10 May 2023 18:18
370
GÜNDƏM

Tələbəlik illərimin Heydər Əliyev xatirəsi...

1994-cü ilin soyuq fevral ayı idi. Qardaş Türkiyə Respublikasında təhsil alırdıq. Ulu Öndər Heydər Əliyev Türkiyənin ozamankı prezidenti Süleyman Dəmirəlin qonağı kimi böyük bir nümayəndə heyəti ilə Türkiyəyə gəlmişdi.

Heyət əvvəlcə Ankaraya getdikdən sonra məlum oldu ki, İstanbul Swiss Oteldə Türkiyədə yaşayan azərbaycanlı iş adamları və tələbələrlə görüş olacaq. Bu səbəblə görüşdə iştirak üçün konsulluq tərəfindən mindən çox tələbələr arasından nümayəndə kimi 5 nəfər seçilmişdi. O siyahıda mənim də adım var idi.

Biz tələbə yoldaşlarımızla oteldəydik və mən çox həyəcanlıydım. Bir az sonra xarizmatik bir lider və dövlət xadimi, natiq bir siyasətçi, cəsur bir Azərbaycan Türkü kimi Sovetlər Birliyinin ən yüksək vəzifələrindən birində millətimizi layiqincə təmsil etmiş bir insanı yaxından görəcəkdim. Görüş başladı. Kürsüdə böyük şairimiz Bəxtiyar Vahabzadə də oturmuşdu. Ulu Öndər çıxış etdikdən sonra suallara keçildi və toplantının rəsmi hissəsi sona çatdı.

Tələbə yoldaşlarim ilə otelin foyesindəydik. Onlardan birinin anası ağır xəstə idi. Tələbələrimizin əksəriyyəti kimi o da sadə və kasıb bir ailənin övladı idi. Maddi imkanı olmadığına görə anasına baş çəkmək üçün Azərbaycana getməyə çətinlik çəkirdi.

Ulu Öndər otelin foyesində gəzişir və ona yaxınlaşanlarla söhbətləşirdi. Mən yaxınlaşıb həm söhbət etmək, həm də dostumuzun problemini söyləmək istəyirdim. Amma çəkinirdim. “Bəlkə mənə heç cavab verməz” deyə ürəyimdə düşünürdüm. Özümdə cəsarət toplayıb ona yaxınlaşdım. Bir az utancaq və ürkək şəkildə: “Salam, Cənab Prezident!” dedim. Mavi və nurlu gözlərini mənə tuşlayaraq “Buyur, oğlum” dedi. Sonra qaşlarını çataraq: “Nə işlə məşğulsunuz?” deyə soruşdu. “Tələbəyik, Cənab Prezident” deyə cavab verdim. Əlini kürəyimə vuraraq, “Çox gözəl. Siz bizim gələcəyimizsiniz. Nə probleminiz var?" dedikdə onun səmimiliyi və qayğısı məni cəsarətləndirdi. Ürəklənib davam etdim: “Cənab Prezident, tələbə yoldaşımızın anası ağır xəstədir və onu görmək istəyir. Olarmı, sizin təyyarədə biz də Bakıya gedək?". "Əlbəttə olar" dedi və çevrilərək Həsən Həsənovu səslədi. Həsən Həsənov yanımıza yaxınlaşıb, “Buyurun Cənab Prezident”, dedi. Ulu Öndər: “Bu tələbələri bizim nümayəndə heyətinin tərkibinə yazın və biz nə qədər buradayıqsa bizimlə bərabər tədbirlərdə iştirak etsinlər!” Həsən Həsənov da, “Baş üstə” dedi və getdi.

Ulu Öndər daha sonra bizə dönərək: “Sizlər burada Azərbaycanın elçilərisiniz. Çalışqan olun və öz sahənizdə fərqlənin. Azərbaycanda sizlərə böyük ehtiyac vardır” dedi. Biz:“Oldu, Cənab Prezident! Bizlərə göstərdiyiniz qayğıya görə Sizə təşəkkürümüzü bildiririk!” deyərək sağollaşıb ayrıldıq.

Adımızı protokola daxil etdilər. Ertəsi gün İstanbuldakı bütün tədbirlərdə biz də iştirak etdik və gecə Prezidentin təyyarəsi ilə Bakıya gəldik. Həmin təyyarədə Xalq Şairi, həmyerlimiz İlyas Tapdıqla da tanış olub söhbətləşdim.Tələbə yoldaşımızla bərabər biz də Ulu Öndərin humanistliyi və gənclərə olan qayğısı sayəsində ailələrimizi ziyarət edə bildik.

Həmin ildən etibarən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xətti ilə Türkiyə Respublikasında təhsil alan bütün tələbələrə Ulu Öndərin tapşırığı əsasında ildə bir dəfə yay tətilində təyyarə ilə gediş-dönüş biletləri pulsuz edildi.

Bəli, 100 illiyini qeyd etdiyimiz bu günlərdə Ulu Öndər Heydər Əliyevi dərin hörmət və ehtiramla anaraq bildirmək istəyirəm ki, o cismən aramızda olmasa da miras qoyduğu dövlətçilik məktəbi uzun illər gənclərimizə və idarəçilərimizə işıq tutacaqdır. Onun əziz xatirəsi Türk milləti yaşadıqca daim yaşayacaqdır. O, sadəcə Azərbaycanın deyil, bütövlükdə Türk dövlətçilik tarixinin ən böyük şəxsiyyətlərindən biridir.

Habil Alıyev
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq Filialının Müdiri