adalet.az header logo
  • Bakı -°C
03 Sentyabr 2026 11:35
45
SAĞLAMLIQ
A- A+

Səhər yeməyi vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma

ABŞ-də 31.000-dən çox insanın məlumatları ilə aparılan hərtərəfli bir araşdırma, ilk və son yeməklərin vaxtı birbaşa ömür uzunluğu və ürək-damar sağlamlığı ilə əlaqəli ola biləcəyini ortaya qoyub.

Adalet.az-ın məlumatına görə, yeni tədqiqatlar göstərir ki, yalnız pəhrizdə nə istehlak edildiyi deyil, həm də qidanın istehlak edildiyi vaxt intervalları sağlamlığı müəyyən edən amil ola bilir. 

Alimlər, ABŞ Milli Sağlamlıq və Qidalanma Müayinəsi Sorğusunun (NHANES) bir hissəsi olaraq, təxminən on il ərzində 40 və daha yuxarı yaşda olan 31.000-dən çox insanın pəhriz vərdişlərini və sağlamlıq qeydlərini izləyiblər.

Yaş, siqaret çəkmə, fiziki aktivlik, bədən kütlə indeksi və xroniki xəstəliklər kimi amilləri də nəzərə alan tədqiqat, günün ilk yeməyinin vaxtı gecikdikcə ölüm riskinin artdığını aşkar edib. 

Məlumatlara görə, ilk yeməyini saat 8:00-dan sonraya qədər təxirə salanlarda, ilk kalori qəbulunu saat 7:00 ilə 8:00 arasında qəbul edənlərlə müqayisədə vaxtından əvvəl ölüm riski daha yüksəkdir. İlk yemək səhərin sonuna qədər təxirə salındıqda risk 10-19 faiz, günortaya qədər təxirə salındıqda isə 29 faiz artıb. Ürək-damar xəstəliklərindən ölüm riskinin, xüsusən də ilk yeməyini günortaya qədər təxirə salanlarda 46 faiz daha yüksək olduğu aşkar edilib.  Həmçinin, bu şəxslərin orta ömür müddətinin təxminən 2,5 il daha qısa olduğu müəyyən edilmişdir. 

Günün son yeməyinin vaxtı ilə bağlı təhlillərdə ən aşağı ölüm riskinin saat 8 radələrində yemək yeyənlərdə müşahidə edildiyi müəyyən edilmişdir. Son yeməyini saat 19:00-dan əvvəl yeyənlərdə risk 13 faiz, gecə yarısından sonra yeyənlərdə isə 27 faiz artıb. Tədqiqatı aparan Huazhong Elm və Texnologiya Universitetindən doktor Zhilei San gecə gec yeməyin bədənin bioloji saatına və maddələr mübadiləsinə mənfi təsir göstərə biləcəyini qeyd edərək bunları deyib: 

“Yemək vaxtları bədənin ritmi üçün vacib bir göstəricidir. Gec səhər yeməyi və ya gec şam yeməyi qlükoza və yağ metabolizmasında pozuntulara səbəb ola bilər”. Lakin mütəxəssislər araşdırmanın müşahidə məlumatlarına əsaslandığını və həkim tövsiyəsi olmadan fərdlərin yalnız bu tapıntılara əsaslanaraq pəhrizlərində kəskin dəyişikliklər etməməli olduqlarını xəbərdar edirlər. 

Vasif