adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Aprel 2024 10:27
1850
ƏDƏBİYYAT

Yaddaşlarda yaşayan xeyirxah insan

(Görkəmli hüquqşünas Əli Məhərrəmovun anadan olmasının 100 illiyinə)

Əli Hüseyin oğlu Məhərrəmov Azərbaycanın hüquq-mühafizə orqanları sistemində layiqli yer tutan görkəmli  hüquqşünaslarımızdandır. O, mənalı ömrünün 27 ilini ədalət keşiyində ləyaqətlə çalışaraq, prokurorluq və məhkəmə sistemində özünəməxsus iz qoymuşdur. 
1924-cü il aprelin 12-də Qərbi Azərbaycanda, Oğuz türklərinin qədim yurdu Göyçə mahalında dünyaya gələn Əli Məhərrəmov orta məktəbi bitirdikdən sonra bir müddət Basarkeçər rsyonunun Dərə kəndində  müəllim işləmişdir. 

İkinciI Dünya Müharibəsi başlayanda 18 yaşlı Əli Hüseyn oğlu könüllü  cəbhəyə getmiş, zenit artilleriyası diviziyasında atıcı kimi faşizmə qarşı  vuruşmuşdur. Qanlı müharibə illərinin bütün məhrumiyyətlərini yaşayan, döyüşlərdə ağır yaralanaraq uzun müddət müalicə alan gənc döyüşçü tərxis olunmaq istəməyərək,  yenidən ön xəttə qayıtmış, düşmənlə sona qədər əzmlə vuruşmuşdur. Ukraynadan, Belarusdan, Polşadan keçməklə Almaniya sərhədlərinə qədər uzanan şərəfli döyüş yollarında igidliyinə görə “Qvardiyaçı” ordeninə, “Döyüşdə göstərdiyi şücaətə görə”, “Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” və s. medallara layiq görülmüşdür.
Qələbədən sonra doğma vətəni Göyçəyə qayıdaraq Basarkeçər rayonunda məktəb direktoru işləyən Əli Məhərrəmov təhsilini artırmaq üçün əvvəlcə Bakıda ikiillik Hüquq məktəbinə daxil olub oranı fərqlənmə diplomu ilə bitirmiş, sonra Azərbaycan Dövlət Universitetində hüquq fakültəsində və  Leninqradda (indiki S-Peterburq) ali hüquq təhsili almışdır. 

Əli Məhərrəmov müxtəlif illərdə Ağdam rayon prokurorunun köməkçisi (1950-51), Şuşanın   prokuroru (1951-54), Qubadlı (1954-55), Zəngilan (1955-57), Zaqatala (1957-62) və Lənkəran (1962-66) rayon prokurorluqlarında müstəntiq vəzifələrində işləmişdir. 
İstintaqçı kimi böyük təcrübəyə, biliyə və peşə hazırlığına malik Əli Məhərrəmov 1966-cı ildə Respublika Prokurorluğunda (indiki Baş Prokurorluq) Xüsusilə Mühüm İşlər Müstəntiqi vəzifəsinə irəli çəkilmişdir. Bu ağır və məsuliyyətli vəzifədə səkkiz il bacarıqla çalışıb ən ağır cinayət işlərinin açılmasında xüsusi bacarıq göstərmiş, sonra zona prokuroru vəzifəsinə təyin edilmişdir. 

Bilik və bacarığına görə hüquq ictimaiyyətinin böyük etimadını qazanan Əli Məhərrəmovun zəngin təcrübəsini nəzərə alan Respublika rəhbərliyi 1975-ci ildə onu Ali Məhkəmənin üzvü vəzifəsinə tövsiyyə etmişdir. Seçildiyi həmin məsul vəzifədə hər zaman şəxsən ulu öndər Heydər Əliyevin cinayətkarlığa qarşı mübarizənin möhkəmləndirilməsi istiqamətində verdiyi dəyərli məsləhət və tövsiyyələri əldə rəhbər tutaraq səylə çalışmış, ölkə rəhbərinin   etimadını doğrultmaq üçün var qüvvəsini səfərbər etmişdir. Uzun illər hüquq-mühafizə orqanlarında səmərəli fəaliyyətinə görə dəfələrlə Respublika Prokurorluğunun yüksək mükafatlarına layiq görülmüş, cinayətkarlığa qarşı mübarizədə xüsusi fərqləndiyinə görə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 

