adalet.az header logo
  • Bakı -°C
04 Mart 2026 12:57
94
ƏDƏBİYYAT
A- A+

Ulvi Hüseyn: 85 yaşın 85 sualı

2026-ci ilin mart ayının 3-də tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi Yaqub Cavad oğlu Məmmədovun 85 yaşı tamam olur. Yaqub Məmmədov öz əməyi, zəhməti, zəkası ilə sadə bir kəndli ailəsindən hər dövrün ən seçilən ali təhsil müəssisələrindən olan Tibb İnstitutunun (indi Universitet) rektoruna kimi, ölkənin ali rəhbəri vəzifəsinə kimi yüksəlmişdir. Onun həyat yolu öz saflığı, ədalətliliyi, dərin biliyi, vətənpərvərliyi ilə dolu olan misallarla zəngindir. Professorun keçdiyi həyat yoluna nəzər salarkən, bu ömrün nə qədər zəngin, nə qədər işıqlı olduğuna əmin olursan. Bu müsahibədə Yaqub müəllimin öz dilindən keçdiyi həyat yolu haqqında xatirələrini, müxtəlif məsələlərə baxışlarını, tövsiyələrini işıqlandırmağa çalışacağıq. Ümid edirik ki, bu müsahibə təkcə tibb aləmini özü üçün həyat yolu seçmiş gənclər üçün deyil, hamı üçün faydalı olacaq.

 

(Professor Y.Məmmədovla müsahibə)

 

 

UŞAQLIQ İLLƏRİ

 

         1. Hörmətli professor, əvvəlcə Sizi 85 illiyiniz münasibətilə təbrik edirəm. İlk sual: 85 yaş Sizin üçün nə deməkdir?

         - Mən yaşımın neçə olmasına heç vaxt əhəmiyyət verməmişəm, ən vacibi odur ki, sən yaşadığın illərdə nə edibsən, necə yaşayıbsan. Bu mənada 85-ə də elə belə yanaşıram. Şükürlər osun ki, yaşadığım bütün dövrlərdə elimiz, obamız, dövlətimiz, xalqımız, təhsil aldığım kollektiv üçün yadda qalan faydalı bir işlər görə bilmişəm.

 

         2. Belə bir deyim var: ad günləri ömrün dayanacaqları deməkdir. Hər dayanacaqda dayanıb, bəzi sərnişinləri endirən, yenilərini mindirən bir avtobus kimi ömrümüzü təsvir etsək, endirdiyiniz sərnişinlər çoxmu olub?

         - Mindirdiyim sərnişinlər endirdiyim sərnişinlərdən qat-qat çoxdur.

 

         3. Ad günü mövzusunu söhbətə giriş salmaq üçün başladım. Ən çox yadda qalan ad gününüz hansıdır? Məncə 1992-ci ildə, Ali Sovetin sədri seçildiyinizdən 2 gün əvvəlki ad gününüz xatirinizdədirmi?

         - Mənim üçün ad günü elə bir gündür ki, həmişə yadda qalır. Burda hansının yadda qalmaq, hansının qalmaması problemi yoxdur. Sözsüz ki, elə anda onu da, ondan əvvəlkı və sonrakı illəri də yaxşı xatirlayıram. O vaxt Xocalı faciəsi baş vermişdi. Ona görə də ad günü haqda heç düşünə bilməzdim.

 

         4. Başlayaq söhbətə lap əvvəldən. Gədəbəydə doğulmusunuz, indiki Alnabat, o zaman Əli-İsmayıl adlanan bir kənddə. Cavad kişi və Bənövşə xanımın ailəsində, 6 qardaş 3 bacı. Uşaqlıq illərinizdən yadda qalan günlər?

         - Uşaqlıq illəri insan həyatının ən qayğısız, problemsiz, romantik dövrüdür. O dövrdə yadda qalan o qədər çox günlər, hadisələr olub ki, onları sayıb hesablamaq qeyri mümkündür.

 

         5. Orta məktəbi kənddə bitirmisiniz. Müəllimləriniz və sinif yoldaşlarınızdan kimləri yada sala bilərsiniz?

         - Müəllimlərimin əksəriyyətini, məsələn sinif müəllimi Həbib müəllim, ibtidai sinif müəllimləri Yusif müəllim, İsmayıl müəllim, biologiya müəllimi Musa müəllim, fizika müəllimi Mayıl müəllim, riyaziyyat müəllimi İbrahim müəllim, Nəriman müəllim, kimya müəllimi Aqil müəllim və Məryəm müəllim... Əksər müəllimləri həmişə xatırlayır, xatirələrini əziz tuturam. Uzun illər məktəbimizin direktoru olmuş tarix müəllimi Cəfər müəllim xatirimdədir. Sinif yoldaşlarımın çoxu yadımdadır. O cümlədən Zakir, Mənsur, Mahmud, Valeh, İsmayıl, Tofiq, Ədil, Həmayə, Şəfiqə, Suqra.

 

         6. Uşaqlıq dostunuz olubmu? Uşaqlıqdan bu günə qədər dostluq etdiyiniz insan varmı?

         - Uşaqlıqda yalnız yoldaşlıq etdiyim, dərsdən sonra oynadığım qonşu uşaqları olub. Elə bir daimi dostluq etdiyim olmayıb.

 

         7. Orta məktəbdə hansı fənnlər Sizi daha çox cəlb edib? Həkimliyə həvəs orta məktəbdənmi yarandı?

         - Bütün fənnləri əla oxumuşam. Yuxarı siniflərdə fizika, riyaziyyat, kimya, ədəbiyyat, coğrafiya, tarix fənnlərinə daha çox fikir verirdim. Orta məktəb illərində həkim olmaq fikrim yox idi.

 

         8. Mən Sizin ananıza qarşı olan çox böyük sevginizi bilirəm. Hətta bəzən kiminsə işinə kömək etmək üçün ananıza müraciət edənlər də olub. Ananın sözü hər zaman Sizin üçün qanun olubmu?

         - Ana müqəddəsdir və mən anamın həmişə hörmətini saxlamışam və onun bir sözünü iki eləməmişəm. Onun xahişləri mənim üçün qanun olub. Bunu bilənlər ona görə ona çox müraciətlər edirdilər. O da mənə deyirdi ki, çalış, sənə müraciət edənləri boş qaytarma.

 

         9. Müdrik, uşaqlarının gələcəyini təhsildə görən Cavad kişinin hansı xüsusiyyəti övladlarına və nəvə-nəticələrinə ötürüldü?

         - Cavad kişi sözün əsl mənasında böyük kişi idi. Çox zəhmətkeş, işgüzar, xeyirxah, təmiz, ədalətli, üstünə gələn hər kəsi heç vaxt boş qaytarmayan, qohum-əqrəbaya, böyük bir nəslə ağsaqqallıq edən, öz övladlarını, ailəsini çox sevən, onların tərbiyəli, təhsili, sağlam əqidəli böyüməsi üçün fədakarlıq edən ata idi. Bizə qarşı həddindən artıq tələbkar idi. Təhsil almağımız üçün, düzgün, təmiz yaşamağımız üçün hər şey edən ata idi. Onun bu xüsusiyyətlərinə görə qohum-əqrəbada, nəsildə, el-obada bötük nüfuzu var idi. Çoxları müxtəlif məsələlər barədə ondan məsləhət alırdılar. Biz də çalışdıq ki, onun bu keyfiyyətlərinə uyğun həyat yaşayaq.

 

        10. Alnabat kəndində Sizin üçün əziz olan bir yer seçin desələr, haranı göstərərsiniz?

        - Kəndimizdə uşaqlıq illərində oynadığım, oturub-durduğum yerlər hamısı mənim üçün əzizdir. Amma təhsil aldığım orta məktəb və yaz-yay aylarında köçüb yaşadığımız yaylaq - Aşağı Çayyurd yaylağı xüsusilə seçilir.

 

GƏNCLİK İLLƏRİ

 

         11. Gələk gənclık illərinə. Tibb İnstitutuna orta məktəbi bitirən ili daxili oldunuz? Qəbul imtahanları yadınızdadırmı?

         - Xeyr,  Tibb İnstitutuna orta məktəbi qurtaran ili qəbul olunmadım. Bir şər-böhtan nəticəsində məni elə 1-ci imtahandan, yazılı ədəbiyyat imtahanından çıxardılar və sonrakı imtahanlara da buraxmadılar. Amma sonrakı il qəbul imtahanlarını müvəffəqiyyətlə verib instituta qəbul olundum. 1-ci il mənə qarşı olan bu ədalətsiz, haqsız münasibət mənim heç vaxt yadımdan çıxmadı və çıxmayıb. Ona ğörə də mən bütün həyatım boyu insanlara qarşı ayrı bir ədalətsiz, haqsız münasibətə yol vermədim. Bütün vəzifələrdə olarkən, elə indinin özündə də, həmişə çalışmışam ki, ədalətli olub, hər kəsin haqqını, hüququnu qoruyum saxlayım.

