adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Mart 2024 11:55
1795
ƏDƏBİYYAT

Sevimli oyuncaq - Tərlanə Yaqubqızından HEKAYƏ

Elnarə Rəşadla iyirmi ildir ki, ailə qurmuşdu. Əslində bunu  izdivac  adlandırmaq olmazdı. Onlar üst- üstə heç beş il bir yerdə yaşamamışdılar. Rəşad gah Moskvada, gah Tverdə, gah İstanbulda  işləyir, hər ay  Elnarəyə öz qazancından kifayət qədər pul göndərir, oğlanlarına korluq vermirdi.

Rəşadın onlardan uzaqda olması Elnarənin heç vecinə deyildi.  Ata evində ailənin sonbeşiyi olduğundan ərköyün böyümüşdü, ona istədiyi hər şeyi almış, nazıyla oynamışdılar. İstədi- istəmədi, özündən böyük bacılarının oyuncaqlarını əllərindən alır,  özünə aid olan bir əşyanı isə dünya dağılsa da heç kəsə vermirdi. Rəşada da sevmədən ərə getmişdi, əslində bunu ona məcbur etməmişdilər, öz seçimi idi. Düz səkkiz il bir oğlanı sevib onun yolunu gözləmişdi. Oğlan deyəndə ki, iki uşaq atası Aydını.  O vaxt o, gənc qız idi, Aydın da gənc müğənni. Elnarə Aydını bir neçə dəfə televizorda görmüş və ilk baxışdan ona vurulmuşdu. Bir dəfə rəfiqəsinin toyunda  müğənni kimi iştirak edən  Aydınla rastlaşdı. Bu, Elnarə üçün göydəndüşmə oldu. Onunla şəkil çəkdirib telefon nömrəsini aldı. Bir neçə gündən sonra Aydını görüşə dəvət etdi. Aydın görüşdən imtina edib bildirdi ki, ailəlidir. Elnarə israrla onu görüşə çağırdı, göz yaşları içində onsuz yaşamayacağını bildirdi. Uşaqlıqdan ürəyi yuxa olan Aydın onun görüşünə getdi. O, hiss edirdi ki, bu addımı düzgün deyil, sevib ailə qurduğu Samirəyə xəyanət edir, amma Elnarəyə də yazığı gəlirdi. Beləliklə, onlar düz səkkiz il  görüşdülər. Artıq bir- birinə elə alışmışdılar ki, ayrılmaq onlara ağır gəlirdi. Aydın ev- eşikdən soyumuşdu, arvadından ayrılmaq istəsə də iki övladına görə bunu mümkünsüz hesab edirdi. Elnarə hər görüşdə ondan boşanmasını tələb edirdi.  Evdə həyat yoldaşı da Aydından  boşanmaq istəyirdi. Çünki Aydın qazancını ancaq əyin- başına, restoranlarda yeyib- içməyə xərcləyir və bunu camaat arasına çıxmasıyla, müğənni olmasıyla izah edirdi. Arvadı və uşaqları isə qohum- əqrəbanın verdiyi paltar və ərzaqla keçinirdilər. Samirə ağzını açıb etiraz edən kimi Aydın onu söyüb təhqir edir, hətta şiddətlə döyürdü. Samirəyə "Fikirlərimə mane olma, mən sənət adamıyam" deyərək, onunla danışmasına qadağa qoyurdu. Əvvəlki məhəbbətdən əsər- əlamət qalmamışdı. Bir tərəfdən Elnarə, bir tərəfdən Samirə Aydını çətin vəziyyətə salmışdı. 

