adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Aprel 2024 14:41
1570
ƏDƏBİYYAT

ƏDƏBİYYATIMIZIN ÇİNGİZ XANI - Tərlanə Yaqubqızı yazır

Bu bir həqiqətdir ki, Azərbaycan ədəbiyyatı  dünyada Nizami, Füzuli kimi dühalarla tanınmışdır. Sevindici haldır ki, çağdaş dövrdə ədəbiyyatımızı dünya oxucusuna  tanıdan müasirlərimiz də var. Onların arasında adı ən ön sırada olan yazıçımız-  Çingiz Abdullayevdir.  Milli Kitabxananın əməkdaşı kimi  hər gün oxucularla ünsiyyətdə olduğum üçün əminliklə deyirəm ki, Çingiz Abdullayevin əsərləri ən çox tələb olunan kitablardandır. Bizə  gündəlik olaraq müraciət edən oxucuların əksəriyyətini onun əsərləri maraqlandırır. Bu  amili nəzərə alaraq  kitabxanaya gəlib maraqlı bir kitab soruşanlara da mən məhz Çingiz Abdullayevin əsərlərini  tövsiyə edirəm.

Sevimli yazıçımıza qarşı son vaxtlar edilən qərəzli hücumlar həm oxucu, həm də kitabxanaçı kimi məni çox məyus edir. Çingiz Abdullayev yaradıcılığını guya bəyənməyənlər, onun dünya səviyyəsində şöhrətini görməzliyə vuranlar mənəviyyatı kor olan şəxslərdir. Halbuki Çingiz Abdullayev nəinki Azərbaycan, hətta dünya oxucusunun ürəyini fəth edən yazıçıdır.   Onun yaradıcılığını təhlil etmək sıradan bir şey deyil. O, həm öz əsərləri ilə, həm də ikinci Qarabağ müharibəsi zamanı arxa cəbhədə gedən ideoloji mübarizədə  cəsarətli çıxışları ilə xalqın rəğbətini qazanmışdır. Heç də təsadüfi deyil ki, o, çox cavan yaşında  Xalq yazıçısı adına layiq görülmüşdür. 

Dünya şöhrətli yazıçının əsərləri  bir çox xarici dillərə tərcümə edilmiş, əlliyə yaxın ölkədə tirajı otuz milyon nüsxə ilə nəşr olunmuşdur. Okeanın o tayında- Amerika kimi nəhəng ölkədə Çingiz Abdullayev siyasi dedektiv janrının banisi elan edilmişdir. Amma  öz doğma Vətənimizdə "sapı özümüzdən olan baltalar" onun uğurlarına həsəd aparır, bu həsəd hissi ilə də onun əleyhinə qərəzlii kampaniyaya start verirlər. Bir bənzətmə meydana çıxır. Qorkinin Dankosu  meşədə azan insanlara kömək məqsədilə ürəyini çıxarıb yolu işıqlandırır.  Azərbaycanlı Çingiz Abdullayev  də efirdə meydan sulayan ermənipərəst aparıcını öz məntiqi ilə susdurur. Ona təşəkkür etmək əvəzinə ana dilində yaxşı danışa bilməməsini başına qaxınc edirlər. Onda niyə böyük Nizamini fars dilində yazmaqda suçlamırlar?  Hörmətli insanlar, ana dilimizi belə sevirsinizsə, onda ana Vətənimizin övladından da bu sevgini əsirgəməyin. Azərbaycanı öz yaradıcılığı ilə illərdir dünyada təbliğ edən bir şəxsiyyətə, ictimai xadimə qarşı bu sayğısızlıq onun çoxmilyonlu oxucularına həqarətdən başqa bir şey deyil.