 

         12. Pediatriya ixtisasını özünüz seçdiniz?

         - Xeyr. Pediatriya ixtisasını özüm seçmədim. O vaxtlar abutiriyentlərin hamısı bir yerdə bütöv institut üzrə qəbul imtahanı verirdilər. Sonra qəbul komissiyası imtahanlarda müsbət qiymət alanları təkbətək qəbul edib istədikləri fakültələrə salırdılar. Məni də öz istək və arzuma baxmadan pediatriya fakültəsinə göndərdilər.

 

         13. Ucqar Alnabat kəndi və hər zaman Bakının elitar alı təhsil müəssisəsi olan Tibb İnstitutu. Təzadlı bir hallar baş vermədi ki, ilk kurslarda? Bakı Sizi necə qarşıladı?

         - Heç bir təzadlı hal baş vermədi. Mən hələ 10-cu sinifdə oxuyarkən qardaşlarımın yanına Bakıya gəlmiş və bir neçə gün onlar məni Bakı ilə tanış etmişdilər. İlk kurslarda da elə bir çətinliyim olmadı. Əsas çətinliyim anatomiya fənnindən idi, xüsusilə sümük bəhsi, osteologiyadan. Onun üçün insan skeletinin sümüklərini tapıb, evdə də onun üzərində dərslərimi hazırlamalı idim.Bu məsələdə qardaşım,  Tibb İnstitutunun tələbəsi Qurban mənə kömək edir və lazımi materiallar tapıb gətirirdi.

 

         14. Tibb İnstitutu tələbələri üçün anatomiya kafedrası, osteologiya (sümüklər haqında elm) bölməsindən ilk zaçot, həkimliyə gedən yolda ilk sınaqdır. Bu sınaqdan necə keçdiiz?

         - Mən ilk günlərdən dərslərimə çox məsuliyyətlə yanaşırdım. Bütün günü osteologiya zaçotuna hazırlaşırdım. Qardaşım da mənə deyirdi ki, ən çətin bəhs osteologiyadır. Onun zaçotunu vaxtında versən sonrakı bölmələri öyrənmək çətin olmayacaq. Belə də oldu. 1-ci sorğuda mən osteologiya zaçotunu müvəffəqiyyətlə verdim. Tələbələrin böyük əksəriyyəti 1-ci sorğuda osteologiyanı verə bilmirdi. 

 

         15. Tələbəlik zamanı həm də institutun ictimai həyatında fəal iştirak etmisiniz. Komsomol həyatı sizə nə verdi?

         - Hələ 1-ci kursda sentyabr ayında məni komsomola və həmkarlar təşkilatının üzvlüyünə qəbul etdilər. Sentyabrın 25-də fakültənin həmkarlar təşkilatının hesabat-seçki konfransı keçirildi. Rəhbər tərkib seçiləndə tələbə yoldaşlarım mənim də namizədliyimi verdilər və büro üzvü seçildim. Təşkilati məsələ müzakirə olunanda bir neçə nəfərin adını çəkdilər, heç biri qəbul olunmadı. Bu vaxt fakültə dekanı prof. C. Məmmədzadə mənə diqqətlə baxıb dedi: Bu yaxşı oğlana oxşayır, gəlin elə onu sədr seçək. Və beləliklə mənim etirazıma baxmayaraq sədr seçildim. Elə o gündən mənim ictimai fəaliyyətim başladı. Sonra institut komsomol komitəsinə katib seçildim. Komsomol böyük bir təlim-tərbiyə, rəhbərlik etmək, insanlarla işləmək, dürüst rəftar etmək bacarığı formalaşdırır və bu bir idarəetmə bacarığı məktəbi idi. Mən də bu məktəbdən çox şey öyrəndim. Sonra 5-ci kursda oxuyarkən yaxşı oxuduğumu və ictimai işlərdə yaxşı fəaliyyətimi nəzərə alıb məni Kommunist Partiyasının üzvlüyünə qəbul etdilər.

 

         16. Siz tələbə olarkən o vaxt Tibb İnstitutunun rektoru professor Bahadur Eyvazov idi. Yəqin ki, ara-sıra görürdünüz onu. Heç o zaman ürəyinizdən keçirdimi ki. Siz də nə zamansa rektor olacaqsınız?

         - Bahadur Eyvazov çox nüfuzlu bir şəxsiyyət və təşkilatçı idi. İctimai işlərdə işlədiyimə görə onu tez-tez görürdüm və ondan da rəhbərliyə xas olan bir çox seylər öyrəndim. Amma o vaxt gələcəkdə rektor olmaq heç ağlıma da gəlmirdi.

 

         17. Hansı kursda qərara aldınız ki, həyatınızı elmə və tədrisə sərf edəcəksiniz? Təcrübi təbabət sizə maraqlı idi?

         - Elə 1-ci kursdan mən biologiya kafedrasına tələbə elmi dərnəyinə yazıldım və ilk elmi məruzəni konfransda təqdim etdim, bu da çox yaxşı qarşılandı. Sonrakı kurslarda biologiya, farmakologiya və ən çox patoloji-fiziologiya kafedralarında elmi-tədqiqat işləri aparıb respublika, eləcə də ittifaq miqyasında keçirilən konfranslarda çıxışlar edirdim. Leninqrad, Simferopol, Lvov şəhərlərində keçirilən konfranslarda etdiyim məruzələrə görə 1-ci dərəcəli diplomlara layiq görüldüm. Bu elmi tədqiqat işlərinə verilən qiymət məni daha da ruhlandırırdı. Ona görə də 3-cü kusda qərara aldım ki, elmlə məşğul olacam. İnstitutu qurtaranda artıq 13 elmi məqaləm dövri tibb məcmuələrində dərc olundu. Təcrübi təbabət də mənə maraqlı idi və həmin kafedralardan da mənə təqdimat verilmişdi ki, institutda saxlasınlar. Amma mövcud qanunlara görə iş stajı olmayanlar yalnız nəzəri kafedralarda saxlanıla bilərdi.

 

         18. Tələbə Elmi Cəmiyyətində iştirak etmisinizmi? Ümumiyyətlə, tələbənin ilk kurslardan elmlə məşğul olmasına necə baxırsınız?

         - Yuxarıda bu suala ətraflı cavab vermişəm və bu məsələyə çox müsbət baxıram. Elmlə məşğul olmaq istəyən tələbə elə o dövrdən tələbə elmi cəmiyyətlərində fəaliyyət göstərməlidir.

 

         19. Tələbə yoldaşlarınızdan kimlərin adını çəkə bilərsiniz? İndi də dostluq etdiyiniz tələbə yoldaşınız varmı?

         - Əksər tələbə yoldaşlarımın adını çəkə bilərəm. Onların bir çoxu həmişə yanıma gəlib-gedir, əlaqə saxlayırlar və mən də onları həmişə hörmətlə qəbul edirəm, tələbəlik illərini xatırlayıb fikir mübadiləsi edirik. Onlardan Zakir Əliyev, Tahir Bayramov, Rafiq Kazımov, Famil Salmanov, Mamed Mamedov,Telman Sultanov, Mehdi Mehdiyev və s. adlarını çəkə bilərəm. Bəziləri artıq dünyalarını dəyişiblər. 

 

         20. Əlaçı tələbə və yaxşı həkim. Tibb İnstitutunun məzunları arasında bəzən təzadlı hallar baş verir. Heç də həmişə əlaçı tələbələr yaxşı həkim ola bilmirlər. Bu haqda nə deyə bilərsiz?

         - Doğrudur, əlaçı tələbə həmişə yaxşı həkim olmur. Yaxşı həkim olmaq üçün əlaçı tələbə olmaqdan əlavə bir çox başqa kriteriyalar da vardır. Gərək yaxşı insan olasan, həssas qəlbin ola, can yananlığı ola, insanların qəlbinə yol tapmağı bacarasan. Davranışınla, mədəniyyətinlə, qayğıkeşliyinlə xəstənin qəlbinə yol tapa biləsən. Xəstə sənə etibar edib inansın.

 

HƏKİMLİK SƏNƏTİ

 

         21. Söhbətimiz artıq həkimlik sənəti haqqında fikir mübadiləsinə körpü salır. Gənc həkim Yaqub Məmmədov 1966-cı ildə özünü necə bir həkim kimi təsəvvür edirdi?

