adalet.az header logo
  • Bakı -°C
29 Sentyabr 2015 14:28
38205
MARAQLI
A- A+

Xallar - sahibinin tərcümeyi-halı

İnsan bədənindəki xırda ləkələr - xallar haqqında tibbi, psixoloji, hətta ədəbi olaraq çox danışılıb. Xalların şərəfinə bəlkə də gözəllərin özü qədər şeirlər yazılıb, mahnılar qoşulub. Üzdə, boyun-boğazda özünə yer eləmiş bu qara "nöqtələr" şairlərin ilham pərisini çox qanadlandırıb. Amma bildiyimiz kimi xal bədənin hər yerində ola bilər. Xoşumuza gəlsə də, gəlməsə də onlar bizim keyfimizi gözləmədən istədikləri hissədə özlərinə yer edirlər. Bununla da, demə, sahibinin orqanizmdəki problemlərin, onun kimliyinin, xasiyyətinin xəritəsini çəkirlər. O da maraqlıdır ki, xallar kişi və qadına görə müxtəlif məna daşıyır. Məsələn, topuğunda xalı olan bir kişinin xarakteri dəhşətli, qadında isə zarafat etmə qabiliyyətinin, cəsarətinin, sevgisinin bolluğuna işarədir. İndi keçək xala görə insan təsnifatına:

Qollarda olan xallar nəzakətliliyə, çalışqanlığa və xoşbəxt evliliyə işarədir. Əgər xal dirsəyə yaxındırsa, kişi bir çox problemlərdən çıxmaq məcburiyyətindədir. Bununla yanaşı cavan yaşlarında dul qala biləcəyi də istisna edilmir. Qadın isə iş həyatında problemlər yaşaya bilər. 

Kürəyində xalı olanlar mübariz insanlardır. Adətən, bu xallar irsən keçir, sülalə "emblem"i funksiyasını daşıyır. 

Qarında olan xallar acizlik əlamətidir. Bu xalları daşıyanlar istəklərinə yenilirlər. Ən çox da birbaşa olaraq qarnına xidmət edirlər - çox yeyib-içən olurlar.  

Sinəsində xalı olanlar davakar, tənbəl, qərarsız insanlardır. Bu xasiyyətlərini gizlətmək üçün hay-küyçülükdən də qaçmırlar. 

Yanaqda xallar ciddiliyə, çalışqanlığa, mülayim təbiətə işarədir. Sağ yanağında xalı olan insanlar ehtiraslı olduğu üçün yaşadıqları münasibətlərin sonunu düşünmürlər.

Çənəsində xalı olanlar başqalarının qibtələrinə məruz qalırlar. Məsuliyyətli və lider xarakterli bu insanlara aşağıdan yuxarı baxılır.  

Qulaqda xal var-dövlətə işarədir. Az adamlarda olur. Belə xallı insanlar əsasən orta yaşda varlanırlar. 

Sağ qaşda xal səbr, ailə həyatında və işdə uğur, sol qaşda xal isə əksinə məna daşıyır. Xal qaşın içindədirsə, bu, yüksək yaddaşdan xəbər verir. Bu insanlar hər şeydən nəticə çıxara bilirlər.

Barmaqlarında xalı olanlar hiyləgər və hər şeyi şişirdən olurlar. Ovucda xal isə xüsusi bacarıqlardan xəbər verir. 

Ayaqlarında xalı olan insanlar depressiyaya meyillidirlər, qapalı və sakit həyatı sevirlər. 

Alnında xalı olanlar etibarlı insanlardır. Həmçinin hər şeyin ən yaxşısına can atırlar. Alnın ortasında olan xal sahibinin intellektual səviyyəsinin yüksək olduğuna işarədir. 

Gözün üstündə olan xal isə romantik xasiyyətə işarədir. Gözün altında olan xal sahibinin sevgiyə açıq, xoş xasiyyət olduğunu göstərir. Gözünün ucunda xalı olanlar isə qısa müddətli sevgi macəralarına üstünlük verirlər. 

Burunətrafı xal sahibin yaradıcı olduğundan xəbər verir. Bu insanlar çox vaxt qələm adamı olurlar. 
Eyni zamanda çox qısqanc olurlar.  Burnunun üstündə xalı olan qadın öz xoşbəxtliyini özü axtarıb tapır. Ehtiraslı və qısqancdırlar. 

Üst dodağının kənarında xalı olanlar sərhədsiz sevgiyə inanan olurlar. Bu, həm də sərbəstliyə işarədir.