adalet.az header logo
  • Bakı -°C
29 Oktyabr 2026 15:44
89
GÜNDƏM
A- A+

Vilayət Eyvazov Kollegiya iclası keçirdi - Tapşırıqlar verdi - FOTOLAR

Oktyabrın 29-da Daxili İşlər Nazirliyində 2026-cı ilin 9 ayının əməliyyat-xidməti fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.

Adalet.az xəbər verir ki, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində fəaliyyətin digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə cari ilin ötən dövründə də məqsədyönlü şəkildə davam etdirildiyini bildirib.

Qeyd olunub ki, hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə qeydə alınmış 22 804 cinayətin 90,5 faizinin açılması təmin edilib.

Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin isə 93,7 faizi açılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayı 5,7 faiz azalıb. O cümlədən ağır və xüsusilə ağır cinayətlərin, qeyri-aşkar şəraitdə törədilən əməllərin, adam öldürməyə cəhdlərin, qəsdən sağlamlığa ağır və az ağır zərər vurma hallarının, mülkiyyət əleyhinə olan cinayətlərin, o cümlədən oğurluq, dələduzluq, quldurluq və hədə-qorxu ilə tələb etmə faktlarının, avtonəqliyyat vasitələrinin qaçırılması hallarının, habelə xuliqanlıqların, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən, odlu silahdan istifadə edilməklə və qrup halında baş verən hüquqazidd əməllərin sayı azalıb.

Qeyri-aşkar şəraitdə törədilən, eləcə də ağır və xüsusilə ağır cinayətlərin, əzab vermə, mülkiyyət əleyhinə cinayətlərin, o cümlədən oğurluq və dələduzluq faktlarının açılması yaxşılaşıb. Qəsdən adam öldürmə və cibgirlik cinayətlərinin açılması tam təmin olunub.

Keçmiş illərdən bağlı qalmış 294 cinayət açılıb, axtarışa elan edilmiş şəxslərin 87,2 faizi tutulub. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 402 nəfərin daxil olduğu 146 cinayətkar qrup zərərsizləşdirilib. Baş vermiş xırda talama faktlarının 87 faizi açılıb, dəymiş maddi ziyanın 85 faizi ödətdirilib.

Qanunsuz dövriyyədən 6 ton 443 kiloqram narkotik vasitə çıxarılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 ton 780 kiloqram çoxdur.

Yol-nəqliyyat hadisələrinin sayı 67 fakt, qəzalarda ölənlərin sayı 7 nəfər, xəsarət alanların sayı isə 117 nəfər azalıb.

Gündəlikdəki məsələlərlə bağlı Nazirliyin aidiyyəti baş idarələrinin rəisləri həyata keçirilmiş tədbirlər, əldə olunmuş nəticələr və yol verilmiş nöqsanların aradan qaldırılması istiqamətində görülmüş işlər barədə məruzə ediblər. Həmçinin məruzələr ətrafında çıxışlar dinlənilib.

Kollegiya iclasına yekun vuran daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov hesabat dövründə xidməti vəzifələrin və qarşıya qoyulan tapşırıqların bütövlükdə layiqincə yerinə yetirildiyini qeyd edib, fəaliyyətin səmərəliliyinin artırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyənləşdirib.

Nazir cinayətkarlığın bütün təzahürlərinə, xüsusilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin qətiyyətlə davam etdirilməsinin vacibliyini vurğulayıb. Bu sahədə əməliyyat-axtarış tədbirlərinin səmərəliliyinin artırılması, internet informasiya resursları vasitəsilə narkotik vasitələrin satışına yönəlmiş cəhdlərin qarşısının alınması, qanunsuz dövriyyə kanallarının vaxtında zərərsizləşdirilməsi və profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Polis orqanlarının istintaq və təhqiqat qurumlarında fəaliyyətin təşkili məsələlərinə də toxunan nazir cinayət işlərinin hərtərəfli, obyektiv və qanunvericiliyin tələblərinə uyğun araşdırılmasının, prosessual müddətlərə ciddi riayət edilməsinin, vətəndaş müraciətlərinə həssas yanaşılmasının və ibtidai araşdırmanın keyfiyyətinin yüksəldilməsinin zəruriliyini diqqətə çatdırıb.

O, hər bir müstəntiqin və təhqiqatçının əsas vəzifəsinin insan hüquq və azadlıqlarının etibarlı müdafiəsini və vətəndaş məmnunluğunun təmin edilməsini vurğulayaraq, aidiyyəti üzrə konkret tapşırıqlar verib.

Müasir texnologiyaların tətbiqinin və idarəetmədə rəqəmsallaşmanın genişləndirilməsinin fəaliyyətin səmərəliliyinin artırılmasında, operativliyin təmin edilməsində və xidmət keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını bildirən nazir informasiya sistemlərinin imkanlarından səmərəli istifadə edilməsinin və idarəetmə proseslərinin təkmilləşdirilməsinin davam etdirilməsinin vacibliyini qeyd edib.

İlin başa çatmasına az müddət qaldığını diqqətə çatdıran general-polkovnik Vilayət Eyvazov əldə edilmiş müsbət nəticələrin davam etdirilməsini, arxayınçılığa yol verilməməsini, şəxsi heyətin peşəkarlığının yüksəldilməsini, icra intizamının gücləndirilməsini, müasir texnologiyaların fəaliyyətə daha geniş tətbiqi istiqamətində təşəbbüskarlığın artırılmasını və bütün qüvvə və imkanların qarşıda duran vəzifələrin yerinə yetirilməsinə səfərbər olunmasını tələb edib. O, bu və digər istiqamətlər üzrə konkret tapşırıqlar verib.