adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 Noyabr 2022 10:17
383
İDMAN

Sərdar Azmun azərbaycanlıdı? - ARAŞDIRMA

Azərbaycan yığması dünya çempionatına vəsiqə qazanmasa da, azərbaycanlı futbolçular bu yarışda iştirak edib.

Söhbət İran və Rusiya millisində yer alanlardan gedir. Şimal qonşumuzun heyətində Aleksandr Səmədov 2 dəfə (2014 və 2018) mundiala qatıldığı halda, İran yığmasında çıxış edən soydaşlarımız daha çox olub. Əli Kərimi, Mehdi Mahdavikiya, Hüseyn Kaibi və başqalarının adını çəkmək olar. Əli Daei isə İran futbolunun canlı əfsanəsidi. Ərdəbildən olan soydaşımız keçirdiyi 148 oyuna 109 qol vurub. Dünyada ən çox qol vuran milli futbolçu kimi rekord müəyyənləşdirib. Onun rekordunu yalnız 2021-ci ildə portuqaliyali Kristiano Ronaldo qırıb.

Hazırda Qətərdə davam edən DÇ-nin B qrupunda mübarizə aparan İran millisinin heyətində də 3 soydaşımız – Sərdar Azmun, Kərim Ənsarifərd və Əli Qolizadə yer alıb. Hər üçü aparıcı oyunçulardandı. Amma azərbaycanlı futbolsevərlərin diqqətini daha çox çəkən, hətta anlaşılmazlığa səbəb olan məqam Azmunun verdiyi açıqlamada özünü türkmən adlandırmasıdı. Bir çoxları onun bu sözünü Türkmənistan dövlətinə mənsubluq kimi başa düşüb. Əvvəla onu qeyd edim ki, İraqda, İranda, Suriyada yaşayan türkmənlərlə Türkmənistandakı əhali türkdilli olmalarına baxmayaraq, fərqli etnik qruplara aiddilər. Türkmənlər oğuz türklərinin qərb qolundandı. Hazırda say baxımından daha çox İraqın Şimal əyalətlərində kompakt yaşayırlar (3 milyona yaxın). Tarixi aspektdən yanaşsaq, türkmənlərın böyük əksəriyyəti özlərini azərbaycanlı sayır. Tarixən İraqda, Suriyada türklər yaşasa da, səlcuqların köçüylə qeyd olunan coğrafiyada sayları daha da artdı. Dövlətçilik tariximizdə xüsusi yer tutan Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər dövlətinin inkişafında türkmənlərin xüsusi xidmətləri olub. Tarixi nöqteyi-nəzərdən Qaraqoyunlu və Ağqoyunlu tayfalarının varisləridi. Türkmənlərlə azərbaycanlıların dili birdi. Hətta Türkiyə türkcəsiylə müqayisədə bizimlə fərqliliklər, demək olar ki, yoxdu. Türkmənlər özlərini azərbaycanlı hesab edir.

İraq tarixçisi Ş.S.Zabıt “İraq türkmənlərinin qısa tarixi” əsərində onların fasiləsiz olaraq İraqda yaşamasını qeyd edir. Onun bu fikrini iraqlı ədib və diplomat kimi tanınmış İ.Daqugi “İraq türkmənləri” əsərində də təkrar edir. Hər iki araşdırmaçı türkmənlərlə azərbaycanlıların dil və etnik birlikləri barədə də geniş məlumatlar verirlər. Bundan başqa, türk tarixçisi-professor Mehmed Fuad Köprülü, İraq türkməni olan folklorşünas Əbdüllətif Bəndəroğlu, Qəzənfər Paşayev, Kamil Vəliyev və başqa alimlər türkmənlərin azərbaycanlılarla eyni dildə danışmasıyla yanaşı, həm də eyni millət olduğunu qeyd edirlər. Sonuncu yanaşmanı Britanya Akademiyasının müxbir və Queen Mary Universitetinin üzvü, tarixçi-alim Harun Yılmaz da təsdiqləyib. Tədqiqatçı Cavanşir Xıdırovun 1993-cü ildə yazdığı “İraq türkmənləri” kitabında hələ erkən və orta əsrlərdən başlayaraq, əsasən Azərbaycandan köçərək İraqda məskən salan türkmənlərin soy-kökünə, tarixinə, ədəbiyyatına və ictimai fikirlərinə dair dəyərli məlumat verib.