         - Mən yaxşı terapevt ola bilərdim. Amma artıq praktik həkim kimi işləməmək qərarına gəlmişdim. İnstitutun elmi şurasının qərarı ilə fərqlənmə diplomuyla qurtardığıma görə, ictimai təşkilatların və tələbə elmi cəmiyyətinin, eləcə də bir neçə nəzəri kafedranın tələbatına görə bu kafedraların birində aspiranturada saxlanılmaq haqqında qərar verilmişdi.

 

         22. Həkim peşəsinin cəmiyyətdə mövqeyi başqa peşələrdən nə ilə fərqlənir?

         - Çox şeyi ilə. Həkimlik sənəti bütün başqa sənətlərdən fərqli olaraq, xəstə insanların müalicəsi ilə məşğul olmalı olan bir sənətdir. O ömrü boyu yalnız insan orqanizmini öyrənməli, xəstəlikləri öyrənməli, onların müalicə və profilaktikası metodlarını mənimsəyib, bu sahədə daim öz bilik və bacarığını təkmilləşdirməlidir. Həkimlik sənətinin obyekti insandır. Həkim bütün həyatı boyu insanlarla işləyib onların sağalmasına, yaşamalarına kömək etməlidir.

 

         23. Azərbaycan tarixində çox böyük insanlar ixtisasca həkim olublar. Elə dünya təcrübəsində də belə hallara çox rast gəlinir. Həkimin vətəndaş mövqeyi cəmiyyətə maraqlıdırmı, yoxsa həkim öz işi ilə məşğul olmalıdır?

         - Sovet təhsil sistemi universal kadr hazırlayırdı. Təhsil prosesində təkcə həkimlik sənəti tədris olunmurdu. Elmin müxtəlif sahələri, o cümlədən ictimai elmlər də tədris olunurdu. Deməli gənclər hərtərəfli dünya görüşünə malık bir vətəndaş kimi formalaşırdı. Onun tarixdən də, iqtisadiyyatdan da, fəlsəfədən də, bir sıra dəqiq humanitar elmlərdən də minimal biliklər alması tələb olunurdu. Ona görə də həkimlər həm də bir ictimai-siyasi kadr kimi yetişdirilirdi və onların da bəziləri sonradan öz istək-arzusu ilə ictimai-siyasi kadr kimi fəaliyyət göstərirdi. Bu hər kəsin öz seçimi idi. Burda qadağa, məcburiyyət yoxdur.

 

         24. Çoxlu ölkələrdə olmusunuz, əcnəbi həkim həmkarlarınız ilə görüşmüsünüz, dünya həkimi və Azərbaycan həkimi fərqlənirmi? Bu sualı bütün zamanlar üçün verirəm. Bu gün Azərbaycanda çalışan aparıcı həkimlər ordusunun əksəriyyəti Sizin yetişdirdiyiniz həkimlərdir. Hansı xüsusiyyətləri zamanında onlara aşıladınız və hansı xüsusiyyətləri görmək istərdiniz?

         - Bilik səviyyəsinə görə, dünya görüşünə görə sözsüz ki, fərq var. Bizim həkimlər universal, yəni hər tərəfli savadlı bir vətəndaş kimi hazırlanırdı və hazırlanır. Bir sıra başqa ölkələrə həkimlər dar çərçivədə ixtisaslaşır və yalnız o sahədə formalaşır və fəaliyyət göstərir. Belə ixtisaslaşmış kadr bizdə də tətbiq olunmağa başlanıb. Yəni ümumi həkim diplomu aldıqdan sonra seçdiyi ixtisas üzrə bir neçə hazırlıq kursları keçir, imtahan verir, yalnız o ixtisas üzrə həkim işləyirlər. Amma əvvəllər bizdə belə deyildi. Ali təhsil almış hər bir həkim müxtəlif  ixtisaslar üzrə işləyə bilərdi. Mən universitetdə rəhbər vəzifələrdə işlədiyim dövrdə çalışmışam ki, hər bir tələbə öz ixtisasını yaxşı bilməklə bərabər bir şəxsiyyət, təşkilatçı vətəndaş kimi formalaşsın.

 

         25. Həkimin zəhmətinin dəyərləndirilməsi məsələsinə necə baxırsınız? Bu haqda, yəni səhiyyə sisteminin təşkili haqda suallarımız olacaq, burada sadəcə fikrinizi bilmək istərdim, bunu dövlət, yoxsa xalq özü etməlidir?   

         - Sözsüz ki, ilk növbədə dövlət etməlidir. Həkimlər maddi cəhətdən çətinlik çəkməməlidir. Xalq onsuz da həmişə, bütün dövrlərdə həkimin zəhmətini, əziyyətini yüksək qiymətləndirib. Amma bu məcburi olmamalıdır. Ümumiyyətlə, bu məsələ müxtəlif dövlətlərdə fərqli həyata keçirilir. Mən həkimin əməyinin dövlət tərəfindən maliyyələşdirilməsinin tərəfdarıyam. Müalicənin pulsuz olmasının tərəfdarıyam. Çünki, xalqın müxtəlif təbəqələrinin maddi imkanları fərqlidir. İmkanı olmayanlar daha çoxdur. Onları pulu yoxdur dyə, taleyin ixtiyarına buraxmaq böyük ədalətsizlikdir. Bütün hallarda dövlət öz vətəndaşının sağlamlığını qorumalıdır.         

 

         26. Sizin üçün peşə örnəyi ola biləcək həkim kim olub? Sırf xəstələrlə çalışan və bütün gününü onlara sərf edən həkimi necə təsəvvür edirsiniz, İbn Sina, Qalen, Piroqov, Botkin, Mustafa bəy Topçubaşov, Veysov və s.

         - Çox olub və bu gün də belə həkimlər çoxdur. Sizin saydığınız böyük simalardan başqa öz həyatını insanların sağalmasına həsr etmiş minlərlə belə həkimlərimiz olub və var. Burada ad çəkmək yersiz olar.

 

         27. Həkimin yanaşı olaraq bədii yaradıcılıq və ya başqa sənətlərlə məşğul olmasına necə baxırsınız?

         - Çox müsbət. Boş vaxtlarda həkimlər də bir insan kimi, vətəndaş kimi sevdiyi, istədiyi başqa sənətlərlə məşğul ola bilər və olsa yaxşıdır.

         28. Həkim protokol sxemləri ilə işləməlidir, yoxsa hər xəstəsinə fərdi yanaşıb öz bildiyi təcrübəni tətbiq etməlidir?

         - Həm protokol tələbləri ilə, həm də hər bir xəstəyə fərdi yanaşmalı, öz bilik və təcrübəsindən istifadə etməlidir.

 

         29. Həkim səhvini insan faktoru kimi qiymətləndirmək olarmı, yoxsa sırf texniki məsuliyyətsizlik kimi?

         - Həkim səhvini həm də texniki məsuliyyətsizlik kimi qiymətləndirmək olar. Hər bir konkret halda, sözsüz, fərqli münasibət olmalıdır. Bütün hallarda hesab edirəm ki, həkimlər çalışıb səhvə yol verməməlidirlər. Texniki məsuliyyətsizlik yenə də müəyyən mənada həkimin düzgün seçim etməməsinin nəticəsi kimi qiymətləndirilməlidir.

 

         30. “İnsan özü özünün həkimi olmalıdır” fikrinə münasibətiniz? Bəlkə insan öz bədənini öz həkiminə etibar etməlidir?

         - Həm elə, həm də belə olmalıdır. Hər iki deyim yerlidir. Hər bir insan həmişə öz sağlamlığının qeydinə qalmalıdır. Amma xəstələnəndə sözsüz ki həkimə müraciət etməli və ona inanıb etibar etməlidir.

 

ELM

 

         31. Elmi işlə məşğul olmaq Sizə nə dərəcədə zövq verir? Elm üçün intuisiya lazımdır yoxsa erudisiya?

         - Elmi işlə məşğul olmaq üçün xüsusi keyfiyyət və xarakter lazımdır. Əgər alim olmaq istəyirsənsə gərək bütün həyatını ona həsr edəsən. Diplom almaq üçün yox. Bunun üçün çox çətinliklərə, maneçiliklərə qalib gəlməlisən. Hər adamda intuisiya olmur. Yaxşı alim olmaq üçün erudisiya və zəhmətkeşlik, çalışqanlıq bir az da fantaziya lazımdır.

 

         32. İlk elmi işiniz nə haqda idi? Bu iş hansı uğurlar qazandı?

