adalet.az header logo
  • Bakı 18°C
04 Iyul 2022 12:34
733
MARAQLI

“Sən yerlərdə sürünməyə deyil, çiyinlərdə yüksəlməyə layiqsən”

Bir millət, iki dövlətik, bizi bir-birimizdən fərqləndirən xüsusiyyətlərimiz çoxdur, amma düşüncə olaraq aşağı-yuxarı eyniyik və demək olar ki, eyni mərhələləri keçmişik.

Qadınların bülbül kimi qəfəsə məhkum olunduğu illər idi. Oxumazdılar, dodaqlarının altında zümzümə edərdilər ki, birdən kimsə eşidər. İki qadının birlikdə iki kəlmə kəsməyinə də şeytan işi kimi baxırdılar. Açığı, işə zarafat kimi yanaşsaq, iki qadın bir yerə gələndə danışdıqları qeybət olur, qeybət də ki şeytan işidir də.

Amma bir qadın vardı, Emile Zolyanı, Şekspiri, Abbotu oxuyar, tərcümələr edərdi. II Abdulhamit “Şəfqət nişanı” ilə təltif etsə də, ingilis işğalında olan Vahdettin höküməti işğalçılara qarşı Atütürklə yola çıxan bu cəsur qadın haqqında 1920-ci ildə edam qərarı verdi. Buna baxmayaraq, o qorxmadı, əksinə Qurtuluş savaşı üçün Anadoluya keçdi. Atatürk, “Ey qəhrəman Türk qadını! Sən yerlərdə sürünməyə deyil, çiyinlərdə yüksəlməyə layiqsən”, - deyərək çağırış edəndə təqvim 1923-cü ili göstərirdi və Cümhuriyyət qurulmuşdu.

Anadoluya işıq saçan inqilab məşəli yandırıldı. Qadınlar doğub bəslədikləri kişilərlə bərabər olacaqdılar. Atatürkün silahdaşı, Qurtuluş Savaşının onbaşı Halidesi yad düşmənlərlə savaşdığı kimi bi r milləti özünə qul etmək istəyən saraylarla və daxili düşmənlərlə də savaşacaqdı.

Professor Halide Edip Adıvarın “Millətlər dostumuz, hökümətlər düşmənimiz” cümləsi xatirələrə həkk olundu. Həyatı ABŞ rejissorlarına ilham verdi, haqqında film çəkildi. Süreyya Ağaoğlu 1920-ci ildə İstanbul Hüquq fakültəsinə girən ilk qadın və Türkiyənin ilk qadın vəkili idi. Mülkün, yəni dövlətin təməlinin ədalət olması üçün savaşdı. Qadınlar evlərinin qapısından başını çıxarmadığı halda, Filiz Dinçmen ilk qadın səfir olub cümhuriyyəti dünyada təmsil etdi. Sərhədlər yıxılırdı. Qadınlar bugün yüzdə 63 faizlə diplomatiyaya hakim oldu.

Türkiyənin ilk tibb bacısı Esma Deniz 93 illik ömrünün 73 ilində modern Türkiyə üçün örnək oldu. Türk Tibb Bacıları Dərnəyi Florence Nightingale Tibb bacısı Məktəbini qurdu. Onun adına xatirə sikkəsi buraxıldı. “Oxumaq istəyirəm, Paşam” deyə Atatürkə səslənəndə Sabiha Gökçenin hələ 12 yaşı var idi. Oxudu, Türkiyənin və dünyanın ilk qadın pilotu oldu. Sarıqamışlı Leman Altınçekiç Hərbi Hava qüvvələri Akademiyasını bitirən ilk türk qadın pilotu idi. Təyyarə bir kənara, ata arabasına belə qadınların tək minməyi qadağan olunan bir toplumda doğulub 20 yaşında F-85 və T-33 qırıcılarını sürmüşdü. O dövrdə dünyada, NATO-da işləyən ilk və tək qadın idi. İlk qadın hakim və futbolçumuz Lale Orta topu qapıya vuranda “qadın futbol oynamaz” tabularını darmadağın etdi.

Bu ilkləri Azərbaycan adına sadalamağa başlasaq, ağız dolusu danışa bilərik. Adi bir meşəbəyi qızı olan Validə Tutayuq biologiya sahəsində ilk qadın elmlər doktoru, professor olmuşdu. 1968-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilərək böyük ilkə imza atmışdı. Məhz akademiyanın həqiqi üzvü seçildikdən sonra, nəhayət, Azərbaycan elminin də qadın akademiki olmuşdu.

