adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

ŞAH ŞAH
19505 | 2012-11-15 00:26
(əvvəli ötən sayımızda)
   
   Ehramın görünməyən qatları
   
   Qədim Romada imperiyanın törətdiyi qanunsuzluqlara, mürtəce qüvvələrin özbaşınalıqlarına, hakim dairələrin zülmünə qarşı mübarizə aparan məşhur filosof Ezop üstüörtülü ibarələrdən, ikimənalı eyhamlardan istifadə edərək xalqı ədalətli cəmiyyət qurmaq üçün mübarizəyə səsləyərmiş. O illərdən bizi əsrlər, yaxud məsafələr ayırsa da yaşadığımız Çağdaş Azərbaycan vətəndaşlarının ürəyində Sovet rejiminin xofu hələ də qalmaqdadır. İnsanlar onları incidən problemləri, narahat edən məsələləri açıq-aşkar deməkdən çəkinirlər. Sadə xalqdan ziyalı təbəqəyə kimi hamı azad düşüncədən, azad sözdən dolayı yolla məhrum vəziyyətə salınır. Bu mənada Ezop dili onların arzu və istəklərinin ifadə vasitəsi ola bilər. Sual oluna bilər ki, ezop dilinin "Ehram" romanı ilə nə bağlılığı var? İlk öncə onu deyək ki, "Ehram" romanı ezop dilində yazılmış ən mükəmməl romanlardandır. Əgər ezop dilində roman deyiriksə, deməli burada dərin qatlar, şərti adlar, görünməyən həqiqətlər vardır. Ona görə də birinci növbədə romanın adına nəzər salınmalıdır. Müəllifin romanı "Ehram" adlandırması heç də təsadüfi xarakter daşımır. Bildiyimiz kimi, ehramlar Misir fironlarının şərəfinə zorla qulların əməyindən istifadə edilərək ucaldılan piramidalar idi. Piramida tərəfləri bir-birinə bərabər olan üç hissədən ibarətdir. Bu üç tərəfin romanda yazıçı tərəfindən ezop dili ilə şəxsiyyət, xalq, hakimiyyət məfhumunun ifadə olunduğunu bildirmişdik .
   
   Onu da qeyd edək ki, müasirlik və tarixilik baxımından götürsək firon-tiran, qul-xalq sinonimləri ilə əvəz oluna bilər. Piramidanın tərəfləri bir-biri ilə necə bərabərdirsə, romandakı bu "canlı tərəflər" də bir o qədər yekcinsdirlər.
   
   Romanın üst qatında Misir həyatı təsvir olunsa da, Ehramın görünməyən qatları süjet və obrazlarda gizlənməkdədir. Bu qatları Əlisa Nicat ezop dili ilə təsvir etmişdir. Müəllifin həyatı ilə tanışlığı olan hər bir kəs romandakı obrazların həyatdan alındığını görə bilərlər. Çünki, romandakı yazıçının prototipi onun həyat və yaradıcılığını aydın şəkildə ifadə edir. Romandan elə bir parça tapmaq olmaz ki, ədibin həyatı və taleyi ilə bağlanmasın. Əlisa Nicat özü bu barədə belə qeyd edir: "Ehram"da "totalitar rejimdə namuslu yazıçının başına nə gələ bilər, nə ola bilər" sualına cavab axtarmışam".
   
   Romanda təbəqələr şəklində verilən Ehram Şərq despotizminin keçmiş və çağdaş mənzərəsidir. Hadisələrin mərkəzində Əlisa Nicatın prototipi olan Sarsılmaz obrazı durur və Firon-Tiran obrazı canlandırılır. Bununla yanaşı romanda avtoritar və totalitar rejimlərdə mövcud olan xalq və ziyalı təbəqənin bəzi nümayəndələrinin prototipini də aydın seçmək olur.
   
   Romanda hadisələrin başlanğıcı SSRİ-nin dağılması ərəfəsində Əlisa Nicatın Lənkərana qayıtması ilə səsləşir. Onu da deyək ki, müəllif özünün prototipi olaraq yaratdığı Sarsılmaz obrazını gah Yeganə, gah Tanınmayan şöhrətli, gah da Naməlum kimi adlandırır. Bu vəziyyətin doğurduğu situasiyalarla bağlıdır. Məsələn, Əlisa Nicat Yeganə yazıçıdır ki, heç vaxt kommunist partiyasının üzvü olmamışdır. Bu mənada bəlkə də yazıçı Sovet dönəmində hamının elliklə kommunist partiyasına məcburi qəbul etdirilməsi məsələsini gündəmə gətirir.
   
   Müəllif romanda SSRİ-ni Hiksoslar imperiyası adı ilə təsvir edir. Məsələn, "Bu, böyük Hiksoslar imperiyasının təyin etdiyi satrap idi və bütün varlığı ilə paytaxtlar paytaxtında oturan Zevsə sadiq olduğunu gecə-gündüz sübut etməliydi və edirdi də". Ə.Nicat bildirmək istəyir ki, Ehramı müəyyən təbəqələri təmin edən insanlar idarə edir və mərkəzdə oturanlar və dünyanı idarə edənlər həmin kiçik "padşahları" xalqı idarə etmək üçün vəzifələrə gətirirlər.
   
