adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
21 Iyun 2022 10:59
2264
MÜSAHİBƏ

"Uşaqların sevimli oyuncağı olduğu kimi, sevimli kitabları da olmalıdır"

Müsahibimiz AMEA-nın Mərkəzi Elmi Kitabxanasının İnnovativ layihələr və metodik təminat şöbəsinin mütəxəssisi, yazıçı-publisist Pərvanə Bayramqızıdır.

- Salam Pərvanə xanım, necəsiniz?

– Salam. “Necəsən?” sualına verilən cavablar çox vaxt formal olur. Səhhətimiz qaydasında olmayanda birdən-birə heç kəsə “pisəm” deyə bilmirik. “Yaxşıyam” cavabı vermək üçün özümüzü qeyri-səmimi olmağa məcbur edirik. Mənsə həmişə səmimi olmuşam. Yəqin ki, izah edə bildim.

Əgər sualınıza peşman olmamısınızsa, növbətini verə bilərsiniz.

- Pərvanə xanım, bəlkə elə söhbətimizin əvvəlindəcə oxuculara özünüz haqqında bir qədər məlumat verəsiniz?

– Əmək fəaliyyətimə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının İnformasiya-resurs şöbəsində başlamışam. Hazırda Mərkəzi Elmi Kitabxanada çalışıram. İmzam ilk dəfə 2003-cü ildə dərc edilən “Mən də övladıyam Azərbaycanın” şeiri ilə tanınıb. “Qəlbimin istəkləri” adlı birinci kitabım 2008-ci ildə ADMİU-nun “Qarabağ” mətbəəsində çap olunub. Müxtəlif illərdə “Savalan”, “Rəy” (Gəncə), “Bütöv Azərbaycan”, “Ədalət” qəzetlərində, “Günəş”, “Yazı”, “Xəzan”, “Ustad”, “Mədəniyyət”, “Azərbaycan” və “Ulduz” jurnallarında şeir, hekayə və köşə yazılarım dərc edilib. Oxucu anlayışının istinadlarla izah edildiyi, oxucu-kitabxanaçı ünsiyyətindəki problemlərdən bəhs olunan, kitab verilişi ilə bağlı təklif irəli sürüldüyüm “Oxucu anlayışı” məqaləmsə Bakı Dövlət Universitetinin təsis etdiyi “Kitabxanaçılıq və informasiya” jurnalının səhifələrində yer alıb. “Yaza bilməyən yazıçı” adlı ikinci kitabım son illər mətbuatda və saytlarda dərc edilmiş ictimai-sosial həyatın problemlərindən bəhs edən yazılarımın məcmusudur. Uşaqlarda erkən yaşlardan kitaba maraq aşılamaq məqsədinə xidmət edən köşə yazıları və hekayələrimdə ədəbiyyatın, mütaliənin təbliğinə daha çox yer ayırmışam. İstər müharibə, istərsə də digər mövzularda yazdığım hekayələrimdə mənəvi keyfiyyətlərə, qadın-kişi, övlad-valideyn münasibətlərinə üstünlük verirəm. Cəmiyyəti təşkil edən fərdlərin davranışlarının qabardılmasını yazılarımın onurğa sütunu hesab etmək olar. Üçüncü kitabım “Karantin zədəsi” adlanır. Burdakı mövzular daha genişdir, vaxtınızı almaq istəmirəm.

- Xahiş edərdim, hazırda mütəxəssisi olduğunuz şöbənin fəaliyyəti haqqında ətraflı şəkildə məlumat verəsiniz?

– Şöbənin yerinə yetirdiyi funksiyalar çoxdur, kitabxana sahəsində son illər tətbiq edilən yeniliklərlə tanış olmaq üçün daim hərəkətdə olan şöbədir. Nəzəri biliklərin təkmilləşməsi fəaliyyətinin əsas istiqamətidir. Qısaca deyim ki, şöbə kitabxanalarla əlaqələr qurur, monitorinqlər keçirir, şifahi, yazılı məsləhətlər verir, təlimat materialları və s. hazırlayır.

- Siz bir kitabxanaçı olaraq oxucu-kitabxanaçı və oxucu-yazar münasibətlərinin hazırkı durumunu necə şərh edərdiniz?

– Oxucu-kitabxanaçı münasibəti geniş anlayışdır, kitabxanaşünaslıq sahəsində bununçün ayrıca bölmə var. Yəni bu münasibət elmi əsaslarla qaydaya salınır. Eyni zamanda burda insan psixologiyası da böyük rol oynayır. Əvvəllər kütləvi kitabxanada işləyəndə müşahidə aparırdım, indi elmi kitabxanada bu imkanım yoxdur. Kitabxanaçılar oxucuları dərindən öyrənib ona uyğun davranmalı, tövsiyə edəcəyi ədəbiyyatı bundan sonra seçməlidirlər. Oxucu-yazar münasibətinə gəlincə, istədiyimiz qədər fikir yürüdə bilərik, burda hər şey gözlərimizin qarşısında baş verir. Yaşlı nəsil yazıçıları ilahiləşdirib sevib, elə güman ediblər ki, onun sevimli yazıçısı heç vaxt pislik etməz. Özüm də oxucu kimi bu fikirdə olmuşam, ətrafımdakıları da belə görmüşəm. Səməd Vurğuna görə saatlarla mübahisə edən oxucularla tez-tez rastlaşıram. Yazıçının, şairin də oxucuya ehtiyacı var. Oxucu yazıçının enerji mənbəyidir. Yazan adam oxunmasa, ruhdan düşər. Oxucu yaxşı yazı üçün acdır, yazıçı da oxucu üçün əliuzanıqlıdır. Bir-birini yaşadan iki cəbhə kimi baxıram onlara. Gərək heç hansı bir-birini itirməsin.

