım əsri adlayan dostluğumuzun bir səbəbkarı da analarımızın oxşar taleyi idi. Və bununla bağlı ən maraqlı, ibrətamiz, məni xüsusilə təsirləndirən bir hadisəni indi də həyəcanla xatırlayıram. Bu, universitetə qəbul imtahanında Yusifin inşa yazısı ilə əlaqədardır.
Mövzu M.Qorkinin "Ana" romanında ana obrazı idi. Yusif isə öz anası barədə bir növ sərbəst mövzuda inşa yazmış, lap axırda əlavə etmişdi: "Mənim anam Lalə Pavelin anası Pelageya Nilovnaya bənzəyir".
Bu, imtahan komissiyasında mübahisəyə səbəb olmuşdu. Bəziləri abituriyentin mövzudan yayındığını iddia etsələr də, böyük pedaqoq, görkəmli ədəbiyyatşünas alim Abbas Zamanovun fikri ilə razılaşmış, yazı "əla" qiymətə layiq görülmüşdü.
Yusif indi də yeri düşəndə bu barədə qürurla danışır və deyir: "Mənim universitetə qəbul olunmağımın səbəbkarı anam olub".
Universitetdə təhsil aldığımız tələbəlik illəri bizi büsbütün dəyişdi. Bu, uzaq rayonlardan, kəndlərdən gələn bizlər üçün başqa bir aləm, hər müəllim isə əsil məktəb, örnək, xəzinə idi: akademiklər Həmid Araslı, Cəfər Cəfərov, professor, görkəmli yazıçı Mir Cəlal, İsmayıl Əlizadə, dilçi alimlər Səlim Cəfərov, Yusif Seyidov, Hadı Mirzəzadə, ixtisas müəllimlərimiz, tədqiqatçı jurnalistlər kafedra müdiri Həsən Şahgəldiyev, Nurəddin Babayev, Şirməmməd Hüseynov, Nəriman Zeynalov, Nəsir İmanquliyev, Nüsrət Bağırov, Seyfulla Əliyevg
Qrupumuzla ilk görüşündə Nurəddin müəllim bizimlə açıq söhbət etdi: "Bu günədək mən sizin heç birinizi tanımamışam. Burada qohumum, yaxınım yoxdur. Müəyyən vaxtdan sonra isə olacaq. Yadınızda saxlayın: kim jurnalist sənətinə hörmətlə yanaşsa, bunu öz qələmi ilə sübut etsə, mətbuatda yazıları ilə çıxış etsə, həmkarım, qələm dostum kimi ona hörmət bəsləyəcəyəm".
Nurəddin müəllim sözünün üstündə möhkəm durdu. O, görkəmli tədqiqatçı, təşkilatçı jur-nalist, "Bakı" qəzetinin baş redaktoru Nəsir İmanquliyev və maraqlı yazıları qəzetlərdə müntəzəm çap olunan, "Kommunist"in şöbə müdiri Nəriman Zeynalov bizə sənətin sirlərini, yazı mədəniyyətini öyrədir, müxtəlif mövzularda yazılar tapşırırdılar. Onların köməyilə mətbuata ayaq açdıq, yazılarımız dərc olundu.
Qrupda hamımız səy göstərirdik, çalışırdıq həm dərslərimizi mənimsəyək, həm də mət-buatda çıxış edək. Çap olunan ən kiçik xəbərdə, yazıda görünən imzamız bizə böyük sevinc gə-tirirdi. Getdikcə Ələkbərin, Yalçının, Namiqin, Əlikramın, Aydının, Rafiqin, Mailənin, Dilarənin, İlyasın, Zöhrabın, Hafizin qələmləri itiləndi. Yusif "Bakı" qəzetində tez-tez çıxış edirdi. O, axırıncı kurs-da qəzetin müsabiqəsində qalib gəldi və redaksiyada yarımştat işə qəbul olundu. Universiteti bitirəndən sonra isə o vaxtlar respublikanın baş qəzeti sayılan "Kommunist"ə təyinat aldı. Burada cəmi üç ay işləmişdi ki, Yusifin "gözəl jurnalist, xeyirxah insan" kimi tanıdığı Qubad Süleymanov onu yenicə fəaliyyətə başlayan rayonlararası qəzetdə məsul katib vəzifəsinə dəvət etdi. Baş redaktor, qocaman jurnalist İsrafil Nəzərov da məsləhət gördü ki, bir müddət rayonda çalışıb təcrübə qazansın, elə oradan "Kommunist"ə yazılarını göndərsin və nəhayət, Bakıya qayıdanda öz əvvəlki işinə davam etsin.