         - İlk elmi işim biologiya kafedrasında 1-ci kursda yer üzündə canlı aləminin yaranma prosesinə aid idi. Sonrakı işlərim müxtəlif xəstəliklər zamanı bəzi dərman preparatlarının simpato-adrenal sistemə və toxumalarda katexolaminlərin mübadiləsinə həsr olunmuşdu. Apardığım elmi işlərin nəticələri haqqında Leninqradda, Simferopolda, Lvovda keçirilən ümumittifaq konfranslarda etdiyim məruzələr 1-ci dərəcəli diploma layiq görülmüşdü.

 

         33. 460-dan artıq elmi əsərin müəllifisiniz. 40-a yaxın müəlliflik şəhadətnaməsi və patentiniz var. 30-a yaxın elmlər namizədi və 10-a yaxın elmlər doktoru Sizin rəhbərliyiniz altında müdafiə etmişlər. Sizcə bu azdır ya çoxdur? Daha böyük elmi nailiyyətlər ola bilərdimi?

         - Hesab edirəm ki, mənim digər sahələrdə olan fəaliyyətimi də nəzərə alsaq bu az deyil. Yalnız elmlə məşğul olsaydım az hesab etmək olardı. Amma miqdarının az ya çox olması şərt deyil. Əsas odur ki, nəticələri nədir. Tibbdə çox az öyrənilmiş limfa sisteminin müxtəlif xəstəliklər zamanı pozulması və onun korreksiya üsullarının öyrənilməsi ilə məşğul olmuşam. Bunun üçün yeni limfatrop maddələr alınıb və onların təsir mexanizmi öyrənilib. Respublikada limfoloqlar məktəbi yaratmışam. Bu böyük nailiyyətdir. Hər alimə nəsib olmur. Mənim hazırladığım kadrların bir çoxu indi kafedra müdiri, institut direktoru və s. kimi rəhbər vəzifələrdə işləyirlər.

 

         34. Alimlik yoxsa pedaqoqluq: hansı Sizə daha çox qəlbən yaxındır?

         - Hər ikisi. Əsl alim elə yaxşı da pedaqoq olmalıdır. Xüsusilə təhsil sahəsində çalışanlar üçün.

 

         35. Bir az elmin dərinlikərinə enək. Limfologiyanın aktuallığı bu gün də sirr deyil. Sabahın limfoloqunu daha çox infektologiyada yoxsa onkologiyada görürsünüz?

         - Bütün patologiyalar zamanı limfa sistemində qanda olduğu kimi müəyyən dəyişikliklər baş verir. Ona görə də bütün xəstəliklər zamanı    onda baş verən pozğunluqlar da öyrənilməli və müalicə təyin edildikdə nəzərə alınmalıdır.

 

         36. Naftalan neftinin sehrli müalicəvi xassələri haqda böyük mütəxəsislərdən bir çox ölkələrdə dəfələrlə eşitmişəm. Sizin patoloji fiziologiya kafedrası da bu sahə ilə məşğul olub. Bu gün bu sahədə yeni tədqiqatlar varmı?

         - Naftalan neftinin müalicəvi təsirinin öyrənilməsi kəçən əsrin ta 70-90-cı illərinə qədər hərtərəfli öyrənilib, bizim kafedranın nəzdində professor T.Paşayevin rəhbərliyi ilə “Problem laboratoriyası” fəaliyyət göstərib. Mənim namizədlik dissertasiyam da naftalan neftinin təsir mexanizminin öyrənilməsinə həsr olunub. Təəssüf ki, son vaxtlar bu sahədə çox az tədqiqatlar aparılır. Naftalan neftini öyrənən “Problem laboratoriyası” da bağlanıb. İndi akademiyanın Kimya institutunda və Səhiyyə Nazirliyinin Kurortologiya institutlarında az-çox bu problemlə məşğul olan mütəxəssislər çalışır.

 

         37. Milli Elmlər Akademiyasının müxbir üzvü kimi Azərbaycan tibb elmi haqda nə deyə bilərsiniz?

         - Bu gün başqa sahələrdə olduğu kimi tibb elmi sahəsində də müəyyən nailiyyətlər olsa da bütövlükdə böyük boşluqlar, problemlər, çətinliklər var.

 

         38. Azərbaycan elmi Nobel mükafatı ala bilərmi?

         - Dövlət tərəfindən elmə daha çox diqqət, qayğı göstərilsə, şərait yaradılsa, talantlı gənclər elmə cəlb olunsa, niyə də olmasın. Amma indiki vəziyyət belə davam etsə yaxın zamanlarda bu mümkün görünmür.

 

         39. Çox vaxt iki elmi dünyagörüşünün qarşı-qarşıya durduğunun şahidi oluruq. Sovet elmi məktəbi və Qərb elmi məktəbi. Bir alim kimi hansı elmi dünyagörüşünü üstün sayırsınız?

         - Hesab edirəm ki, elmə belə münasibət düzgün deyil. Elm ümumbəşəri bir anlayışdır və harada aparılmasından asılı olmayaraq onun nəticələri hər yerdə istifadə olunur. Mən Sovet elmi məktəbinin nümayəndəsi kimi bu sistemin elmin müxtəlif sahələrində böyük nailiyyətlərinin əldə olduğunu xüsusilə qeyd etməliyəm.

 

         40. Gənc alimlərə hansı tövsiyyələri edərdiniz?

         - Fədakar olmaq, çətinlikdən qorxmamaq, mübariz olmaq və aldığı nəticələri sübut edib müdafiə etməyə çalışmaq. Diplom xatirinə elmlə məşğul olmamaq Yaxşı elmi nəticələr almaq, çalışmaq və s.

 

MÜƏLLİM

 

         41. Bir az da Yaqub müəllim kimi Sizi kəşf edək. Hər dəfə mühazirəyə hazırlaşırsınızmı?

         - Təbii ki hər dəfə mühazirəyə gedənə kimi təzədən mövzuya aid əlavə təzə ədəbiyyata baxıram. Çalışıram mövzuya aid dərslikdən əlavə yeni nə varsa onu da tələbələrə çatdırım.

 

         42. Auditoriyanın fərqi varmı? Tələbə auditoriyası Sizə daha doğmadırmı?

         - Sözsüz ki, hər bir auditoriyanın fərqi var. Tələbə auditoriyası həm doğmadır, həm də daha məsuliyyətlidir.

 

         43. Elmi mühazirə zamanı natiqlik məharəti şərtdirmi?

         - Auditoriyanı ələ almaq, idarə etmək üçün həm yaxşı bilik, həm də yaxşı natiqlik əsas şərtdir. Bunun biri olmayanda tələbələr qulaq asmır.

 

         44. Heç auditoriyadan tələbə qovmusunuzmu?

         - Xeyr. Mən tələbə qovmağın tərəfdarı deyiləm. Vəziyyəti o yerə çatdırmaq müəllimin zəifliyidir.

 

         45. Sizə mühazirə deyən müəllimlərdən hansı biri yaddaşınızda nə ilə qalıb və ondan nə götürmüsünüz?

         - Belə müəllimlərim çoxdur. Yalnız bir-ikisinin adını çəkmək kifayətdir. Qeyri-üzvi kimyadan mühazirə oxuyan prof. Faiq Əfəndiyev, patoloji fiziologiyadan prof. T. Paşayev, daxili xəstəliklərdən prof. E.Əfəndiyev, cərrahiyyədən Fuad Əfəndiyev, A.Tahirov.

 

         46. Sizinlə çiyin-çiyinə çalışan, vaxtilə  tələbəniz olmüş kimlərin adını çəkmək istərdiniz?

         - Prof. M.Əliyev, Y.Qurbanov, M.Vəliyeva,F.İbrahimova, Q.Qarayev, dos. M.Talışınski, G.İbrahimova, A. Əliyeva, R.Mehrəliyeva və s.

 

         47. İndi aktual olan distansion mühazirələrə necə baxırsınız?

         - Həkim kadrları distant üsulla hazırlamaq olmaz. Tələbə nəzəri kafedralarda laboratoriyada eksperiment aparmalı, klinikalarda isə xəstələrlə işləməlıdır.

 

         48. Nəzəri fənlərin tədrisi zamanı müəllim tələbəyə istədiyini verə bilirmi və tələbə də istədiyini ala bilirmi?

         - Elə də olur, belə də. Bu asılıdır müəllimin biliyindən, müəllimin qabiliyyətindən. Tələbənin isə məsuliyyətindən.

