"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə
Ali Məhkəmə hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışıq əldə edilməsinin təyin olunmuş cəzanın azaldılmasına təsiri ilə bağlı hüquqi mövqeyini açıqlayıb.
Bu barədə Adalet.az-a Ali Məhkəmədən məlumat verilib.
İşin hallarına əsasən, 2018-ci ildə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmiş şəxs 2023-cü ildə zərərçəkmiş şəxslə barışıq əldə edib. Zərərçəkmiş şəxs notariat qaydasında təsdiqlənmiş ərizə təqdim edərək məhkuma qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib.
Bundan sonra məhkum məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışığın Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal olduğunu göstərib və ona təyin edilmiş cəzanın azaldılmasını xahiş edib.
Birinci instansiya məhkəməsi məhkumun ərizəsini icraata qəbul edərək mahiyyəti üzrə araşdırıb və təmin etməyib. Apellyasiya instansiyası məhkəməsi də həmin qərarı dəyişdirilmədən saxlayıb.
İşə kassasiya qaydasında baxan Ali Məhkəmə isə müəyyən edib ki, hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışıq əldə edilməsinə istinad etməklə əvvəllər təyin olunmuş cəzanın yenidən fərdiləşdirilməsi barədə müraciət hökmün icrası qaydasında məhkəmə baxışının predmeti ola bilməz.
Bildirilib ki, cəzanın təyin edilməsi və fərdiləşdirilməsi cinayət təqibinin tərkib hissəsidir və cinayət işinə mahiyyəti üzrə baxılması zamanı həyata keçirilir. Hökm qanuni qüvvəyə mindikdən və icraya yönəldildikdən sonra isə təyin edilmiş cəzanın dəyişdirilməsi yalnız qanunvericilikdə birbaşa nəzərdə tutulmuş maddi hüquqi əsaslar və prosessual mexanizmlər çərçivəsində mümkündür.
Ali Məhkəmə vurğulayıb ki, hökmün icrası mərhələsində məhkəmələr yalnız qanunla səlahiyyətlərinə aid edilmiş məsələlərə baxa bilərlər. Bu səbəbdən məhkəməyə daxil olan müraciət üzrə ilk növbədə onun məhkəmənin prosessual səlahiyyətinə aid olub-olmadığı müəyyən edilməlidir.
Hazırkı işdə isə məhkumun sonradan zərərçəkmiş şəxslə barışmasına əsaslanaraq Cinayət Məcəlləsinin 59.1.12 və 60.1-ci maddələrinin tətbiqi yolu ilə cəzasının azaldılması barədə müraciətinə hökmün icrası qaydasında baxılması üçün qanuni prosessual əsas mövcud olmayıb.
Buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin müraciəti icraata qəbul edərək mahiyyəti üzrə araşdırıb, apellyasiya instansiyası məhkəməsi isə yol verilmiş prosessual pozuntunu aradan qaldırmayıb.
Ali Məhkəmə qeyd edib ki, bu hüquqi mövqe zərərçəkmiş şəxslə barışıq faktının və onun cəzanı yüngülləşdirən hal kimi hüquqi əhəmiyyətinin qiymətləndirilməsi anlamına gəlmir. Məsələ yalnız belə bir müraciətə hökmün icrası qaydasında baxılması üçün qanuni mexanizmin mövcud olmaması ilə bağlıdır.
Yekunda Ali Məhkəmə məhkumun kassasiya şikayətini təmin etməyib, birinci və apellyasiya instansiyası məhkəmələrinin qərarlarını ləğv edib. Məhkumun cəzanın azaldılması barədə ərizəsinin hökmün icrası qaydasında icraata qəbul olunmasından imtina edilib.
Digər Xəbərlər
19 Oktyabr 2026 18:26
Azərbaycanda dini radikalizmə çağırış edən 7 nəfər beynəlxalq axtarışa verildi
16 Oktyabr 2026 15:24
Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi - Cinayət işi açıldı
09 Oktyabr 2026 17:55
Könül Qasımovanın həbs müddəti uzadıldı
07 Oktyabr 2026 11:56
Məhkəmədə Elza Seyidcahan Rəşid Mahmudova qalib gəldi
29 Sentyabr 2026 14:38
Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır - Kamran Əliyev
29 Sentyabr 2026 11:09
Qarabağ Universitetinin müəllimi əxlaqsız hərəkətlərə görə həbs olundu
29 Sentyabr 2026 10:53
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayətlər törətməkdə ittiham edilən şəxslərdən danışdı
21 Sentyabr 2026 12:09


Bakı -°C