Belə də oldu. O, rayonlararası (Jdanov - indiki Beyləqan, Füzuli, İmişli) "Yüksəliş" qəze-tində işlədi. Təcrübəli jurnalist, redaktor Qubad Süleymanovdan çox şey öyrəndi, məsul katib kimi qəzetin məzmunlu, maraqlı, nəfis tərtibatlı çıxmasında, oxucuların rəğbətini qazanmasında, respublika mətbuatında layiqli yer tutub, sayılıb seçilməsində biliyini, bacarığını, qələmini əsi-rgəmədi. Həmçinin respublika qəzetlərində ("Kommunist", "Sovet kəndi", "Azərbaycan gənc-ləri") müntəzəm çıxış etdi, oçerkləri, felyetonları, məqalələri diqqət çəkdi.
Mən o vaxt rayonlararası (Salyan, Cəlilabad, Puşkin - indiki Biləsuvar) "Məhsul" qəzetində işləyirdim və tələbə-qələm dostumun yazılarını oxuyur, yaradıcılığını izləyirdim. Yusif maraqlı, məzmunlu, bənzərsiz yazırdı, öz dəst-xətti ilə seçilirdi, oxucuları düşündürən, fəal olmağa səsləyən, onlara gözəl duyğular aşılayan oçerklər, reportajlar, məqalələr yazırdı ("Torpağın səsi", "Çüllüçalanın nəğməsi", "Son qozanın qiyməti"). Eyni zamanda onun qələmi əyintilərə, nöqsanlara qarşı dözümsüz, barışmaz idi. Rast gəldiyi, aşkara çıxardığı neqativ hallar, ey-bəcərliklər, ətalət felyetonlarının mövzusuna çevrilirdi ("Mundiri murdarladı", "Əsi yemək axtarır", "Qızışdılar, qızışdılarg barışdılar", "Güloğlanın qarmonu").
Rayonlararası "Yüksəliş" qəzetində işlədiyi iki il qələminin sınaq dövrü oldu. Arazbasarı, Mili, Muğanı öznünün dediyi kimi qarış-qarış gəzib gördüklərini, duyduqlarını qəlbinə, beyninə həkk elədi. Və gələcək əsərlərinin bir çoxu məhz həmin iki ilin bünövrəsi üzərində yarandı.
Yusif 1964-cü ildə Bakıya qayıdıb yenidən "Kommunist" qəzetində işləməyə başladı. Lakin Nəsir müəllim öz yetirməsini baş redaktoru olduğu "Bakı" qəzetinə təkidlə dəvət etdi. O, qayğıkeş müəlliminin sözünü yerə salmadı. Düz on il zamanının populyar, oxunaqlı qəzetinin "qaynar" şöbəsinə - "Şəhər xəbərləri"nə rəhbərlik etdi. Ən operativ xəbərləri, informasiyaları, isti reportajları, şərhləri, müsahibələri oxucular "Bakı"dan gözləyirdilər. Günün nəbzini tutan bu vacib, maraq doğuran yazıların əksəriyyətinin müəllifi şöbə müdiri Yusif Kərimov idi.
Baş redaktor istəkli tələbəsini, istedadlı, zəhmətkeş, zirək həmkarını ev-eşik sahibi elədi. Nəsir müəllimin bilavasitə dəstəyi ilə Yusif şəhərin münasib yerində mənzil aldı, toy elədi. Vəg vaxtilə işlədiyi rayonda "tapdığı" Aliyə xanım bu evə gəlin köçüb ona ömür sirdaşı oldu.
Həmin vaxtlar mən Azərbaycan Televiziyasının Gənclər üçün proqramlar Baş redaksiya-sında şöbə müdiri işləyirdim. Baş redaktorumuz, yazıçı-publisist Nahid Hacızadənin təşəbbüsü ilə "Səhər" gənclik proqramı hazırlayırdıq. Verilişə aparıcı jurnalist axtarırdıq. Mən tələbə yoldaşımı təklif etdim. Baş redaktor razılaşdı. Və Yusif o vaxt televiziya tamaşaçılarının çox sevdiyi "Səhər"in aparıcı jurnalisti kimi öz vəzifəsinin öhdəsindən bacarıqla gəldi.