Elnarənin  yaşı otuzu keçirdi. Artıq ona qarımış qız kimi baxan qohum- əqrəbanın ağzından min cür avaz gəlirdi. Elnarə Aydının arvadına paxıllıq edirdi, çünki  ondan cəmi  üç yaş  böyük olan  rəqibinin uşaqları artıq məktəbə gedirdilər. Qızın səbir kasası dolmuşdu. Ona görə də fikirləşmədən uzaq qohumları olan Rəşadın elçilərinə razılıq verdi. Bəlkə də ən xeyirlisi bunda idi. Çünki  görürdü ki, Aydın nə qədər vədlər versə də boşanmayacaq, ara yerdə özü un çuvalına tay olacaq. Beləliklə,  Rəşadla evlənib Moskvaya köçdü. Aydın onun ayrılğına dözə bilmirdi. Sanki tilsimlənmişdi. Təsadüfən Moskvada yaşayan dostlarından biri onu burada təzə açdığı  restoranda işləməyə dəvət etdi. Aydın canla-başla  razılıq verdi, çünki orada Elnarəylə görüşmək imkanı olacaqdı. Moskvada yaşadığı üç il ərzində o, ara- sıra Elnarəylə görüşürdü. Hətta bir dəfə onu işlədiyi restorana şam yeməyinə də dəvət etdi. Elnarə onun dəvətini qəbul etsə də  restorana Rəşadla gəldi. Aydın onları birlikdə görəndə acığından nə edəcəyini bilmədi. Elnarəni öz ərinə- boy- buxunlu, yaraşıqlı, üstəlik də varlı iş adamı olan Rəşada qısqandı. Elnarə bu hərəkəti ilə onu təhqir etmişdi.  Aydın  mahnı oxumaqdan imtina edib baş ağrısı bəhanəsilə işdən tez çıxdı və kirayə qaldığı mənzilə gəldi. Bir neçə gündən sonra birdəfəlik Bakıya qayıtdı. Aydına elə gəlirdi ki, Elnarə ilə aralarında olan hər şeyə son qoyulub, artıq onun səsini belə eşitmək istəmir. Ona görə telefon nömrəsini də dəyişdi.

Aradan hardasa on beş il keçdi. Aydın daha müğənniliyin daşını atmışdı. Onsuz da zaman dəyişmişdi.  Meydan döymə qaşlı, alt dodağı yer, üst dodağı göy süpürən əcaib görkəmli müğənnilərin idi. Aydın özünü onların arasında çox  qərib hiss edirdi. Buna görə də  iki kəlmə sözü ardarda qoşub danışa bilməyən, amma yüksək vəzifədə işləyən qohumunun sayəsində mətbuat xidmətində çalışan tələbə yoldaşının  yanında işə düzəldi. Tələbə vaxtında olan yazı- pozu bacarığı bu dəfə onun köməyinə gəlmişdi, mətbuatda şərəfdən, ləyaqətdən dəm vuran məqalələri dərc olunur, babat qonorar alırdı. Bəzən onu sosial yönümlü verilişlərə ekspert kimi dəvət edirdilər. Aydın verilişdə olan qadın həmkarlarından söz düşəndə onları ələ salırdı:

 -  Mənim ekspertimə bax da. Biri var e, camaata əxlaqdan, namusdan danışır, özünün şəhərdə gəzmədiyi kişi qalmayıb. Üz versəm, mənə də girişər.
 Bir dəfə Aydın fasebook səhifəsində Elnarənin ona dostluq təklifini gördü. Aydın bu təklifi dərhal qəbul etdi. Elnarə artıq Bakıda imiş. Moskvada doğulan oğlanları təhsilini burada davam etdirirdilər. Uşaqlar Azərbaycan dilində bir kəlmə də başa düşmürdülər. Ona görə də o, uşaqlar evdə olanda da Aydınla telefonda sərbəst danışırdı. Onlar yenə görüşürdülər, özü də yaş- başlarından utanmadan. Şəhərdə kiminsə onları bir yerdə görməsindən əsla narahat deyildilər, çünki özlərini göyün yeddinci qatında hiss edirdilər.  

Lakin bir gün hər şey anidən baş verdi. Elnarəylə restorandan çıxıb  şəhərdə gəzən Aydın qarşısında həyat yoldaşını görəndə çaşıb qaldı. Axı Elnarə həmişə evlərinin yaxınlığında yerləşən marketdən bazarlıq edirdi. Bu dəfə o, şəhərin mərkəzinə yaxın yerdə təşkil olunmuş bayram yarmarkasına  gəlmişdi. Samirənin barmaqları  soyuqdan və ağır zənbil tutmaqdan gömgöy olmuşdu. O, Aydını tanımadığı qadınla görəndə bir anlıq duruxdu. Amma o qədər saf idi ki, ağlına başqa şey gəlmədi. Aydın özünü ələ alıb Elnarəni  keçmiş tələbə yoldaşı kimi təqdim etdi. Sonra Elnarəylə sağollaşıb arvadıyla evə qayıtdı. Qapıdan girər- girməz Aydın  Samirəni təhqir etməyə başladı:

-Tələbə yoldaşımın yanında ölüb yerə girdim. Bir güzgüyə bax, heç özündən utanmırsan? Əsl bazar arvadısan!  Beş- on qəpiyə görə  şəhərin bu başından o başına gəlmisən. Məndən  icazə  almışdın?

Samirə  göyərmiş barmaqlarını ovuşdururdu. Aydın Elnarənin cəmi bir saat  əvvəl ovcunda sığalladığı manikürlü barmaqlarını xatırladı. Samirənin  zəhmətdən qabar- qabar olmuş əlləri onu özündən çıxarırdı. 