- Ümumiyyətlə uşaqlarda erkən yaşlardan kitaba maraq aşılamaq məqsədilə hansı vacib işlər görülməlidir?

– Zaman-zaman bu mövzuya toxunuram. Uşaq mütaliəsi ilə bağlı elmi ədəbiyyatdan nümunələr də paylaşıram, şəxsi fikirlərimi də bölüşürəm. Mətbuatdan əlavə bu barədə sosial şəbəkə hesabımda da könüllü təbliğat aparıram. Maraqlı şəkillərlə bərabər uşaqları mütaliəyə necə həvəsləndirməyin yollarından paylaşımlar edirəm. Hətta ayrıca “Kitablar arasında”adlı səhifə də yaratmışam. Bunu vətəndaşlıq borcu sanıram. Dostlar, qadın şairlər peşəmə şeir də həsr ediblər. Görünür, az maaşla belə həvəslə kitab təbliği ilə məşğul olmağım diqqətlərindən yayınmayıb.

Sualınıza cavab olaraq, bildirim ki, uşaq anadan olanda ona otaq ayırdığımız kimi, həmin otaqda kitab guşəsi də yaratmalıyıq. Uşaqlara kitabların faydasını ilk yaşlarından izah etməliyik. Onların sevimli oyuncağı olduğu kimi, sevimli kitabı, sevimli əsəri də olmalıdır. Bunu analar onların anlaya biləcəyi şəkildə çatdırmalıdırlar. Qonaq getdiyimiz evlərdəki uşağa konfet əvəzinə, kitab aparsaq, ənənə halına keçər, uşaqlar buna dəyər kimi baxarlar.

- Siz müəllim ailəsində böyümüsünüz. Bu gün cəmiyyətimizdə müəllimlərin yeri və rolu sizi qane edirmi? Sizcə əsl müəllim necə olmalıdır?

– Babam (anamın atası) müəllim olub, atam ixtisasca mühəndis idi, tikinti müəssisələrində çalışıb, amma texniki fənlərdən də uzun illər ali təhsil müəssisələrində dərs deyib. Təlim-tərbiyə güclü olduğundan hələ də böyüklərin yanında özümü şagird kimi hiss edirəm. Dövrü nəzərə alıb klassik fikirlərdən uzaq yanaşmamı bildirəcəm: əsl müəllim şagirdi məktəbdən perik salıb: “gəl, evdə xüsusi məşğul olum” deməməlidir. Bu gün bu sözü deməyən şəxs əsl müəllimdir. Əsl müəllim şagirdlərinin təhsil qayğısını öz övladının qayğısı kimi çəkməli, məsuliyyətini o cür hiss etməlidir. Müəllimdən çox şey tələb edib əylənməyi ona qadağan etmək də insafsızlıqdır. Dəcəl uşaqlar çoxdur, bunun hamısına müəllim enerji çatdıra bilməz. Burda valideynlə müəllim, elə kitabxanaçılar da birgə çalışmalıdırlar.

- Bəs tələbə-gənclərimizin səviyyəsi sizi qane edirmi?

– Səmimiyyətimə sadiq qalaraq, bildirim ki, ürəyimizcə olmayan məqamlardan xali deyilik. Bir dəfə Akademiyanın bağında məndən qabaqda gedən oğlanlar bir-birinə: “bu semestr dərsdə olmamışam” deyib gülürdülər. Bu çox pis haldır. Gələcəkdə “ali təhsil diplomum var” deyib müəssisələrdə iş davası çəkəcəklər. İşin öhdəsindən gələcəklərmi, bilmirəm.

Bunun əksini də gördüm. Bu yaxınlarda AMEA-nın Mərkəzi Elmi Kitabxanasına təcrübəyə gələn BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri bizi ümidləndirdilər. İxtisaslarını sevən, gələcəyə inamlı, nizam-intizamlı gənclərdirlər. Cəmiyyəti onlar işığa çıxaracaqlar.

- Ulu tanrı hər insana bir tale qisməti, bir ömür payı bəxş edir. Yəqin sizin də ömür adlı həyat yolunuzun daşlı - kəsəkli keçidləri olub. Ümumiyyətlə taleyinizdən razısınızmı?

