Seyid Əzim ateist idimi?

Seyid ƏzimŞirvaninin ictimai motivli şeirlərində ən çox diqqəti cəlb edən riyakar dinxadimlərinə qarşı olan neqativ münasibət, bəzən isə hətta nifrətdir. Lakin oheç zaman Allahı inkar etmir, İslam dininə hörmətlə yanaşır və əsl ibadətyolunu tutan həqiqi ruhaniləri tənqid etmirdi. Seyid Əzim yalnız istinadvasitəsi kimi Qurandan istifadə edərək, İslam və şəriət ehkamlarını əldə bayraqtutub xalqı istismar edən imtiyazlı silklərə qarşı düşmən mövqedə dayanırdı.
Çünki birziyalı olaraq, o başa düşürdü ki, həmin insanlar üçün din mövcudfeodal-patriarxal münasibətləri davam etdirə bilməkdən ötrü əla bir vasitədirvə onlar, əslində, şərə qulluq edən ruhanilərin xidmətlərindən gen-bolyararlanırlar. Buna görə də, Seyid Əzimin ictimai motivli şeirlərinin əsastənqid hədəfləri yalançı vaizlər, riyakar zahidlər, ikiüzlü abidlər idi.
Aləmə fitnəsalan mədəni-şərdir vaiz,
Haşəlillahdemənəm mən ki, bəşərdir vaiz.
Şairinvaizi "şər mədəni" adlandırması təsadüfi deyil. Çünki yalançı dinxadimləri İslamın adından istifadə edərək sadə, avam camaatı qəflətdə saxlayır,cəhənnəm qorxusu ilə onları savadlanmaqdan, elm və bilik əldə etməkdənçəkindirir, xalqın irəli getməsinə imkan vermir, özlərindən uydurduqlarıfitvalarla əhalini xof altında saxlamağa çalışırdılar. Ona görə Seyid Əziminruhanilərdə ən nifrət etdiyi xüsusiyyət onların riyakar olması idi: zahirən özünüibadət əhli, təqvalı Allah qulu kimi göstərən bu "möminlər" gizlindəspirtli içki içir, rüşvət alır, eyş-işrətlə məşğul olur, bir sözlə, hər cürgünaha əl atırdılar. Ona görə şair deyir ki, sən ki özün bu qədər günahişləyirsən, nə ixtiyarın var ki, bəndə ilə Yaradan arasına girir,günahlarımızın bağışlanmayacağına dair fitva verirsən? Axı günahsız insanyoxdur və kimi bağışlayıb, kimin günahını əfv etməyəcəyini Allahdan başqa birkimsə bilməz.
Zahid,tutalım həşr günü duzəxiyəm mən,
Hardangəlibən sən, görək oldun belə eymən,
Sən qullarilə rəbbin ədasın nə bilirsən,
Bakim nəmənim duzəxin atəşgədəsindən,
Almazsaəgər lücceyi-çeşmi-təri məndən.
Həttaqəzəllərindən birində deyir ki, zahidlə behiştə düşməkdənsə, Seyidlə (özəqidəsində olan insanları nəzərdə tutur) cəhənnəm atəşində yanmaq dahayaxşıdır. Bəs şairin din xadimlərinə bu səviyyədə nifrətinin səbəbi nə idi?
Bəllidirki, İslam dini çar Rusiyası şəraitində Orta Asiya, Qazaxıstan, Şimali
Qafqaz,Zaqafqaziya, Volqaboyu və başqa xalqların müsəlman əhalisi arasında imperiyanındayağına çevrilmişdi. Çarizmin müstəmləkəçilik siyasəti ilə yerli burjuaziya vəbaşqa hakim təbəqələrin sadə camaat əleyhinə mənafeyi bir nöqtədə kəsişirdi.Məhz dinin müsəlman xalqları üzərindəki güclü təsirindən istifadə edərək, onlarbu ümumi mənafeyi pərdələyə bilirdilər. Bu işdə isə onlara özünün maddirifahını hər şeydən çox dəyərləndirən "ruhanilər" yardımçı olurdular.
Çarhakimiyyəti bu xidmətlərin müqabilində onları yüksək qiymətləndirirdi."Ali ruhanilərə zadəgan hüquqları verilmişdi. Məscid ruhaniləri isə"Fəxri vətəndaşlar" sayılırdılar. Hakimiyyət onların torpaqüzərindəki xüsusi mülkiyyətini toxunulmaz elan edir, vergilərdən və digərmükəlləfiyyətlərdən azad edir, mükafatlandırırdı. Çarizm müsəlman ruhanilərinəyerli əhaliyə vermədiyi bir sıra hüquq və imtiyazlar da vermişdi."Ümumiyyətlə, bu, bütün dünyada istismarçı cəmiyyətlərdə sinfi ziddiyyətləriört-basdır etmək üçün həyata keçirilən ən sınanmış bir üsuldur.
