adalet.az header logo
  • Bakı -°C
29 Oktyabr 2026 10:36
123
ƏDƏBİYYAT
A- A+

Üç nəsil, üç dünya, bir ailənin faciəsi - Rövşən Paşazadə yazır

İnsan bəzən öz taleyini seçdiyinə inanır. Hansı ideyaya inanacağını, hansı yolla gedəcəyini özü müəyyənləşdirdiyini düşünür. Lakin zaman keçir, tarix öz hökmünü verir və insan anlayır ki, o, yalnız öz həyatını deyil, yaşadığı dövrün ümidlərini, yanılmalarını və faciələrini də yaşayıb.

Mənim ailəmin tarixində üç nəsil, üç fərqli dünya var. Babam Hadi Paşazadə inqilaba inanmışdı. Atam Tahir Paşazadə kommunist ideologiyasının formalaşdırdığı sistemdə yaşamışdı. Mən isə həmin dünyanın dağılmasından sonra öz yolumu axtarmışam.

Babamın inqilabı, atamın ideologiyası, mənim cavabsız suallarım... Bu, yalnız bir ailənin tarixçəsi deyil, böyük ideyaların kölgəsində qalan insan taleləri haqqında bir hekayədir.

Babam Hadi Paşazadə — inqilabın ümidindən qorxunun kölgəsinə

Babam Hadi Paşa oğlu Axundov atasının adını yaşatmaq məqsədilə sonradan Paşazadə soyadını qəbul etmişdi. Ailə yaddaşımızda qorunan məlumatlara görə, o, inqilabi «İskra» qəzetinin Bakıda, Nina mətbəəsində çap olunmasında iştirak edən şəxslərdən biri olub. 1970-ci illərdə «Bakinski raboçi» qəzetində onun bu fəaliyyəti haqqında məqalə dərc edilib.

Babam bolşeviklərin vəd etdiyi ədalətə və bərabərliyə inanırdı. Şəxsiyyət vəsiqəsində milliyyəti «türk» kimi göstərilmişdi. Bakı Dövlət Universitetində fars dilindən dərs demiş, sonralar maarifçilik sahəsində rəhbər vəzifədə çalışmışdı. Biliyinə və zəkasına hörmət edən qohumları ona «Ağa dayı» deyə müraciət edirdilər.

Lakin inqilabın ümidləri zamanla qorxunun kölgəsinə çevrilmişdi. Stalin repressiyalarının şahidi olan babam oğluna Stalin haqqında danışmağı, hətta onun adını çəkməyi belə qadağan etmişdi. «Divarların da qulağı var» ifadəsi həmin dövrün acı həqiqətini əks etdirirdi. Qorxu insanların evlərinə, ailə söhbətlərinə, ata ilə oğul arasındakı münasibətlərə qədər nüfuz etmişdi.

Bir vaxtlar yeni dünyanın qurulmasına inanan insan sonradan həmin dünyanın yaratdığı qorxunun ailəsini susmağa məcbur etdiyini görürdü.
Kaş babam sağ olaydı. Ondan soruşaydım: Babacan, səni inqilaba gətirən nə idi — ədalət arzusu, gələcəyə inam, yoxsa zamanın axarı? İnanclarının yaratdığı dünyanın insanları qorxu içində yaşatdığını görəndə nə hiss edirdin?

Atam Tahir Paşazadə — dağılacağını bilmədiyi dünya

Babam üçün inqilab gələcəyə açılan ümid idisə, atam üçün onun yaratdığı sistem artıq həyatın özü idi.

Atam Tahir Paşazadə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində fars dili üzrə təhsil almış, Moskvada Ali Partiya Məktəbini bitirmişdi.

Kommunist ideologiyasına inanmış, uzun illər Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində yüksək vəzifələrdə çalışmışdı. O, üç övlad atası idi.

