03 Mart 2024 15:29
2190
ƏDƏBİYYAT

Həsən ağanın qohumları - Tərlanə Yaqubqızı yazır

Bugün yazıçılar günüdür. Əli qələm tutan, ruhu, canı ədəbiyyat  olan  insanları təbrik etmək istəyirəm. Dünyasını dəyişənlərin ruhu şad olsun.

Azərbaycan ədəbiyyatı tarixində elə yazıçılar olub ki, yaratdığı obrazlar indi də də sevilir və ya əksinə, adları qınaq obyekti kimi səslənir. Bunlardan biri də ölməz Əbdürrəhim bəy Haqverdiyevin Həsən ağa obrazıdır. 

Hərdən fikirləşirəm ki, o boyda dinozavrın nəsli tükəndi, amma Həsən ağanın nəsli neçə yüzillikdir inadla yaşamağa davam edir. Maltusun mürtəce nəzəriyyəsi də bu nəslin yanından yel olub keçə bilmədi. Bu nəsli dinozavrla müqayisə etməyimin səbəbi var. Çünki Həsən ağanın nəsli dinozavr  kimi nəhəng, əli hər yerə çatan qorxulu məxluqlardan ibarətdir.

İlk dəfə mən Həsən ağanın qohumları ilə uşaq bağçasında tanış olmuşam. Bəlkə doğulduğum xəstəxanada da olublar. Amma məlum məsələdir ki, o vaxt  əl boyda çağa  olduğumdan onları xatırlaya bilmirəm.

Bir bilsəydiniz, uşaq bağçasında  onların nazıyla necə oynayırdılar. Oyuncaqların ən bahalısı,  yeməklərin ən yaxşısı, çarpayının ən rahatı, yastığın ən yumşağı  yalnız Həsən ağanın qohumlarına çatırdı.

Sonra mən məktəbə getdim. Uşaq ağlımla sandım ki, daha burada onlara rast gəlmərəm.  Arıq, cılız, balacaboy bir qız idim. Dərs ilinin ilk günündə müəllim boyumun balacalığını nəzərə alıb  məni qabaq partaların birində əyləşdirdi. Ertəsi gün   həddindən artıq şişman, nataraz bir qadın köklükdə özündən geri qalmayan oğluyla sinfə daxil oldu.  Sözsüz ki, bir- birinin ardınca. Çünki  ikisi qapıdan eyni vaxtda keçə bilməzdi.Onların ağırlığından sinif otagımızın onsuz da  köhnə olan döşəməsi elə yırğalandı ki, elə bildik, zəlzələ baş verdi. Uşaqlar təəccüblə bu nəhəng ana-balaya baxırdılar. Aralarında pıqqıldayıb gülənlər də vardı. Qadın sinif rəhbərimizlə  söhbət edib getdi. Allah üzümüzə baxdı ki, gedəndə qapının məhəccəri  qopub yerə düşmədi.  Müəllim bir anlıq hamıya nəzər yetirdi. Sonra məni  ayağa qaldırıb partamda təzə gələn oğlanı əyləşdirdi. Sinif yoldaşlarımın bayaqkından da təəccüblü baxışları altında gözləri yaşlı keçib arxa cərgədəki boş partada əyləşdim. Bu dəfə heç kəs gülmədi. Çünki şagird yoldaşlarım  yəqin ki, içimdə  baş verən  zəlzələni hiss etmişdilər.

Sinifdə o şişman oğlandan başqa hamı dərslərini yaxşı oxuyurdu. Amma nədənsə dərs ilinin sonunda onun rüblük kitabçasına bütün fənlərdən "əla " qiymət yazılırdı. 

Artıq yuxarı sinifdə oxuyurduq. Bir dəfə həmin oğlan məndən inşa yazımı alıb  köçürmək istədi. Mən çox haqlı olaraq inşanı köçürməyə icazə vermədim.  Məktəbi bitirənədək  biz küsülü qaldıq. Sonra eşitdim ku, o,  yüksək balla universitetə qəbul olunub. 

Tələbəlik illəri insan həyatının ən gözəl çağlarıdır. Tərs kimi  universitetdə oxuduğum zaman qarşıma hər addımbaşı Həsən ağa nəslinin nümayəndələri çıxır, əhvalımı korlayırdı. Amma bizim şişman oğlan  gözə görünmürdü.  Yəqin heç dərsə gəlmirdi də. Çünki Həsən ağanın qohum- əqrəbası  istəyəndə mühazirələrə gəlirdilər, istəməyəndə yox. Universitetə  xarici markalı avtomobildə gəlirdilər. Bəzilərinin hətta şəxsi sürücüsü  vardı. Biz gecəni-gündüzə qatıb imtahanlara hazırlaşanda onlar öz əyləncələrində olub  kursdan-kursa keçirdilər.

Qrupumuzda dünyalar gözəli bir qız oxuyurdu. 18 yaşlı qız  təhsilini yarımçıq qoyub Həsən ağanın 40 yaşlı dul, amma varlı-hallı qohumuna ərə getdi.