Tale elə gətirdi ki, mən Mərkəzi Komitənin qərarı ilə rayona işləməyə göndəriləndən sonra Yusif televiziyanın Gənclər üçün proqramlar Baş redaksiyasında əvvəl şöbə müdiri, bir müddət sonra isə baş redaktor oldu. Çoxsaylı televiziya tamaşaçılarının diqqətini çəkən maraqlı verilişlərin həm müəllifi, redaktoru, həm də yaradıcı kollektivin rəhbəri və təşkilatçısı kimi tanındı.
Bakı Ali Partiya Məktəbində siyasi təhsilini müvəffəqiyyətlə başa vuran, mətbuatın müxtəlif pillələrində 18 il çalışan, yazıb-yaradan, qələmi ilə tanınan Yusif Abbas oğlu Kərimo-vun tərcümeyi-halında və yaradıcılıq bioqrafiyasında ötən əsrin 80-ci ilində yeni səhifə açıldı: "Azərbaycan gəncləri" qəzetinin baş redaktoru!
Həmin dövrdə jurnalistika aləmində deyildiyi kimi, barmaqla sayılacaq baş resupblika qə-zetindən birinin, yarım milyon tirajla çıxan mətbuat orqanının "dirijor pultunda" duruş gətirmək, "özünü təsdiq etdirmək" çətindən də çətin idi. Ondan əvvəl bu vəzifəyə sayılıb-seçilən tanınmış qələm sahibləri "öz möhürlərini" vurmuşdular. Bəs indi? Yusif sonralar "İtkilər və ümidlər" kitabında yazdı: "Redaksiyada hər cəhətdən redaktorluğa layiq, həm də bu vəzifəyə umacağı olan jurnalistlər çalışırdılar. Odur ki, "kənardangəlmə" redaktoru, yəni məni "həzm edə" bilmirdilər. Bu səbəbdən ilk aylarım çətin "məneəni" dəf etməyə sərf olundu".
O, "maneəni" dəf edə bildi. Necə? Həftədə üç dəfə çıxan qəzetin hər bir nömrəsini özü üçün sınaq, imtahan hesab edən Yusif bu taleyüklü yaradıcı işin məsuliyyətini çiyin-çiyinə ça-lışdığı həmkarlarına da hər vasitə ilə aşıladı. Redaksiyada əsil yaradıcı mühit, tələbkarlıqla qayğının ahəngindən doğan insani münasibətlər, gözəl ab-hava yarada bildi.
Yalnız qəzetin yaradıcı kollektivini deyil, eyni zamanda çoxsaylı oxucuların, qələm sahib-lərinin, ziyalıların birgə səyi və özünün yüksək təşkilatçılıq, peşəkarlıq səriştəsi ilə Yusif Kərimov "Azərbaycan gəncləri" qəzetinin baş redaktoru olduğu 15 il ərzində böyük uğurlar qazandı, Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm", Yazıçılar Birliyinin "Yaddaş" milli mükafat-larına layiq görüldü, Heydər Əliyev adına Beynəlxalq Xeyriyyə Fondunun laureatı oldu.
"Azərbaycan gəncləri"nin 75 illik yubileyində qəzetin keçmiş redaktoru, qocaman jurnalist, yazıçı-publisist Cəmil Əlibəyov özünəməxsus səmimiyyətlə dedi: "Gənclər" mənim əzəli və əbədi istəklimdir, üstəgəl məslək varisim. Bu heç də hamıya qismət olmayan varislik hüququmun qorunması üçün fürsətdən istifadə edib Yusif Kərimova xüsusilə minnətdarlığımı bildirirəm".
Mətbuatımızda özünəməxsus yeri olan qəzetin gözəl ənənələrinə Yusif sadiq qalmış, əsil varis kimi onları qorumuş, inkişaf etdirib zənginləşdirmişdir.
O, "Zaman - İnsanlar - Özüm" silsiləsindən olan kitabında bu barədə ürək dolusu söhbət açır.