 

REKTOR

 

         49. İndi də Tibb İnstitutu ilə bağlı suallara keçmək istərdim. 65 ildir həyatınızı Tibb İnstitutu (indiki Tibb Universiteti) ilə bağlamısınız. Yaqub Məmmədov dövrü bu institut tarixində bir şərəfli, qızıl era, intibah dövrü olub. Rektor olduğunuz vaxt SSRİ-də, bəlkə də dünyada ilk dəfə olaraq, Siz valideynləri qəbul prosesinə dəvət etdiniz. Mən də o abituriyentlərin siyahısında idim. 1983-cü ilin avqustun 1-də kimya fənnindən imtahan verərkən bu halın şahidi oldum. Valideynlərdən ibarət böyük bir qrup imtahan auditoriyasına daxil oldu və imtahan gedişini canlı müşahidə etməyə başladılar. Bu qərarı vermək böyük bir cəsarət tələb edirdi. Sonra bu qərar Sizə baş ağrısı gətirmədi ki?

         - Mənim rektorluq dövrümdə həyata keçirdiyim yenilik təkcə bu deyil. Bundan başqa da bir çox yeniliklər gətirdim. Sözsüz ki, hər bir yenilik, köhnə stereotiplərin dağıdılması həm yuxarılarda, həm də aşağılarda birmənalı qarşılanmadı. Qəbulda tətbiq etdiyim yeniliklərə əvvəlcə yuxarılar inanmadı və mənə müəyyən təzyiqlər oldu. Amma o dövrdə də rəhbərlikdə olan bəzi şəxslər məni müdafiə edib dedilər ki, mane olmayın, görək nəticə necə olacaq. Aşağılar isə demək olar ki, əksəriyyəti bu yenilikləri böyük rəğbətlə, alqışlarla, hörmətlə qarşıladılar. Həm yuxarının, həm də aşağıların savadsız uşaqları geri qayıtdılar, onlar təbii ki narazı qaldılar. Amma onlar azlıq təşkil edirdilər. Heç nə edə bilmədilər. Ümumən xalq bu yenilikləri böyük coşğuyla, rəğbətlə qarşılayıb, narazı olanı susdurdular.

 

         50. Tibb Universitetinin maddi-texniki bazası Sizin rektor olduğunuz vaxt çox genişləndi. Yeni korpuslar tikildi, idman kompleksi yaradıldı. O zaman istədiyiniz bütün hədəflərə nail ola bildinizmi?

         - Qeyd etdiyiniz kimi universitetin maddi-texniki bazasını genişləndirmək, tələbələrin yataqxana ilə təmin olunması, onların sosial-məişət şəraitinin əsaslı surətdə yaxşılaşdırılması sahəsində çox işlər həyata keçirə bildim. Amma gələcək üçün daha böyük planlarım var idi. Sonradan ölkədə baş verən hadisələr, mənim vəzifədən getməyim onları reallaşdırmağa imkan vermədi.

 

         51. 1983-cü ilin iyul ayının ortalarından 1992-ci ilin mart ayına kimi Tibb İnstitutuna rəhbərlik etdiniz ədalətli tələbə qəbulu prosesi məncə Sizin ən böyük nailiyyətiniz idi. Siz də belə düşünürsünüzmü?

         - Hesab edirəm ki, tələbə qəbulunun ədalətli olması hələ hər şeyin ədalətli olması üçün kifayət deyildi. O tələbələri sonrakı hazırlıq səviyyəsi yaxşı olmalı və yaxşı mütəxəssis, vətəndaş olmalarını təmin etmək əsas vəzifəmiz idi və bu sahədə də çox işlər görə bildim. Bunların nəticəsində SSRİ-də ali tibb institututlarının tələbələri arasında keçirilən sorğu zamanı biz bir sıra ixtisaslar üzrə 3-4-cü yeri tutduq. Bütün ixtisaslar üzrə isə 85 institut arasında 17-ci yeri tutduq. O dövr üçün bu çox böyük nailiyyət idi. Elmi-pedaqoji kadrları hazırlamaq sahəsində də böyük nailiyyətlər əldə etdik. Mənim 9 illik rəhbərlik dövrümdə ölkənin mərkəzi şəhərlərində, institut və elmi-tədqiqat mərkəzlərində 65 elmlər doktoru, 286 elmlər namizədi hazırladıq. Bu gün respublikada fəaliyyət göstərən tibb profilli elmi-tədqiqat institutlarında və kafedralarda rəhbər vəzifədə işləyənlərin əksəriyyəti onlardır.

 

         52. Rektor olduğunuz zaman bir çox məsələlərlə bağlı qəbulunuza gələnlər olub. Siz hamını eyni vaxtda kabinetinizə dəvət edirdiniz və hamının dərdini hamı ilə birlikdə dinləyib orda da, problemlərini yerindəcə həll etməyə çalışırdınız. Bu da həmin dövr üçün qeyri-adi bir format idi. Əslində əsil demokratik bir yanaşma, şəffaflığın təmini idi. Həmkarlarınız və o dövrün rəhbərləri bu hərəkətə necə reaksiya verirdilər?

         - Mənim keçirdiyim islahatlara xoş münasibət göstərənlər daha çoxluq təşkil edirdi. Gözü götürməyənlər isə az idi. Mənim vətəndaşları qəbulum çox aşkarlıq şəraitində keçirdi. Tələbələr üçün isə qapılarım həmişə açıq olub. Təkcə kabinetim yox, kafedrada, yataqxanalarda, tədris korpuslarında mənə yaxınlaşan, söz demək istəyən hər bir tələbəni dinləmişəm. Həmkarlarım və rəhbərliyin bir çoxu bu məsələyə müsbət baxırdılar. Əsas yuxarı təşkilatlara fəaliyyətimiz barədə ərizə və şikayətlər demək olar ki yox idi. Tələbə qəbulu ilə bağlı isə yüzlərlə yuxarı təşkilatlara müsbət rəy məktubları müraciətlər olurdu. Bu bəzi rəhbərləri qıcıqlandırırdı. Amma bunu onlar açıq bəyan edib etiraz etmirdilər.

 

         53. Tələbə qəbulu prosesindən başqa ixtisas və təyinat bölgüsü də Siz rektor olduğunuz dövrdə şəffaf aparılırdı. Xüsusən institutda, kafedralarda və şəhər klinikalarında qalmaq istəyən çox olsa da, hamı Sizin obyektivliyinizə güvənirdi. Sadə, zəhmətkeş ailələrin tələbə qəbulunda fərqlənən övladlarına burda da üstünlük verilirdi. O dövrün məmurlarından və imkanlı şəxslərindən çoxmu təzyiqlər olurdu?

         - Təyinat zamanı mən çalışırdım ki, bütün tələbələr öz istədiyi ixtisas və yerə göndərilsin. Əlaçılara isə xüsusi münadsibətim var idi. Təzyiqlər də olurdu, narazılıq edənlər də. Bu suala mən əsasən yuxarıda cavab vermişəm. Ona görə də daha geniş danışmağa ehtiyac yoxdur.

 

         54. Rəhbərlik etdiyiniz alı təhsil müəssisəsinin başqa analoji ali məktəblərlə əlaqələri nə şəkildə idi?

         - Bakı təhsil müəssisələri ilə çox yaxşı münasibətlərimiz olub. Çoxları ilə müxtəlif problemlər, barədə mütəmadi fikir mübadiləsi edirdik, əməkdaşlıq edirdik və s. Düzdür,  bəzi rektor və prorektorların mənim həyata keçirdiyim tədbirlərə görə qısqanclığı, narahatlığı var idi, hətta mənə ağıl da verib məsləhət də görürdülər ki, qəbul imtahanlarının belə açıq qapı şəraitində keçirmək olmaz, valideynlərə, tələbələrə belə ixtiyar vermək olmaz. Belə münasibət müəllimlərin həyatına təhlükəlidir və s. Həm də özünə həm yuxarılardan, həm də ətrafdakılardan çoxlu düşmən qazanırsan və s.

 

         55. Özünüzdən əvvəlki hansı rektorlardan bir nümunə götürdünüz və Sizdən sonra da cəmi 2 rektor Tibb Universitetinə rəhbərlik edib. Onlara hansı nümunələri xatırlatdınız və ya xatırlatmaq istərdiniz?