Orta məktəbdə "Qartala daş atan qarğa"  adlı şeir əzbərləmişdik. O zaman uşaq ağlımla şeirdəki qarğanın əməlinə gülmüşdüm. Zaman keçdikdən sonra gördüm ki, cəmiyyətimizdə "qartala daş atan qarğa"ların sayı  Bakımızın park və küçələrində  olan qarğalar kimi azalmaq əvəzinə, günbəgün artır. Uzağa getməyək, elə bu yaxınlarda ATV aparıcısının dünya şöhrətli yazıçımızın şedevr əsərləri haqqında hədyan söyləməsi mənə qarğanın növbəti ağılsızlığı kimi göründü.

Çox xoşbəxtəm ki, sevimli yazıçıımızla təşkil olunan çoxsaylı görüşlərin dördündə iştirak etmişəm və hər dəfə  suallara veridiyi səmimi, maraqlı cavabları ilə  onun yüksək erudisiyaya, səlis nitqə, iti zəkaya malik olduğunun bir daha şahidi olmuşam.

Bir dəfə Sumqayın Kimyaçılar mədəniyyət sarayında keçirilən növbəti görüşlərin birində hicablı bir qadın yazıçıya sual verdikdə Çingiz müəllim cavabında  ona "müsəlman bacım" deyə xitab etdi. Bu vaxt oxucumuz olan tələbə qız əyləşdiyi yerdən yazıçıya replika atıb ona irad bildirdi. İrad ondan ibarət idi ki, niyə görə yazıçı təkcə başıbağlı qadını müsəlman adlandırır, məgər hicabsızlar kafirdir?
Kaş  Çingiz müəllimin reaksiyasını özünüz görərdiniz. O boyda nəhəng yazıçı bu xoşagəlməz mübahisəli situasiyada  tələbə qızdan  üzr istədi. Onun mədəni, centlemenlərə xas jesti  böyük ürəyə sahib  şəxsiyyət olmasının göstəricisi idi. Ertəsi gün kitabxanaya gələn həmin oxucunu etikadankənar çıxışına görə necə lazımdırsa danladım. Maraqlıdır, bəs görəsən o üzdəniraq aparıcını qarşısına qoyub məzəmmət edən oldumu?  

Bəla burasındadır ki, cəmiyyətimizdə öz ziyası ilə işıq saçan aydınlarımız çox zaman haqsız münasibətə məruz qalırlar. Yəqin ki, onların ziyası bədxahların gözlərini qamaşdırıb kor etdiyi üçün qisas almağa çalışırlar. Hərdən fikirləşirəm ki, nə yaxşı bu adamlar repressiya zamanında yaşamayıblar, yoxsa onların  "şücaəti" sayəsində qurban gedənlərimizin sayı ikiqat çox olardı.  Çox təəssüf olsun, artıq neçənci dəfədir ki, Çingiz Abdullayevə qarşı edilən əsassız hücumların şahidi oluruq. Birmənalı şəkildə vurğulayıram ki, hamısının kökündə paxıllıq dayanır. Allah Mirzə Ələkbər Sabirə rəhmət eləsin, yerində deyib: 

             Kim nə deyər bizdə olan qeyrətə?
             Qeyrətimiz bəlli bütün millətə!
  
     Axı Çingiz Abdullayev bizim millətin oğludur! 

Ermənilərin belə  bir yazıçısı olsaydı, çoxdan ona Nobel mükafatı  vermək üçün dünyaya haray salardılar.

Yazıçılar, şairlər həssas qəlbə malik ruh adamlarıdır. Onlar Allahın  peyğəmbərlərdən sonra seçilmiş  bəndələridir. Onları incitmək, qəlblərinə dəymək böyük günahdır. Nədənsə həmişə Milli Kitabxananın qonşuluğunda yerləşən Yazıçılar Birliyinin yanından keçəndə məni qəribə  hiss bürüyür. Bura mənim nəzərimdə ən müqəddəs məbəddır. Çünki burada Səməd Vurğunun, Rəsul Rzanın, Hüseyn Cavidin, Cəfər Cabbarlının, İİyas Əfəndiyevin və neçə- neçə ölməz  ədiblərimizin ruhları yaşayır. 

