ŞÜKÜRBƏYLİ SAKİNLƏRİ DOĞMA YURDA QAYITDI
Dünyanın elə bir yeri yoxdur ki, orda insanlar özlərini tamamilə xoşbəxt və rahat hiss etsinlər. Xoşbəxtlik və rahatlıq o vaxt yaşanır ki, sən öz yurdunda, öz yuvanda, öz ocağında ömür sürürsən. Ətrafındakı qohumlarına, əzizlərinə baxıb sevinirsən. Əlbəttə, bu sevinci yaşamaq və bu sevinci görmək heç də hər kəndə, hər elə, hər obaya qismət olmur. Amma neyləmək olar ki, yağı düşmən 1993-cü ilin avqustunda bütün qarabağlılar kimi, Cəbrayıl rayonunun Şükürbəyli kəndinin sakinlərini də pərən-pərən saldı. O sakinlər ki doğma yurddan çıxanda heç nələrini götürə bilmədilər, ayaqyalın, başıaçıq canlarını güc-bəla ilə xilas etdilər. Hələ bəziləri də ermənilərin atdığı mərmidən, raketdən şəhid oldular.
Heç şübhəsiz, bu anları yaşamaq, bu anları görmək çox ağır idi. Əgər göydən mərmi, raket yağırsa təbii ki, hamı öz canının hayında olur və o anları, o dəqiqələri görmək və yaşamaq sözün həqiqi mənasında çox ağır və çətindir. Çünki bir jurnalist olaraq 1993-cü il avqustun 23-də mənim özüm də Cəbrayıl və Füzuli istiqamətində idim. Ən azından həmin günlər mənim də doğmalarım öz yurd yerindən pərən-pərən düşmüşdü. Ata oğulun köməyinə çata bilmirdi, ana da övladının. O günlər gedib gəlməsin. İndiyə qədər yaxşı yadımdadır, Bəhmənlidən keçən yola atılan mərmi bizim kənddən çıxmaq istəyən bir ailənin maşınının yanına düşdü və İnqilab kişinin övladlarından biri həlak oldu. Gözü yaşlı və faciə içində o geri qayıdıb doğma balasını Bəhmənli qəbristanlığında dəfn elədi və sonradan ağlaya-ağlaya üzü Bakıya yol aldı…
Heç şübhəsiz, həmin dərdin-ağrının içində bütün məcburi köçkün və qaçqınlar kimi Cəbrayıl rayonunun Şükürbəyli kəndinin sakinləri də nə az-nə çox, otuz ildən artıq əzablı günlər yaşadılar. O əzablı günlərin içində ağrı-acı ilə yanaşı, bir ayrılıq, bir həsrət, bir dərd də var idi. Həm Vətən dərdi, həm də başqa yerdə məskunlaşmış və elə də şəraiti olmayan insanların xəstələnərək, ya da fikir-zikirdən dünyasını dəyişməsi. Xüsusən də yaşlı nəsil bu ayrılığa dözə bilmirdi. Amma bir qaranlıq günün işıqlı bir sabahı da vardı. Və o işıqlı sabah 2020-ci ilin sentyabrın 27-də gəldi.
Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ermənilərə qarşı əks-hücuma keçdi. Və 44 gündə ordumuz möhtəşəm bir qələbə qazandı və 200 ildən sonra Azərbaycan tarixində yeni bir qızıl səhifə yazıldı. Başqa sözlə demiş olsaq, erməni işğalı altında olan bütün ərazilərimiz – şəhərlərimiz, qəsəbələrimiz, kəndlərimiz hamısı azad olundu. Qısa bir zaman kəsiyində azad olunmuş rayonlarda çox möhtəşəm tikintilər, quruculuq işləri və böyük proqramlar həyata keçirilməyə başlandı. Artıq həmin ərazilərdə bütün infrastruktur yaradıldı, yeni yaşayış binaları tikildi, sosial obyektlər inşa olundu, məktəblər, xəstəxanalar, uşaq bağçaları istifadəyə verildi.
Aydındır ki, belə quruculuq işləri Cəbrayıl rayonunda da geniş vüsət aldı. Bir-birindən gözəl, möhtəşəm yaşayış binaları inşa olundu. Artıq bir ildən çoxdur ki, həmin yaşayış yerlərinə insanlar qayıtmağa başlayıblar.