Universitet illəri arxada qaldı. Ailə həyatı qurdum. İllərlə kirayədə yaşadıq. Özümüzə balaca bir daxma qaralayıb təzəcə nəfəs almağa başlamışdıq ki, Həsən ağanın harın nəvə- nəticələri gəlib başımızın üstünü aldılar. Bir gecənin içərisində iyirmiyə yaxın evi buldozerlə alt- üst edib bizi təzədən evsiz qoydular. Yenə ağrılı- acılı kirayənişin həyatı başladı. Bu dəfə Həsən ağanın qohumları özlərinin yaşamadığı  evilərini bizə kirayə verib  var- dövlətlərini bir az da artırdılar.  Başqa çarəmiz  yox idi. Gedib küçədə yaşaya bilməzdik. Sonra  eşitdik ki, Həsən ağanın  tikinti sektorundakı oliqarx qohumları sökdükləri evlərimizin yerində çoxmərtəbəli binalar tikib satırlar. Olan- qalan  ağımızı- qızılımızı satıb, üstəlik bankdan da  borc götürüb ilkin ödənişlə mənzil sahibi olduq. Mənzilin aylıq haqqını ödəməyə kömək məqsədilə nisbətən yaxşı maaş verən müəssisələrin birində işləmək istədim. Bəxtimdən, Həsən ağaya heç yeddi arxadan da qohumluğu çatmayan gözəl bir insan məni işə götürdü. Amma burada da  Həsən ağanın ortada yeyib qıraqda gəzən qohumlarıyla toqquşmalı oldum. İş saatlarında  ancaq yeyib- yatan, telefonla ailə- məişət problemlərini həll edən işçilərin Həsən ağanın qohumları olmasına adım kimi əmin idim. Onların "sən öl"ə,  həzrət Abbasa and içməsinə  heç ehtiyac yox idi.  Adı dövlət işində gedib, şəxsi bizneslə məşğul olan, şəhərin müxtəlif  yerlərində obyekt işlədən  bu harınlar rəhbərliyi  heç veclərinə də almırdılar. Ara yerdə zərbə zavallı müdirimizə dəydi. 

Eşitmişəm bizə təzə müdir göndərirlər. Kim olsa, yaxşıdı? Yatsam, yuxuma da girməzdi. O vaxt mənim partamı əlimdən alan, inşamı köçürməyə icazə vermədiyim  sinif yoldaşım. Qorxuram,  məni tanısa, indi də işimi əlimdən alıb məni  Mirzə Səfərin gününə sala. Amma uşaq vaxtı Abdulla  Şaiqin  'Xoruz" şeirini əzbərləyə bilməyən birisi çətin ki, 30 ildən sonra məni yadında saxlayıb üstümə xoruzlansın. Belələri ancaq insanın qarşısını kəsib haqqına girməyi bacararlar.

Cümə axşamı atamın qəbrini ziyarətə getdim. Əvvəl elə bildim yolu səhv gəlmişəm. Atamın məzarına yaxın sahədə yeni bir məqbərənin ucaldığını gördüm. Üstünü oxudum,  mərhum Həsən ağanın nəslindən idi. Bizim dünyalar gözəli tələbə yoldaşımızın əri vəfat edibmiş. Məqbərənin qarşısını kəsdiyi o biri qəbirlər onun yanında elə yazıq, elə miskin görünürdülər ki. 

 Ah, bu Həsənağanın qohumları...
 Yol hərəkəti qaydalarını pozarlar,  cərimə olunmazlar.
 Yazdıqları mövzudan xəbərləri olmaz, maneəsiz-filansız elmlər doktoru adını alarlar.
 İllərlə saçını- saqqalını sənətdə ağartmış  insanlar əməkdar adına həsrət qalarlar,  bunlar xalq artisti olarlar.
 İstedadlı adamlar bircə kitabını çap etdirməyə imkan tapmazlar,  bunların Nazim Hikmətlə Hikmət Ziyanın eyni adam olduğunu zənn edən  ədəbiyyatdan xəbərsiz nümayəndələri hər il bir kitab  yazarlar.

Tabeliyində olan işçidən qatığa qara deməsini tələb edərlər, hərgah deməsə, onun öz  gününü qara edərlər, adını da qara siyahıya salarlar.

Qara buludlar günəşin qarşısını örtdükləri kimi bunlar da işıqlı insanların önünü kəsib  qaranlığa qərq etmək istərlər.

Əvvəllər bu halları görüb ürəyim ağrıyırdı. Son vaxtlar,  üstünüzə sağlıq,  boynumda  da yaman  ağrılar olur. Mənə yaxın insanların çoxusu bundan şikayət edir. Deyirlər, kompüter qarşısında çox əyləşməkdəndir. Neyləyək,  çörəyimiz bundan çıxır. Bizim  Həsən ağa kimi qohumlarımız  yoxdu axı. Həkimə getməyi heç düşünmürəm də. Çünki səbəbini bilirəm. Uşaq vaxtlarımızdan  ta qəbir evinədək Həsən ağanın qohumları çıxıb boynumuzda elə otururbar ki, buna can dözər?

Ümid edirəm ki, nə vaxtsa düşən günləri olacaq.