adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Oktyabr 2022 11:44
1213
MƏMLƏKƏT

“Zəfərə gedən yol-şəhidlər və şahidlər” adlı tədbir keçirilib - FOTOLAR

25 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Zəfər Gününə həsr olunmuş “Zəfərə gedən yol-şəhidlər və şahidlər” adlı tədbir keçirilib.

Adalet.az xəbər verir ki, tədbirdə Akademiyanın rəisi general-mayor Baba Salayev, Milli Məclisin deputatı Aqil Abbas, "Təbib" qəzetinin baş redaktoru, 44 günlük Vətən müharibəsi qazisi Məğrur Əli Polad, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, qazi İlqar Cahangirov, Suraxanı Rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin rəisi, Vətən müharibəsi iştirakçısı Elmar Hüseynov, şəhid ailələri, FHN Akademiyasının professor-müəllim heyəti və kursantları iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan FHN Akademiyasının rəisi general-mayor Baba Salayev bildirib ki, 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Silahlı Qüvvələrimiz torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə apardı, böyük tarixi nailiyyətlərə imza atdı. Torpaqlarımızın qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildiyini vurğulayan B.Salayev Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında qalib Ordumuzun 44 günlük Vətən müharibəsi ilə yazdığı şanlı tarixin sabahın daha qüdrətli Azərbaycanı üçün möhkəm bünövrə olduğunu bildirib. O, qeyd edib ki, Qələbəmizin qazanılmasında təkcə vətənə canını fəda edən şəhidlərimizin, öz sağlamlıqlarını qurban verən qazilərimizin deyil, həm də mərd oğullar yetişdirən valideynlərin, ata yolu gözləyən gənclərin də böyük rolu və haqqı olub.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aqil Abbas Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin əhəmiyyətindən söz açaraq həmin qələbədə payı olan qəhrəman oğullarımızla bu gün hər birimizin qürur duyduğunu bildirib. Nəzərə çatdırıb, şəhidlər bizim qürurumuzu qaytarıb. Sonra şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğından danışan natiq bildirib ki, bundan sonra da şəhid ailələri və qazilər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunacaq.

Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə Elzar Yusubovun anası Günəş Daşdəmirova çıxış edərək şəhid ailələrinə göstərilən diqqətə və qayğıya görə ölkə rəhbərliyinə və bu cür önəmli tədbirin keçirilməsinə görə Akademiya rəhbərliyinə minnətdarlığını bildirib. Qəhrəman oğlunun xatirələrəni bölüşən şəhid anası Günəş Daşdəmirova fəxarətlə bildirib ki, şəhid Elzar Yusubov Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb, Fizulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.

Sonra "Təbib" qəzetinin baş redaktoru, 44 günlük Vətən müharibəsi qazisi Məğrur Əli Polad və Silahlı Qüvvələr mənsubu, Qarabağ Müharibəsi qazisi İlqar Cahangirov, Suraxanı Rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin rəisi, Vətən müharibəsi iştirakçısı Elmar Hüseynov tədbirin təşkilinə görə Akademiya rəhbərliyinə minnətdarlığını bildiriblər. Onlar özlərinin və cəbhə yoldaşlarının İkinci Qarabağ müharibəsində keçdiyi döyüş yolundan danışıb, müharibə xatirələrindən söz açıblar. Tədbirdə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərə görə başda Ali Baş Komandan olmaqla şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuz bir daha diqqətə çatdırılıb.