adalet.az header logo
  • Bakı -°C
08 Iyul 2026 17:35
86
ƏDƏBİYYAT
A- A+

Təkliklə Birlik Arasında İnsan

Müasir dövrdə ailə və evlilik mənzərəsi ürəkaçan deyildir. Gənclər artıq evliliyə deyil, tək yaşamağa üstünlük verirlər. Daha da diqqətçəkən məqam isə odur ki, evlənən gənclər belə övlad sahibi olmağa meyl göstərmirlər. Bu cür fikirlərin tez-tez səsləndiyi, ailələrin bu gün üzləşdiyi problemləri və onu gözləyən təhlükələri təhlil edən hesabatların, məqalələrin və kitabların sayı durmadan artmaqdadır.

Hz. Əliyə aid edilən «Nəyə inandığın həyatını necə yaşayacağını hər zaman müəyyən etməyə bilər, amma necə yaşadığın nəyə və necə inanacağını müəyyən edir» fikrinin olduqca doğru olduğunu düşünürəm. Məncə, yaşadığımız dünyada guya «insanı öz seçimləri əsasında daha xoşbəxt etmək» şüarı əslində böyük bir aldadıcı təsəvvürdən başqa bir şey deyil. Real və ya virtual bazarı yönləndirən mənfəətpərəst düşüncə ilə cilovlanmayan ehtiras, insanlığımızın, mənəvi dəyərlərimizin və əxlaqi fəzilətlərimizin kökünü sarsıtmaqdadır.

Uşaq tərbiyəsi ilə bağlı yanaşmalarımızdan tutmuş həyat məqsədlərimizə və ideallarımıza qədər, varlığımızı gerçəkləşdirməyə çalışdığımız bütün sahələrdə davranışlarımızın real və ya virtual bazarın aktorlarının istək və maraqlarına uyğun şəkildə formalaşdığını son dərəcə aydın şəkildə müşahidə etmək olar.

Evli olmaq, şəxsi inkişaf prosesində qazanılan yetkinliyin nəticəsi olaraq, birgə həyatın tələb etdiyi çoxsaylı vəzifə və məsuliyyətləri bölüşə bilmək, eyni zamanda aidiyyət hissini yaşamaq bacarığını tələb edir. Şəxsi qabiliyyətləri, emosional zənginlikləri, intellektual səviyyələri və sosial bacarıqları nə qədər yüksək olsa da, bəzi insanlar heç vaxt evli olmağın tələb etdiyi öhdəlikləri yerinə yetirə bilmirlər. Daha dəqiq desək, onların psixoloji inkişaf trayektoriyası belə bir seçimi etməyə deyil, tək yaşamağa istiqamətlənmişdir.

İnsanın özünüdərki və “cütlük olma” kimliyi bir dəfə formalaşdıqdan sonra, onun tək yaşaması, evli olması, münasibətlərinin uğurlu və ya problemli keçməsi artıq həlledici əhəmiyyət daşımır. Əgər insanın özünüdərkində və kimliyində “cütlük olmağın” tələb etdiyi psixoloji hazırlıq formalaşmayıbsa, onun cəmiyyətdə hansı sosial rolu yerinə yetirməsindən asılı olmayaraq, o, psixoloji mənada “tək”dir.

Fəlsəfəçilər insan münasibətlərini, ümumi şəkildə, şəxsi və qeyri-şəxsi münasibətlər olmaqla iki qrupa ayırırlar. Münasibətin şəxsi xarakter daşımasının əsas meyarı, insanın qarşısındakı şəxslə hər hansı sosial rolun və ya konkret ehtiyacın tələbi ilə deyil, təkrarsız və özünəməxsus bir fərd kimi ünsiyyət qurmasıdır. Həqiqi dostluq isə qarşılıqlı etimada və könüllü yaxınlığa əsaslanan şəxsi münasibətlərin ən ali formalarından biridir.

Onlar münasibətlər kimi, dəyərləri də instrumental (vasitə xarakterli) və intrinsik (daxili dəyər) olmaqla iki qrupa ayırırlar. Yalnız bir və ya bir neçə məqsədə xidmət edən dəyərlər instrumental dəyərlər hesab olunur; məsələn, pul bu qəbildən olan dəyərlərdəndir. Çoxsaylı digər dəyərlərlə ayrılmaz şəkildə bağlı olan, onların formalaşmasına və möhkəmlənməsinə töhfə verən dəyərlər isə intrinsik dəyərlər adlanır. Onların hansısa konkret məqsədə xidmət etdiyini hər zaman görə bilməsək də, özlüyündə dəyərli olduqlarını bilirik. Sağlamlıq və şəxsi münasibətlər də məhz bu qəbildən olan dəyərlərdəndir. Daxili dəyərlər yaxşı və mənalı həyatın təməl sütunlarını təşkil edir.

Aristotel məşhur “ Nikomax etikası ” əsərində dostluğun müxtəlif növlərindən bəhs etdikdən sonra qeyd edir ki, “Eyni anda bir neçə insana aşiq olmaq necə mümkün deyilsə, bir neçə insanla eyni dərəcədə kamil dostluq qurmaq da mümkün deyil.”  Həqiqi dostluq üçün tələb olunan psixoloji keyfiyyətlər “cütlük olmağı” bacaran insanlar üçün də eyni dərəcədə keçərlidir. Başqa sözlə, həqiqi dost ola bilmək ilə həqiqi mənada “cütlük” ola bilmək eyni psixoloji yetkinliyi və daxili hazırlığı tələb edir.

“Tək” olmağı seçən insanlar, psixoinkişaf baxımından narsisistik və ya digər şəxsiyyət pozuntularına malik insanlardan daha irəlidə olsalar da, onların psixoloji strukturu əksər hallarda nə həqiqi dostluq qurmağa, nə də “cütlük” olmağın tələb etdiyi münasibət modelini yaşamağa kifayət etməməktədir. 

Fikrət Əkbərli,

Türkiyə üzrə araşdırmaçı-yazar