ŞAQQULU QIZ AXTARIR

1922 | 2008-11-01 01:06
Bizim qohum-əqrəbanın bəzisinin arvad sarıdan bəxti gətirib, bəzisininsə gətirməyib. Ona görə də bəxti gətirməyənlər deyirdilər ki, baltamız daşa dəyib. Amma baltası daşa dəydiyinə baxmayaraq, yenə çoxları arvaddan bərk-bərk yapışıblar. Bərk-bərk yapışıblar ki, bu arvadlar bunların hər bir hərbə-zorbasına dözüb, hansı mahnı "çalıblar" elə onu da oynayıblar.
   
   Şaqqulunun isə işləri əvvəldən düz gətirməyib. Çünki Şaqqulu hansı qızı istəyibsə, o dəqiqə bir müştəri çıxıb və əlindən alıb. Şaqqulu da işlərinin bu cür tərs getdiyini görüb tay bir müddət heç kimin qızının adını tutmayıb. Çünki Şaqqulu hansı qızın adını tuturdu, bayaq dediyimiz kimi, o dəqiqə elçilər həmin qızın qapısını kəsdirirdi. Birdən elə bilərsiniz qız qapısına gedən Şaqqulunun elçiləri idi. Əksinə, yazıq Şaqqulu heç kimin qapısına elçi göndərə bilmirdi. Başqasının elçiləri Şaqqulunun elçilərindən tez qız yiyəsinin qapısını kəsdirər və "hə"sini də alardılar.
   
   Şaqqulunun əmisi oğlu evlənəndən sonra yenidən çiçəyi çırtladı. Dedi ki, tay mən bu kənddən qız-zad alan deyiləm. Çünki əmim oğlu Zərbəli gedib Bakıdan varlı-hallı bir kişinin qızını alıb qoyub başının altına. Qızın da dədəsinin Bakıda üçmərtəbəli evi var. Amma intəhası Zərbəli bu qızı Bakıda yox, kənddə saxlamaq istəyir. İnsafən qız atası da deyib ki, Zərbəli çox fərasətli oğlandır. Elə kənddə ona bir "obtovu" açaram, Zərbəlinin çörəkpulu çıxar. Bir ay keçməyib Zərbəlinin qayınatası kənddə ona əməlli-başlı böyük bir dükan tikdirib və Zərbəlinin altına da bahalı bir "Cip" alıb qoyub. İndi Şaqqulu da belə bir həvəsə düşüb Bakıya getmək istəyir. Daha doğrusu, Bakıya gedib çıxıb. Gəlib durub əmisi oğlunun qayınatasının üçmərtəbəli villasının yanında. Elə bu vaxt qəşəng qızlardan biri qonşu üçmərtəbəli binaya girib. Şaqqulu da ağzını ayırıb bu qəşəng qızın dalınca baxıb. Sonra da gəlib əmisi oğluna deyib ki, bir qəşəng qız gördüm, gedib girdi qayınatanın qonşuluğundakı villalardan birinə. İndi mənim işimi ancaq siz aşıra bilərsiniz.
   
   Zərbəli də deyib ki, ay Şaqqulu, bu sənin üçün naxırçı Cəfərin qızı deyil, onun dədəsinin Bakıda 10-15 mağazası, çörək sexləri və ticarət mərkəzləri var. İndi durub o boyda kişi gəlib sənin kimi lütə qız verəcək? Şaqqulu da əmisi oğlunun sözünün altında qalmayıb deyir:
   
   - Mənim səndən nəyim kəmdir? Nətər olur, sənə varlı kişi qızı verə bilir, mənə verə bilmir?
   
   Əmisi oğlu:
   
   - Ay Şaqqulu, o qızı ona görə mənə verdilər ki, onlar mənim qabiliyyətimi, qanacağımı və tərbiyəmi gördülər.
   
   Şaqqulu əmisi oğlunun bu sözlərindən sonra bir az da qəzəbləndi. Soruşdu ki, nə demək istəyirsən? Yəni demək istəyirsən ki, mənim fərasətim, qanacağım və mərifətim yoxdur? Vallah, o kişi arxamda dursa, mən səndən də qabiliyyətli oğlanam. Amma gərək bu işə bir kömək eləyən ola. Yoxsa hiss eləyirəm ki, sən indidən mənim evlənməyimin əleyhinəsən. Zərbəli isə Şaqquluya bir qədər də təsəlli verib dedi ki, qızı razı sala bilsən kişini qayınatam yola gətirər. Hər şey bizlik deyil, ay Şaqqulu, sənlikdir.
   
