WUF13: İqlim dəyişiklikləri və mənzil problemlərinə gender yanaşması
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Gender Perspektivindən İqlim və Mənzil Davamlılığı” mövzusunda panel sessiya keçirilir.
Adalet.az xəbər verir ki, QHT-lər üçün ayrılmış xüsusi pavilyonda təşkil olunan tədbirdə siyasət, memarlıq, şəhərsalma, ekoloji idarəetmə və icma əsaslı dayanıqlılıq sahələrində fəaliyyət göstərən beynəlxalq və regional ekspertlər iştirak edirlər.
Müzakirələr zamanı iqlim dəyişikliklərinin şəhər və icmaların inkişafına ciddi təsir göstərdiyi və bu təsirlərin cəmiyyətin bütün üzvləri tərəfindən eyni şəkildə hiss olunmadığı bildirilib.
Qeyd olunub ki, mənzil problemləri, ekoloji risklər və resurslara çıxışın məhdud olması, xüsusilə, sürətlə urbanizasiya olunan və həssas bölgələrdə yaşayan qadın və qızlara daha çox təsir edir. Bununla yanaşı, qadınların dayanıqlı inkişafın təmin edilməsində, yeni yanaşmaların təşviqində və icma əsaslı həllərin yaradılmasında mühüm rol oynadığı vurğulanıb. Çıxışlarda iqlim və mənzil siyasətlərində gender yanaşmasının nəzərə alınmasının artıq zərurətə çevrildiyi diqqətə çatdırılıb. Həmçinin iqlim problemlərinin şəhərlərə və icmalara artan təsiri fonunda mənzil və şəhər dayanıqlılığı məsələlərinə inklüziv və genderə həssas yanaşmanın vacibliyi vurğulanıb.
Eyni zamanda, iqlim riskləri və mənzil sahəsindəki problemlər müzakirə olunub, şəhərsalma və mənzil siyasətində qadınların ehtiyaclarının nəzərə alınmasının əhəmiyyətindən bəhs edilib. Bildirilib ki, qadınların dayanıqlı icmaların qurulmasında liderlik rolunun gücləndirilməsi gələcək siyasətlərin əsas istiqamətlərindən biri olmalıdır.


Bakı -°C

