adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Aprel 2024 12:08
1372
MƏDƏNİYYƏT

99 hər zaman 99-dur,100 deyil!

Bir neçə gün əvvəl mahir və peşəkar kamança ifaçısı, Azərbaycan respublikasının xalq artisti Habil Əliyev haqqında müsahibə verirdim. Aparıcı məndən soruşanda ki, müasir gənclər böyük sənətkarı təqlid edirlər. Siz buna necə qiymət verirsiniz? Mən isə düşünmədən söylədim ki, çox gözəl. 2016, 2018-ci illərdə Mədəniyyət Nazirliyi tərəfindən “Habil Əliyev adına gənc kamança ifaçıları arasnnda I və II Respublika müsabiqəsi”  keçirilmişdi. Onu da qeyd edim ki,  bu müsabiqələrin çox uğurlu nəticələri oldu. İki müsabiqədə 300-ə yaxın gənc, istedadlı kamança ifaçıları iştirak etmişdi. Bu iştirakçılar arasında böyük sənətkarı yamsılayan, təqlid edən, Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa edən istedadlıifaçılar meydana çıxdı. Bu çox böyük nəaliyyətdir. Amma 99, 100 deyil. Habil Əliyevin ifası orijinaldır. Möhtəşəm ifaçını nə qədər yamsılasan da, təqlid etsən də, Habil Əliyevin özündən yaxşı təqlid edə bilməzsən! Orijinal şəklini nə dərəcədə oxşadsan da (surətini çıxarsan da), Habil Əliyevin ifasını özündən  (Habil Əliyevdən) gözəl, təsirli ifa edə bilməzsən. Yenə təkrar edim ki, doxsan doqquz, yüz deyil!

50-70-ci illərdə Azərbaycanda az da olsa orijinal ifaçılar var idi. Xanəndələrdən Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov, Mütəllib Mütəllibov, Yaqub Məmmədov, Sabir Mirzəyev, Arif Babayev və sairə. İnstrumental ifaçılardan  (tar) Qurban Pirimov, Hacı Məmmədov, Əhsən Dadaşov, Firudin Yarməmmədov, Bəhram Mənsurov, Məmmədağa Muradov, Sərvər İbrahimov, Əliağa Quliyev, Əkrəm Məmmədli, Ramiz Quliyev, Həmid Vəkilov; (kamança) Firuz Əlizadə, Habil Əliyev, Şəfiqə Eyvazova, Hafiz Mirzəliyev, Fərhad Dadaşov, Elman Bədəlov və onlarca başqalarını göstərmək olar.

Bizim necə də muğam bilicilərimiz, müəllimlərimiz var idi.  Bunlardan - Mənsur Mənsurov, Əhməd Bakıxanov, Seyid Şuşinski, Bəhram Mənsurov, Kamil Əhmədov, Nəriman Əliyev və daha kimlər...

Yuxarıda adları qeyd olunan xalq musiqi ifaçılarının hamısı 100-ə yüz peşəkar, orijinal musiqiçi idilər.

Həmin illərdə fəxri adlara çox az, nadir ifaçılar layiq görülürdülər. Hətta layiq görülən (əməkdar artist) ifaçıların bəziləri belə (xalq artisti) fəxri ada çox az layiq görülürdü. Məsələn Əhsən Dadaşov “xalq artisti” adına, Qulu Əsgərov “əməkdar artist” adına, Fatma Mehralıyeva “xalq artisti” fəxri adına layiq görülmədi.Bu siyahını çox genişləndirmək olar.  Olan olub,  keçən keçib.

70-ci illərdən başlayaraq fəxri ad alan ifaçıların sayı artmağa başladı.

Xatırladım ki, on iki pərdəli səs sitemində eyni oktavanın eyni səsi arasında  (məsələn do ilə do arasındakı məsafə sıfıra bərabərdir) məsafə sıfır sentə bərabərdir. Do ilə re bemol (do diyez) arasındakı məsafə isə yüz (100) sentə bərabərdir. Buradan belə nəticə çıxarmaq olar ki, peşəkar musiqiçi ilə, həvəskar (adi)  musiqiçi arasında nəzərə çarpacaq qədər fərq duyulmalı, hiss olunmalıdır. Ən azı fəxri adı olan musiqiçi (ifaçı) ilə fəxri adı olmayan musiqiçi (ifaçı) arasında  fərq mütləq hiss olunmalıdır. Məsələn doxsan ilə yüz arasında olan fərq qədər duyulmalıdır.