         - Qəbul imtahanı verdiyim dövrdə və tələbə olduğum dövrdə ilk illərdə rektorumuz Bahadur Eyvazov idi. O çox nüfuzlu, tələbkar, ciddi bir adam idi. Amma Tibb İnstitutunun qapıları ictimaiyyətin, xalqın üzünə bərk-bərk bağlı idi. Onun özünü görmək, dərdini demək, onunla görüşmək mümkün deyildi. Onun işə gəlib-getməsi də məxvi idi. çox az hallarda o üzə çıxardı, tələbə-müəllimlərlə ünsiyyətdə olardı. Çox zəhmli idi, hamı ondan qorxardı. Onun dövründə neqativ hallar çox az idi. Ancaq qəbul prosesində çox vaxt ədalətsizlik baş alıb gedirdi. Onu görmək, qəbuluna düşmək, dərdini demək mümkün deyildi. Amma qayda-qanun, nizam-intizam var idi. Hamı ondan qorxurdu. O uzun illər (18 il rektor işləmişdi) özünə belə bir imic yaratmışdı ki, o təmiz, ədalətli adamdır və s. Ondan sonrakı rektorların vaxtında isə onun yaratdığı idarəetmə üsulu tamamilə dağıdıldı, institutda hərc-mərclik yarandı. Abi-hava dəyişdi. Heqativ hallar, bölünmələr başlandı. Sonra rektor Z. Quliyevanı xüsusilə qeyd etmək istərdim. Mən onun vaxtında dekan, prorektor, partiya komitəsinin katibi işləmişəm. O çox təmiz, ədalətli adam idi, amma kadrları yaxşı tanımırdı. Ali Sovetin deputatı, komitə sədri idi. İnstitutda işləməsi üçün az vaxtı qalırdı. Məndən sonrakı rektorlar da işlədiyi dövr müstəqillik dövrünə düşür. Sonrakı rektorlar haqqında mənim obyektiv qiymət verməyim düzgün olmaz. Amma bir şeyi demək istəyirəm. İndiki rektor təmmənnasız, təmiz adamdır. Kollektivin öz yetirməsidir. Çalışır ki, ədalətli olsun. Amma indiki dövr başqa dövrdür. Təhsilə, elmə ümumiyyətlə münasıbət dəyişib. Yeni islahatlar aparmaq adına təhsil sistemini darmadağın ediblər. Uzun illər ərzində həyatda özünü doğrulda bilən sistem var idi, o da dağılıb. Yeni sistemin nə verəcəyinə qiymət vermək üçün vaxt, zaman lazımdır. Məndən sonrakı rektorlar yeni şəraitdə işləməli olduğundan və bəzi başqa subyektiv səbəblərdən əvvəlkilərdən nümunə götürməyə ehtiyac görmədilər.

 

         56. O dövrün rektorları arasında ən çox ünsiyyətdə olduğunuz kim idi və hansısa bir təcrübə mübadiləsi ilə bölüşürdünüzmü?

         - Ən çox ünsiyyətdə olduğum deyəndə, hamı ilə yaxşı münasibətimiz olub. Amma Neft-Kimya İnstitutunun rektoru İ.İbrahimov və APİ-nin rektoru A.Qurbanovla bəzi problemləri dah çox məsləhətləşirdik.

 

         57. Sizin rektor əmriniz əvvəlcə Moskvada təsdiq olunub, sonra Bakıda müzakirə olunub. Bu namizədlik gözlənilirdimi?

         - Mənim rektor namizədliyim burda respublika rəhbərliyi tərəfindən irəli sürülüb və Moskvada SSRİ Səhiyyə Nazirliyinə və Təhsil Nazirliyinə təqdim olunub. Mən hər iki nazirliyin bütün şöbələrində və nazirlərin qəbulunda olmuşam, söhbətdən keçdikdən sonra həmin nazirliklərin kollegiya iclaslarında müzakirə olunub, bəyənilib və məsləhət görülüb ki, bu vəzifəyə təyin olunum. Amma son qərar respublikada verilib. Mərkəzi Komitənin büro iclasında təsdiq olunub və sonda Səhiyyə Nazirliyi əmr verib, təsdiq edib.

 

         58. Rektor olduğunuz dövr dövlət tərəfindən necə qiymətləndirilirdi? Hansı təltiflər olundu?

         - Rektor olduğum dövr və gördüyüm işlər ən əvvəl xalq tərəfindən müsbət qiymətləndirildi və sonra rəhbərlər müsbət qiymətləndirdi. 1987-ci ildə “Xalqlar dostluğu” ordeni ilə təltif olundum, 1991-ci ildə “Əməkdar Elm Xadimi” adı verildi, digər təltif və mükafatlar da oldu.

 

         59. Tələbə özünü idarəetmə sisteminə necə baxırsınız?

         - Tələbə özünü idarəetmə sisteminə ümumiyyətlə müsbət baxıram. Tam özünü idarəetmə olmaz,  bu təcrübəli müəllimlərin iştirakı və məsləhəti ilə bu olmalıdır.

 

         60. Rektor olduğunuz zaman dəfələrlə qəflətən axşam tələbə yataqxanalarına gəlirdiniz. Bu reydlər zamanı nələri aşkar edirdiniz, rektor kimi tələbələrin problemlərini öyrənmək üçün bu reydlər vacib idimi?

         - Mən tələbə olarkən həm yataqxanada yaşamışam və orada olan abi-havanı da yaxşı bilirdim. Rektor olanda oraya xüsusi diqqət yetirmişəm, tez-tez ora gedirdim, oradakı vəziyyəti yaxşılaşdırmaq üçün çox işlər gördüm. Çalışırdım ki, tələbələr üçün yataqxanalarda yaxşı şərait yaradım. Dörd tələbə yataqxanası tikdirib istifadəyə verdim. Köhnə yataqxanalar əsaslı təmir olundu, yeni avadanlıqlarla təchiz olundu. Tələbələrin sosial, kommunal, məişət şəraitini yaxşılaşdırmaq üçün çox işlər gördüm. Demək olar ki, Respublikada yeganə institut idi ki, ehtiyacı olan tələbələrin əksəriyyəti yataqxana ilə təmin olunurdu. Onların orada normal yaşamaları üçün bütün şərait yaradıldı, hamam, ərzaq mağazası, paltar təmiri,  ayaqqabı təmiri sexləri, yeməkxana, bufet, kitabxana, şəhərlərarası telefon əlaqəsi, valideynlərlə və qonaqlar üçün görüş otaqları, aptek, tələbə poliklinikası və s. təşkil olundu.

 

SİYASƏT

 

         61. Bir az da keçək siyasi fəaliyyətiniz haqqında. Siz əslində 1990-cı illərdən daha əvvəl siyasətlə məşğul idiniz, uzun müddət Tibb İnstitutunda partiya təşkilatına rəhbərlik edirdiniz. Sovet dövrünün siyasi təcrübəsi müstəqillik dövründə gərək oldumu?

         - Mən əslində istəsəm də, istəməsəm də siyasi fəaliyyətə elə tələbəlik dövründən başlamışdım. Hələ 1-ci kursdan fakültə həmkarlar təşkilatının sədri, sonra fakültə komsomol təşkilatının katibi, institut komsomol komitəsinin katibi seçilmişdim, partiyaya üzv qəbul olunmağım və digər ictimai təşkilatların fəaliyyətində iştirak etməyim onu deməyə əsas verir ki, o vaxtdan siyasi- ictimai fəaliyyətin içində olmuşam. Sonrakı illərdə kafedra, fakültə, institut partiya təşkilatlarının rəhbər orqanlarına seçilməyim də əvvəlki illərin davamı kimi xarakterizə olunmalıdır. 70-ci və 80-ci illərdə institut partiya komitəsi katibi, Nəsimi rayon partiya təşkilatının büro üzvü, Bakı şəhər partiya təşkilatının plenumunun üzvü, 80-90-cı illərdə Azərbaycan KP-nın plenumunun üzvü, Nəsimi rayon sovetinin,  Bakı şəhər sovetinin deputatı, sonra Ali Sovetin deputatı seçilməyim göstərirdi ki, mən təxmini olaraq 40-50 il siyasətin içində olmuşam və siyasi-ictimai fəaliyyətlə məşğul olmuşam. Sözsüz ki, mənim keçmiş fəaliyyətimin nəticəsində də müstəqilliyin ilk illərində Ali Sovetin deputatı və Ali Sovetə sədr seçilmişəm, Prezident Səlahiyyətlərini icra etmişəm.

 

         62. Müstəqillik dövrünün siyasətçiləri arasında əsil həqiqəti açıq-aşkar deyən çox az saylı siyasi xadimlərdən birisiniz. Siyasət və həqiqət nə dərəcədə bir- birinə uyğun gəlir?

         - Mən bütün fəaliyyətim dövründə siyasətdə də, ictimaiyyətdə də səmimiyyətin, düzgünlüyün, hər şeyi olduğu kimi qiymətləndirməyin tərəfdarı olmuşam və axıra qədər bu prinsiplərə sadiq qalmışam. Mən bütün həyatım və  fəaliyyətim boyu ədalətə, həqiqətə, insanpərvərliyə, vətənə, xalqa xidmətə sadiq qalmağa çalışmışam. Nə qazanmışam, nə itirmişəm onu xalqımız vaxt, zaman yaşadığımız və yaşayacağımız dövr göstərir və göstərəcək.

