Ömür yolu açıq yoldur,
Nə getdi, getdi.
Bir gün də qalmır əlində,
Nə itdi, itdi.
Bu dünya dəmyə dünyadır,
Nə bitdi, bitdi.
I
... Dünən bir yerdə olmuşduq. Deyib-gülmüşdük, dərdləşmişdik. Xoş arzularla xudahafizləşib ayrılmışdıq. Evdə də əhvalı yaxşı imiş. Nəvəsini doyunca oynadıb, yatağına girib, elə yuxudaca. Səhər elə biliblər kişi möhkəm yatıb. Ayıltmağa qıymayıblar. Sonra görüblər ki, adəti xilafına işə gecikir. Oyatmaq istəyiblər...
Həmişə nikbinliyi ilə seçilən yaşlı iş yoldaşımın təsəlli dolu cingiltili səsi elə bil dəstəkdə qulağımı dəlirdi: "İndi belə hallar çox olur. Yatır, ayılmır. Ürək də dayandı, qurtardı. Buna deyirlər "Xoşbəxt ölüm". Heç kimi incitmir, özü də incimir, ağrısız-filansız..."
Dəstəyi yerinə qoyub ayağa qalxmaq istədim. Taqətim olmadı. Sanki çiyinlərimdən ağır yük asılmışdı. Başımı əllərimin arasına alıb fikrə qərq oldum. Telefonda eşitdiklərim elə bil qulaqlarımda əks-səda kimi təzədən səslənirdi: "Xoşbəxt ölüm!"
İlahi, bu nə sözdür? Ölümün də xoşbəxti olar?! Ömründə heç bir ciddi xəstəliyi olmayan, sapsağlam, dağ cüssəli kişi bir gecənin içində... Ürəyində nə qədər arzuları qaldı... Qızını köçürməyib, kiçik oğlu məktəbdə oxuyur. Hələ nəvə toyu arzulayırdı...
"Xoşbəxt ölüm" yoxdur. Rahat ölüm var. Rəhmətlik anam 80-i haqlamışdı. Nəticəsini görmüşdü. Ürəyi xəstə idi. Son vaxtlar yaman düşmüşdü. Arvad o günündən qorxurdu ki, özünü həm əqli, həm də fiziki cəhətdən idarə edə bilməsin. Heç kimə, doğmalarına, mənim özümə - bircə övladına möhtac olmaq istəmirdi. Həmişə namaz üstündə dua edirdi: "İlahi, mənə rahat ölüm qismət elə. Şükürlər olsun ki, mənə hər şey vermisən: oğul, gəlin, nəvələr, nəticə. Hamısı da ağıllı-kamallı. İlahi, onları bəxtəvər elə. Mən ömrümü başa vurmuşam. Müharibədən, aclıqdan sənin köməyinlə bircə oğul balamı çıxarıb xoş günlərini görmüşəm. Necə sevinmişəm bir özün bilirsən. Mənə bəxtəvər deyiblər. Hələ paxıllıq eləyənlər də tapılıb: bircə oğlu neçə budaq olub, çörəyi, fərasəti, savadı, vəzifəsi... İlahi, sənə min-min şükürlər edirəm, yalvarıram: balalarımı özün qoru, xatadan-bəladan hifz elə. Bu dünyadan onların çiynində köçürt məni..."
Nəvəsi Səmədə xəlvətcə möhkəm-möhkəm tapşırmışdı: qabaqda özün gedərsən!
Tanrı anamın duasını müstəcəb elədi. Səməd də nənəsinin vəsiyyətinə ədəb-ərkanla əməl etdi...
