YüKSƏK SüRƏT, ÖLüM VƏ

634 | 2007-08-03 05:37
Yüksək sürətin hansı fəsadlar yaratdığını danışmağa bəlkə də bir o qədər ehtiyac yoxdur. Amma ona ehtiyac var ki, aparılan təbliğatlara və maarifləndirmə işlərinə baxmayaraq, yenə əksər sürücülər nəqliyyat vasitələrini yüksək sürətlə idarə etməkdən çəkinmirlər. Hətta qurd ürəyi yemiş özündən razı sürücülər avtomobilləri saatda 70-80-lə idarə etmək əvəzinə, nəqliyyat vasitəsini 150-160-la və bəzən də 180-lə sürməyə can atırlar. Bunun axırı isə ölüm və göz yaşı ilə nəticələnir. Hər il yüksək sürətlə hərəkət edən nəqliyyat vasitəsilərinin qəzaya uğraması nəticəsində yüzlərlə insan həlak olur və müxtəlif dərəcəli bədən xəsarəti alırlar.
   
   Bütün bunların qarşısını almaq üçün Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı respublikanın magistral yollarında mütəmadi olaraq reydlər və yoxlamalar keçirir. Havaların isti keçməsinə baxmayaraq, həftənin şənbə, bazar günləri, hətta adi günlərində belə bu yoxlamalar davam edir. Biz isti havada çölə çıxa bilmədiyimiz və kölgəli, sərin yer axtardığımız halda, yol polisləri qızmar günəş altında hərəkətin təhlükəsizliyini təmin etməyi bir an da olsun unutmurlar. Çünki onlar yaxşı bilirlər ki, hər hansı bir sürücünün yüksək sürətlə hərəkəti və digər qayda pozuntusu bəzən ölümlə nəticələnir.
   
   Yol Patrul Xidməti Alayının 7-ci tağımının əməkdaşları xidmət apardıqları Bakı-Ələt yolunun bütün istiqamətlərində hərəkətin təhlükəsizliyini təmin etmək üçün nəinki normal hava şəraitində, hətta göydən "od yağanda" belə öz işlərini məsuliyyətlə yerinə yetirirlər. Çünki onlar yaxşı bilirlər ki, hərəkətin təhlükəsizliyinin təmin edilməsi neçə-neçə sürücünün taleyini ölümdən xilas etməyə yönəldilib. Təsadüfi deyildir ki, iyul ayında 7-ci tağımın əməkdaşları yüksək sürətlə hərəkət edən 609 sürücü barəsində inzibati protokol tərtib edib və cərimələr yazıb. 40 sürücü isə sərxoş halda olduğuna görə saxlanılıb. Amma sükan arxasında sərxoş vəziyyətdə əyləşən sürücülər bir şeyi unudurlar ki, bu cür anlarda hər han qəza törədə bilərlər. Belə ki, sərxoş halda sükan arxasında əyləşən sürücü həm özü, həm də qarşıdan gələn nəqliyyat vasitəsi üçün böyük təhlükə mənbəyi törədir. Bəzən bu cür sürücülər təhlükədən xilas ola bilməyib ölümlə nəticələnən qəzalar yaradırlar.
   
   7-ci tağımın şənbə-bazar günləri keçirdiyi reydlərdə biz də iştirak etdik. Bu zaman bir daha şahid olduq ki, yenə əksər sürücülər sürət həddinə əməl etmir, nəqliyyat vasitələrini daha yüksək sürətlə idarə edirlər. Məsələn, elə sürücü vardır ki, Səngəçal yaşayış məntəqəsində saatda 60-la getmək əvəzinə, nəqliyyat vasitəsini 90-120-lə idarə edirdi. Bəzi sürücülər isə bunlardan da qabağa gedib nəqliyyat vasitəsini 140-150, hətta 170-lə belə idarə etməkdən çəkinmirdilər. Sanki onları nə özlərinin, nə də başqalarının taleyi maraqlandırırdı.
   
