07 Noyabr 2024 14:05
2320
ƏDƏBİYYAT

“Zəfər kitabı” seriyasından TƏQDİMAT - FOTOLAR

Hər bir  yeni  nəşr  müəllifə sevinc, oxucu üçün isə hədiyyədir. Bu  mənada Azərbaycan Yazıçılar Birliyində yazıçı-publisist Vəsimə İsmayılqızının Vətən müharibəsində qazanılan Qələbəyə həsr olunan “Zəfər kitabı” seriyasından çapdan çıxmış “Zəfər Kitabı. Şuşa”, “Zəfər Kitabı. Goranboy” və “Zəfər Kitabı. Beyləqan” nəşrlərinin təqdimatı da vurğuladığımız  hisslərin əyani təsdiqidir.

Təqdim edilmiş  hər üç nəşrin məsləhətçisi Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov çıxışında bu kitabların Vətən müharibəsindən bəhs etdiyini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfərin əbədiləşdirilməsində əhəmiyyətindən söz açıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsində əldə olunmuş möhtəşəm Qələbə nəticəsində torpaqlarımız işğaldan azad olunub, ərazi bütövlüyümüz bərpa edilib və Azərbaycan yeni tarix yazıb.

Kitabların redaktorları Əməkdar müəllim İsgəndər Səklikov və AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı İsmayıl Umudlu nəşrlərin əmələ gəlməsi prosesindən danışıblar. Bildirilib ki, kitablarda Vətən müharibəsinin Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyi xüsusilə vurğulanıb. Həmçinin bu kitablar oxucuda ordumuzun döyüş yolları haqqında geniş təsəvvür yaradır.

Tədbirdə  Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin sədri Məhəmməd Məhərrəmov, Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri Firudin Qurbansoy, “Ədalət” qəzetinin baş redaktor müavini, şair Əbülfət Mədətoğlu, “Apastrof-A” mətbəəsinin direktoru Akif Dənzizadə, şair Kəmalə Abıyeva, Azərbaycan Yazıçılar Birliyinin əməkdaşı, şair Güləmail Murad, “Goranboy” Xeyriyyə Cəmiyyətinin nümayəndəsi Əli Şəfiyev, Nağı Əsgərov və digərləri çıxış edərək kitabların tarixi əhəmiyyətindən və vətənpərvərlik hissinin formalaşmasında rolundan danışıblar.

Bildirilib ki, çoxcildlik ölkəmizin hər regionuna həsr olunmuş bir cilddən və ümumiləşdirilmiş xüsusi cilddən ibarətdir. Hər cilddə Vətən müharibəsinin mahiyyəti, gedişi, Zəfər və onun xronikası təsvir, təhlil və təqdim olunur.

Hər kitabda cildin həsr olunduğu bir rayonun, respublika tabeli bir şəhərin Birinci Qarabağ müharibəsi, atəşkəs dövrü, Aprel döyüşləri, İkinci Qarabağ müharibəsi şəhidlərindən, onların döyüş yolundan, dövlət tərəfindən təltif edilməsindən söz açılır.

Bütün cildlər standart formatda və tərtibatda, ensiklopedik toplu meyarlarına uyğun, xronoloji ardıcıllıqla qələmə alınıb.

Hər üç kitabın məsləhətçiləri və “Ön söz”ün müəllifləri Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, ictimai-siyasi xadim və ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru Vilayət Quliyevdir.