adalet.az header logo
  • Bakı -°C
03 May 2026 09:37
163
ƏDƏBİYYAT
A- A+

Yetimlikdən ucalan şəxsiyyət 

Rafiq ƏLƏKBƏR 

Mirzə İbrahimov - 115

(sərbəst esse-poema)

Cənubdan Şimala gələn,
hələ körpə ikən doğmalarını itirən,
içində Tanrı sevgisi və yetimliyin 
bütün məhrumiyyətlərini daşıyan,
Allahın xalqıma lütf etdiyi,
dünyanın ən məsum uşağı, 
bir qarın çörəyə muzdurluq edən,
əzabların, ağrıların  içində qovrulan uşaq,
uşaqlıq səadətindən məhrum olan,
zəhmətin, əməyin ən ağır qatlarına dözən,
iztirablar, məhrumiyyətlər içində böyüyən,
həyatın tərbiyə etdiyi yetim, əmin ol,
Tanrı peyğəmbərləri, imamları da məsum yaratdı...
Onlara insanlığın ən yüksək məqamlarını bəxş etdi.
Mirzə məsumluğu ruhun məsumluğunun,
qəlbin paklığının İlahi rabitəsindən qaynaqlanırdı.
O, hələ bilmirdi ki, Tanrı ona
seçilmiş bir həyat hesablayıb. 
Günəmuzd çobanlıqla məşğul olan bu uşaq 
hələ bilmirdi ki, lap yaxınlıarda onun üçün 
bir ümid işığı parlayacaq.
O, Cənubdan Şimala böyük ruhların 
daşıyıcılarının enerjisini gətirmişdi.
Bu günün məsum uşağı olan Mirzə 
sabah - Tanrının mirzəsi,
xalqın mirzəsi, millətin mirzəsi olacaqdı.
Xalqına xidmət etmək kimi  
İlahi bir missiya ilə mükafatlandırılacaqdı.
Onun uşaqlığı dünyanın ən pis zamanına düşmüşdü,
dünyanın ən zalım despotunun, ən qəddar tiranının
rəhbərlik etdiyi imperiyada yaşamaq 
onun bəxtinə yazılmışdı.
Despot rejim bu məsum uşağın biliyinə, 
sənətinə heyran qalmışdı.
Zaman bu cür insanları tez-tez yetişdirmir,
çünki Azərbaycanın mirzəsi həm də göylərin mirzəsi idi.
O, öz vətəni, xalqı üçün İlahidən gələn
tapşırıqları yerinə yetirəcəkdi,
o, xalqını, elmli, savadlı görmək istəyirdi.
Ömrünü buna fəda edirdi...
Despot rejimin xalqına qarşı əclaflıqlarına sinə gərirdi.
Məsum Mirzə dədə Mirzəyə çevrilmişdi,
öz nüfuzundan istifadə edərək millətin aydınlarını
imperiya cəlladlarından bacardıqca qorumağa çalışırdı.
Repressiya illərində ziyalıların bir-birindən 
donos yazdığı vaxtlarda müdriklik zirvəsinə ucalmışdı.
O, donos yazanlara nifrət edirdi.
Əksinə, imperiyanın Azərbaycan təmsilçisi 
Mircəfər Bağırovun üzünə məğrur və qürurla 
sözünü  deyə bilirdi.
Millətin ziyalılarını qorumaq üçün 
ona hər cür təsir etməyə çalışırdı.
Çünki o, artıq məsum Mirzə deyil, 
dədə Mirzə idi, müdrik Mirzə idi.
Üzeyir Hacıbəyov, Səməd Vurğun, Xan Şuşinski
və neçə-neçə ziyalı və aydınları qorumaq üçün
Mircəfər Bağırov və Moskvaya etirazını bildirir,
aydınları təmizə çıxarırdı.
Tanrı onu bu xalqa lütf etdi, imperiya
onun qəddini sındıra bilmədi.
Çünki o, özündən çox xalqının gələcəyi 
üçün fədakarlıq edirdi.
O, Azərbaycanın gələcəyi üçün çalışırdı,
ona görə “Gələcək gün” epopeyasını yaratmışdı.
Onun məfkurəsində cənublu və şimallı Azərbaycan bir idi.
Ömrünü Şimala həsr etsə də, ruhunda 
Böyük Azərbaycan işığı parlayırdı.
O, ruhi qidasını göylərdən alan millət mirzəsi idi.
Tanrının müqəddəs həqiqətləri ilə yaşayırdı,
imperiya manqurtları onu
başa düşməkdən çox-çox uzaq idi.
