adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

STANDARTIN HAKiMLiYƏ NƏ DƏXLi VAR?..

283964 | 2008-01-24 00:22
Deyirəm vallah, bizim çörəyimizin duzu yoxdu. Kimə yaxşılıq eləyirik, süfrəmizin başında oturduruq, kimi iş-güc sahibi eləyirik... qayıdıb bizim ayağımızın altını qazır. Fürsət tapanda lap arxadan kürəyimizə xəncər saplayır, bizi el içində biabır etmək istəyir. Nə edəsən, dərdini kimə deyəsən? Qalmışıq naçar. İndi həlli çox vacib olan bir məsələni hörmətli oxucularımızın nəzərinə çatdıracağam, qoy onların da qanı qaralsın. Bəlkə kimsə bu müşkülün əlacını tapa.
   
   Oxuduqlarımdan, öyrəndiklərimdən bilirəm ki, 2002-ci ilin aprel ayınadək Avropa İnsan Haqları Məhkəməsinin bütün işçiləri, yəni hakimlərindən tutmuş "uborşiça"sınadək bekarçılıqdan ağızları ilə milçək tuturdular. Hamı gözləyirdi ki, nolaydı üç-beş şikayət ərizəsi gələydi, onlar da oturub həmin işi araşdıraydılar. Vəziyyət belə idi. Həmin vaxt düşünürdüm ki, belə getsə yəqin Avropanın başbilənləri "vobşe" bu qurumu bağlayacaqlar. Çünki boş-bekar adamlara nə qədər maaş verməliydilər ki?
   
   Sağ olsun Azərbaycanın əhalisi. Ölkəmiz 2002-ci ilin aprel ayında Avropa Konvensiyasına qoşulandan sonra Avropa Məhkəməsi, necə deyərlər, lap arı pətəyinə dönüb. Respublikamızdan buraya o qədər şikayətlər, müraciətlər daxil olur ki, ərizələri "oçretə" qoyurlar. Və bu "oçret"lər o qədər uzun olur ki, adamlar növbələrinin çatması üçün illərlə gözləyirlər. Mən şikayətçi tanıyıram ki, özü ölüb gedib (Allah rəhmət eləsin) amma ərizəsi hələ də "oçret" gözləyir. Oradan xəbər göndəriblər ki, naraht olmayın ərizə bizdədi, vaxtı çatanda baxılacaq. Sağ olsunlar, yaxşı ki, şikayətçilərə laqeyd yanaşmırlar.
   
   İndi bizim camaatın hesabına bekarçılığın daşını bir kənara atan bu Avropa Məhkəməsi bizi bəyənmir. Belələrinə nə deyəsən? Yəni Avropa Şurası Parlament Assambleyasının hüquqi məsələlər və insan haqları komissiyasının hakimliyə namizədlərin seçimi ilə məşğul olan alt komitəsi Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycanın göndərdiyi hakimliyə namizədlərin siyahısını geri qaytarıb. APA məlumat yayıb ki, alt komitənin rəhbəri Andrev Drzemjevski bizim hakim siyahımızın standartlara uyğun gəlmədiyini söyləyib və kağız-kuğuzumuzu geri qaytarıb.
   
   Familyası adamın dilinə də düz-əməlli yatmayan bu Drzemjevski görəsən "qarantiya" durarmı onların hakimləri bizim "standartlara" cavab verir, yoxsa yox? Yüz faiz əminəm ki, heç bir avropalı hakim gəlib bizdə heç bir il də hakim işləyə bilməz. Ya başı xarab olar, ya bağrı çatlayar, ya da hakimliyə birdəfəlik tövbə deyər. İndi nə təhər olur, bizimkilər onların standartına uyğun gəlməlidi, onların hakimləri bizim standartımıza uyğun gəlməməlidi? Bəs bu məhkəmənin adı İnsan Haqları Məhkəməsi döyül? Hanı bu məsələdəki insan haqları?
   
   Düzü, bizim standart məsələmizin əskisi bir az tüstülüdü. Yəni son vaxtlar məlum olub ki, ölkəninin milli standartları qaydasında döyül. Sən demə biz uzun illərdi ki, standartsız yaşayırmışıq. Standart da olmayanda adam enin, uzunun hesabını bilmir, ağzına nə gəldi danışır, Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Əlinin başına qoyur. Papaq da dəyişik düşəndə standart bir yana qalsın, ümumiyyətlə aləm qarışır biri-birinə.
   
   Drzemjevski bildirib ki, bu siyahını aparın təkmilləşdirin. Yəni standarta uyğunlaşdırın. Ayə, mən başa düşə bilmirəm ki, biz hakimlərin harasını və nəyini təkmilləşdirməliyik? Əgər hakimlərimiz təkmil döyülsə, bəs onlar buralarda necə hakim işləyirlər? Belə çıxır ki, bizim insanlarımızın işinə qeyri-təkmil hakimlər baxır? Ayıb olsun o Drzemjevskiyə. Ayıb olsun ki, bizim hakimlərə yuxarıdan aşağı baxır.
   
   Düşünürəm ki, Drzemjevskini və başqalarını yerində oturtmaq üçün biz də mütləq bir addım atmalyıq. Qoy görsün ki, kim kimdir. Biz də adamlarımıza deyərik ki, Avropa Məhkəməsinə daha məktub göndərməyin, ölün öldüyünüz yerdə. Görüm onda orada işləyənlər nə işlə məşğul olacaqlar. İşləri də olmasa böyüklər götürüb Avropa Məhkəməsini bağlayacaqlar, onları qoyacaqlar düzdə. Avropalılar da bizim kimi döyül ha pullarının qədrini bilməsinlər. İş olmadı "fisyo" ora haradısa bağlayacaqlar. Mənə elə gəlir ki, bir də bizim işlərimizə mız qoysalar, mütləq onları cəzalandırmalıyıq.

TƏQVİM / ARXİV