– Fatalist olmadığım üçün yaşadıqlarıma görə daha çox özümü qınayıram, maksimalist olmadığıma görə isə şikayətim çox deyil. Çata bilmədiyim arzularım çoxdur. Qəlbim arzular qəbirstanlığıdır, usanıb axırda arzulamağı tərgitdim. Bilmirəm, buna taleyindən razılıq, yoxsa taleyi ilə razılaşmaqmı deyim, nədirsə çox qəliz məsələdir, amma bundan belə başıma nə gəlsə, yaşamağa hazıram. İtkilər adamı güclü edir.

- Bəziləri belə güman edir ki, həyat plan üzrə qurulmalıdır. Bu fikri siz necə şərh edərdiniz. Bir də Pərvanə Bayramqızı alın yazısına inanırmı?

– Planla məişəti yola verə bilmirəm, həyatla heç alınmaz. Həftə boyunca nəyisə edəcəyimi düşünürəm, axırda araya elə iş düşür ki, hər şey alt-üst olur. Uşaq vaxtı gələcəkdə görəcəyim işlərin (adına arzu deyirik) siyahısı uzun idi, yanlış seçimim hər şeyi korladı. Məncə, bu mənim səhvim idi, alın yazısı yox. Yazını sevirəm, istər alına yazılsın, istərsə də daşa, kağıza, vördə, amma yaradanın qələm götürüb insanların alnına nəsə yazmağını təsəvvür edə bilmirəm.

- Siz həm də özünəməxsus dəst-xətti olan yazıçısınız. Əsasən hansı mövzularda yazırsınız?

– Nə yazacağımı əvvəldən təyin edə bilmirəm. Hansı mövzu gəlsə, ondan yazıram, amma senzuram özümdən olduğu üçün elə mövzular var ki, mənəvi dünyamda ona yer yoxdur, daha çox insanlıq, xeyirxahlıq, maarifçilik təbliğ edən mətnlər yazıram. Məni ən çox insanların bir-birinə münasibəti, balaların gələcəyi düşündürür. Hekayələrimin məğzi budur.

- Bildiyimizə görə pandemiya dövründə və 44 günlük Vətən Müharibəsi ərəfəsində bir qələm adamı olaraq məhsuldar işlədiniz...

– Vətən mövzusunda bilə-bilə yazmıram, bu anlayış fikir kimi beynimdə, nəfəs kimi ciyərimdə, qan kimi də damarımdadır. Daima mənimlədir. Şəhidlər üçün yazdıqlarımı qəhrəmanlıq sanmıram, onlara, ailələrinə borcumuz bitməz. 2020-ci ilin 27 sentyabr tarixində Ermənistanla Azərbaycan arasında başlanan qırx dörd günlük müharibə ərəfəsində “Əsgərə məktub”, “Xoş gördük, Qarabağ” mətnlərini, “Qələbə”, “Şəhid qardaşım” adlı şeirlər və bir neçə hekayə yazmışam. Xeyli də statuslarım var. Şəhid ailəsi ilə görüşmüşəm, adına küçə salınması ilə bağlı yerli İcra Hakimiyyəti orqanına müraciət etmişəm, balalarına kitab hədiyyə etmişəm. Başqa bir şəhid haqqında da saytlarda yazım dərc olunub. Əlimdən gələn budur.

-m İxtiyar sahibi olsaydınız çağdaş ədəbi mühitdə hansı problemləri yoluna qoymağa çalışardınız?

– Mükafatların, titulların tanışlığa, tapşırığa görə verilməsini ləğv edər, vəzifəsi olan yazarların yazdıqlarından yazan yazarları səlahiyyətlərim daxilində rəsmi şəkildə qınayardım – layiq olduqları bir-iki sözü yazıb məktub şəklində mətbuatda dərc etdirib utandırardım. Başqaları da dərs alardı.

- Bədii əsər kütlənin yoxsa, sadiq oxucunun zövqünə hesablanmalıdır. Yoxsa ümumiyyətlə yazar bu haqda düşünməməlidir?

– Yazıya canıyla bağlı olan kəs bu haqda düşünməyi ağlına gətirmir, o, sadəcə, yazır və yazdıqları da gözəl alınır. Oxucularsa oxuduqları mətnə görə öz yerlərini özləri təyin edirlər. Sadiq oxucu yazıçının üslubunu sevir, nə yazsa oxuyur. Kütlə toylarda söylənilən şeirləri poeziya hesab edənlərdir. Sözü, əsl ədəbiyyatı dəyərləndirənlərsə başqadır. Yeri gəlmişkən qeyd edim ki, kitabxana xidməti sahəsində oxucular müxtəlif tipə bölünürlər. Mənsə suala uyğun olaraq, bədii yöndən yanaşdım.

- Son olaraq “Müəllim sözü” qəzetinin oxucularına nə demək istərdiniz?

– Müəllim adını burda şərti hesab edərək deyim ki, müəllim onu dinləyənə söz verməli, cəsarət aşılamalıdır, onu dinləyən də müəllimə söz verib sözünün üstündə durmalıdır ki, söz dəyərini itirməsin. Amma müəllimlə sözləşmək olmaz. Oxucu sayınızın gündən-günə artmasını diləyirəm.

Söhbətləşdi: VAHİD ASLAN