14 Sentyabr 2023 15:40
1516
LAYİHƏ

“Zorla ərə verilmə, erkən nikah” mövzusunda tədbir keçirildi

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i “Zorla ərə verilmə, erkən nikah” mövzusunda maarifləndirmə tədbirlərinin təşkili   layihəsi çərçivəsində İsmayıllı rayonunda tədbir keçirib.

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Zorla ərə verilmə, erkən nikah” mövzusunda maarifləndirmə tədbirlərinin təşkili layihəsi çərçivəsində İsmayıllı rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzində maarifləndirici tədbir həyata keçirib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəhruz Xələfov, Rayon Polis şöbəsinin əməkdaşı Rahim Orucov, “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-inin sədri Fatma Hacıyeva və sədr müavini Hicran Məmmədova Azərbaycan Qadınları Respublika Cəmiyyətinin üzvü Əsmaniyə Şirəliyeva, müəllimlər və psixoloqlar iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov qonaqları salamlayıb, belə bir vacib layihənin tədbirlərindən birinin İsmayıllıda keçiirlməsi məsələsini yüksək qiymətləndirib. Daha sonra layihə haqqında ətraflı məlumat vermək üçün sözü “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-inin sədri Fatma Hacıyevaya verib. İB-nin sədri Fatma Hacıyeva layihənin keçirilməsində əsas məqsədin yeniyetmə və gənclər arasında ailə institutunu inkişaf etdirmək, ailə dəyərlərinin təbliğini aparmaq, erkən nikahların qarşısını almaqla məişət zorakılığına yox demək və onun törətdiyi fəsadlar barədə maarifləndirmə işləri aparmaq, yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nikaha girməsinin qarşısını almaqdan ibarət olduğunu vurğulayıb. 

Tədbir iştirakçılarına bildirilib ki, erkən yaşda qurulan nigahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərir və bu da öz növbəsində gələcəkdə ailədaxili zorakılıq hallarını ortaya çıxarır.   
Daha sonra çıxış edənlər gənclərə erkən nikahların ailə və cəmiyyət üçün yaratdığı problemlərdən danışıb, bu problemin insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını izah ediblər.

Sonda mövzu ilə bağlı auditoriyanı maraqlandıran suallar cavablandırılıb, eyni zamanda ictimaiyyətin diqqətinin problemin həllinə cəlb olunması məqsədilə hazırlanmış maarifləndirici kitabçalar paylanıb.