İşğalçı rusimperiyasının hakimiyyəti dövründə də İslam dininin qayda-qanunlarını və şəriətehkamlarını öz xeyrinə dəyişən müsəlman ruhani silki əhalini itaətdə saxlamaqüçün nəzarətçi rolunu ifa edirdi. S. Ə. Şirvani də əlinə qələm aldığı gündəncəmiyyətdə gördüyü bu neqativ hallara qarşı biganə qala bilmirdi; onun mübarizəüsulu isə həqiqəti öz misralarında xalqa çatdırmaq idi. Odur ki, onunşeirlərindəki haqq səsi əzilən xalqın ruporuna çevrilirdi.
Cənnətəgetdi və ya duzəxə mürdə, nə qəmin,
İrsinə dikgözüvü, külçəvü həlvasına bax.
İstəyircənnəti zahid bu qədər hiylə ilə,
Əbləhinfikrini gör, dildə təmənnasına bax.
Rüşvətxor,başqasının malına göz dikən müftəxor din adamı - zahid və vaiz obrazları SeyidƏzimin çoxlu sayda şeirlərinin, xüsusilə də, qəzəllərinin tənqid hədəfinəçevrilmişdir. Füzulinin "Könül, səccadəyə basma ayaq, təsbihə əlurma", "Cəhənnəmdən verir aşiqlərə hər gün xəbər vaiz" misralarıilə başlayan qəzəlləri, "Ey şeyx", "Ey vaiz" rübailəri,şairin "bütün yaradıcılığına səpələnmiş satirik misraları, beytləri"Seyid Əzim üçün ilham qaynağı olmuş, dahi sələfinin lirikasından bəhrələnərəkeyni motivləri müvəffəqiyyətlə öz yaradıcılığında istifadə etmişdir. SeyidƏzimin yaşayıb-yaratdığı XIX yüzillikdəki ictimai mühit üç əsr əvvəl Füzulininşikayətləndiyi orta əsrlərdəki cəmiyyətdən bir o qədər də fərqlənmirdi: eynihaqsızlıqlar, xalqı soyub-talamaq, müftə yemək üçün istifadə olunan üsullarikiüzlü, riyakar zahid və vaizlərin bütün dövrlərdə köməyinə çatırdı. Füzulideyirdi:
Saqın,pamal olursan
buriyatək,məscidə girmə,
Və gərnaçar girsən,
onda minbərkimi çox durma.
Seyid Əzimdeyirdi:
Döşənməburiyatək məscid içrə səcdeyi-səhvə,
Özü busəhvdir, pamali-xəlqi-ruzigar olma.
Qeyd edəkki, nə Füzuli, nə də Seyid Əzim "məscidə girmə" deyərkən İslam
dinini, onaməxsus ibadətləri pisləmək niyyəti daşımamışlar - hər iki şairin
məqsədi dinadından istifadə edərək fanatizmi yayan yalançı dindarlığı tənqid etməkolmuşdur. "Ayaqaltı kimi məscidin yerinə sərilmə ki, ayaqlar altındaqalmayasan", - deyən şairin əsl fikri budur ki, hamıya qoşulub, sən də buriyakarlardan olma. Şair vaizlərin daim cəhənnəm qorxusu ilə avam camaatı xofaltında saxlamasından cana doymuşdur; onlar İslam dinini sevdirmək, onuinsanlara məhəbbətlə tanıtmaq əvəzinə, qorxu təlqin edərək, əhalini şəriətinçox vaxt öz xeyirlərinə uydurduqları ehkamlarına əməl etməyə məcbur edirdilər.
Canməşaminə gəlir buyi-riya məsciddən,
Görmədimömrdə bir zövqü səfa məsciddən.
Buriyatəkdöşənir məscidə hərdən zahid,
Heyf tərkolmadı əsla bu riya məsciddən.
Diqqətetsək, görərik ki, Seyid Əzimin zahid və vaizləri tənqid edən şeirlərində buobrazlarla "riya" kəlməsi həmişə yanaşı gəlir. Deməli, həqiqətən də,şairin tənqid hədəfi İslam dini və həqiqi ruhanilər deyil, məhz yalançı dinxadimləri olmuşdur. Riyakar dindarların tənqidi o dövrdə təkcə Seyid Əzimyaradıcılığı üçün xarakterik deyildi; şeirlərində asketizmə qarşı çıxanƏbülhəsən Raci, Molla Ağa Bixud, Abdulla bəy Asi, Bahar Şirvani, İskəndər ağaŞair və b. lirikası üçün əxlaqi-ictimai ideal arzusu, humanizm, mənəvi azadlıqhəmişə prioritet mövzu olmuşdur.
Seyyida,bunca ki məsciddən edillər nifrət,
Nəgörüblər, görəsən kim, şüəra məsciddən.
Buşeirlərdə bir-birinə zidd iki tərəf qarşılaşdırılır: dinin ehkamlarından avamcamaatı əldə saxlamaq üçün tələ vasitəsi kimi istifadə edən zahid və vaizobrazları və ömrünün mənasını həyatın nemətlərindən zövq almaqda görənazadfikirli arif obrazı. Birincilərin təbliğ etdiyi məkan məscid, arifinüstünlük verdiyi poetik məkan isə meyxanədir.
Seyid Əzimidin xadimlərindən narazı salan cəhətlərdən biri də İslamda təriqətayrı-seçkiliyi məsələsi idi. O başa düşürdü ki, bu ixtilafı araya məqsədlişəkildə "ruhanilər" salmışlar, lakin süni şəkildə ortaya atılmış budini ayrı-seçkiliyin daha dərin - siyasi məqsədlər güddüyünü, yəqin ki, şairbilmirdi.
Dinc xalqınarasında ixtilafa səbəb olan sünni-şiə məsələsinə neqativ münasibətini isəSeyid Əzim şeirlərində, xüsusilə də, satiralarında sərgiləmişdir. Oğlunamüraciətlə yazdığı şeirlərdən birində müəllif deyir ki, mən özüm şiə olsam da,o birilərinə də müxalif deyiləm - əgər Əbubəkr, Osman, Ömər günah ediblərsə,cəzanı Allahdan alacaqlar. Həsən bəy Zərdabiyə ünvanladığı şeirində S. Ə.Şirvani camaatın avamlığından şikayətlənərək deyir ki, hər vilayətdə beş-onqəsəbə, hər qəsəbədə də əlli min seyid, axund, dərviş, mərsiyəxan və s. var. Oçalışır xalqa başa salsın ki, yalnız dini elmlərə yiyələnməklə savadlı olmaqmümkün deyil, savadsızlığın nəticəsidir ki, fikri yalnız xalqı soymaq olan"hoqqabazi-naqabil"lər camaata yalanlarıyla tələ qurur, din qardaşlarıarasına ixtilaf salırlar.
Xəlqəbunlar hamı qurublar dam,
Bir bunuannamır bu qövmi-avam.
Şiəmizsünniyə edər töhmət,
Sünnimizşiədən edər qeybət.
Bizi puçetdi şiə, sünni sözü,
Əhli-islamınoldu kur gözü.
Ən təəssüfdoğuran cəhət də budur ki, şairin XIX əsrdə ürək ağrısı ilə bəhs etdiyimətləblər, təəssüf ki, bu gün də öz aktuallığını saxlamaqdadır. Belə çıxır ki,biz düşüncə tərzi etibarilə hələ həmin əsri adlayıb keçə bilməmişik.
Ümumiyyətlə,S. Ə. Şirvaninin dinlərə və müxtəlif dini əqidələrə çox tolerant yanaşmasıvardır; onun üçün önəmli olan insanın dini mənsubluğu deyil, mənəvikeyfiyyətləridir. Odur ki, şeirlərində dönə-dönə vurğulayır ki, Allah nə ərəb,nə zənci, nə firəngdir, yəni Allah birdir və bəndələri də öz aralarında dini, irqiayrı - seçkilik aparmamalıdırlar. Seyid Əzim bir çox əsərlərində dinimənsubluqdan asılı olmadan savadlı, dünya görüşlü olmağı, dilləri öyrənməyinvacibliyini təbliğ edir.
S. Ə.Şirvani öz yaradıcılığında İslam dininin mənəvi əsarətinə qarşı çıxmışsa da,heç vaxt onu lazımsız, Quran oxuyub öyrənməyi səmərəsiz hesab etməmişdir. Lakinbəzən tədqiqatçılar şairin bu məsələyə münasibətindən bəhs edərkən ifratavararaq, onun İslama və müqəddəs kitabına qarşı olduğu fikrini irəli sürərək,obyektivlikdən uzaq düşmüşlər. Halbuki şairin yaradıcılığına diqqət etsək,şahid olarıq ki, Seyid Əzim əsərlərində rus dili və öz dilimizlə yanaşı, həm dəərəb dilinin öyrənilməsinin vacibliyini vurğulamış, Quranın Allah kəlamıolduğunu, onu öyrənməklə Yaradanın sirlərinə vaqif olmağın mümkünlüyünüdəfələrlə qeyd etmişdir. Oğluna müraciətlərinin birində şair Quran haqqındadeyir:
İnsü cinnolsa cəm, ey dana,
Edə bilməzbir ayəsin inşa.
Həq kəlamihara, kəlami-bəşər?
Onu inkaredən bəlayə düşər.
S. Ə.Şirvaninin əksər tədqiqatçılarının da qeyd etdiyi kimi, şair ateist olmamış,dini inkar etməmiş, yalnız yalançı dindarlığa və dinin mənəvi əsarətinə qarşıçıxmışdır. Şair dindarların uydurduğu, həqiqətdə İslama zidd olan ayin vəmərasimləri pisləsə də, onun tənqidi birbaşa dinin özünə yönəlmədiyindən sovetdövrü tədqiqatçıları onun dünyagörüşündəki bu cəhəti məhdud, zəif vəziddiyyətli xüsusiyyət kimi dəyərləndirmişlər.
Mətanət VAHİD
Kulis.az