25 Aprel 2022 11:25
1253
ƏDƏBİYYAT

Şəxsiyyət - Kamal Xudaverdiyev

UNUDULMAZ ŞƏXSİYYƏTLƏR

23 aprel Azərbaycan Respublikasının Xalq artisti Akademik Milli Dram Teatrının aparıcı aktyoru Kamal Ağahüseyn oğlu Xudaverdiyevin (3 may 1938 – 23 aprel 2008) anım günüdür. “Orlean qızı”nda Raul, “Almaz”da İbad, “Kəndçi qızı”nda Aslan, “Qəribə oğlan”da Otar, “Yalan”da Fərman, “Hamlet”də Laert, “Maqbet”də Maqduf... Böyük sənətkar bu rolların öhdəsindən əla gəlmişdi. Eyni vəziyyəti kinoda da müşahidə etmək olar. 60-70-ci illərdə çəkildyi “Dağlarda döyüş”, “İstintaq davam edir”, “Nəsimi”, “Dədə Qorqud”, “Səmt küləyi”, “Ulduzlar sönmür” və digər filmlərdə yaratdığı Yusif, Bəybecan və s. epizodik, ən yaxşı halda ikinci dərəcəli obrazlar yaddaşlardan silinməyib.

Tənqidçi Əsəd Cahangir: "Əgər indi də “Kral Lir” və ya “Çar Edip” tamaşalarının afişalarını görsəydim, yəqin ki, yenə də eyni ardıcıllıqla Milli Teatrı ziyarət edərdim. Ona görə ki, bu tamaşalar antik və klassik faciə ehtişamı ilə süslənmişdi! Ona görə ki, bu tamaşalara sənətini sevdiyim bir orijinal düşüncəli bir rejissor quruluş vermişdi! Və əlbəttə ona görə ki, bu tamaşalarda baş rolun ifaçısının – Kamal Xudaverdiyevin oyununda heyrətamiz səmimiyyətdən doğan sarsıdıcı təsir gücü, inandırıcılıq keyfiyyəti var idi! O bu obrazlarla səhnəmizdə Hüseyn Ərəblinski, Abbasmirzə Şərifzadə, Ələsgər Ələkbərov sənətinə məxsus klassik faciə ehtişamını canlandıran sonuncu tragediya aktyoru olduğunu sübut elədi. O XX əsr səhnəmizin sonuncu tragiki idi! Və təkcə elə Lir və Edip obrazları kifayətdir ki, Kamal müəllimin adı Azərbaycan teatrı tarixinə qızıl hərflərlə yazılsın."

Etibar Əliyev