...Birdən sinəmdə küt ağrı hiss etdim. Yadıma düşdü ki, rəhmətlik dostumun da ürəyi hərdən sancırdı. Amma həkimlə arası yox idi. Arada mənə zarafatyana sataşardı ki, elə bir ayağın həkimdədir, özünə y axşı baxırsan. Mən nə qədər təkid etsəm də, özünü müalicə etdirmirdi: "Məndə nə var ki, - deyirdi, - sapsağlamam. Görmürsən?" Bir mən yox, hamı görürdü ki, onun sağlam görkəmi var. Azar-bezarın nə olduğunu bilmir. Elə buna görə də indicə eşitdiyim bəd xəbərə inana bilmirdim, inanmaq istəmirdim. O da öz ölümünə inanmırdı. Arabir iş otağıma gəlib qapının ağzındakı bədənnüma güzgünün qarşısında diqqətlə özünə baxardı: "De görüm, necəyəm?" - ərklə, özünəməxsus deyimlə soruşardı. "Maşallah, lap dağ kimisən", - deyərdim. "Maşallah günün olsun. Budur sənə deyirəm, inşallah, mən çox yaşayacağam. Lap qocalıb əldən düşənəcən. Hə, elə ki, gördüm o söz, Əzrail bəzi mərdiməzarlar kimi ətrafımda hərlənir, onda balalarımı, nəvələrimi, nəticələrimi, bəlkə də kötükcələrimi yığacağam başıma, əməlli-başlı vəsiyyətimi eləyəcəyəm. Deyəcəyəm ki, heç ağlayıb-eləməyin. Deyin, gülün. Çünki, sizin babanız..."
Qulağımda elə bil uğultu qopdu. Sinəmdəki küt ağrı təkrar olundu. Əlimi ürəyimin üstünə qoyub: "Sən saydığını say, gör fələk nə sayır, - fkirimdən keçirdim, - rəhmətlik heç vəsiyyətini də eləyə bilmədi. Sözü ürəyində qaldı".
Sağ əlimi sinəmin ağrıyan yerində ehmalca gəzdirə-gəzdirə düşündüm ki, axı, deyəsən, heç mənim ürəyim xəstə-zad deyil; ürəyimi ağrıdan, narahat edən orada yığılıb qalan sözlərdir. Övladlarıma, nəvələrimə, məndən sonra gələnlərimə, əslimə, nəslimə, soyadıma deyəcəyim, demək istədiyim sözlər, adi həqiqətlər, nələr, nələr... Bilmirəm, təkcə onu bilirəm ki, ürəyim doludur, boşalmaq istəyir. Əlimi qələmə sarı uzadıram: ömrümdən keçən günləri, ayları, illəri xatırlayıram...
***
Kiçicik bir sudur yer üzündə Kür
Baxsan bu dünyanın xəritəsinə,
Bəs niyə qəlbimdə ümman döyünür,
Mən qulaq asdıqca Kürün səsinə?!
S.Vurğun
II
Kür Salyanda sakit axır, salxım söyüdlərin kölgə saldığı sahil dərin sükuta qərq olur. Və birdən bu əsrarəngiz sükut içində qulağıma səs gəlir, Kürün səsi... Siz heç Kürün səsini eşitmisiniz? Mən çox eşitmişəm. Hər dəfə gözlərimi yumub diqqət kəsilmişəm: mənə elə gəlib ki, çox uzaqlardan qopub gələn bu səs... ulularımın səsidir. Ana Kürün bərəkətli sahillərində yurd-yuva tikən, məskən salan, barlı-bəhrəli bağlar becərən, nəsilbənəsil torpaqla çarpışan, onu göz bəbəyi kimi qoruyan, uğrunda canlarını əsirgəməyən uluların ruhunun səsidir. Uzaqlardan qopub gələn bu səs əks-səda verib susmuş çayın bənzərsiz, həzin nəğmələrinə qarışır...
Dünyaya gözümü Kürün qırağında, baba yurdum qədim Cəngən kəndində açmışam. Kürün suyu, balığı, çörəyi, mer-meyvəsi ilə boy atmışam. Onun qoynunda sapsağlam böyümüşəm. Lap ilk çağlarımdan - qonşunun uşağı çayda boğulanda özüm üçün bir həqiqəti "kəşf" etmişəm: Kür ana kimi mehriban, ata kimi sərtdir. İməkləyə bilməyən çağa anasının qucağında rahatlıq tapır, üzməyi bacarmayan Kürün qoynunda boğulur. Bu sadə, adi həyat həqiqəti erkən çağlarımdan məni yaşıdlarımla birlikdə yayın cırhacırında üzməyi öyrənməyə məcbur edib.
İlk vaxtlar yayda Bala Kürdə (Salyanda Akkuşa çayına deyirlər) çimirdim. Beşinci sinfi bitirib yay tətilinə çıxanda artıq Kürü üzüb keçirdim.