- Adam dırnaqlarından iyrənir. Heç olmasa bir yerə gedəndə əlcək tax, görünməsin. Sən də özünü qadın sayırsan? Mənə deyən gərək niyə vaxtında bu qaraçıdan boşanmadın?

Samirə  namaz qıldığı üçün dırnaq saxlamırdı.Bunu Aydın da bilirdi. Amma ərinə heç  nə demədi. Deyə bilmədi ki, gül kimi həkimlik oxuyub, əri işləməyə icazə verməyib. Ondan zəif oxuyan tələbə yoldaşları indi yaxşı həkim kimi ad- san qazanıblar, amma o, ömrü boyu Aydının qulluqçusu olub, uşaqlarının dərslərinə kömək edib, onlar Samirənin sayəsində repititorsuz- filansız ali məktəbə daxil olublar. Yay tətillərində Aydın onları guya istirahət adıyla  kəndə göndərib. O da, balaları da  Aydının qocalmış valideynlərinə təsərrüfat işlərində kömək ediblər. Halbuki o, şəhər qızı idi, ilk vaxtlar  heç alaq otu ilə şitili ayırd edə bilmirdi.  Kolların arasıyla gedəndə  qayınanası ona acıqlanırdı:

- Ay qız, şitili tapdalama. 

Samirə fikirli halda aldığı ərzağı soyuducuda yerləşdirib otağına keçdi. Yemək bişirməyə həvəsi qalmamışdı. Bu zaman mobil telefonuna zəng gəldi. Tanımadığı nömrədən idi. Əvvəl cavab verməyə qorxdu, çünki əri ona tanımadığı adamlara cavab verməyi qadağan etmişdi. Əslində əri əvvəllər  ona mobil telefon işlətməyə də icazə vermirdi. Oğlunun ilk maaşından anasına mobil telefon alması Aydını qəzəbləndirsə də, deməyə söz tapmamışdı.

 Samirə cəsarətini toplayıb  telefonu açdı

- Eşidirəm.

-  Xanım, mən bayaq gördüyünüz qadınam. Adım Elnarədir.

- Buyurun, Elnarə xanım.

- Biz  Aydınla neçə illərdir sevgiliyik. Sizin nömrəni də evimdə yatdığı zaman onun telefonundan götürmüşəm.O,  bayaq sizi aldatdı.  İstəyirəm biləsiniz  ki , o, sizi həmişə aldadıb. Heç bilmirəm niyə kişi kimi hər şeyi etiraf etmədi. Bir halda ki , sizi sevmir, niyə boşanmırsınız? 

Samirə  eşitdiyi sözlərdən donub qaldı. Elə bil illərdir yuxudaydı, kimsə onu qəfildən oyatmışdı.

- Siz nə danışırsınız, bu necə ola bilər? Mən sizin heç bir sözünüzə inanmıram.

- Məndə faktlar var, şəkillər, videolar, hamısını göndərərəm, onda inanarsınız.

Samirə nə eşitdikərinə, nə də gördüklərinə inanmaq istəmirdi. Elnarə də, Aydın da onun dünyasını dağıtmışdılar. Elnarə səhvən ona öz ailəsinin şəklini də göndərmişdi. Gözləri bərələ qaldı. Elnarənin əri hamının tanıdığı varlı iş adamı idi. Bütün qadınlar özlərinə belə bir həyat yoldaşı arzulayırdılar. Bəs Elnarənin nəyi çatışmırdı? Yəqin çatışmadığı şeyi Aydında  görüb, yəni  Rəşadın vermədiyi sevgini onda tapıb.

Bir qədər götür - qoy etdikdən sonra  Samirə   Elnarəyə zəng etdi:

- Xanım, sizin mənə göndərdiyiniz şəkilləri mən də ərinizə, yeniyetmə oğlanlarınıza göndərəcəyəm.

Elnarə təəccüblə soruşdu

- Siz mənim ərimi hardan tanıyırsınız?

- İş adamı Rəşadı Azərbaycanda tanımayan var ki?

