adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
29 Mart 2024 17:23
1702
ƏDƏBİYYAT

Sözün dünyasından süzülən işıq

Bəşər sözlə başlayıb – bəşərin ilki sözdü. İşıq kimi, nur kimi yaradılanlara yol göstərib. Ona görə min illərlə söz də ucalıq mərtəbəsində yaşadılıb, sözü ucalıqlara bayraq edənlər də. Sözün Dədə Qorqud ucalığından Azərbaycan dünyası elə gözəl görünür ki! Azərbaycan- mayəsi də, qayəsi də nur olan diyar dünyanı sözüylə də heyrətə gətirirdi; “Axar suların qurumasın!”, “Torpa­ğın quzulamasın!”, “Sözünün üstünə, kölgə düşməsin!” kimi alğışlar harda eşidilib? Dədə Qorqudluq təyinini belə alğışlar, belə alğışlara taraz deyimlər yaradıb. Dünya bunu da bəşərilik zərrəsi bilib...

Vahid Aslan 1972-ci il sentyabr 29-da  Gədəbəy rayonunun Parakənd kəndində anadan olub. AYB-nin və AJB-nin üzvüdür. “Yaşıl sevgilər”, “Tənhalıq əlində”, “Məhəbbət müqəddəsdir”, “Bənövşə ömrü”, ”Daşlar çiçəkləyəndə”, “Riyaziyyat və Poeziya”, “Əkiz ruhlar”, “Tanrıya dualarla”, “Yağış havası”, “Gədəbəy rayonunun şəhidləri”, “Gədəbəydə doğulan şairlər”, “Ürəyim söz yuvasıdı”, “Ləyaqət simvolu” adlı kitabların, 2 metodik vəsaitin, 3 monoqrafiyanın və 350-dən artıq məqalənin müəllifidir. Əsərləri dünyanın bir çox dillərinə tərcümə olunaraq 20-dən artıq ölkədə çap olunmuşdur. Jurnalistika sahəsində və ədəbi sahədə uğurlu fəaliyyətinə görə bir sıra çeşidli ödüllərə layiq görülmüşdür. “Müəllim sözü” qəzetinin təsisçisi, eyni zamanda “Medpro Marketing” jurnalının baş redaktorudur.

Vahid Aslan şairdi, sözün əsgəridi. İllərdi sözün yükünü çəkir, sözə yük olmayıb. Nə yazıb­sa, səmimiyyətlə yazıb; Vahid Aslanın poeziyasını səmimiliyin poeziyası adlandıra bilərik (və buna görə kimsə bizi qınamaz). Ürəyini “Quşların yuvasına yağan qar” (“Gədəbəyə qar yağır”) üşüdən şair deyir:

Quşların yuvasına

Narın-narın qar yağır.

 

Bu uçunma içində alnının qırışında “Zəfər” sözü gördüyü şəhid atasına deyir ki, “Vətənin göylərində üzən bayraqdı şəhid!” (“Şəhid atası”)

Vahid Aslan duyumlu şairdi, müşahidələrini şeirləşdirə bilən şairdi, şeirləri gerçəkliyi ifadə edən şairdi. Bu gerçəklik tarixi yaşatma niyyətidi; müharibə, döyüşlər, qan-qada, şəhidlik, qələ­bə,... Müharibədə

 

Ananın halından utanır yer-göy,

Ananın gözlərindən qorxub.

Ana bircə cümlə deyə bilir:

- Dodağı süd qoxulu uşağım, eyyy...