Belə yeni salınmış yaşayış məntəqələrindən biri də Cəbrayılın Şükürbəyli kəndidir. O Şükürbəyli kəndi ki ermənilər orda daşı daş üstə qoymamışdılar, yandırdıqlarını yandırmışdılar, söküb apardıqlarını da daşıyıb dostlarına satmışdılar. Mənim özüm 1991-92-ci illərdə dəfələrlə bu kənddə olmuşam və polis rəisi ilə bu kənddə olan döyüşlərdə iştirak etmişəm. Çox gözəl və möhtəşəm bir kənd idi. Daşı daş üstə qalmayan bu kənddə son bir neçə ildə qısa zaman kəsiyində çoxlu sayda yaşayış binaları, sosial obyektlər, məktəb, uşaq bağçası tikilərək istifadəyə verilib. Artıq Şükürbəyli sakinləri Böyük Qayıdış proqramına uyğun olaraq öz doğma ocaqlarına dönüblər. İndi burda 46 ailə və ümumilikdə 223 sakin yaşayır.
Onların sevincinə şərik olmaq üçün tanımadığım bir qapını döydüm. Dedim görək onu üzümüzə kim açacaq. Döydüyümüz qapını üzümüzə açdılar və bizi sevinclə qarşıladılar. Məlum oldu ki, bu evin sahibi Qurban Əhmədovdur. Qurban kişi diqqətlə mənə baxdı, dedi sizi hardasa görmüşəm. Elə onun da çöhrəsi mənə tanış gəldi. Qısa söhbətdən sonra biz bir-birimizlə tanış çıxdıq. O da aydın oldu ki, 1991-92-ci ildə mən bu kənddə olarkən polislərlə bir yerdə onunla çörək kəsmişik. Hər şeyi xırdalığına qədər danışdı, hətta döyüşən polislərin bir neçəsinin də adını çəkdi. Gördüm onların adını çəkəndə gözləri dolur. Sən demə, həmin polislərin üçü şəhid olubmuş, bir neçəsi isə yaralanıbmış. O, dərindən köks ötürdü və dedi ki, bax, biz o şəhidlərin hesabına gəlib burda məskunlaşmışıq, evimizə dönmüşük. Şükür Allaha, mənə üçotaqlı mənzil veriblər. Oğlum və nəvələrimlə bir yaşayırıq. Hər səhər açılanda Allaha və prezidentimizə, şəhidlərimizə, qazilərimizə dua edirəm. Dua edirəm ki, ölmədim, bu günü də gördüm və öz Vətənimə qayıdıb yaşayıram. Bundan gözəl nə ola bilər? Buranın çox təmiz havası, suyu var. Torpağı da həddindən artıq bərəkətlidir, Gələn kimi beli götürüb beş-altı ağac əkdim, indi maşallah, yavaş-yavaş onlar böyüyürlər. Bir də görəcəksən ki, gələn il bar verdi.
Qurban kişinin oğlu Cəfərlə də tanış oldum. Cəfər dedi ki, biz hamımız Şükürbəyli üçün darıxırdıq, amma dədəm hamımızdan çox darıxırdı. Deyirdi ki, qərib yerdə ölmək istəmirəm. Qaçqın qaldığımız mənzildə dədəm tez-tez xəstələnirdi, amma bura gələndən bir gün də naxoşlamır. Səhər saat beşdən yuxudan qalxır, həyətə düşür və həyət-bacada əkdiyi ağaclara, güllərə-çiçəklərə su verir. Biz indi hamımız çox xoşbəxtik. Ən azından ona görə ki, özümüzün qəşəng ev-eşiyimiz, rahat həyət-bacamız var, bundan gözəl nə ola bilər? Neçə qonaq gəlsə qarşılaya bilərik. Bir daha bu günü bizə qismət edən Cənab Prezidentimizə və Ordumuza minnətdarıq. İndi biz özümüzü burda çox xoşbəxt, daha rahat hiss edirik!
Emil Faiqoğlu
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər Xəbərlər
16 Iyul 2026 10:45
Naxçıvanda ilk "Fermer" İstehsal-İstehlak Qadın Kooperativinin təqdimatı keçirildi
10 Iyul 2026 20:11
“XXI Əsrin Qadınları” İctimai Birliyinin layihəsinin yekun tədbiri Ağsuda keçirilib
10 Iyul 2026 09:00
YENİ GÜNƏŞLİDƏ ŞAM AĞACLARI QURUYUR?
07 Iyul 2026 17:00


Bakı -°C