   Ehramı idarə edən Tiran əslində onu təyin edənlərdən fərqlənmir, çünki "onun beyin mexanizmi Hiksoslar imperiyasında mahir "ustalar" tərəfindən yaradılmışdır". Fikrimizcə romanın ezop dili ilə təsvirinin kulminasiya nöqtəsi olan Hiksoslar imperiyasının satrapı ilə, gələcəkdə Ehramın fironu olacaq gənc oğlanın dialoqu bu "mahir usta"ların Tiranla ilk görüşü kimi göstərilir:
   
   "Hələ çox-çox əvvəl hiksoslar satrapının gənclik illərində tamamilə gənc olan girdəsifət bir gənc onun qəbuluna gəldi və öz xidmətini təklif etdi.
   
   - Sən bizə hansı xidmətləri edə bilərsən? He, he, he.
   
   Gənc oğlan bu sözdən inciyibmiş kimi dedi:
   
   - Ya vitse-əlahəzrət, inanmırsınız, onda baxın!
   
   Və o, yerindən tərpənmədən başını arxaya döndərib yenə Vassala tərəf baxdı. Vassal tamam başqa bir üz görüb heyrətlə quruyub qaldı".
   
   Təsvir olunan hadisə fantastik görünsə də müəllif öz təxəyyülü ilə ifadə etdiyi fikri dialoqda daha da əlvanlaşdırır. Göründüyü kimi burada biri xidmətini təklif edən, digəri isə bu xidməti müqabilində təyin edəndir. Burada artıq sözə və geniş şərhə ehtiyac yoxdur. Xidmətini təklif edən xalqın meyiti üstündən yüksək zirvələrə qalxacağını, bu yolda lazım gələrsə danışan dilləri kəsəcəyini, ehtiyac olarsa bütün xalqı zindana sala biləcəyini sanki, əvvəldən öhdəsinə götürür.
   
   Romanda "bizim adamlar" və "qeyri bizim adamlar" deyilən zümrə mövcuddur. Eyni xalqın nümayəndəsi olan bu iki zümrə hakimiyyətə yaltaqlanan insanların ümumiləşmiş adlarıdır. Ancaq "bizim adam"lar deyilən zümrə bu məmləkətdə hər şeyə sahib olan, yaxşı yaşayan, var-dövlət içində üzən, xalqın təbii sərvətlərinə öz malları kimi sahiblənən, böyük ixtiyar sahibi olan, övladları eyş-işrət içində yaşayan, bütün mövcud vəzifələri tutan, qanunları istədikləri kimi tənzimləyənlərdir ki, bu güzəştlər "qeyri-bizim adam"lara verilmir.
   
   Ehramın görünməyən qatlarında çağdaş zamanın mənzərəsini müəllif ezop dili ilə belə verir: "Məişət zəmnində baş verən qətl, fiziki xəsarət hadisələri isə həmin prokurorluq və xüsusən, polis və məhkəmə strukturları üçün əlavə və çox vaxt da başlıca gəlir mənbəyidir və ona görə onların baş verməsi üçün hər cür zəmin yaradılırdı". Xarici aləm, beynəlxalq təşkilatlar isə bütün olanları görür və göz yumurlar. Müəllif romanda buna da aydınlıq gətirir. "...Romanın nə vecinə ki, İsgəndəriyyədə bu cür siyasi rejim həyatı onların standartlarına uyğun gəlməyən bir şəkildə davam edir". Roma və İsgəndəriyyə günümüzdəki bəzi "demokratik ölkə" və "tiran ölkə" adı ilə sinonimlik təşkil edir.
   
   Romanda müəllif üçün zaman anlayışında məhdudiyyət yoxdur. O, Hiksoslar dövründən danışarkən birdən-birə hadisələri çağdaş zamana gətirir. Məsələn, Əlisa Nicat Misir həyatından danışdığı halda, Azərbaycanın ən böyük problemlərindən olan Qarabağın itirilməsini ezop dili ilə qələmə alır. "Ehramın ağır, çətin hadisələrindən biri və bəlkə də, birincisi böyük Hiksoslar imperiyasının dağılması zamanı kiçik hiksosların Ehramın yağlı bir "Tikə"sini qoparması oldu". Burada böyük hiksosların dağılması zamanı kiçik hiksoslar - erməilərin Qarabağı işğal etməsi göstərilir və müəllif özü belə aydınlıq gətirir ki, "Tikə" böyük idi. Keçmiş satrap əli ilə ha basdı ki, "tikə" getsin, ancaq getmədi. Firon kiçik hiksosların bu "tikə"ni uda biləcəklərini inandırıb razı salmışdı". Fikrimizcə Əlisa Nicat bu hadisələri Satrapın hakimiyyətə gəlməyi ilə əlaqələndirir: "Ehramlıları yara uğrunda səfərbər etməkdə əvəzsiz və zəruri olduğunu düşünüb arif qoyunlar və isaq-musaq quşları onun taxta çıxmasına razı oldular".
   