"Qasım suatı" Kürün ən dolğun, enli, Salyanın ən səfalı, bağlı-bağatlı yeri idi. Yaşıdlarımla (bibim oğlu Əkbər, dayım oğlu Hamən, məhəllə uşaqları) hər gün burada doyunca çimər, qarşı sahilə - Kürün o tayına üzüb keçər, futbol oynayar, barlı budaqları suya kölgə salan ağacların mer-meyvəsini yoluşdurub ağzımıza təpər, bağ gözətçisinin hənirtisini eşidən kimi çaya tullanıb geriyə üzərdik. Uşaqlarla mərc gələrdik, bir növ yarışardıq: kim əlini o taya vurub hamıdan tez geriyə - bu taya üzə bilər, üzü üstə, arxası üstə, böyrü üstə, eşmə üsulu ilə. Kim bağ gözətçisinin tolazladığı daş-kəsəyə tuş gəlməmiş, hamıdan tez suya tullanıb o taya birinci keçər... Beləcə uzun yay gününün necə keçdiyindən xəbərimiz olmazdı. Axşamtərəfi üst-başımızı qurudub, heç bir şey olmamış kimi evə dönərdik. Məhəllə uşaqları ilə sözü bir yerə qoyardıq: özümüzü elə aparaq ki, evdə şübhələnməsinlər.
Anam da arxayın idi ki, Kürdə çimmirəm. Bunu dönə-dönə tapşırmışdı. Bilirdi ki, dərslərimi yaxşı oxuyuram. Müəllimlərim, xüsusilə sinif rəhbərimiz məni anama tərifləyirdilər. Anamın da cavabı həmişə belə olurdu: "Niyə də yaxşı oxumasın? Görmür ki, savadsız anası nə çəkir, gözümlə köz götürürəm?" Bu sözlər məni yaman təsirləndirirdi. Başa düşürdüm ki, əlacım oxumaqdır, özü də lap yaxşı, əla. İntizamlı idim. Yalanla aram yox idi. Anam bunu yaxşı bilirdi. Ancaq bilmirdi ki, bircə "Kür məsələsində" işləri "korlamışam". Bu "sirrdən" çox gec xəbər tutdu. Artıq universitetin tələbəsi idim. Yay tətilinə gəlmişdim. Anam düz gözlərimin içinə baxıb eşitidiyinə inanmırmış kimi ehtiyatla soruşdu. Pərt olub nəzərlərimi gözündən çəkdim. Məni möhkəm-möhkəm qucaqlayıb doluxsundu: "Allahın mənə yazığı gəlib. Özündən muğayat ol!" Sonralar anamın namaz üstə dualarını dəfələrlə eşitmişəm: "İlahi, mənim bircə balamı özün qoru, xatadan-bəladan, oddan-sudan".
Kürlə bağlı xatirələrim mənim tərcümeyi-halımdır, unudulmaz çağlarımdır, mənə çox əzizdir. Yeri düşəndə yaxınlarıma, mərhəmlərimə, "Kürdən su içənlərə" danışıram.
Bir dəfə necə oldusa söz-sözü çəkdi, qayınatamgildə bu barədə danışdım. Hədsiz hörmət bəslədiyim, dünya görmüş rəhmətlik Şamil müəllimin gözləri güldü: "Bizim Qazaxda Kür Salyanda - Muğanda olduğu tək sakit deyil. İsmayıl Şıxlının yazdığı kimi "Dəli Kür"dür. Elə bizim Salahlını da neçə dəfə yuyub-aparıb..."
Şamil müəllimin Kür söhbətini sərin bulaq suyu kimi içdim. Məlum oldu ki, kişi lap balaca vaxtından hələ üzməyi öyrənməmiş Kürü keçib. Özü də necə? Kürü keçən camışların quyruğundan yaşıdları ilə birlikdə tuta-tuta. Beləcə öyrənib üzməyi. Sonralar cəbhədə ən yaxşı üzgüçülərdən biri olub...
Söhbətinin axırında Şamil müəllim dedi: "Kür üçün yaman darıxmışam, a bala. Bircə onu görsəydim..."