Bütün həyatını sevdiyi hüquqşünas peşəsinə həsr edən Əli Məhərrəmov 1950-ci ildən ömrünün sonuna qədər Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında  məsul vəzifələrdə vicdanla çalışmışdır. O, bütün bilik və bacarığını ölkədə cinayətkarlığa qarşı mübarizə işinə həsr etmiş, daim hadisələrin ən qaynar və təhlükəli nöqtələrində olmuş, öhdəsinə düşən mürəkkəb tapşırıqları layiqincə yerinə yetirmişdir. Bütün fəaliyyətini cinayətkarlıqla mübarizəyə, qanunçuluğun qorunmasına və hüquq qaydalarının möhkəmləndirilməsinə, vətəndaşların hüquqlarının qorunmasına  həsr edərək, hüququn aliliyi və ədalət prinsiplərini uca tutan görkəmli hüquqşünas heç vaxt cinayətin cəzasız qalmasına, günahsız insanın müttəhimlər kürsüsündə əyləşməsinə razı olmamışdır. Humanizm amalı qanında olan, insan taleyinə həssaslıqla yanaşan, haqqı, ədaləti, qanunçuluğu təkcə sakit kabinetdə, məhkəmə, prokuratura divarları arasında, səlahiyyət kreslosunda yox, həyatın hər məqamında,  ictimaiyyət arasında da qoruyan hüquqşünas öz imkanları, səlahiyyətləri müqabilində və qanun çərçivəsində daim onlara yardım etməyə çalışmışdır.  

Təbiətcə sakit, az danışan hüquqşünas olduqca səbrli, təmkinli, tədbirli və müdrik insan olub.  Yanına tez-tez əsasən şəxsi problemləri ilə bağlı məsləhətə gələn çoxsaylı  vətəndaşları diqqətlə dinləyər, imkanı daxilində kömək etməyə çalışardı. Təbiəti etibarilə mülayim xasiyyətli, son dərəcə demokratik xarakterli hüquqşünas heç vaxt nüfuzundan və səlahiyyətlərindən sui-istifadə etməz, ədaləti üstün tutaraq hər kəsin müstəqil fikrinə və düşüncəsinə hörmətlə yanaşardı.      

Xeyirxah və həssas qəlbli peşəkar hüquq mütəxəssisi, həqiqi vətənpərvər, qayğıkeş el ağsaqqalı, sədaqətli dost, etibarlı yoldaş, gözəl ailə başçısı olan Əli Məhərrəmov 1977-cildə, 53 yaşında qəflətən vəfat etmişdir. 

1924-cü il aprelin 12-də qədim Oğuz yurdu füsunkar Göyçədə dünyaya  gələn və qısa ömür yolunda öz işi, peşəsi, ədaləti, xeyirxahlığı ilə dərin iz qoyub   dünyadan köçən xalqımızın dəyərli şəxsiyyətlərindən biri, yüksək intellektual potensiala malik hüquqşünas Əli Məhərrəmovun 100 yaşı tamam olur. Həyatı boyunca elin-obanın, xalqın, yurdun təəssübünü çəkən, vətəndaşların hüququnu qoruyan son dərəcə təmiz, təmənnasız, təvazökar, nəcib və xeyirxah İnsan olan əsil vətənpərvər ziyalı və qayğıkeş el oğlu Əli Məhərrəmovun işıqlı xatirəsi doğmalarının, dostlarının, həmkarlarının və bütün tanıyanların yaddaşında daim yaşayacaqdır.

Ruhu şad olsun!