01 May 2025 13:50
100
ƏDƏBİYYAT

Ömrün Şuşalı anları… - Əntiqə KƏRİMZADƏ yazır

Torpaq, yurd, vətən insana ana qədər doğmadır. 90-cı illərin gəncləri və orta yaşlı insanları ömürlərinin bahar çağında vətən həsrəti yaşadılar, vaxtsız tellərinə dən düşdü. Kimisi tələbə yataqxanasına sığınıdı, kimisi digər rayonlara üz tutdu, kimisi çadırlarda məskunlaşdı, kimisi də öz ayaqları üzərində ürəyində vətən dağı həyatla mübarizəni tək- köməksiz davam etdirib. Bu qədər əzabı, ağrını ürəyində daşıyan, bir gənc, bir orta yaşlı insanın ömrünə niyə sazaq gəlməsin ki…? Şuşanın səfalı qoynundan didərgin düşən İlduzə müəllimə də vətən həsrətini sözə toxudu. Həm də nöqtə- nöqtə, misra-misra… Yaşadığı bütün acıları ilmə- ilmə hördü yazdığı şeirlərə.

İlduzə Hüseynova 1951-ci ildə Şuşada anadan olub. Ömrünün 41 ilini Şuşada keçirən insan üçün Şuşasız yaşamaq çətin idi.

Şuşalı günlərin dadı damağından bir an belə getmədi. Şuşasız acı günlərinin üzərinə şeirlərini örtməyə çalışdı. Bacardımı?- Bunu onun ürəyi bilər…
O həm gözəl pedaqoq, həm də qayğıkeş anadır. Bir xanım öz gəlin getdiyi ocaqdan ayrı düşür, ata yurduna həsrət qalır. Bundan böyük kədər ola bilərmi? O, bütün bu sualların cavabını şeirlərində tapır. Özü deyir ki, şair deyiləm, amma ürəyimdə yığılan illərin kədərini şeirə çevirəndə mənən rahatlıq tapıram.

Öpüb divralardan, çıxdım evimdən.
Qapımı bağladım ayrılanda mən.
Səni o dağlara, evimi sənə
əmanət tapşırıb ayrıldım, Şuşa.

Şeirdə bir vətən həsrəti, bir nisgil oxucunu “qarşılayır”. Öz doğma ev- eşiyini dağlara əmanət edən qadının, son ümid yeridir o dağlar. Şuşa ilə ayrılığını bir an belə unutmayan müəllif onu dünən qədər yaxın vaxt kimi xatırlayır.

Bu illər ərzində inanma ki, sən
Döyünən ürəklə sövdələşmisən.
O yad baxışınla, buz əllərinlə,
Heç vaxt ürəyimə girə bilməzsən.

Yaradıcılığında sentimental poeziyaya yer ayıran müəllif, eşq küskünlüyünü  bədii təsvir vasitələriylə daha da qabarıq göstərməyə çalışır. Sınmış bir qəlbin illər keçsə də barışmayacağına işarə edir. O, qəlb sınıqlığını zamanın axarına buraxmağı seçmir. Çünki  yad baxışlar, buz kimi əllər bir sınıq qəlbi isidə bilməz.
 

Ağbirçək, nurani ana görəndə
 Kövrəlib təzədən uşaqlaşıram.
 Anam gəlməz olan uzun yollara,
 Mən həsrətlə baxa- baxa qalmışam.

Ümumiyyətlə, ana mövzusu dahi şairlərdən gənc yazarlara qədər hər kəsin yaradıcılığında yer alır. İnsan hansı yaşda olursa olsun, anasını arzulayır. Müəllif də şeirdə həmin hislərini oxucuya çatdırmağa çalışıb. İllərdir anasını itirən bir insan kimi şeirdə anasına həsrətini qabarıq ifadə edib. Geri dönüşü olmayan yollara göz dikməyi isə ana həsrətinin tükənməyən yanğısı adlandırıb.

 Bir ata itirdim ana ürəkli,
 Bir dəfə üzümə gec baxmayıbdı.
 Başım ağrıyanda isti əlləri,
 Pərişan saçımı sığallayıbdı.

Şeirdə müəllif anasını atasından daha erkən itirdiyinə işarə edir. Atası isə övladlarına ana qayğısı göstərdiyi ilk misradan bəllidir. Atasına həm ana, həm ata sevgisi ilə sarılan müəllif atasının əbədi gedişindən sarsıldığını bildirir. Şeirdə ümumi olaraq valideynə ehtiram, sevgi, hörməti hissi öz əksini tapır.

Ömür kitabının 74-cü səhifəsini vərəqləyən İlduzə Hüseynova “Şuşasız divanəyəm” və “”Yurdumun bir qayası olaydım” adlı şeirlər kitabının müəllifidir.
Bu gün o, müəllifi olduğu kitablarla birgə azad Şuşaya gedir. Öz doğma yurdunu işğaldan azad görən İlduzə müəllimə üçün yazıb- yaratmaq eşqi abadlaşan Şuşanın sayəsində daha artır.