Tale elə gətirdi ki, Şamil müəllim Salyana gəldi. Söhbət edə-edə onu öz istəyilə Kür qırağına gətirdim. Kişi doğma çayı görən kimi büsbütün dəyişdi. Sevincindən yanağında yaş gilələndi. "Salam, a Kür", - deyə ucadan səsləndi. Qollarını yana açıb sakit-sakit axan sulara sarı uzatdı. Sanki Kürü qucaqlamaq istəyirdi. Elə beləcə mənə tərəf qanrılıb boynumu qucaqladı: "Sağ ol, a bala, yaman yaxşı iş gördün. Yaman həsrətindəydim Kürün".
Ana Kür axıb keçdiyi, insanlara bar-bəhər, bərəkət, min bir nemət bəxş etdiyi hər yerdə gözəldir: əvəzsiz, qənirsiz, əsrarəngiz, qüdrətdən yaranmış sehrli gözəl, ulu Vaqifin vəsf etdiyi əsil seyrəngah...
...Gözəl yaz günlərinin birində oğlum Səmədlə dədə-baba yurdumuz Cəngən kəndinə, əmim oğlu Səfərgilə qonaq getmişdik. Sübh çağı oyanıb ata-bala Kürün axar-baxarlı sahilinə gəldik. Ətraf sükut içində idi. Sanki Kür də bu əsrarəngiz sakitliyi pozmaq istəmir, salxım söyüdlərin kölgə saldığı sahilinə sığal çəkirmiş kimi səssiz-səmirsiz axırdı. Lap diqqətlə baxanda adama elə gəlirdi ki, çayın suyu axmır, yaz səhərinin tərtəmiz səmasını güzgü kimi özündə əks etdirən, ətrafı yaşıllıqla haşiyələnmiş nəhəng bir tablonu xatırladır.
Birdən bu sükutu qəfil səs pozdu:
- Kəlbə Bəşir gicovunda balıq tutdular.
Səs gələn tərəfə döndük. Suya qırmaq atan iki cavan oğlan söhbət edirdi. Onlardan uca boylusunun əli ilə göstərdiyi qarşı sahildə doğrudan da tora balıq düşmüşdü. Səməd sual dolu nəzərlərlə mənə baxdı. Başa düşdüm ki, oğlumu balıqdan çox, indicə eşitdiyimiz "Kəlbə Bəşir gicovu" sözləri maraqlandırır. Mən ona qarşı sahildə çaya tor atan balıqçıların üstündə dayandıqları kiçik yarımadanı xatırladan qaya çıxıntısını göstərdim. Sivri xəncər kimi çaya soxulmuş qaya çıxıntısı suyun qarşısını kəsərək burulğan əmələ gətirirdi. Cəngənlilər burulğana "gico" deyirlər. Orada çimmək xatalıdır, burulğan adamın başını gicəlləndirir, üzməyi yaxşı bilməyənləri batırır. Çayın belə dərin, burulğanlı yerində balıq çox olur. Köhnə kişilər söyləyirlər ki, buranın sahibi rəhmətlik ulu babamız Kərbəlayi Bəşir olub. O, qardaşı Allahverənlə birlikdə Kürün bu axarlı-baxarlı, barlı-bəhrəli sahilində yurd salıb. ("Türk xalqlarının tarixi" kitabında göstərilir ki, Cəngən qədim türk tayfalarından birinin adıdır. Salyanda olduğu kimi Azərbaycanın bir çox yerlərində, o cümlədən uzun illər işlədiyim Cəlilabadda da bu adda kənd var).
Var-dövlət sahibi olan hər iki qardaş el içində böyük hörmət-izzətə malik idi. Bəşir yüzbaşı, Allahverən kəndxuda olub, xalq arasında sayılıb-seçiliblər, təsərrüfat işlərini yaxşı biliblər. Eyni zamanda kənd əhli ilə dil tapmağı, adamları səfərbər etməyi bacarıblar. Onlar kəndin evlərini Kürdən müəyyən qədər aralı, bir cərgədə tikdiriblər. Kürlə evlərin arasında bağlar saldırıblar. Bağların hər iki tərəfindən Kürə qədər dərin, enli arx qazdırıblar. İndi də köhnə cəngənlilər deyirlər ki, "bağlarının ayağı Kürə çıxır, Kürdən su içir". Həqiqətən də belədir: yazda çayın səviyyəsi qalxanda arxlar dolur, ağaclar su içir, aralıda və nisbətən hündürdə tikilən evlərə isə ziyan dəymir.
(ardı gələn şənbə sayımızda)