   Nəqliyyat vasitəsini yüksək sürətlə idarə edən "Opel" markalı 10 RA 276 nömrəli avtomobilin sürücüsü Kamran Quliyev stasionar postda saxlanılarkən çox əsəbləşdi. Dedi ki, nə üçün məni saxlamısınız? Axı, mən avtomobili 60-dan yuxarı sürətlə idarə etmirəm. Yol polisi əməkdaşları ona nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməsini xatırladanda Kamran müəllim özündən çıxdı. Dedi ki, belə şey ola bilməz ey! Hamısı mənə böhtandır. Onda yol polisləri Kamranı maşına əyləşdirib radarın quraşdırıldığı yerə apardılar. Təbii ki, biz də həmin hadisələrin şahidi idik. Kamran da gördü ki, radarda onun və maşınının sürət həddini aşmasının şəkli çəkilib. O, saatda 60-la getmək əvəzinə, 91-lə hərəkət edirmiş. Bundan sonra Kamran sakitləşdi. Ancaq yenə dil boğaza qoymadı. Dedi ki, mənim bəxtim belədi. Bəziləri 180-lə gedir, radara düşmür. Mən 91-lə gedirəm radara düşürəm. Artıq maşın sürməkdən bezmişəm. Bu gün-sabah elə-belə şeylərin əlindən başımı götürüb Almaniyaya gedəcəm. Amma Kamran Quliyev onu bilmirdi ki, əgər bu sürətlə Almaniyada nəqliyyat vasitəsini idarə etsə, onu elə yüksək məbləğdə cərimə edərlər ki, bir daha belə işlərə tövbə eləyər.
   
   "QAZ-31" markalı 10 RB 349 nömrəli avtomobilin sürücüsü Sabir Piriyev də sürət həddini aşmışdı. Amma insaf naminə demək lazımdır ki, yol polisləri onun nəzərinə sürət həddinin aşmasını çatdıranda S.Piriyev heç bir şey demədi. Sadəcə olaraq cəriməni ödəyib getdi. Ümumiyyətlə, reyd zamanı onlarla sürücü sürət həddini aşdığına, ötmə əməliyyatını pozduğuna, sərnişindaşıma qaydasına əməl etmədiyinə, normadan artıq yük daşıdığına görə inzibati qaydada cəzalandırıldılar. Bütün bunlar onun göstərir ki, hələ də əksər sürücülər yol hərəkəti qaydasına əməl etməməkdən sanki ləzzət alırlar. Ancaq yol hərəkəti qaydasına əməl etməmək həm qəza, həm də cərimələr deməkdir.
   
   Reyd zamanı 7-ci tağımın komandir əvəzi, polis mayoru Vüqar Əsgərov dedi ki, havaların isti keçməsinə baxmayaraq, bu cür reydlər şənbə-bazar günləri davam edəcək. Çünki bu cür reydlərin keçirilməsinin çox müsbət nəticəsi var. Elə rəhbərlik də havaların isti və soyuq keçməsindən asılı olmayaraq belə reydlərin mütəmadi davam etməsini bizlərə tövsiyə edib.
   
   Reyddə o da aşkarlandı ki, 7-ci tağımın əməkdaşlarından polis baş leytenantı Aqil Məmmədov, polis baş serjantları - İlham Məmmədov, Nurlan Əliyev yol hərəkəti qaydasını pozan heç bir sürücüyə güzəşt etmədilər. Hətta onlara mobil telefonla zəng olunanda da yol polisi əməkdaşları prinsipiallıq və obyektivlik göstərib yol hərəkəti qaydasını kobud surətdə pozan sürücülər barəsində inzibati protokol tərtib etdilər. Deməli, reyddə, hətta arxalı adamlara belə güzəşt edilmədi. Lap yaxşı da iş gördülər. Çünki qanun hamı üçün qanundur. ə
   
   
   
   

TƏQVİM / ARXİV