Atamın daxili düşüncələrini və tərəddüdlərini tam bilmirəm. Onu yalnız siyasi baxışları ilə qiymətləndirmək istəmirəm. O da öz dövrünün reallıqları daxilində yaşamış, inandığı dəyərlər və ailəsi qarşısında məsuliyyət daşımış bir insan idi.

1990-cı il 20 Yanvar faciəsi Azərbaycanın tarixində silinməz iz buraxdı. Sovet qoşunlarının Bakıya müdaxiləsi insanların həyatına son qoydu, ailələri matəmə qərq etdi və xalqın yaddaşında sağalmaz ağrı yaratdı.

Uzun illər sovet dövlətinin qurumlarında çalışmış atam həmin hadisələrdən sonra ölkədə yaranan ağır dövrü mənəvi baxımdan dərindən yaşayırdı. Atamın ölümünü 20 Yanvar hadisələrindən ayrı düşünmək mənim üçün çətindir. Bununla belə, sübut edə bilmədiyim səbəb-nəticə əlaqəsi qurmaq istəmirəm. Bu iki ağrı yaddaşımda eyni tarixi dövrün bir-birindən ayrılmayan səhifələri kimi qalıb.

Kaş atam da qarşımda oturaydı. Ondan soruşaydım: Ata, sən öz zamanında xoşbəxt idinmi? İdeologiyaya inam sənə güc verirdimi? Azərbaycanın gələcəyini necə təsəvvür edirdin? Bir gün inandığın sistemin dağılacağını düşünmüşdünmü?

Bu sualların cavabını heç vaxt eşitməyəcəyəm. Bəlkə də ən ağır itki insanın içində ömür boyu davam edən söhbətin digər tərəfinin artıq susmasıdır.

Mən — iki dünyanın arasında

Mən, Rövşən Tahir oğlu Paşazadə, sovet dövründə dünyaya gəlmiş, Azərbaycanın ikinci müstəqillik dövrünü yaşamış bir insanam. Rəssamlıq məktəbində təhsil almış, İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirmiş, müxtəlif dövlət qurumlarında çalışmışam. Bu gün beynəlxalq auditoriyaya ünvanlanan ingilisdilli jurnal nəşr edirəm.

Babam inqilaba, atam kommunist ideologiyasına inanmışdı. Mən isə onların inandıqları dünyanın süqutunun şahidi oldum. Hər ikisinin həyatına baxanda seçimlərini mühakimə etməkdən çox, onları yaşadıqları dövrün ümidləri, qorxuları və məhdudiyyətləri içində anlamağa çalışıram.
Babam repressiyaların bütün nəticələrini əvvəlcədən görə bilməzdi. Atam sovet sisteminin dağılacağını və bunun doğuracağı sarsıntıları tam təsəvvür edə bilməzdi. Mən də bu gün yaşadığım dövrün gələcək nəsillər tərəfindən necə qiymətləndiriləcəyini bilmirəm.
Tarix bizə xatırladır ki, siyasi quruluşlar dəyişir, ideologiyalar tarixə qovuşur. Ancaq insanın yaşadıqları, ailəsinin yaddaşında qoyduğu iz və cavabsız sualları zamanın fövqündə qalır.

Babam Hadi Paşazadə. Atam Tahir Paşazadə. Mən, Rövşən Paşazadə.

Üç ad. Üç nəsil. Üç fərqli dünya.

Bu yazını keçmişə hökm vermək üçün deyil, babamın və atamın səsləri yaddaşımda itib getməsin deyə yazıram. İstəyirəm ki, onların hekayəsi yalnız ailəmizin xatirəsi kimi deyil, dəyişən zamanların insan talelərində buraxdığı izlərin ifadəsi kimi də yaşasın.

Çünki insanın ən böyük mirası mənsub olduğu siyasi quruluş və ya inandığı ideologiya deyil. Əsl miras ailəsinin yaddaşında qoyduğu iz, gələcək nəsillərə ötürdüyü təcrübə və geridə qoyduğu insanlıqdır.