adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

ULDUZLARIN PROBLEMi BiZLiK DEYiL...

11959 | 2008-01-15 03:32
Dünyanın qəribə-qəribə işləri bitmir ki, bitmir. Özü də nəyə görəsə ən qəribə işlər bizim ölkəmizdə daha çox baş verir. Deyirəm super dövlətlərlə müqayisədə ərazisi çox balaca bir ölkə olasan, amma qəribə işlərə görə urusları, amerikanları, çinliləri ötüb keçəsən. Vallah, bunun özü də bir fərasət istəyir. Çünki qəribə olmaq elə də asan məsələ döyül.
   
   İran nüvə silahı qayırmaq istəyir, Türkiyə terrorun dibini birdəfəlik qazmaq üçün çox böyük əməliyyatlar keçirir, Amerika dünyanın neft mənbələrini ələ keçirmək üçün yeritdiyi böyük siyasətlərini daha da gücləndirir, uruslar həm Qafqazda, həm də Avropada itirdikləri hegemonluqlarını bərpa etmək üçün çalışır, Çin iqtisadiyyatı ilə Qərbə meydan oxuyur, Avropa ölkələri lap yaxşı inkişaf etmək üçün birləşirlər... tay nə bilim nələr. Amma camaat qoymur ki, biz də bu cür işlərlə məşğul olaq. Çünki elə bizimkilər ha hazırlaşır ki, bir zad icad eləsin,(Allah Mirzə Cəlilə qəni-qəni rəhmət eləsin!) baxırsan ki, əhali cürbəcür problemləri yıxdı hökumətin çiyinlərinə. İcad-filan yaddan çıxır. Demirlər ki, insaf da dinin yarısıdı.
   
   Dünən qəzetlərin birində oxuyuram ki, paytaxt sakinləri narazılıq eləyirlər ki, qar niyə gec əriyir. Mütəxəssis də cavab yazıb ki, qışda yağan qarlar adətən gec əriyir. Bu narazlıq eləyənlərdən soruşasan ki, ə, nolar qar gec əriyəndə? Sizə onun nə "meşatçılığı" var? Qardı da, qoy dursun küçələrdə. İndi deyirsiniz hökumət işini gücünü buraxıb qarı əritməklə məşğul olsun? Ayıbdı axı.
   
   Hələ bu qar məsələsi yaxşıdı, bəzən adam elə şeylərə rast gəlir ki, tükləri ürpə qalxır. "Olaylar" İA bir xəbər yayıb ki, Şamaxı Rəsədxanası pis vəziyyətdədir. Rəsədxananın direktoru Əyyub Quliyev məlumat verir ki, rəsədxananın istilik sistemi işləmir. Nəmişlik avadanlıqlarda problemlər yaradıb. Belə-belə zadları oxuyanda dilxor olmayasan neyləyəsən? Deyirəm dünya nə haydadır, bunlar nə hayda. Əyyub müəllim, nolar Rəsədxananın istilik sistemi pis işləyəndə? Ulduzları soyuqda seyr eləmək olmur bəyəm? Ulduz mütləq isti şəraitdə seyr edilməlidi? Əgər nəmişlik avadanlıqlar üçün problem yaradıbsa, götürün avadanlıqları bir quru yerə qoyun. İnşallah, yayda çıxarıb işlədərsiniz. Özü də mən biləni yayda ulduzları seyr etmək daha asandı, çünki yağış yox, qar yox, sakit havada nə qədər istəyirsən bax.
   
   Əyyub müəllim elektrik enerjisinin də Rəsədxanaya fasilələrlə verildiyini bildirir. Əşi, ilin-günün bu vaxtında bu elektrik sizin nəyinizə lazımdı? Əgər teleskopların hərəkətə gətirilməsini əngəlləyirsə, siz də hələlik teleskop hara tuşlanıbsa oradakı ulduzlara baxın. Hökm döyül ki, bütün günü teleskopu elədən-belə, belədən-elə hərləyəsiniz. Bilmirsiz ki, belə bir vaxtda heç "parnik" saxlayanlara tok çatdırmaq olmur?
   
   Əyyub müəllim, yaxşı olar ki, payız, qış aylarında Rəsədxananı bağlayın, ulduzları seyr etməyin. Onsuz da milyon illərdi o ulduzlar orada durub, yəqin ki, hələ milyon illər də duracaq. Nə əskiləcək, nə də artacaq. Onlara heç nə olası da döyül. Bir də ki onsuz da o biri dövlətlərdən ulduzların hər saniyəsini müşahidə edirlər. Qorxmayın, əgər bir problem-zad yaransa, onlar bir vay-şivən salacaqlar ki, hamı ilə bərabər bizlər də xəbər tutacağıq. Tay ondan ötrü bu qədər narahatçılıq keçirmək, qaz, işıq işlətmək, hökumətimizi narahat etmək, problemlərin sayını artırmaq lazım deyil.
   
   Mənə elə gəlir ki, içərisinə düşdüyünüz problemlərdən ən yaxşı çıxış yolu Rəsədxanının yerini bir turist firmasına satmağınızdır. Satsanız orada bir "turbaza" tikərlər, istirahətə gələn xarici qonaqların kefi ulduzlara baxmaq istəyəndə oturub baxarlar. Turistlər yatmağa gedəndə gecələr siz də gedib ara-sıra ulduzlara baxa bilərsiniz. Öz aramızdı, hansı istirahət zonasında rəsədxana var? Heç bir yerdə. Əgər bunu eləsək, bizi dünyada barmaqla göstərəcəklər.
   
   Ya da ən rahatı Rəsədxanın ərazisini tikinti firmalarına satın. İndi onsuz da harada boş yer var, orada bir "göydələn" tikirlər. Şamaxı da ölkəmizin ən səfalı guşələrdən biri olduğuna görə Bakıda işləməkdən yorulanların hərəsi o tərəflərdə özünə üç-dörd villa tikdirib. Yəqin bir azdan oralarada da o gözəlimiz "göydələnlər"in tikintisi tüğyan edəcək. Yaxşı olar ki, həmin firmaların birinə Rəsədxanının yerini satın, "doqovaritsa" da eləyin ki, tikinti qurtarandan sonra Rəsədxanının "aparatura"sını sizin üçün yerləşdirsinlər "göydələn"in təpəsində". İşığı, istiliyi də binadan alın. Nə nəmişlik, nə elektrik məsələsi sizi narahat eləməsin. Problemləriniz də birdəfəlik bitsin. Özü də yerə nisbətən ora ulduzlara daha yaxın olduğu üçün göy üzünü daha yaxşı, daha rahat seyr edə bilərsiniz. Yoxsa başlamısınız, nəmişlik avadanlıqları xarab elədi, işığımız yoxdu, istilik sistemi xarabdır... tay nə bilim nələr. Belə qəribə-qəribə işlər, qəribə-qəribə adamlar var ey, nə qoyub, nəyi axtarırlar...
   
   

TƏQVİM / ARXİV