03 May 2025 17:41
165
GÜNDƏM

"TDT təkcə regional bir təşkilat deyil, strateji bir mövqenin, ortaq gələcəyin mərkəzidir"

Türk Dövlətləri Təşkilatı (TDT) təkcə regional bir təşkilat deyil, həm də strateji bir mövqenin, ortaq gələcəyin mərkəzidir.

Adalet.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Türkçülük Günü münasibətilə keçirilən “Dildə, Fikirdə, Əməldə Birlik: Türk Dünyasının Gələcəyi’’ adlı panel iclasında deyib.

O qeyd edib ki, türk ziyalısı İsmayıl Qaspıralının dildə, fikirdə, əməldə birlik şüarı bu gün türklərə yol göstərən bir fikirdir:

“Türk Dövlətləri Təşkilatı enerji təhlükəsizliyindən rəqəmsallaşmaya, qlobal transformasiyaya qədər bir sıra sahələrdə əməkdaşlığı özündə ehtiva edir. TDT dialoq kanallarını genişləndirmə platformasıdır. Türkiyə olaraq biz türk dünyası regionunda sülh və sabitliyi dəstəkləyirik. Bununla yanaşı, media, mədəniyyət və incəsənət sahəsində türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsini təşviq edirik.

Mədəniyyət diplomatiyası sahəsində əməkdaşlığın dərinləşdirilməsi təkcə türk dünyasında deyil, qlobal miqyasda türk mədəniyyətinin nümayişi baxımından vacibdir. Türk dünyasının öz təşkilatının təsis edilməsi üzv ölkələrin həm təhlükəsizliyinə, həm ortaq məqsədlərinə xidmət edir”.