 

         63. 1992-ci ilin 5 mart sessiyası Sizin üçün gözlənilməz oldu yoxsa bir qanunauyğunluq vardı?

         - Respublikada o dövrdə gedən ictimai-siyasi proseslərdə aktiv, xalq yönlü, ədalətli, obyektiv mövqeyim mənə əsas verir ki, deyim burada gözlənilməz bir şey yox idi. Belə olmasa da başqa bir mövqedən bu proseslərdə iştirak edirdim və öz sözümü deyirdim.

 

         64. Qəflətən Siz ölkə başçısının vəzifələrini icra etməyə başlayırsınız və Sizə bir çox həqiqətlər bu zaman aşkar olundu. O anda Sizi dəhşətə gətirəcək faktlarla rastlaşdınızmı və bu zaman nə düşündünüz?

         - Bu barədə mənim o vəzifədə olarkən və ondan sonrakı dövrdə olan çıxışlarım, müsahibələrim, məqalələrimlə tanış olanda hər şey oxuculara aydın olar. Bunlar barəsində mən 2009-cu ildə nəşr olunmuş “Zamanla üzbəüz” kitabımda ətraflı məlumat vermişəm. Eləcə də 14 may 1992-ci ildə Ali Sovetin sessiyasında etdiyim son çıxışla tanış olmaq kifayətdir.

 

         65. 1990-cı illərdə, birinci Qarabağ savaşında məğlubiyyətimiz daha çox xarici faktorlarla, yoxsa daxili problemlərlə bağlı idi?

         - 1-ci Qarabağ müharibəsində məğlubiyyətimizin səbəbi həm daxili, həm də xarici faktorlarla bağlı idi. Bunları heç vaxt bir-birindən ayrı təsəvvür etmək olmaz. Xarici dəstək olmasa daxili faktorlar bizi belə bir məğlubiyyətə düçar edə bilməzdi. Bir sözlə məğlubiyyətin əsas səbəbi (bu haqda mən öz çıxışlarımda, müsahibələrimdə mütəmadi olaraq demişəm) daxildə müəyyən qüvvələrin, şəxslərin amansız hakimiyyət davası və onların xarici havadarlarının güclü dəstəyi və öz geosiyasi, geoiqtisadi maraqları olmuşdur.

 

         66. Nəriman Nərimanov, Mir Cəfər Bağırov və Heydər Əliyev. Bu şəxslər 20-ci əsrin Azərbaycan tarixində böyük şəxsiyyətləridir. Bunların hər biri haqqında nə deyə bilərsiniz?

         - Mən bu siyahıya mütləq Məmmədəmin Rəsulzadəni əlavə etmək istəyirəm. Onların hər biri öz yaşadığı dövrün və zamanın tələblərinə uyğun Azərbaycan üçün, Azərbaycan dövlətçiliyi üçün, Azərbaycanın elmi, təhsili, siyasəti, mədəniyyəti, incəsənəti, sənayesi, kənd təsərrüfatının inkişafı üçün və ümumiyyətlə bugünkü Azərbaycan üçün çox böyük xidmətlər göstəriblər. Onların bu sahədəki fəaliyyətləri, xidmətləri, buraxdığı səhvlər və s. haqqında çox kitablar yazılıb, çox müzakirələr aparılıb, bəzi obyektiv, bəzi subyektiv qiymətlər verilib. Amma hesab edirəm ki, onların xidmətlərinə, gördüyü işlərə heç də həmişə obyektiv, ədalətli qiymət verilməyib. Mən hesab edirəm ki, onlar böyük şəxsiyyətlər olub, hər biri yaşadığı dövrün, şəraitin tələblərinə uyğun Azərbaycan dövləti və xalqı üçün çox böyük işlər görüblər və bunu belə də qəbul etmək lazımdır.

 

         67. Sizcə Azərbaycanda siyasətçiyə hansı daha lazımdır, xarizmatik liderlik, yoxsa komanda yaratmaq bacarığı?   

         - Xarizmatik lider olmasa yaxşı komanda da yaratmaq olmaz. Ona görə də ən əvvəl Azərbaycana xarizmatik lider rəhbərlik etməli və müvafiq də komandası olmalıdır. Bizim xalq şəxsiyyəti sevən xalqdır. Bunu komandanın rəhbəri nəzərə almalıdır. Hər adam  komanda yarada bilməz. Xarizmatik lider bunu edə bilər.

 

         68. Azərbaycana rəhbərlik etdiyiniz zaman təmasda olduğunuz başqa ölkə rəhbərlərindən kimlər ilə sonra əlaqəniz oldu, bu gün də kimlərləsə əlaqəniz varmı?

         - Rəhbərlikdən gedəndən sonra başqa ölkə rəhbərləri ilə heç bir əlaqəm olmayıb və buna heç maraq da göstərməmişəm. Çünki böyük siyasi ambisiyam olmayıb.

 

         69. “Böyük oyunun kiçik piyadaları” ifadəsi bu gün də aktualdımı?

         - Bu suala cavabını xalq verməlidir. İndi ölkə daxilində və ölkə ətrafında gedən prosesləri obyektiv qiymətləndirib cavab vermək lazımdır.

 

         70. 1992- ci ilin mart ayına dönsək yenidən parlament rəhbəri seçilməyinizə razılıq verərsinizmi? Bir möcüzə ilə o dövr yenidən dönsə siyasət aləminə qatılardınızmı?

         - Bunun qeyri-real məsələ olduğu üçün bu barədə danişmaq məncə yersizdir. Mən heç vaxt möcüzələrə inanmamışam və inanmıram.

 

MÜXTƏLİF SUALLAR

 

         71. Son 15 sual müxtəlif suallar olacaq. Hörmətli professor, memuar yazmısınızmı? Sizin həyat yolunuz çox maraqlı və örnək olası məqamlarla zəngindir. Bu zənginliyi oxucularla bölüşmək istərdinizmi?

         - Memuar və yaxud başqa bir adla olsa da öz keçdiyim həyat yolu, ömür yolu haqqında yazılarım var. Mənim həyat yolum haqqında kitab yazmaq təşəbbüsündə olanlar olub. Amma bu hələki mümkün olmayıb. Çünki mənim həyat yolum çoxsahəli, maraqlı və mürəkkəb olub. Bunların hamısını birləşdirib kitab yazmaq, memuar yazmaq elə də asan deyil. Hər halda belə bir fikrim var. Yəqin ki mən yazmasam da başqaları nə vaxtsa yazacaq.

 

         72. Övladlarının həyat yolunu seçməyə valideynlər müdaxilə edə bilərlərmi?

          - Övladların həyat yolunu seçəndə valıdeynlər istiqamət verə bilməlidirlər və verirlər. Ancaq həyat yolu seçmək hər bir şəxsin taleyinə yazılan yazıdı. Çox vaxt bu istəkdən, arzudan asılı olmur. Hər kəsin taleyinə nə yazılıbsa o olur. Təbii ki, hər bir valideyn istər ki, onun övladı xoşbəxt olsun, yaxşı təhsilli olsun, yaxşı tərbiyəsi olsun, cəmiyyət üçün, ailə üçün gərəkli olsun, xalq üçün müəyyən xidmətlər göstərə bilsin və s. Amma bu arzu istəkdir. Həmişə belə olmur.

 

         73. Azərbaycan xalqının övladı olmaq bir qürurdur. Xüsusən, 2020-ci ilin Zəfər savaşından sonra. Sizcə biz artıq dünyaya kim olduğumuzu deyə bilirik?

         - Təbii ki hər bir şəxs öz xalqının övladı olmaqla qürur duyur və duymalıdır. 2020-ci ilin Zəfər savaşına görə də hər bir Azərbaycan vətəndaşı sözsüz ki, qürur duyur və fəxr edir. Müəyyən mənada bu qələbədən sonra bizim bir millət bir xalq kimi kimliyimiz geri qayıtdı. Amma məncə bununla kifayətlənmək, rahat oturmaq lazım deyil. Həyatımızın bütün sahələrində də biz nailiyyətlər üçün xalqın bütün təbəqələrinin firavan, xoşbəxt, əmin-amanlıq şəraitində yaşamaları üçün çalışmalı, vuruşmalıyıq. Xüsusi ilə elm, təhsil, mədəniyyət, incəsənət və digər sahələrdə.

 

         74. Sizcə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qələbələrinin əsas amili nədir?

         - Qələbəmizdə sözsüz ki, Prezident İ.Əliyevin xüsusi çox böyük xidmətləri var. Bu qələbə bütün xalqımızın, dövlətimizin səyi,  qəhrəmanlığının şücaətinin nəticəsidir. Bu qələbə xüsusilə şəhid olan gənclərimizin, qazilərimizin, hərbi xidmətdə olan bütün əsgər zabitlərimizin, generallarımızın böyük mübarizəsinin nəticəsində əldə olunub.

