Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərində yeni mərhələnin təməli oldu

Məşhur Məmmədov
Milli Məclisin deputatı
15 iyun 2021-ci il Azərbaycanın müasir tarixində mühüm bir dönüm nöqtəsinin tarixidir. Məhz həmin gün Azərbaycanın mədəniyyət beşiyi qədim Şuşa şəhərində azadlığın və Zəfərin simvoluna çevrilmiş bu müqəddəs torpaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Bu sənəd yalnız iki qardaş ölkə arasında strateji münasibətlərin zirvəsi deyil, həm də bölgədə yeni geosiyasi nizamın əsasını qoyan tarixi aktdır.
Şuşa Bəyannaməsinin ruhu tarixdən gəlir. Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərində yeni mərhələnin təməli oldu. Bu Bəyannamə ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün mirasına sadiqliyin göstəricisidir. Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, ulu öndər Heydər Əliyevin isə “Biz bir millət, iki dövlətik” fikirləri bu sənədin fəlsəfi və ideoloji dayağına çevrilmişdir. Ölkə rəhbəri İlham Əliyevin dediyi kimi, “biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannəməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk”.
Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin yalnız siyasi və hərbi deyil, bütün strateji sahələri – iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, təhsil, mədəniyyət, ordu quruculuğu və diplomatiyanı əhatə edən bir sənəddir. Daha doğru ifadə etsək, bu, sadəcə bir Bəyannamə deyil, bu, ortaq gələcəyə verilən imzadır. İki dövlətin birgə maraqlarını təmin edən hüquqi və siyasi baza kimi çıxış edən sənəd bölgədə sabitlik və əməkdaşlıq üçün etibarlı zəmin formalaşdırır.
Şuşa Bəyannaməsinin məhz Şuşada - Qarabağda imzalanması Qalib Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsinin, siyasi qətiyyətinin və strateji düşüncəsinin nəticəsidir. 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər təkcə torpaqlarımızın azadlığı deyil, həm də regionda yeni reallıqların formalaşdırılması idi. Prezident İlham Əliyev bu reallıqları peşəkar diplomatiya ilə Şuşa Bəyannaməsi ilə hüquqi və diplomatik çərçivəyə saldı.
İkinci Qarabağ müharibəsində Azərbaycanın gücünü nümayiş etdirən müasir hərbi texnologiyalar – xüsusilə pilotsuz uçuş aparatları – Türkiyə ilə hərbi əməkdaşlığın effektivliyinin bariz nümunəsi oldu. Artıq bu əməkdaşlıq daha da genişlənərək, müdafiə sənayesi, ortaq hərbi təlimlər və qarşılıqlı hərbi yardım kimi sahələri də əhatə edir. Bu, gələcəkdə istənilən təhdidə qarşı birgə müdafiənin təminatıdır.
Bəyannamədə xüsusi yer tutan Zəngəzur dəhlizi layihəsi Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirir. Bu dəhliz yalnız iki ölkəni deyil, Türk dünyasını birləşdirəcək mühüm bir arteriya kimi çıxış edir. Şərqdən Qərbə uzanan yeni nəqliyyat və iqtisadi yolun açılması regional inteqrasiyanın, strateji sabitliyin və iqtisadi əməkdaşlığın genişlənməsinə təkan verir.
Şuşa Bəyannaməsi iqtisadi baxımdan da önəmlidir. Hər iki ölkənin qarşılıqlı investisiya təşəbbüsləri, azad olunmuş ərazilərdə birgə layihələr və sərmayələr regionun inkişafına yeni nəfəs verir. Xüsusilə Şuşa və ətraf ərazilərin turizm imkanlarının reallaşdırılması, bu bölgənin həm iqtisadi, həm də mədəni cəhətdən dirçəlməsini təmin edəcək.
Bəyannamədə əksini tapan müddəalar Ermənistanın revanşist dairələrinə də mühüm mesajdır. Türkiyə açıq şəkildə bildirir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı istənilən təhdid Ankara üçün də qırmızı xətdir. Bu, regional sülh və təhlükəsizlik üçün mühüm zəmanət hesab oluna bilər.
Bəyannamənin imzalanmasından sonra hər il 15 iyun tarixində Şuşada keçirilən beynəlxalq konfranslar sənədin nə qədər dərin məna daşıdığını göstərir. Bu tədbirlər həm Şuşa Bəyannaməsinin ideoloji təbliği, həm də onun icrasının siyasi monitorinqi üçün mühüm platformaya çevrilmişdir.
Hazırda Azərbaycan müttəfiqlikdən strateji birlik mərhələsinə qədəm qoyub. Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə arasındakı münasibətlər tarixi birliyə əsaslanaraq strateji ittifaq səviyyəsinə yüksəlib. Bu sənəd iki dövlətin gələcək əsrlərə uzanan birliyinin hüquqi əsasını, siyasi iradəsini və hərbi-siyasi təhlükəsizliyini təmin edir. Prezident İlham Əliyev bu Bəyannamə ilə özünü təkcə Zəfər Sərkərdəsi kimi deyil, həm də bölgənin gələcəyini müəyyən edən strateq lider kimi tarixə yazdırdı.
Digər Xəbərlər

Hikmət Hacıyev Yaroslav Zajiçek ilə görüşüb

Zakir Həsənov İrana başsağlığı verdi

Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı

Kim düşünürsə ki, parlament notariusdur, yanılır - Deputat

XİN İsraildə olan Azərbaycan vətəndaşlarına MÜRACİƏT ETDİ

"Azərbaycan borc verən dövlətə çevrilib" - Siyavuş Novruzov

XİN-dən İrandakı Azərbaycan vətəndaşlarına müraciət - Bu ərazilərə getməyin!
