adalet.az header logo
  • Bakı -°C
27 Yanvar 2026 10:24
121
GÜNDƏM
A- A+

Elektron siqaretlərə qadağa qoyuldu, qaçaqmal məsələsi meydana çıxacaq - Ekspert

Xəbər verdiyimiz kimi Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda dəyişiklik edilib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Dəyişikliklə elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir.

Məsələylə bağlı Adalet.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, illər öncə tütün və tütün məmulatları haqqında qanun qəbul olunub, qanunda dəfələrlə dəyişikliklər olub, sərtləşdirilib, lakin hökumətin bir çox qanunları kimi, bu qanunun da icrası təmin olunmayıb:

“Məsələn, adını çəkdiyim qanunda tütün məmulatlarının tək-tək satışının,  səhiyyə və təhsil müəssisələri yanında satışı qadağan olunduğu halda siqaretlərin tək-tək satışı hələ də davam edir. Üstəlik 6 il əvvəl Şəkidə təhlükəli tütün məmulatları istehsal edən müəssisə də açılıb. Filtirsiz siqaretlər yayılmaqda davam edir. Bu fonda ölkəyə siqaret tərgitmək üçün vasitələr, “Glo” adlı bir cihaz, elektron siqaret, qəlyanlar da daxil olub və getdikcə tütünə aludəçilik də artmaqda davam edir. Bizdə olan məlumatlara görə,  qonşu ölkələr arasında Azərbaycan təkcə qardaş Türkiyədən siqareti çox çəkməkdə geri qalır. Xüsusən qadınlar arasında siqaret geniş yayılıb. Reklam haqqında qanunda sanki bilərəkdən bir maddə var və malın özü reklam vasitəsi hesab olunmur. Azərbaycan dünyanın az ölkələrindən biridir ki, marketlərə girəndə adamı siqaret stendləri qarşılayır”. 

Ekspert deyib ki, bir çox ölkələrdə ümumiyyətlə siqaretlər marketlərdə satılmır:

“Məsələn, İtaliyada, Filippində siqareti dükanlarda tapmaq mümkün deyil. Əhali elektron siqaretdən siqareti tərgitmək üçün istifadə edir, amma əslində bu, siqaret qədər zəhərli bir şeydir. Ona görə ölkə Prezidentinin bu qanunu təsdiqləməsini çox alqışlayıram. Mümkün qədər buna məhdudiyyət qoyulmalıdır. Lakin biz onu da bilməliyik ki, bu qanundan sonra qaçaqmal məsələsi meydana çıxacaq. Yəni bu cür qadağalarla qaçaqmalın qarşısını ala bilməyəcəklər. Siqaret qaçaqmalı illərdir ki, Azərbaycanda davam edir. Biz onları da ifşa etmək üçün işlər aparmışıq. Təkcə 2017-ci ildə beynəlxalq bir təşkilatın apardığı araşdırmaya görə Azərbaycan büdcəsi qaçaqmal siqaretlərdən 20 milyon dollar zərər çəkib. Ona görə elə bir iş aparılmalıdır ki, əhali siqaretdən uzaq olsun. Siqaret çəkmək məişət narkomaniyasıdır”.

Vasif ƏLİHÜSEYN