 

         75. Qarabağ problemi gələcək nəsillər üçün ötürülə bilərmi?

         - Qarabağ probleminin gələcək nəsillərə ötürmək, ya ötürməmək təkcə bizdən asılı problem deyil. Bu problemin yaradılmasıda bizdən asılı olmayan çoxlu səbəblər var. Bu, böyük geosiyasi qüvvələrin maraq dairəsinə aid problemdir və bunun birdəfəlik həll olunması üçün hələ çox böyük işlər görmək tələb olunur. Bu bizim bugünkü nəslimizin böyük arzusu və istəyidir ki, erməni problemi gələcəyə qalmasın. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev də çalışır ki, bu problem bir daha baş qaldırmasın. 

 

         76. Hansı baxışlar Sizə daha yaxındır: mühafizəkarlıq, yoxsa liberalism?

         - Hər baxışın müsbət cəhətləri çoxdur. Mən dürüst fikirlərin tərəfdarıyam. Mühafizəkarlıq ya liberallıq tam mənada indi heç bir ölkədə yoxdur. Hər bir yerdə qarışıq sistem hökm sürür.

 

         77. Azərbaycan gənclərinə uğurlu gələcək üçün nə tövsiyyə edirdiniz?

         - Azərbaycan gənclərinə hər şeydən əvvəl bir vətəndaş kimi öz xalqını, Vətənini sevmək, onun bütün yaxşı adət-ənənələrini qoruyub saxlamağı, inkişaf etdirməyi, zəhmətdən, əziyyətdən, çətinlikdən qorxmadan həyatın bütün sahələrində cəsarətli olmağı, var-dövlət toplamaq xəstəliyinə tutulmamağı, bir şəxsiyyət kimi böyük amallar üçün yaşamağı arzu edirəm. Bunun üçün çox mütaliə etmək, yaxşı təhsil almaq, dünyada gedən prosesləri izləmək, öyrənmək və s. nəticə çıxarmaq lazımdır.

 

         78. Dinə münasibətiniz necədir?

         - Dindar deyiləm. Amma dinin çox müsbət cəhətlərinə,  tövsiyələrinə  əxlaqi-mənəvi dəyərlər nöqteyi-nəzərindən əməl etməyin tərəfdarıyam. Hər bir insan nəyəsə inanmalı, pis əməllərdən çəkinməli, insanlığa xidmət etməlidir. Bu mənada dinin böyük tərbiyəvi əhəmiyyəti var və onlara əməl etmək, gənclərə də fanatik radikal dindar yox, onun mütərəqqi, tərbiyəvi cəhətlərinə sadiq olmağı tövsiyə edirəm.

 

         79. Böyük şəxsiyyətlərin həyatinda onların həyat yoldaşlarının çox böyük müsbət rola sahib olduqları haqqında tarixdə tez-tez məlumatlara rast gəlinir. Töhfə xanımın Sizin iş və şəxsi həyatınızda rolu çox böyükdürmü?

         - Hər bir kəsin kimliyindən asılı olmayaraq həyat yoldaşının ailədə, kollektivdə, cəmiyyətdə böyük təsiri var, olub və olacaq. O cümlədən mən də istisna deyiləm. Amma şəxsən mən həyat yoldaşının təsiri ilə vəzifəli şəxslərin fəaliyyət göstərməsinin əleyhinəyəm. Xüsusilə də həmin adamın həyat yoldaşı o dərəcədə ağıllı, savadlı, qabiliyyətli deyilsə, onun təsiri ilə böyük məsələrin, problemlərin həll olunmasının tərəfdarı deyiləm. Tarix boyu həyat yoldaşının təsiri ilə böyük problemlər yaradan rəhbərlər də olub. Biz bunun şahidi olmuşuq və tarixdən də bilirik. Hər bir kəs hər zaman nə qərar qəbul etsə, öz şəxsi məsuliyyətini dərk etməlidir.

 

         80. 18 yaşlı gənc Yaqub Məmmədov 85 yaşlı ahıl Yaqub Məmmədova nə sualı vermək istəyərdi və nə cavabı alardı?

         - Çox suallar verə bilərdim və verilməlidir. Yaşlı adamların həyatda necə yaşaması, nə etməsi həmişə gəncləri maraqlandırıb və maraqlandırır. Amma hər bir şəxs elə yaşamalıdır ki, gənclər ondan soruşsa necə yaşayıbsan, nə edibsən, hansı nöqsana, səhvlərə yol vermisən, ona cavab verə biləsən. Bu mənada mən də çalışmışam ki, səhvlərim, nöqsanlarım az olsun. Amma səhvsiz insan olmayıb və olmayacaq.

            81. Sərbəst vaxtlarınızda ən çox sevdiyiniz məşğuliyyət?

          - Kitab oxumaq. Mən hamıya, istər cavanlara, istərsə də yaşlı insanlara daim kitab oxumağı məsləhət görərdim. Müxtəlif cihazlarda, telefonlarda, planşetlərdə, bilgisayarlarda məlumatlar əldə etmək çox yaxşıdır. Amma mütaliə tam başqa bir şeydir, bunu həm də həkim kimi tövsiyə edərdim. Bir çox qocalıq xəstəliklərinin qarşısını almaq üçün kitab oxuyun.

            82. Hansı yazarın kitabı  Sizi daha çox təsirləndirib?

           - Mən demək olar ki, dünya ədəbiyatının bütün gözəl nümunələrini oxumuşam. Mənim kitabxanamda müasir Azərbaycan ədəbiyyatının, elminin əksər nümayəndələrinin öz avtoqrafları ilə bağışladığı çox kitablar var. Bunların hər birinin öz yeri var, hamısı da öz rəngarəngliyi ilə gözəldir.

            83. Hansısa bir dünya mətbəxi nümunəsinə, eləcə də milli mətbəximizdən nəyəsə üstünlük verirsinizmi,  sevdiyiniz yemək növü varmı?

            - Mən heç vaxt yeməklərdə nəyəsə üstünlük verməmişəm, sevdiyim ayrıca bir yemək də olmayıb. Sadəcə təbii və keyfiyyətli qidalanmağa üstünlük vermişəm.

            84. Hansı musiqini sevirsiniz?

           - Təbii ki, uşaqlıqdan dinlədiyim, qanımıza və canımıza hopmuş aşıq musiqisini dinləməyi çox sevirəm. Eləcə də zaman-zaman klassik musiqi dinləyirəm. Xüsusən də Azərbaycan bəstəkarlarının klassik musiqi əsərləri mənə böyük zövq verir.

            85. Hansı bir şeiri ilk anda xatırlayardınız?

             - Elə yaşla bağlı Xalq şairi, mənim dostum Vahid Əzizin bir şeirini bu müsahibənin axırına əlavə etməyinizi istəyirəm. “85” .- “100” quru rəqəmlərdi. Əsas mənalı yaşamaqdir. Mən belə bir ömür yaşayıram.

 

 

   MƏNƏ YÜZ İL ÖMÜR ARZULAMAYIN

 

Mənə yüz il ömür arzulamayın -

Xəzan yarpağıtək qovmasın külək,

Gözlərim görsə də, ayağım - əlim

Əsalı olanda dayansın ürək.

 

Mənə yüz il ömür arzulamayın –

Bu qədər yaşayan hansı çiçəkdir?!

Mən yaşda qalmırsa taytuşum-tayım,

Qurdnan qiyamətə qalmaq deməkdir.

 

Mənə yüz il ömür arzulamayın

Yerişim, gülüşüm, səsim itməsin,

Məndən cavan olan, gümrah olanlar

Çiynimdə dünyadan köçüb getməsin.

 

Mənə elə ömür arzulayın ki,

Ölüncə ümmantək çağlaya bilim,

Qapı - pəncərəni öz evimdəki

Özüm aça bilim, bağlaya bilim.

 

Tanrıdan bir ömür diləyin mənə,

Taleyim sevgiylə baxsın üzümə,

Görsün yad payına şərik deyiləm

Gərək olmayanda özüm-özümə,

Deməli heç kəsə gərək deyiləm!

 

Sağlıqlar deyəndə hərdən şənimə,

Nə özüm kövrəlim, nə sizə gülüm,

Tanrıdan bir ömür diləyin mənə,

Hər vaxt sevə bilim, sevilə bilim.

 

Mənə yüz il ömür arzulamayın -

Ləyaqət, təmiz ad atıb getməsin

Dünyaya qalacaq malı dünyanın -

Karvanın lənətə batıb getməsin

Mənə yüz il ömür arzulamayın...

 04.03.2026.