 

(“Şəhid anası”)

 

Vahid Aslan vətənpərvər şairdir – Vətəni sevən şairdir, Vətən üçün yaşayan şairdi, Vətəndən yazan şairdi. Şeirləribu vətənin torpağı ilə, daşı ilə,... oylağı ilə, yaylağı ilə, kəhrizi-bulağı ilə vətənləşmə niyyətinin şeiriyyətidi. İkinci Qarabağ müharibəsi, mahiyyəti etibarilə Vətən mühari­bəsi ədəbiyyatda öz əksini arzulanan səviyyədə tapmayıb. Vahid Aslan bu müharibənin özünü düşüncələrinə, düşüncələrindən qələminə (və tarixə!) köçürənlərin sırasındadır. “Azərbaycan Or­du­su” şeiri şairin orduya poetik müraciətidi. Bu müraciət sevgidi, bu sevgi yaşarı, bəşəri sevgidi. Bu bəşəri sevginin işığı “Bayraqlarla bəzənib” şeirində də var. Şeir müharibədə yazılıb – 2020-ci il oktyabrın 27-də, Azərbaycan Ordusu mövqe qələbələri qazananda, döyüş-döyüş Zəfərə yaxın­la­şan­da:

 

Şərin beli qırılır, hiylə üz tutub qaçır,

Tanrı da fərəhlənir haqqın qələbəsinə.

Azərbaycan əsgəri həqiqətə yol açır,

Şuşanın üzü gülür, nur qonur çöhrəsinə.

 

Şeir ruhun şeiridi, xalqın istəyinin şeiridi. Bu şeirin mahiyyəti “İgid əsgərim” şeirində davam etdirilir.

 

Qanınla, canınla bir əsər yazdın,

Yazdığın əsərin baş hərfi, Vətən!

 

Gözəl bədii təqdimatdı (və poeziyada yenidi!) yazının (əsər də yazı ilə başlayır) baş hərfi Vətəndirsə, əsəri yazanın yüksək vətəndaşlığını örnək bilməliyik! – Azərbaycan əsgəri örnək ömür yaşayır!..

Vahid Aslanın “Vətən torpağı” şeirinin qayəsi xalqın ruhunun çağırışıdı: torpaq! Vətən torpağı! Oxucusuna təvəqqesini, xahişini, iltimasını bildirən şair deyir ki,

 

Asta vur torpağa ayaqlarını,

Vətən torpağını əzərsən, yavaş.

Əymə o ağacın budaqlarını,

Budağı kökündən üzərsən, yavaş.

 

(“Vətən torpağı”)

 

Kökdən üzülmə faciədir, yox olmadır. İstər ağac olsun, istər fidan, istərsə fərd, istərsə də xalq; xalqımız ruhu ilə torpağına (Vətəninə) bağlıdır!..

Dövlət himni vətəndaşın ürəyini telləndirir. Himn dövlərtin dünyaya “Mən varam, var ola­cam!” sədasıdı, Himn dövlətin dünənlərindən sabahlarına ünvanlanmış qüdrətin sədasıdı. Ona görə duyğusallıqla dinlənilir. Dövlət Himni haqqında yazılan şeirlər də belədi. Vahid Aslanın “Azərbay­ca­nın Dövlət Himnini oxuyarkən” şeiri də həmin qürurla, həmin duyğularla oxunur:

 

Dodaqlarım oxuyur, gözlərim işıqlanır,

Ürəyimə yazmışam Azərbaycan Himnini...

 

Vahid Aslanın sevgi şeirləri də oxunaqlıdır; duyğuların şeirləşməsi bütün sevənlərə doğmadı (hamı sevir, hamı sevdalıdı...). Bu doğmalığı hərə bir cür yaşayır (həsrətin boyu sevginin boyu qədərdi...). Ona görə bu doğmalığı hərə sevdasının oduna-közünə tən bilir:

 

Yaman kövrəlibdi duyğular yenə,

Qəmlərin köksümə çökən vaxtıdı.

 

(“Məni görürsənmi”)

 

Bu doğmalıq o qədər əziz doğmalıqdı ki, şeir-şeir, bənd-bənd, misra-misra səmimi etiraflar da yaşadır. Bədii “mən” deyir ki,

 

Gözlərin eləcə uşaq kimidi,

Gözündən boylanan həsrət qocalıb.

 

(“Görüşdük”)

 

Həsrətin qocalması gözəl poetik tapıntıdı, həm də sevgi ilə, sevda ilə tən yaşayan həsrətə qo­ca­lığında bir həsəd sezilir – qocalsa da yaşayan həsrətdi sevdanı yaşadan, yaşayan sevdaya görə qocalan həsrətə eşq olsun (və bu qənaəti şeirləşdirən şairə də eşq olsun!)..

