adalet.az header logo
  • Bakı -°C
24 Oktyabr 2026 08:23
34
ANALİZ
A- A+

Yeni dövrün başlanğıcı  

25 oktyabr Qubadlının tarixində yeni dövrün başlanğıcıdır. Uzun illər işğal altında olan Qubadlı bu gün yenidən qurulur. 1993-cü il avqustun 31-də işğal olunan rayonun sakinləri evlərindən, təsərrüfatlarından, illərlə qurduqları həyatlarından ayrı düşsələr də, doğma torpağa bağlılıqlarını itirmədilər. 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusunun Qubadlı şəhərini azad etməsi həmin uzun ayrılığın tarixində yeni mərhələ açdı.

Bu günün əhəmiyyəti həm də ondadır ki, Qubadlıda azadlıqla başlanan yeni tarix indi quruculuq və dirçəliş işləri ilə davam edir. Qubadlı rayonu yerləşdiyi coğrafi mövqeyə görə fərqlənir. Zəngin meşə örtüyü, əlverişli təsərrüfat imkanları ilə seçilən bu rayonun iqtisadi imkanları böyükdür. Belə ki, işğaldan əvvəl rayonun iqtisadi həyatında əkinçilik, heyvandarlıq, taxılçılıq, üzümçülük və tütünçülük mühüm yer tuturdu. Yerli əhalinin zəhməti hesabına formalaşan təsərrüfat ənənələri Qubadlının sosial-iqtisadi inkişafına, kənd həyatının canlanmasına və əhalinin rifahının yüksəlməsinə töhfə verirdi. Prezident cənab İlham Əliyevin 2020-ci il dekabrın 23-də Qubadlıya səfəri zamanı Azərbaycan bayrağını ucaltması şəhərdə dövlət suverenliyinin bərpasını təcəssüm etdirən tarixi hadisə oldu.

Sonrakı səfərlər və həyata keçirilən layihələr isə azad edilmiş ərazilərin bərpasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu göstərdi. 2021-ci il oktyabrın 25-də “Qubadlı” yarımstansiyasının açılışı, Xanlıq-Qubadlı yolunun təməlinin qoyulması və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin istifadəyə verilməsi rayonun dirçəldilməsi istiqamətində mühüm addımlar idi. Sonrakı illərdə enerji, su təsərrüfatı, nəqliyyat və sosial infrastruktur layihələri ilə yanaşı, yaşayış məhəllələrinin, məktəbin, xəstəxananın və kəndlərin yenidən qurulmasına başlanıldı. Qubadlının bərpası yalnız dağıdılmış tikililərin yenidən inşası demək deyil.

Əsas məqsəd insanların doğma torpaqlarına qayıtması, burada təhlükəsiz yaşaması, işləməsi və keyfiyyətli sosial xidmətlərdən yararlanması üçün müasir şərait yaratmaqdır. Bu baxımdan Böyük Qayıdış proqramı işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi dirçəlişini təmin edən strateji dövlət siyasətinin mühüm istiqamətidir. 2025-ci il sentyabrın 9-da Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiq edilməsi şəhərin gələcək inkişafının uzunmüddətli və sistemli əsaslarla planlaşdırılması baxımından əhəmiyyətlidir. Baş plan müasir şəhərsalma prinsiplərinə uyğun yaşayış mühitinin və infrastrukturun formalaşdırılması üçün əsas yaradır.

Şəhərdə ilk yaşayış məhəlləsinin tikintisi bu prosesin mühüm mərhələsidir.  Onu da qeyd edək ki, bu gün Qubadlıda həyata keçirilən quruculuq işləri rayonun kəndlərini də əhatə edir. Mahruzlu kəndində birinci mərhələdə 190 evin, Zilanlı kəndində isə 159 evin tikintisi nəzərdə tutulub. Bu layihələr kənd həyatının bərpasına, ailələrin doğma yurdlarında məskunlaşmasına və ərazinin təsərrüfat imkanlarının yenidən reallaşdırılmasına xidmət edir. Qubadlının inkişafı şəhərlə kənd arasında tarazlığın qorunmasını, yaşayış məntəqələrinin bir-biri ilə əlaqələndirilməsini və yerli iqtisadiyyatın canlandırılmasını zəruri edir. İnfrastruktur layihələri bu inkişafın əsas dayaqlarını təşkil edir.

2021-ci il oktyabrın 25-də “Qubadlı” 110/35/10 kilovoltluq yarımstansiyasının açılması rayonun enerji təminatının yaxşılaşdırılması istiqamətində mühüm addım oldu. Elektrik verilişi xətlərinin və fiberoptik kabelin çəkilməsi isə ərazinin enerji və rabitə imkanlarını genişləndirdi. Bu sistemlər yalnız gündəlik yaşayış ehtiyaclarının ödənilməsi üçün deyil, gələcəkdə istehsalın, sahibkarlığın və xidmət sahələrinin inkişafı baxımından da əhəmiyyətlidir.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı