Ziroatxon Mirziyoyeva Mehriban Əliyevanı təbrik edib
Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
"Əziz və hörmətli Mehriban xanım.
İcazə verin, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edim, ən səmimi və xoş arzularımı çatdırım.
Qəlbi ən gözəl keyfiyyətlərlə, bənzərsiz zəriflik və sonsuz xeyirxahlıqla dolu olan Sizin kimi bir insanla yaxın dostluğumu və səmimi münasibətlərimi son dərəcə dəyərli hesab edirəm.
Sizin ictimai və dövlət həyatındakı çoxşaxəli fəaliyyətiniz təkcə Azərbaycanda deyil, bütün dünyada dərin hörmət və rəğbət qazanıb. Zərif qadın incəliyini və sarsılmaz iradəni özündə təcəssüm etdirən nurlu obrazınız Azərbaycan xalqının qürur mənbəyi, dövrümüzün layiqli və ruhlandırıcı qadınının parlaq nümunəsidir.
Azərbaycan Respublikası Prezidentinin Özbəkistana tarixi dövlət səfəri çərçivəsində Sizinlə bu yaxınlarda baş tutan görüş, həmçinin əbədi şəhər Buxarada birlikdə keçirdiyimiz məhsuldar və sevincli saatlar qəlbimdə ən isti və parlaq təəssürat buraxıb.
Uzun illər ərzində əsl bacı yaxınlığına əsaslanan münasibətlərimizin övladlarımız arasında, indi isə nəvələrimiz arasında da davam etməsi məni səmimi-qəlbdən sevindirir.
Əminəm ki, ortaq dəyərlərə və zəngin mədəni irsə əsaslanan əlaqələrimiz ölkələrimiz və qardaş xalqlarımız arasında dostluq bağlarını bundan sonra da yeni məzmunla zənginləşdirəcək.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, ailə səadəti, rifah və firavanlıq arzulayıram. Qoy nəcib arzularınız qardaş Azərbaycan xalqının rifahı naminə daim yüksək nailiyyətlərə və uğurlara gətirib çıxarsın".


Bakı -°C