Bu yaxınlarda yazımla bağlı birliyin mətbuat katibi  şair Xəyal Rzanın yanına getmişdim.  İş günü bitsə də bu gözəl insan məni elə səmimi qarşıladı ki,  ürəyimdə Allaha şükür etdim:  Nə yaxşı dünya  yaxşılardan xali deyil. Çünki tabeliyində olan  işçisini qəsdən qapı arxasında saxlayıb gözlədən, ona sözünü deməyə imkan verməyən, amma özündən vəzifəcə yuxarıda olanlara quyruq bulayan zavallı məmurları çox görmüşük. Elə Rüstəm Kamala həsr etdiyim şeirdə də belə yazmışam:

          Adam var oturub kabinetində,
          Səni dinləməyə həvəsi çatmır.
         Adam var  kimisə görsə çətində,
         Yaxşılıq etməsə nəfəsi çatmır.

Niyə biz yaxşıların qədrini bilmirik? Niyə biz unudulmaz Cabir Novruz demişkən, sağlığında insanlara qiymət vermirik ? Axı Çingiz Abdullayev də bu yaxşılardan biridir. İllərdir nəşr olunan kitablarından əldə etdiyi gəliri şəhid və qaçqın ailələrinə bağışlamaq yaxşılıq deyil, bəs nədir? Bunu niyə  demirlər?

Milli Kitabxanada keçirilən tədbirlərin birində Çingiz Abdullayevə bu sualları ünvanlamışdım:

 -Sizcə  "Əclafların qanunu" ilə hərəkət edənlərin "Bir ümman nifrəti" hardan qaynaqlanır? 

 - Bu, " Böyük oyundur" mu, yoxsa arxasında "Yalnız özümüzünkülər" dayanır?

-Görəsən ' Məhşər ayağında" olduğu zaman "Manipulyator"  "Mənim gözəl alibim" deyə biləcəkmi?

- Nəhayət, bütün bu qarayaxmalar "Rəzalətin son həddi" deyilmi?

Özünü cəmiyyətə ziyalı kimi sırımağa çalışan aparıcıya demək istəyirəm ki, kitabı "zir-zibil" adlandırmaq  yalnız xəstə, cahil təfəkkürün ifafəsidir. Televiziyanı şou- biznesə çevirdiniz, ürəyiniz  soyumadı, indi də gözəlim ədəbiyyatımızı bu uçuruma aparmaq istəyirsiniz ? 1984- cü ildən yazıları mətbuatda çap olunan Aləmzar Sadıqqızı kimi istedadlı, xanım- xatın şairəmizə kobudluqla   "sizi tanımıram" və  ev aldığı üçün  unudulmaz şairimiz Akif Səmədin yadigarı Ulucaya  "bundan sonra  Anarı necə tənqid edəcəksiniz" söyləmək düşmən dəyirmanına su tökmək deyilmi? Nə üçün  ədəbiyyat adamları üz-üzə gəlməli , ara qarışıb məhzəb itməlidir? Axı bizim erməni kimi bir düşmənimiz var, ikinci düşmən bizə lazım deyil.

Nə qədər canfəşanlıq etsəniz də, kimin kim olduğunu xalqımız çox gözəl bilir.Ölməz Səməd Vurğun demişkən, "Ağılsız köpəklər ulduza hürər." Çingiz Abdullayev şəxsiyyəti ilə reytinq qazanmaq istəyirdinizsə, efirdə əsərlərini təbliğ edərək daha sivil, mədəni çərçivədə  iş görə bilərdiniz. Hərçənd  Çingiz Abdullayevin buna da ehtiyacı yoxdur. O, ədəbiyyatımızın ÇİNGİZ XANıdır. Qul, kölə psixologiyası ilə yaşayanların onu ucaldığı zirvədən endirməyə gücləri çatmayacaq.