adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Mart 2024 10:59
2039
ƏDƏBİYYAT

Dejavü - Tərlanə Yaqubqızı yazır

Siz heç ilk dəfə getdiyiniz yerdə nə vaxtsa olduğunuzu  hiss etmisinizmi?  Fransızlar bunu dejavü  adlandırır. Tanınmış rus rejissoru Leonid Qaydayın "I əməliyyatl və  Şurikin digər macəraları" filmində də təxminən buna oxşar bir epizod var. Həmin komediya filmində Şurikin başına gələn hadisələr gülməli idi.  Amma mənim qonaq getdiyim evdə hiss etdiklərim qəribə və ağrılı oldu.

Ailəliklə  Buzovnaya qonaq getmişdik. İri darvazası olan geniş həyət evi idi.  Daş hasarlara içəri tərəfdən gözəl naxışlar, rəsmlər çəkilib. Həyətin girəcəyindən ta evədək  hər iki tərəfdən növbənöv meyvə ağacları, kol bitkiləri  sıra ilə əkilib kiçik xiyabanı xatırladır.  Divar boyunca  səliqə ilə düzülmüş dibçəklərdəki  güllərin ətri adamı bihuş edir. Elə bil cənnətə düşmüsən.  Açıq havada ciyərdolusu nəfəs almaq üçün astanada gözəl şərait yaradılıb. Evə daxil olmadan rahat kürsülərdə əyləşib bu gözəlliyi seyr etmək olar. Mehriban və səxavətli ev sahibəsi bizi çox gözlətmədən, hətta bir göz qırpımında əla bir çay dəstgahına qonaq edir.

Bir azdan hava soyuduğu üçün içəri  keçirik. Keçən əsrin stilini özündə yaşadan iç- içə tikilmiş otaqlar mənə çox  tanış gəlir.  

Keçmişdəki adətlərimizə riayət edib, həm də hamıya rahat olsun deyə  biz qadınlar ayrı otaqda əyləşmişik. Qadınlar deyəndə ki, üç nəfərik: ağbirçəyimiz Şüşə xala, onun gəlini Esmira və bəndəniz.  Ev sahibəsinə iki yerdə süfrə açmaq əziyyət olsa da,  üzündə narazılıqdan əsər -əlamət yoxdur. Süfrə də ki, maşaallah, dünyanın naz- neməti ilə doldurulub. Bircə quş südü əskikdir.

Divarlara baxıram, qulağıma səslər gəlir. Gözümə ora- bura qaçışan uşaqlar görünür. Şüşə xalanın  dadından doymaq bilmədiyimiz döşəmə plovu,  Esmira xanımın əl qabiliyyətindən xəbər verən  müxtəlif çeşidli  salatlar süfrədən  bir anlıq yoxa çıxır. Qarşımda  bir stəkan  süd və iki- üç peçenye var.

Bu nədir, yoxsa gecə yaxşı yata bilmədiyimdən əyləşdiyim yerdə yuxulayıram. Bəlkə məni qara basır?  Sanki iki zamanın arasındayam: vücudum  XXI əsrdə,  ruhum XX əsrdədir.

1979- ci ildə üçüncü sinifdə oxuyurdum.  Yayda Buzovnada yerləşən pioner düşərgəsində istirahət edirdik. İlk dəfə evimizdən ayrı qaldığım üçün çox darıxırdım.  Burada yeni dostlar tapandan sonra daha darıxmağa vaxt qalmadı. Hər səhər əsgərlər kimi eyni vaxtda oyanıb, eyni vaxtda yatırdıq. Çimərlik, əyləncəli oyunlar, konsertlər, kukla teatrının tamaşaları düşərgə həyatımızın ayrılmaz parçası idi. Özümüzdən yaşca böyük uşaqlar hərdən imkan tapıb  təkbaşına düşərgədən bir addım kənara çıxmaq istəsələr, dərhal cəzalandırılırdılar. Axı onlar düşərgədəki müəllimlərə əmanət edilmişdi. Sərt əsgəri rejim olsa da  mən düşərgə həyatına alışmışdım. Düşərgədən ayrıldığım gün az qala ağlayırdım.  İllər sonra mən o düşərgədə bircə gün yaşamaq üçün nələri verməzdim?!  İndi buradayam, uzaq uşaqlıq dünyamın bir parçası, xatirələrimdə lövbər salmış bir yerdə.

Taleyin işinə bax! İndi mən bu düşərgəyə qonaq gəlmişəm. 10 yaşımda bir ay qonaq qaldığım düşərgəyə. Amma Şüşə xalagil Zəngilan işğal olunan gündən burada yaşayırlar. Deyirlər, qonaq bir gün, iki gün olar. Onlar burada necə deyərlər, bir igidin ömrü yaşayırlar. Hər gün doğma Zəngilana qayıtmaq ümidilə. Mən bircə ay yaşadığım düşərgəni unutmamışam.  Bir Allah bilir ki,   Şüşə xala doğulub boya- başa çatdığı, məktəbə getdiyi,  toyu çalındığı, analıq  səadətinə çatdığı doğma yurdu üçün bu illərdə  necə xiffət çəkib, eləcə də gəlini Esmira. Zəngilanın quşqonmaz dağları, o dağların buz bulaqları indi də yuxularına girir.

Şükür Allaha ki, artıq torpaqlarımız geri qayıdıb. Amma orada qalan uşaqlıq, gənclik illərini geri qaytarmaq olacaqmı?  Neçə yurddaşımız Vətən həsrətilə dünyasını dəyişdi. Ağsaqqal və ağbirçək tanıyıram ki, qələbə gününü görüb az sonra  sevincdən ürəyi partladı, öz kəndinə qovuşmamış haqq dünyasına qovuşdu. Ən böyük dərd budur. Bir də burada doğulan gənc nəsil. Onlar  da iki yol ayrıcında qalıb: nə getmək olur, nə qalmaq.

Şüşə xalanın mehriban səsi məni fikirdən ayırır:

 - Plov soyuyur, qızım, nə fikrə getmisən?

Nə deyim?  Mənim gözəl Şüşə xalam, sizə təskinlik verməyə söz tapmıram. Bu bahar da əziz Novruz bayramını doğma yurdunuzda keçirə bilmədiniz. Bu bahar da Çinar meşəsinə, Oxçuçaya, İsmayıl bulağına gedə bilmədiniz.

Nəhayət, mən  bu düşərgəyə gəlib çıxa bildiyim kimi, siz də  tezliklə o yerlərə sağ- salamat gedəsiniz. Biz də bu dəfə sizin dəvətinizlə Buzovnaya yox, Zəngilana qonaq gələk.

İllər sonra bu düşərgə  müharibənin, qaçqınlığın nə olduğunu bilməyən atalı- analı, şən, bəxtəvər uşaqları öz ağuşuna alsın. 

Heç kəs   vətəndə vətənsizlik dərdi çəkməsin. 

Zəngilanda görüşənədək, mənim əzizlərim!