Hazırda İraqın Kərkürk şəhərində fəaliyyət göstərən Türkməneli Partiyasının sədri Riyaz Sarıkahya 2017-ci ildə hafta.az saytına müsahibəsində belə demişdi:
 

“İraq türkmənləri Azərbaycanın bir parçasıdı. Bu gün Azərbaycan türkcəsi yalnız Azərbaycan dövlətində, İran Azərbaycanında yox, həm də İraqda yaşamaqdadı. Sağ olsunlar, vaxtaşırı Azərbaycan parlamentindəki bəzi millət vəkilləri Kərkük məsələsini gündəmə gətirir və bu bizi qürurlandırır. Amma bu azdı, Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasını, mənəvi dəstəyini eşidib, hiss etmək istəyirik”.



19.09.2018-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində İraq türkməni, tədqiqatçı-alim, professor, şair Faruk Faiq Köprülünün “Kərkük tarixi və türkmən eli mədəniyyətindən səhifələr” mövzusunda məruzəsini dinlədikdən sonra onunla qısa müsahibəm zamanı bunları demişdi:
 

“Həm türkmənlər, həm də Azərbaycan türkləri eyni soydandı və bir bulaqdan su içiblər. Türkmən demək elə Azərbaycan türkü deməkdi” (mənbə: Hürriyyət qəzeti N29(3227) 30 avqust 2022-ci il).



İraq türkmənlərinin elə azərbaycanlılar olması və eyni dildə danışmasını sübut edən yetərincə ciddi qaynaqlar var. Həmin mənbələrdən bir qismini qeyd etdim.

Türkman sözünü İraqda yaşayan soydaşlarımıza ilk dəfə ərəblər, ardıncada bu diyarı işğal edən ingilislər çağırarkən adlandırıb. Yuxarıda qeyd etdiyim kimi türkman adlandırılan soydaşlarımız yalnız İraqda yox, həm də İran, Suriyada da tarixən yaşayıblar. Türkmənistan əhalisinin ümümilikdə türkmənistanlı (etnik mənşəyindən asılı olmayaraq) adlanır. Onu da vurğulayaq ki, Türkmənistan əhalisinin etnik tərkibi rəngarəngdi və ölkədə 40-dan çox etnik xalqın nümayəndələri var ki, onların da 52 mindən (rəsmi) çoxu azərbaycanlılardı. Bundan başqa hazırkı Türkmənistan dövləti 3 əsrdən çox Səfəvilər İmperiyasının tərkibində olub. Odu ki, böyük coğrafiyanın tərkib hissəsində Türkmənistan ərazisində bir çox türk etnosları (o cümlədən Azərbaycan türkləri) bir-biriylə qaynayıb-qarışıq. Heç şübhə yeri yoxdu ki, ulu babası, babası azərbaycanlı olan türkmənistanlılar da özlərini türkman adlandırır. İstər İran, istərsə də Türkmənistan coğrafiyasının demək olar hər yerində Azərbaycan türkləri olub və başda millətlərlə (türk və qeyri-türk) qarışıblar. Yəni, bu gün genetik ekspertiza aparılsa azərbaycanlıların sayı heç də 52 min yox, daha çox olacaq. Məsələn, 2008-ci ildə Tehranda olarkən agah oldum ki, İranda bizlərə azərbaycanlı yox, türk deyirlər və sayımız heç də 25-30 milyon yox, daha çoxdu. Elə hazırda da 40 milyon yox, daha çoxuq. Sadəcə açıqlanmır. Eyniylə cənub qonşumuzda türkmanlara, türkmənistanlılara, özbəklərə və bunları kimi başqaların da türk deyirlər.

Odu ki, Sərdar Azmunun “mən türkmanam, türkləri çox sevirəm, yaşasın türklər” deməklə heç də birmənalı olaraq, özünü Türkmənistan Respublikasına və ordakı türkmənistanlılara mənsub olması kimi başa düşülməməlidi. Yuxarıda qeyd etdiklərimi nəzərə alsaq, İran millisinin “20 nömrəsi”ni türk, azərbaycanlı da adlandırmaqda da haqlıyıq.

ABDULLA İSMAYILOĞLU

football-plus.az