adalet.az header logo
  • Bakı -°C
12 Iyun 2026 11:00
81
SİYASƏT
A- A+

“Rusiya Ermənistanın Kremlin təsir dairəsindən çıxmasını qəbul etmək istəmir”

“Ermənistan ilə Rusiya arasında bünövrəsi qoyulan iqtisadi müharibə əlbəttə ki, birinci növbədə seçkilərin nəticəsidir, Paşinyanın qələbəsidir. İndi Rusiya qurumlarının elan etdiyi tədarük məsələləri, karantin mülahizələri və sair bütün bunlar əlbəttə ki, bəhanələrdir. Bu, Ermənistana qarşı başlanan iqtisadi müharibənin başlanğıcıdır”.

Bunu Adalet.az-a açıqlamasında siyasi şərhçi Qulu Məhərrəmli deyib. 

Onun sözlərinə görə, Paşinyanın hakimiyyətdə olduğu son illərdə Rusiya ilə Ermənistan arasında münasibətlərdə ciddi problemlər var:

“Rusiya qəti şəkildə Ermənistanın qərbyönümlü siyasətini qəbul etmir, bəyənmir. Konkret şəkildə ya Avrasiya məkanında olmağını, ya da Avropa Birliyinə inteqrasiya etməyini vurğulayır. Aydındır ki,  Rusiya üçün seçim yoxdur ki, Ermənistan Avropaya yönəlsin. Söhbət ondan gedir ki, Ermənistanın dövlət kimi yaranmasında və mövcudluğunda birbaşa iştirak etmiş Rusiya indi onun Kremlin təsir dairəsindən çıxmasını qəbul etmək istəmir. Bu birmənalı şəkildə Ermənistana qarşı aparılan sərt siyasətin əsas səbəbidir”.

Q.Məhərrəmli bildirib ki, bundan sonra daha ciddi addımlar atılacaq:

“Amma təbii ki, Ermənistan bu məsələlərə hazırdır. Özünün iqtisadi problemlərini həll etməyə çalışır, birinci növbədə qaz, yanacaq, xammal bazarı məsələlərində ehtiyat tədbirləri görüb. Hesab edirəm ki, ən yaxın zamanlarda Ermənistanla Türkiyə arasında sərhədlər açılacaq. Ermənistan məhsulları Türkiyəyə və ordan isə Qərb ölkələrinə gedə biləcək. Azərbaycanla iqtisadi münasibətlər fərqli mərhələyə qalxa biləcək və sülh müqaviləsinin bağlanması sürətləndiriləcək. Bununla da iki ölkə arasında kommunikasiya, ticarət əlaqələri Orta Asiya ilə münasibətlər bu və ya başqa şəkildə genişlənəcək. İran və Ermənistan iqtisadi münasibətləri də müharibənin gedişindən asılı olaraq bərpa olunacaq. Yəni Ermənistan özü üçün oksigen pəncərələrini açmağa çalışır və bu da əlbəttə ki, onun bu və ya başqa formada Rusiyanın iqtisadi təsirindən çıxmasında bir növ rol oyanacaq”.

Vasif ƏLİHÜSEYN