Yusif Kərimov ədəbi fəaliyyətə başladığı vaxtdan gözəlliyin, paklığın, müqəddəsliyin təntənəsinə inam hissi ilə yazıb yaradıb. Qələmə aldığı obrazlar insanları ədalətli olmağa, ləyaqət və şərəflərini qorumağa səsləyib ("Yollar", "Bir buta gül", "Üçbucaq", "Qırmızı sahil", "Qarabağ şikəstəsi", "Sarı sim", "Zülmətin bəyaz rəngləri", "İçimə açılan pəncərə", "Dram əsərləri").
"Zaman - İnsanlar - Özüm" silsiləsindən kitabların müəllifini bir nigarançılıq üzürdü: "Özüm haqqında, özümdən keçənlər başqaları üçün nə dərəcədə maraqlı olar bilər?"
"Bu əsər biz yaşda olan nəslin həyat aynasıdır" (Yalçın Əlizadə), "Səni oxuyandan sonra yenidən yazmaq istədim" (Aqşin Babayev), "Taleyin sifarişi ilə yazılan əsər" (Əjdər Fərzəli) kimi fikirlər, oxucu rəyləri müəllifin nigarançılığına son qoydu və əsərin ictimai dəyər daşıdığına şəhadət verdi.
Yusif mənim də rəyimi bilmək istəyəndə dedim: "Elə bil mənim həyatımı yazmısan".

Yazımın əvvəlində vurğulamışdım ki, tələbəlikdən başlanan dostluğmuzun bir "səbəbkarı" da oxşar taleyimiz olub: ağır müharibə illəri, atasız böyüməyimiz, analarımızın fədakarlığı. İkimiz də M.Qorkinin təbirincə desəm "həyatın dibindən" çıxmış, uşaqlığımızı caynağına almış ehtiyacın girdabından qurtulmuşuq. Və mən "Ömrümün kitabı"nda bunları qələmə alsam da, Yusifin xatirələrində saf övlad məhəbbətilə Lalə Anadan yazdıqlarını oxuyanda ötənləri yenidən yaşadım.
Qəribədir, insan yaşa dolduqca o hisslər, duyğular nəinki solur, əksinə yaddaşa hakim kəsilir, daha kövrək, daha əziz olur. Çünki müqtədir şairimiz Əliağa Kürçaylının dediyi kimi, bizlərdən hər birinin qəlbində zamanın sərt sınağının sındıra bilmədiyi Analarımızın "Qüdrətdən yaranmış heykəli" naxışlanıb.
Müdriklər deyib: "Ananın borcundan çıxmaq mümkün deyil". Bu, danılmaz həqiqətdir. Ancaq təsəllimiz budur ki, analarmız bizim xoş çağlarımızı gördülər, xoş güzəranlı nəvələrini böyütdülər, ürəkdən sevindilərg
Anam sevinməkdən qorxardı, tez salavat çevirib: "İlahi, bu günləri balalarıma çox görmə", - deyib dua edərdi. Yusif yazır ki, onun da rəhmətlik anası sevinməkdən qorxarmış və bug əbəs deyilmişg
Şükürlər olsun ki, Yusif ömür-gün sirdaşı Aliyə xanımla övladlarının, fidan nəvələrinin xətrinə özlərində qüvvə tapıb qəzavü-qədərin müsibətinə dözə bildilər. Həyat davam etdi, təzə nəvələr dünyaya gəlib dil açdılar, böyüdülər, məktəbə getdilər. Ərinin ürəyi "sözünə baxmayıb" əməliyyat olunanda Aliyə xanım gecə-gündüz onun keşiyini çəkdi.
Yusif sağaldı və bir gün mənə sevincək xəbər verdi ki, böyük nəvəsi Fəridə yüksək balla ali məktəbə qəbul olunub, kiçik nəvəsi Abbas dayısının adını yaşadır, Allah saxlamış ağıllı, fə-rasətli oğlandır. Maraqlı hekayələr, kövrək etüdlər yazan qızı Lalə qardaşının adını təxəllüs götürüb: Lalə Abbas!
O isə bu gün də yazıçı təxəyyülünə sığmayan həyatının dolaylarında tale-yin zərbələrinə və nəhayət, cərrah bıçağına tuş gələn ürəyinin ağrı-acısını vərəqlərə yazır, əlli il sirdaş olduğu qələminə dinclik vermir. Bir-birinin ardınca işıq üzü görən kitablarından adəti üzrə bizim ailəyə də "dost payı" ayırır: "İstedadlarına və insanlıqlarına dərin hörmət bəslədiyim əvəzedilməz cütlüyə - Əlövsət Bəşirliyə və Dilarə Vəkilovaya, onların ləyaqətli övladlarına dost payı. Yusif Kərimov".