Elnarə susdu. O, elə bilmişdi ki, Samirəyə zəng etməklə öz qisasını alacaq. Bayaq Aydının onu küçədə tək qoyub Samirəylə evə getməsinə qəzəblənmişdi.  Elnarənin ən böyük arzusu  Aydının Samirənin gözü qarşısında ona  öz sevgisini etiraf etməsi idi.  Aydını səkkiz il gözlədiyi və nəhayət, sevmədiyi  Rəşada ərə getdiyi üçün o, Bakıya əslində buna görə qayıtmışdı. Amma indi gör necə vəziyyətə düşmüşdü? Yalvarmağa məcbur oldu:

- Siz  Allah, məni bağışlayın,  günahın çoxu  məndədir, Aydını mən yoldan çıxartdım. Onu heç cür unuda bilmirdim. Sonra da o, məndən əl çəkmədi. Ayrılsam, ərimə və oğlanlarıma hər şeyi açıb deyəcəyi ilə hədələdi. Biz ikimiz də böyük səhvlər etmişik. Nə Rəşad, nə də siz buna layiq deyildiniz.
Sizə yazığım gəlir, yaxşı ki, o, mənim ərim deyil, o, maskalanmış şərəfsizin biridir.

- Xanım, mənim adım Samirədir, mən  Elnarə deyiləm. Mən günahsız adamların dünyasını yıxa bilmərəm.  Elə sabahdan uşaqlarınızı da götürüb ərinizin yanına qayıdın. Sizi  övladlarımıza görə bağışlayacagam. Amma Allah yəqin ki, özgə yuvasını dağıdan şərəfsizləri bağışlamayacaq. Bir də sizə minnətdar olmalıyam, gözümü açdınız. Həmişə şərəfdən danışan Aydının şərəfsiz olduğunu öyrəndim.

Aydın qapının kandarında dayanıb Samirəyə baxırdı.  O,  illərdir alçaltdığı, söyüb- döydüyü Samirənin qarşısında diz çökməyə hazır idi. Amma Samirə onu bağışlayacaqdımı? Özünü toplayıb sanki pıçıltıyla danışmağa başladı:

- Samirə, mən həmişə səni sevmişəm. İnan mənə, bu, bir alışqanlıq olub. Öz ərinə  xəyanət edən qadını mən necə  sevə bilərdim?

Samirə susurdu. Ağlamaq istəsə də göz yaşları qurumuşdu. Fikirləşdi ki, sabah atasının məzarı üstünə gedib doyunca ağlayacaq. Atası illər öncə onun Aydına ərə getməsinə razı olmamışdı. Elə bil yazıq kişinin ürəyinə damımışdı ki, qızı bu adamla xoşbəxt olmayacaq. Samirənin indi ağlına gəldi ki, bu boyda dünyada dərdini söyləyəcək bir rəfiqəsi də yoxdu.Aydın hər şeyi - kiminləsə dostluq, qonşuluq etməyi ona qadağan etmişdi.Amma özü  bəzən onu ilan kimi sancıb tək olmağını Samirənin  başına qaxınc edirdi.  Ürək sirdaşı xalası ilə ev telefonu ilə danışırdı, amma bir dəfə  Aydın hirslənib onu da qəsdən sındırmışdı. Anasına gəlincə, ərinin vəfatından sonra evini satıb böyük qızının yanına köçən qoca qadına dərd vermək  istəmirdi. Onsuz da  son vaxtlar Samirənin ürəyi tez- tez ağrıyırdı.  Aydın isə onu nə həkimə tək getməyə qoyur, nə də özü ilə aparmırdı. "Eh, harada qırıldı, qırıldı, təki  balalarımın toyunu görüm, sonra Əzrayıl gəlib canımı alsın. Ömrümün çoxu gedib, azı qalıb.  Bu yaşımda boşanıb aləmi üstümə güldürə bilmərəm."

Samirə saata baxdı. Bir azdan oğlu işdən, qızı universitetdən qayıdacaqdı. O, mətbəxə keçib yemək tədarükünə başladı. Soğan soyanda gözünün yaşarmamasına çox da  təəccüblənmədi. Elə bil onun vücudunda bütün acılara  qarşı immunitet yaranmışdı.

Aydın hələ də qapının kandarında idi. Yadına birdən-birə uşaq vaxtı geydiyi pencək düşdü. Atası hər il  ona təzə  pencək alacağına söz versə də,  ala bilmirdi. Aydının boyu uzandığından pencəyin qolları ona qısa gəlirdi. O, sinif yoldaşlarından utandığı üçün boyunu qısıb  açıqda qalmış əllərini köhnə pencəyinin cibində gizlədirdi.

Bu dəfə Aydının dili qısalmışdı. İndi o, təkcə əllərini yox,  özünü  də gizlətməyə yer axtarırdı.

Şəhərin o biri başında bir qadın otağına çəkilib ağlayırdı. Daha onun nazıyla oynayan yox idi. Bu dəfə onun sevimli oyuncağını əlindən alıb aparmışdılar.