adalet.az header logo
  • Bakı -°C
14 Mart 2026 09:24
64
ANALİZ
A- A+

Strateji inkişafın bariz nümunəsi

Tərəfdaşlıq və qarşılıqlı əməkdaşlıq dövlətlərin strateji inkişafının əsas amillərindəndir. Enerji,nəqliyyat-loqistika və digər sahələrdə olan əməkdaşlıqlar ölkəmiz ilə yanaşı eyni zamanda regionun inkişafı üçün də zəruridir. Bu baxımdan Azərbaycan ilə Avropa İttiqafı əlaqələri mühüm əhəmiyyət kəsb edir. Martın 11-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında keçirilən görüş bu strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Görüş zamanı tərəflər iqtisadi, enerji və regional təhlükəsizlik sahələrində qarşılıqlı maraqlara əsaslanan layihələrə dair geniş fikir mübadiləsi aparmış, birgə mətbuat bəyanatı ilə əməkdaşlığın fəal mərhələdə olduğunu təsdiqləmişlər.

Son illərdə Avropa institutları ilə əlaqələrin intensivləşməsi siyasi dialoqun daha sistemli və davamlı xarakter aldığını göstərir. Müxtəlif səviyyələrdə keçirilən görüşlər, qarşılıqlı səfərlər və aparılan müzakirələr tərəflər arasında qarşılıqlı etimadın daha da möhkəmləndiyini nümayiş etdirir. Xüsusilə Avropa Komissiyası nümayəndələrinin son dövrlərdə regiona ardıcıl səfərləri əməkdaşlığın genişlənən gündəliyini aydın şəkildə göstərir. Bu münasibətlər yalnız diplomatik dialoqla məhdudlaşmır.

2026-cı ilin yanvar ayı üzrə statistik göstəricilər sübut edir ki, ticarət dövriyyəsinin təxminən 50 faizi Avropa İttifaqı ilə bağlıdır. Bu amil Avropa İttifaqının region üçün əsas ticarət tərəfdaşı olduğunu açıq şəkildə təsdiqləyir. Eyni zamanda, qarşılıqlı sərmayələr və yeni layihələrin həyata keçirilməsi iqtisadi əməkdaşlığın daha da dərinləşdiyini göstərir. Bu proses yalnız iqtisadi fayda yaratmaqla kifayətlənmir, regionda yeni inkişaf perspektivlərinin formalaşmasına da imkan verir.

Tranzit əlaqələrinin genişlənməsi yalnız iqtisadi əməkdaşlığı deyil, həm də regional sabitliyi və qarşılıqlı etimadı möhkəmləndirən amillərdən biri kimi dəyərləndirilir. Birgə bəyanatda regional təhlükəsizlik və sülh məsələləri də mühüm yer tutur. Regionda sülh mühitinin formalaşması yeni əməkdaşlıq imkanları yaradır. Ermənistanla paraflanmış sülh sazişindən sonra regionda yeni reallıq yaranıb və bu proses artıq iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsinə şərait yaradır. Ticarət əlaqələrinin bərpası, tranzit məhdudiyyətlərinin aradan qaldırılması və enerji məhsullarının təchizatı kimi addımlar sülhə real töhfə verən praktik addımlar kimi səciyyələndirilir. Siyasi iradə və sülhə sadiqlik regionun gələcəyi üçün əsas şərt olaraq göstərilir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, 2023-cü ilin sentyabrından Ermənistanla son qanlı hərbi toqquşmadan 2025-ci ilin avqustunda sülhə nail olmağımızdan iki ildən az vaxt keçir: “Düşünürəm ki, əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığına dəlalət edən ən yaxşı göstəricidir. Sülhdən yaxşı heç nə ola bilməz. İnanın mənə, müharibə şəraitində yaşamağın və ya müharibə etməyin nə olduğunu bilirik. Ona görə bizim kimi ölkələr, ola bilsin, sülhü hər hansı digər ölkədən daha çox dəyərləndirir. Bir sözlə, gündəliyimiz həqiqətən çox genişdir”.

Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın görüşündə regional təhlükəsizlik və nəqliyyat məsələləri çoxşaxəli və strateji inkişafın bariz nümunəsidir.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı