adalet.az header logo
  • Bakı 12°C
21 Oktyabr 2022 12:51
1985
MÜSAHİBƏ

“Son vaxtlar allergik xəstəliklərə daha çox yenidoğulan uşaqlarda rast gəlinir” - MÜSAHİBƏ

“Vaxtında həkim-allerqoloqa müraciət etməklə xəstəliyin ağır formalarının inkişafının qarşısını almaq mümkündür”.

Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Tahirə Pənahova deyib.

- Tahirə xanım, allergiyanın daha çox payız-qış aylarında yaranma səbəbi nədir?

- Adətən klassik allergiya mövsümü yaz və yay aylarında havanın xoşagəlməz simptomlara səbəb olan tozcuqlarla dolu olması ilə əlaqələndirilir. Lakin payız allergiya xəstələri üçün də az təhlükəli deyil. Payız aylarında allergiyaya meyilli insanlar tozdan başqa, bitki tozcuqları və kifdən də narahat ola bilərlər. Kif göbələkləri hər yerdə və ilin istənilən vaxtında ortaya çıxa bilər, lakin payızda yayılmasının əsas səbəbi rütubətli havadır. Kif göbələkləri mikroskopik hissəciklərlə təmsil olunur ki, bu da allergiyanın klassik simptomlarına səbəb olur. Belə ki, kif göbələkləri rütubətli hava şəraitində, xüsusilə anbarlarda və ya zirzəmilərdə sürətlə çoxalır. Burada işıq çatışmazlığı kiflənməyə optimal şərait yaradır. İnsan öz evində də kif göbələkləri ilə təmasdan sığortalanmayıb. Şüşələnmiş lojalar, hamam və zəif havalandırılan otaqlar – bütün bunlar təhlükəli kif göbələklərinin riskini xeyli artırır.

Kif göbələklərinin səbəb olduğu payız allergiyası adətən tənəffüs problemləri ilə özünü göstərir. Simptomatika fitverici tənəffüs, öskürək, boğulma və rinoreya ilə burun nəfəsinin pozulması kimi özünü göstərə bilər. Ən pisi isə odur ki, insanda kif allergiyasının olması adətən astmanın kəskinləşməsinə səbəb ola bilər. Payız allergiyası çöl çiçəkləri və digər bitkilər - çiçəkləyən çınqıl, ambroziya, gicitkən, bağayarpağı da səbəb ola bilər. Allergiya xəstələri üçün ən təhlükəli ambroziya hesab olunur.

Bundan əlavə, bəzi qidalar da payız aylarında daha çox allergiya səbəb ola bilər. Bunlar sitrus meyvələri (naringi, limon, portağal, qreyfrut), feyxoa, kivi, ananas, qırmızı alma, üzümdür. Tərəvəzlərdən isə pomidor və bibəri qeyd edə bilərik. Bu qidalar yüksək allergen məhsullar hesab olunur. Mövsümdən asılı olmayaraq, qida allergiyasını inək südü, toyuq yumurtası, balıq və dəniz məhsulları, qoz, fındıq, badam, püstə, keşyu və digər çərəzlər, bal, göbələk, şokolad, buğda, soya, yerkökü, banan, turşu və ya konservləşdirilmiş məhsullar yarada bilər. Qida məhsullarına səbəb olan payız allergiyası adətən dəri və tənəffüs problemləri, həmçinin mədə-bağırsaq xəstəlikləri ilə özünü göstərir.

- Stres allergik reaksiyanı ağırlaşdıra bilərmi?

- Allergiya orqanizmin xarici və daxili qıcıqlayıcı amillərə qarşı cavab reaksiyasıdır. Allergiyalı xəstələr stresə daha çox həssasdırlar. Stres immunitet sistemini aktivləşdirə və ya aşağı sala bilər. Eyni zamanda, allergiyanın səbəbləri hələ də tibb elmi tərəfindən tam öyrənilməyib. İmmunitetin zəifləməsi mərkəzi sinir sistemindəki dəyişikliklərlə əlaqədar ola bilər. Ona görə də son vaxtlar “sinir allergiyası” diaqnozu qoyulur. Allergiyanın intensivliyi insanın emosional və psixi sabitliyindən asılıdır.

- Allergiya hansı yaş qrupundakı uşaqlarda daha çox müşahidə edilir?

- Allergik xəstəliklərə hər yaş qrupunda rast gəlinmək mümkündür. Son vaxtlar bu xəstəliyə daha çox yenidoğulan uşaqlarda təsadüf olunur. Buna səbəb kimi anaların hamiləlik müddətində qeyri-sağlam qidalanmaları (“fast-food” məhsullarından tez-tez istifadə), kosmetik və kimyəvi yuyucu vasitələrdən istifadə etməsidir. Bundan əlavə, yumşaq oyuncaqlar körpələrdə allergiyanın yaranmasında mühüm rol oynayır.

- Uşaqlarda allergiyanın ilkin əlamətlərinə nələr daxildir?

- Klinik formasından asılı olaraq, allergiya müxtəlif formalarda özünü göstərir. Tənəffüs allergiyasına mövsümü və ilboyu davam edən allergik rinit, rinosinusit, traxeobaronxit və ən ağır növü hesab olunan bronxial astma daxildir. Respirator allergiya zamanı uşaqlarda burunda qaşınma, asqırma, burun axması, gözlərin yaşarması, güclü öskürək (tutma şəkilli, boğucu), ciyərlərdə xışıltılı, fitverici tənəffüs, nəfəs almanın çətinləşməsi, boğulma ola bilər.

Allergiyanın dəri formalarına qızartı, qaşınma və müxtəlif ölçülü səpkilər, atopik dermatit aid edilir. Həzm sistemində olan zədələnmələr qida və dərman qəbulu nəticəsində yaranan allergiyalar əlamətlərinə isə ürəkbulanma, ishal, ağız boşluğunun selikli qişasının şişməsi, qarında ağrılar, gəyirmə və mədə qıcqırması daxildir. Anafilaktik şok allergen maddənin (dərman preparatları, böcək zəhərləri və həşarət dişləməsi, qan preparatları, məişət-kimya məhsulları) orqanizmə düşməsi nəticəsində yaranan ən ağır allergik reaksiyadı. Anafilaktik şokun əlamətlərinə nəfəsalmanın çətinləşməsi, bədənin səpkilərlə örtülməsi, özündəngetmə, bronxlarda spazm daxildir. Bu vəziyyət çox təhlükəlidir və təxirəsalınmaz tibbi yardım tələb edir.

- Allergiya sağala bilən xəstəlikdirmi?

- Əlbəttə ki, allergiyanı tamamilə müalicə etmək demək olar ki, mümkün deyil. Lakin səbəbini bildikdə xəstəliyi müalicə etmək daha asandır. Allergiyanın qarşısını almaq üçün allergenin daxil olmasının qarşısını almaq vacibdir. Məsələn, qida allergiyasıdırsa, buna səbəb olan qida rasiondan çıxarıldıqdan sonra şikayətlər də tam aradan qalxır. Dərman allergiyası ciddi xəstəliklər qrupuna aiddir. Əgər dərman allergiyasının səbəbi müəyyən edilməzsə, bu zaman xəstə tərəfindən dərmanın təkrar qəbulu zamanı daha ciddi allergik reaksiya və ya təhlükə anafilaktik şoka səbəb ola bilər.

Vaxtında həkim-allerqoloqa müraciət etməklə, xəstəliyin ağır formalarının inkişafının qarşısını almaq mümkündür.

Xəstələrin vaxtında allerqoloqa müraciət etməsi, mütəxəssis tərəfindən dəqiq və ətraflı müayinəsi və müalicə bu xəstələrin uzun müddət sağlam həyat sürməsinə kömək edir.