Həsrət əlin əldə gül açması gözəl təşbehdir. Vahid Aslan bu fikri şeirləşdirə bilib və həsrətin qəlbiliyinə görə “çiçəkləməliykən solan çiçəyi” xatırladaraq deyir:

 

Mən elə bilirdim çiçək açacaq,

Bilmirdim əlində solacaq əlim.

 

(“Qəlbimdən keçənlər”)

Bir fikir digərinin başlanğıcı olur. Bədii “mən”in qınağı sevda harayıdı, sevdanın çarəsizlik “ah”ıdı:

 

Dünyanı qəlbimə bağışlamağın,

Dünyanı gözümdən almağın varmış...

 

Ziddiyətin poeziyası poetik uğur hesab edilməlidir...

Şairin dərddaşı – sirdaşı “duman içində mürgüləyən dağlar”dı (“Dağ havası”), “ümid cücərdən torpaqdı (“Kənd uşaqları”), “atəşdən yanan yerlərin göz-göz yanan yarasına sərin su tökən qara bulud”du (“Qara bulud”), “dünyanın ən qəmli dağı olan Savalandı” (“dərd-sərini yollarla bölüşənlərdi” (“Kənd adamları”), “bizsiz darıxan dənizdi”, ... Şairin könülü bir məqamda rahatlıq tapır – “yağış səsi” ilə:

 

Bayırda yağış yağır,

Eşidirəm səsini.

Dinləyirəm dünyanın

Ən gözəl nəğməsini.

 

Bu duyğular “sözün işığında yaşanılır (“Şair və Söz)” – şairə görə, “hər şeyin sonu sözdür” (“Söz”), həm də ilki də sözdür...

Vahid Aslanın təbiət şeirlərinin bədii yükü də diqqəti çəkir. Bu şeirlərin ifadə etdiyi mətləb­lər təbiətin özü qədər ecazkardı – ecazkarlıqdan hər yazılanı “göz görür, könül sevir”. Hər fəslin öz gözəlliyi var deyiblər. İnanmışıq, inanırıq. Yazı da sevirik, yayı da, payızı da sevirik, qışı da. Kimi qınaya bilərsən ki, filan fəsili niyə çox sevirsən? “Qınasan qınanarsan. Vahid Aslanın “Payız küləyi” şeirini ruhumun mehr-ülfətiylə oxudum, sevdim:

 

Pəncərədən gələn uğultu

Küləyin səsidi,

Pəncərədən baxanda

Gördüyüm qızılı, gümüşü yarpaqlar

Payızın ən gözəl rəsmidi,

Payız küləyi yer üzünün

Ən qəmli nəğməsidi.

 

“Qəmli” ifadəsini “kövrək” kimi də oxuya bilərsən “dalğın” kimi də. Necə oxuyursan, oxu, Vahid Aslanın ürəyinin səsini eşidəcəksən, duyduqlarını duyacaqsan...

 

Görsən pəncərədə yağış ağlayır

Bil ki, darıxmışam, -

 

deyən şairin yeni poetik fikirləri gözə də xoş gəlir, könülə də, düşüncəyə də. Bu üçlü arqument sevdanın yaşarılıq şərti təsirindədi:

 

Dərdim göz yaşımdan ağır, çox ağır,

Gözümdən içimə məsafə uzaq.

Dərdimi içimdən göz yaşım çəkir,

Dərdimi içimə kim qaytaracaq?

 

(“Göz yaşım qarışqa”)

 

Və yaxud:

 

Sükutun yükünü çəkmək istəmir,

Qoşa addımlara öyrənən yollar.

 

(“Qərib gecə”)

 

Vahid Aslanın “Ürəyim söz yuvasıdı” şeirlər kitabı poetik dəyəri ilə diqqəti çəkir. Oxuyursan,düşünürsən: Nə yaxşı şeir var, nə yaxşı yaxşı şeirlər var. Yaxşı şeirlər SÖZ dünyasından süzülür...

 

Bayram MƏMMƏDOV,

Əməkdar müəllim