   Romanda dövrünün "ziyalılarının" ölkə başçısının, məmurların şəninə nəğmələr qoşduğu, əsərlər yazdığı, onların qanlı əməllərini, ikrahedici ləyaqətsizliklərini ən ali məziyyətlər kimi mədh etdiyi bir zamanda baş verənlərə açıq-aşkar üsyan edən Ə.Nicat, bununla heç bir situasiyada öz daxili dünyasına xəyanət etmədiyini sübut etmiş, özü ilə başqalarının ən böyük fərqini ortaya qoymuşdur.
   
   "Ehram" romanında tarixilik
   
   Ötən əsrin 30-cu illərindən başlanan tarixi roman problemi ədəbiyyat aləmində bu janrın öz təsdiqini tapmağına yardımçı olsa da, "tarixi roman necə yazılmalıdır?" mübahisəsinə son qoymadı. Çağdaş ədəbiyyatımızda mövzusunu tarixdən almış yeni romanlar yazılır. Ancaq hal-hazırda "onlar nə qədər tarixiliyin qayda-qanunları çərçivəsindədir, yaxud yazarlar nə qədər buna əməl edirlər? ", bütün bunlar gündəmə yenidən tarixi roman problemini gətirir. Haqqında danışdığımız "Ehram" romanı da bu mübahisələrdən kənarda qalmayan əsərlərdən sayılmalıdır.
   
   Əlisa Nicatın bədii nəsrində diqqəti çəkən cəhətlərdən biri onun ideyalılığı ilə bağlıdır. O, indiyədək məqsədsiz, məramsız, sadəcə əsər yazmaq xatirinə heç nə qələmə almamışdır. İstər pritça, hekayə, istərsə də povest və roman olsun, yazıçı oxucularını dövr, zaman üçün ciddi hesab ediləcək mənəvi-əxlaqi sosial-siyasi problemlər ətrafında düşüncələrə cəlb etmişdir. Əlisa Nicatın əsərləri vətəndaşlıq mövqeyinin aktivliyi ilə diqqəti cəlb etməyi bacarır. Xüsusilə yazıçının tarixi mövzuda yazılmış romanları dediklərimizi özündə ehtiva edir. Professor Yavuz Axundovun doğru qeyd etdiyi kimi: "Tarixi roman mühüm tərbiyə vasitəsidir. Gənc nəsil belə əsərlər vasitəsi ilə öz xalqının keçmişi, mübarizəsi, görkəmli şəxsiyyətlərinin həyatı ilə yaxından tanış olur, onlarda vətənpərvərlik və milli iftixar hissləri güclənir. Buna görə də tarixi mövzuya müraciət edən hər bir müəllif bu işin məsuliyyətli və şərəfli olduğunu nəzərdən qaçırmamalıdır". Filologiya üzrə fəlsəfə elmləri namizədi Cəmilə Hüseynova Əlisa Nicatın bədii nəsrində tarixi mövzulara müraciətini belə dəyərləndirir: "Əlisa Nicat bu qayə ilə tarixi mövzulara müraciət etdiyi üçün onun əsərləri təkcə bədii keyfiyyəti ilə deyil, həmçinin ideya-mündəricə aspekti ilə əhəmiyyətlidir".
   
   Əlisa Nicatın tarixi mövzularda və bədii publisistik səpgidə qələmə aldığı yazılarının ən səciyyəvi nümunəsi "Ehram" romanıdır. "Ehram" romanı tarixi nəsrimizdə ədəbi hadisə sayılmalıdır. Çox təəssüf ki, yazıçının bu romanı haqqında ətraflı fikir söylənilməmişdir.
   
   Romanda hadisələrin üst qatında e.ə III-IV əsrlər Misir hakimiyyəti və xalqının yaşayış tərzi canlandırılır. "Ehram" da süjetin inkişafı iki xətt üzrə davam edir. Birincisi, dövrün və yaxud Ehramın ictimai-siyasi mənzərəsi, Fironun manqurtlaşmış xalqla münasibətləri və s. İkincisi, Ehram daxilində məhrumiyyətlər içərisində yaşayan yazıçı Sarsılmazın həyat və fəaliyyəti.
   
   Hər iki xətt bir-biri ilə üzvi şəkildə əlaqələndirilir, tarixi ruh özünün əsas çalarları ilə canlandırıldığı kimi, müasirlik də unudulmamışdır. Romanın kompozisiyası və süjeti də bu məqsədə uyğunlaşdırılmışdır. Belə ki, romanda tarixi hadisələr yaradıcı təxəyyülün köməyi ilə açılır, müəllif özünün prototipi Sarsılmaz surəti vasitəsilə çağdaş dövrün hadisələrini təsvir edir və mənalandırır. Müəllif romanın ilk səhifəsində publisistik şərhə keçməzdən əvvəl Misir Ehramının və onun əhalisinin dolğun təsvirini verir.
   
   (ardı var)
  • May:
  • 3

TƏQVİM / ARXİV