Manqurtlar ziyalıları, aydınları qanına qəltan edəndə,
o, imperiya rəhbərliyini özü ilə hesablaşmağa məcbur edirdi.
Keçən əsrin 50-ci illərinin ortalarında 
imperiyada mülayimləşmə mehi dolaşırdı,
ziyalılar rahat nəfəs almağa başlamışdılar.
Mirzənin dühası daha da işıqlanırdı. 
O, Azərbaycan Respublikası Ali Soveti 
Rəyasət Heyətinin sədri vəzifəsinə qədər ucaldı.
O dövrdə bu, dövlətin ən ali qanunverici orqanı idi.
Bu vəzifə ona xalqına xidmət etmək üçün
böyük imkanlar yaratdı.
Başqaları bu vəzifədə şəxsi maraqlarını
önə çəkib daha böyük karyeralara can atardılar.
O isə əyninə kəfən geyib bu ali vəzifədə milləti üçün, 
xalqı üçün, vətəni üçün böyük işlər görməyə başladı.
O, Azərbaycan dilinin dövlət dili olmasına 
imperiya rəhbərliyini razı saldı, baxmayaraq ki,
imperiya rəhbərliyi bundan çox-çox peşman oldu.
Çünki dədə Mirzə bu addımında çox qətiyyətli idi.
Bütün dövlət təşkilatlarında və strukturlarında
Azərbaycan dilinin dövlət dili kimi işlədilməsinə
göstərişlər verdi.
Şər qüvvələr, başda ermənilər olmaqla dədə Mirzəyə qarşı 
amansız və çirkab hücumlara rəvac verdilər.
Hər an, addımbaşı ona təxribat hazırlanırdı,
lakin heç bir qüvvə Mirzənin qətiyyətini sındıra bilmirdi, 
çünki onun üzərində Allahın lütfü dayanırdı.
Mirzə bütün rəhbərliyi heyrətə gətirmişdi,
hətta imperiya rəhbəri Xruşşov Mirzənin atdığı 
vətənpərvər addımlardan təngə gəldiyini dilə gətirirdi.
Lakin Mirzəni öz yolundan çəkindirmək çətin idi, 
əməllərində haqqa və ədalətə, qanuna söykənən Mirzə
öz adddımlarını əsaslandıra bilirdi.
O, Azərbaycanın xammal respublikası kimi
istifadə edilməsinin qəti əleyhinə idi,
Azərbaycan qazının, işığının qonşu respublikalara
ucuz qiymətə verilməsini dayandırmaq üçün  hökumətə
təsir etməyə çalışırdı, buna qismən nail olurdu.
Bakıda imperiyanın daxili işlər nazirini 
divara dirəyən dədə Mirzə idi,
cinayətkarın milliyyətini qabartdığına görə
imperiyanın daxili işlər naziri
Mirzənin ağır ittihamlarına tuş gəldi.
Ona Mirzə tərəfindən elə bir dərs verildi ki,
o, bir daha danışmağa cəsarət etmədi.
Dədə Mirzə üçün millət maraqları, 
Vətən maraqları hər şeydən üstün idi.
Onun nurlu əməlləri
millətin gələcəyi üçün mayaka çevrilmişdi.
Dağlıq Qarabağ münaqişəsi başlayanda
o, çoxları kimi qışqırmadı,
Kremlin qurultaylar sarayında, birbaşa 
Qorbaçovun yanında ermənilərə xitabən 
çox-çox uzaqlara hesablanmış, 
müdrikcə bir cümlə işlətdi:
“Allah birini cəzalandırmaq istəyəndə 
birinci növbədə onun ağlını əlindən alır".
İndi baxın, görün, Mirzənin bu uzaqgörən fikirləri
necə də öz reallığını tapmışdır.
İxtiyar yaşında dədə Mirzənin 
ağsaqqal görkəmi də möhtəşəm idi...
Cahillər Mirzəni anlamaqda çətinlik çəkirdilər.
Mirzə intəhasız bir dərya idi,
Bu dərya Mirzə hikmətləri, Mirzə kəlamları,
Mirzə ədəbi inciləri ilə dolmuşdu.
Çünki o, böyük Mirzə idi,
nə yaxşı ki, tariximizdə dədə Mirzə olub.
Ruhun şad olsun, ey dədə Mirzə!
Tanrı dərgahında elimiz, yurdumuzdan ötrü  
öz şəfaət dualarını əskik etmə, ey ulu Mirzə!