Fikrimi aydılaşdırmaq üçün xatırladım ki, yarım ton arasında ( yəni do  səsi ilə re bemol səsi arasında) məsafə yüz sentdir.  Ancaq insan qulağı 80 senti duyur, 80 sent ilə 90 sent arsında olan 10 senti demək olar ki min də - milyon da bir insan duya bilər. 90 sent ilə 100 sent arasındakı fərqi isə demək olar ki , heç kim duya bilməz. Bu fərqi yalnız bilgisayar (kompüter, çox həssas mikrofon) hiss edir.

Sual olunur ki, fəxri adlara layiq görülən musiqiçilər (ifaçlıar) üçün “təqdimat” nəyə əsasən verilir. Efirlərdə reklam olunmağa görəmi, qayınatasının və ya qayınanasının vəzifəsinə, oturduğu kresloya və ya daha nələrə görə.

Yaxşı yadımdadır, respublikada səhv etmirəmsə sıra ilə 3-cü və ya  4-cü  “Muğam” müsabiqəsi keçirilidi. Müsabiqənin təşkilatçılarından AzTV-nin nümayındəsinə məsləhət verdim ki, respublikamızda istedadlı instrumental ifaçılar yetişir. Yaxşı olardı ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən müsabiqələrin qalibləri  “Muğam” müsabiqəsindəmüşayətçi kimi iştirak etsinlər. Onu da qeyd etdim ki, bu gənc instrumental ifaçılar üçün çox gözəl ifaçılıq labarotoriyası olar. Və bu “Muğam” müsabiqələri həm  gənc xanəndə və instrumental ifaçıların yetişməsinə çox müsbət təsir  göstərər, muğam elminin, muğam ifaçılıq sənətinin inkişafına təkan vermiş olar. AzTV-nin nümayəndəsi (təşkilatçılardan biri)  mənim təklifimi ilk baxışda çox bəyəndi. Müsabiqənin başlanmasına iki gün qalmış mənə xəbər verdi ki, “Fonddan xəbər verdilər ki, müşayətçiləri başqaları ilə əvəz etmək olmaz”. Mən bu günə kimi anlaya bilmirəm ki,  müsiflər heyətini, müşayətçiləri niyə başqaları ilə əvəz etmək olmaz? Buradan belə aydın olur ki,  bütün müsabiqələrdə eyni adamlar (müsiqiçilər) münsiflər heyətinin üzvü  və ya eyni müşayətçilər reklam olunsunlar. Və gələcəkdə yüksək fəxri adlara , təqaüdlərə, mənzillərə , vəzifələrə təqdimat almaq üçün  tanınsınlar. Bəs bu istedadlı gənc ifaçılar harada öz ifalarını, istedadlarını göstərsinlər? Cümə axşamlarında? Elə isə o zaman Milli Konservatoriyanı bitirən , peşəkarlığa çox yaxın gənclər nə işlə məşğul olsunlar?

60-cı illərdə  Azərbaycanda Hacı Məmmədov, Əhsən Dadaşov ,Əkrəm Məmmədli, Ramiz Quliyev  kimi solist tarzənlər, Habil Əliyev, Şəfiqə Eyvazova kimi solist kamança ifaçıları var idi. Bəhram Mansurov,  Məmmədağa Murado, Sərvər İbrahimov, Əliağa Quliyev (tar); Tələt Bakıxanov, Abdulla Abdullayev, Ədalət Vəzirov, Fəxrəddin Dadaşov (kamança)  kimi  müşayətçilər fəaliyyət göstərirdilər.Bu günün tele kanalları isə “solist” istehsalı ilə məşğuldurlar. Ancaq  onlar bilməlidirlər ki, solist ifaçı daxilən yaranır. Süni şəkildə ifaçını hər gün efirə çıxmasını təmin etməklə “solist” yetişdirmək olmaz. Ali məktəbə qəbul imtahanında musiqili imlanı özü yaza bilməyən “musiqiçi” necə olur ki,  yolun yarısında fəxri ad, elmi dərəcə alır? Hətta mənzil, xüsusi təqaüd də alır.

Bunun bir mənalı cavabı musiqiçi - ifaçı deyil! Təqdimat yazıb, yuxarı təşkilatlara göndərən,ünvanlayandır. Bu məqamda mən musiqiçilərə - ifaçılara , sözün əsl mənasında “Təqdimat” verənlərə  sual verirəm, sənin islədiyin  (çalışdığın) idarədə (müəssisədə)  mühasib sənə ayın tamamında hər aldığın 100 qəpiyin əvəzinə  (bir manatın əvəzinə) 90 qəpik  (0.90 qəpik)  versə nə edərsən?

Elə isə bizim cəmiyyətimizin günahı nədir?

 

Arif Əsədullayev

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru , professor.