   Həmin gündən Şaqqulu hər an gəlib qızgilin evinin qarşısını kəsdirirdi. Qızın da heç ağlına gəlməzdi ki, kənddən gələn bir uşaq onu istəyəcək. Bir neçə gündən sonra qız yenə evlərinə gəlirdi. Şaqqulu onun qabağını kəsib, sevgisini qıza bildirdi. Qızsa ağzını açıb, gözünü yumdu və dedi: "Get anqır, tayını tap". Bu sözləri eşidəndə dünya Şaqqulunun başına fırlandı, dizləri zəiflədi və yerə çökdü. Sonra da qızın dalınca dedi ki, bilirəm, mənim işlərimi pozan əmim oğlu Zərbəlidir. Qız yenə bir söz deməyib həyətlərinə girdi. Qapıdan keçəndə qanrılıb Şaqquluya elə tərsdən baxdı ki, Şaqqulu hər şeyi bir daha dərindən hiss elədi. Hiss elədi ki, qız o baxışla deyir ki, ay Şaqqulu, get işinlə məşğul ol. Mənə sənin kimi ağzından su axan, cındırından cin hürkən, əfəl oğlan lazım deyil. Mənə varı-dövləti və "Cip"i olan pullu cayıl lazımdır.
   
   Bir daha Şaqqulu həmin məhəllədə görünmədi. Hətta əmisi oğlu Zərbəlini görməyə belə gözü olmadı. Çünki Zərbəli o qədər danışmışdı ki, şəhərdə belə varlı, imkanlı qızlar var, Şaqqulu da düşmüşdü onun təsirinə. Dədəsindən aldığı 3-4 yüz manatı da Bakıda 3-4 günə xərcləyib qurtardı. Sonra da fikirləşdi ki, mənimki şəhərli qızla heç vaxt tutan deyil. Elə yaxşısı budur, gedim dədəmgilə deyim ki, naxırçı Cəfərgilə elçi göndərsin və qızı da alsınlar.
   
   Bir aydan sonra Şaqqulugilin adamları naxırçı Cəfərgilə elçi göndərdi və qızı Rəfiqəni Şaqquluya nişanladılar. Şaqquluya kənddə bir toy elədilər ki, səsi gedib qonşu kəndlərə yayıldı. Hətta Şaqqulunun toyuna Bakıdan əmisi oğlu Zərbəlinin qayınatası və qayınatasının qonşusu, Şaqqulunun istədiyi qızın atası da gəlmişdilər. Şaqqulu isə bəy stolunda əyləşib hamıya yuxardan-aşağı baxırdı. İstədiyi qızın atasına tərəf isə heç bir dəfə də baxmadı. Bilirdi ki, həmin kişi toya Şaqquluya görə yox, Şaqqulunun əmisi oğlu Zərbəlinin qayınatasına görə gəlib.
   
   Şaqqulu özünü çox rahat hiss eləyirdi. Çünki naxırçı Cəfərin qızı işgüzar, fərasətli uşaq idi. Ona görə də Şaqqulunun ürəyi buz kimi arxayın idi ki, dədəsi ilə nənəsi gəlindən narazılıq eləməyəcək. Bir də Şaqqulu fikirləşirdi ki, elə naxırçı Cəfər kişi əmisi oğlunun qayınatasının qonşusundan min dəfə karlı kişidir. Ona görə naxırçı Cəfər karlı kişidir ki, heç kimə indiyə kimi əyilməyib və heç kimin yanında suçlu deyil. Eyni zamanda Cəfər kişi haram tikə də yeməyib. Amma əmisi oğlunun qayınatasının qonşusu yüz fırıldaqdan çıxıb. Nə olsun ki, o kişinin var-dövləti, pulu çoxdur.
   
   Toydan sonra Şaqqulu əmisi oğlu Zərbəli ilə də barışdı. Dedi, nə yaxşı ki, o vaxt işlərimiz düz gətirmədi. Görünür, Allah-Təala belə məsləhət bilirmiş. İndi sənin kimi bir ayağım Bakıdaydı, bir ayağım da kənddə. Şükür Allaha, axır ki, mən də subaylığın daşın atdım. Kənddə çoxu mənə qız vermək istəmirdi. Amma indi görəcəklər ki, Şaqqulu necə fərasətli oğlandır.
   
   Az müddətdə Şaqqulu beş-altı inək, camış alıb saxladı. Sonra da gördü ki, əziyyəti hədər getmir, bir az da qoyun-quzu aldı. Bir-iki ildən sonra Şaqqulu əməlli-başlı özünü tutdu. Kənddə ikimərtəbəli daş ev tikdirdi. Sonra da bir qara "Cip" alıb altına qoydu. Dedilər ki, ay Şaqqulu, o evi-eşiyi və "Cip"i sənə qayınatan alıb? Şaqqulu dedi ki, hə. Bunların hamısını naxırçı Cəfər kişi eləyib. Ancaq mənim özümün fərasətim olmasaydı, nə bir manatın yiyəsi olardım, nə də bu qədər var-dövlətin sahibi. Allaha qurban olum, ruzisini məndən əskik eləmədi. Kiminsə minnətli yağ-balını yeyincə, özümün yavan çörəyimi yesəm daha yaxşı olar. Mənim də əziyyətim hədər getmədi. İndi kefim kök, damağım da çağdır. Hələ o günü də əmim oğlu Zərbəliyə "Qarabulaq"da qəşəng bir qonaqlıq da verdim. Zərbəlinin qayınatasına demişəm ki, nə vaxt yolları bu tərəfə düşsə, qonşusunu da götürüb bizə qonaq gəlsinlər. Görsünlər ki, Şaqqulunun fərasəti var, ya yox.
   
   

TƏQVİM / ARXİV