"Əvəzedilməz cütlük" deyəndə o, ailə quran tələbə yoldaşlarını - Dilarə ilə məni nəzərdə tutur. Neçə illər rayonda işləyəndə, sonralar Bakıya qayıdanda evimizin qapısını tələbə yoldaş-larımız ərklə açıblar. Yusif də zarafatla deyir ki, siz yaxşı iş görüb tələbə dostlarımızın rahat görüşməyinə səbəbkar olmusuz.
Belə görüşlər, bir yerə yığışmağımız bizə həmişə bir mərhəmlik gətirir: tələbəlik çağlarının şirin anlarını xatırlayan kim, qrupumuza məxsus deyimləri yada salan kim, ərkyana zarafatlar edən kimg
Bir dəfə bütün qrupu evimizə ad günü münasibətilə dəvət etmişdik. Hamısı da gəlmişdi. Məclisimizin tamadası Yusif dedi: "Səbəbkar Dilarə xanım olsa da, elə hamımız az fərqlə "60"-ın ətrafındayıq. Odur ki, gəlin ürək sözlərimizi deyib səbəbkarla birlikdə bir-birimizi də təbrik edək və Əlövsət bu məclisimizin lent yazısının üzünü köçürüb hər birimizə versin".
İndi həmin kasetə baxanda inana bilmirəm ki, o gündən 15 il keçib, Yusif demişkən, artıq "75"-in ətrafındayıq. Və mən ötənləri xatırlayaraq tələbə dostumun, həmkarımın "Ömür adlı yol keçdim" kitabını oxuyuram. Kitabda onun son illərdə qələmə aldığı publisist yazıları ilə yanaşı, "Mənim bestellerim" silsiləsindən bədii əsərləri yer alıb: "Bakirələr xiyabanı" romanı, "Mələklərin harayı", "Qara qərənfil", "Üçbucaq" povestləri, "Qısqanclıq" novellası, "Dad, məni tutdular" hekayəsi.
"Çətin oxunan əsərin içərisində qızıl xırdalasan da faydası yoxdur". Kitabın epiqrafında böyük fransız yazıçısı Floberin müdrik sözləri diqqəti cəlb edir.
Mübaliğəsiz deyə bilərəm ki, Yusifin qələmindən çıxan yazılar, xüsusən bədii əsərlər ilk səhifəsindən başlayaraq oxucunu ahənrüba kimi özünə çəkir. "Ömür adlı yol keçdim" kitabındakı publisist yazılarını, hekayə, novella, povest və romanını mən də beləcə maraqla oxudum. Və onun qələminin zaman keçdikcə necə cilalandığının, yetkinləşib kamilləşdiyinin şahidi oldum.
Yusif Kərimov yaradıcılığına xas olan diqqətəlayiq xüsusiyyətlər yaxınlarda çapdan çıxan "İşğal vadisi" tarixi romanında özünü bariz şəkildə büruzə verir. Mətbuat Mərkəzində keçirilən təqdimat mərasimində bu, xüsusilə vurğulandı.
"XIX-XX əsrlərin ictimai-siyasi hadisələri və bunların içərisində formalaşan milli oyanış tariximizi işıqlandıran romanda müəllifin oxucularına çatdırmaq istədiyi həqiqət budur: Biz keçmiş faciələrimizdən ibrət almalı, işğal tariximizi unutmamalı, səhvlərimizdən nəticə çıxarmalıyıq. İndiki dövrdə yaşamaq hüququmuzu qorumalı, təcavüzlərdən, işğallardan qurtulmağı bacarmalıyıq". (Şəfəq Nasir)
Azərbaycan tarixinin taleyüklü, ağrılı-acılı dövrünün bədii təcəssümü olan "İşğal vadisi" romanı ömrünün 75-ci pilləsinə qədəm qoyan yazıçının oxucularına yubiley töhfəsi, ədəbiyyatımızda diqqətəlayiq hadisədir.
Özünün təbirincə, "Ömür adlı yol keçən", enişli-yoxuşlu yaradıcılıq yolunda inamla irəliləyən qələm dostumuza möhkəm cansağlığı, yeni uğurlar diləyirəm.

TƏQVİM / ARXİV