Təkcə Azərbaycanın deyil, eləcə də Şərqin ilk qadın təyyarəçisi olan Leyla Məmmədbəyova müharibə başlayarkən (II Dünya Müharibəsi) mayor rütbəsinə qədər yüksələ bilmiş, lakin yetkinlik yaşına çatmayan 4 uşağın anası olduğu üçün onu müharibəyə göndərilməmişdi. Buna baxmayaraq, SSRİ miqyasının ikinci, Şərqin isə birinci xanım təyyarəçisi olan Leyla Məmmədbəyova Azərbaycan tarixinə düşə bilmişdi.

II Dünya Müharibəsində hərbi təyyarəçi kimi yüksək nüfuz qazanan və kapitan rütbəsinə qədər yüksələn Züleyxa Seyidməmmədova sonradan yüksək postlarda irəli çəkilmişdi. Xanım Seyidməmmədova hətta bir müddət Azərbaycan SSR ictimai təminat naziri vəzifəsində də çalışmışdı.

Azərbaycanın ilk xanım opera müğənnisi Şövkət Məmmədova böyük Üzeyir Hacıbəylinin kadrı idi. Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə Milanda konservatoriyanı oxuyan Şövkət xanıma həyatının ən pis vaxtlarında Ü.Hacıbəyli kömək edib və onu ilk dəfə səhnəyə çıxarmışdı. İlk xanım opera müğənnimiz səhnəyə çıxan zaman qoçular onu az qala öldürəcəkmiş. Bu zaman da ona Üzeyir bəy və dostları kömək etmişdi.

Azərbaycanın balet sahəsində ilk qaranquş olan Qəmər Almaszadə adi bir çəkməçi qızı olub. Uzun müddət baletə gedən zaman atasına idmanla məşğul olduğunu deyərək aldadırmış. Lakin çox sonralar atası əsl həqiqəti bilir. Qızının bu seçimi ilə barışır. Hərdən gizlincə teatra gedib tamaşaçılar arasından qızının ifasını izləyirmiş də.

İlk qadın nazirimiz - xarici işlər naziri olan Tahirə Tahirova olub. O, həm də neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın-mütəxəssis idi. 1940-cı ildə isə Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutuna direktor təyin olunub. Böyük Vətən müharibəsi dövründə cəbhənin fasiləsiz neft təchizatına cavabdeh olub.

T.Tahirova 1957 -ildə Azərbaycan SSR xarici işlər naziri vəzifəsinə təyin olunsa da, icrasına 1959-cu ildən başlayıb və 1983-cü ildə nazirlikdəki fəaliyyətinə son qoyub. SSRİ Ali Sovetinin (4-cü çağırış), Azərbaycan SSR Ali Sovetinin (3, 5, 7-ci çağırış) deputatı olub.

İki sahənin naziri olmuş ilk xanım Elmira Qafarovadır.

1983-1987-ci illərdə Azərbaycan SSR xarici işlər naziri vəzifəsində çalışıb. 1987-1989-cu illərdə E.Qafarova Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışıb, 1989-cu il dekabrın 30-da Gəncə şəhərinin adının bərpa olunması və 1990-cı il martın 13-də Azərbaycan xalqının milli bayramı olan "Novruz bayramı"nın rəsmən qeyd edilməsi haqqında fərmanlar imzalayıb.

Türkiyədə Atatürkün, Azərbaycanda Məmməd Əmin Rəsulzadənin qurduğu cümhuriyyət və bu cümhuriyyətin hər iki ölkəyə bəxş etdiyi bərabərlik hüququ sayəsində qadınlar köləlikdən qurtuldu, əşya olmaqdan xilas oldu, ilklərə imza atdı. Bu yolu keçib gələn hər iki ölkədə təəssüflər olsun ki, hələ də qadına kölə kimi yanaşan müxtəlif dini təriqət üzvləri, çürük təfəkkür sahibləri var və onları nə qədər ciddiyə almasaq da, böyük təsir qüvvəsinə malikdirlər.

Amma alınmayacaq, onların qaramat dünyaları türk qadınını, bu iki qardaş xalqı öz əsirinə çevirə bilməyəcək.

“Bütün müsəlman aləminə bərabər Türkiyə də bilməlidır ki, ailə əsarəti və ailə istibdadı üzərinə təşkil edilən millətlər heç bir vaxt ailə hürriyyəti və ailə səadəti məbnaları üstündə qurulan millətlərlə mübarizə edə bilrnəzlər. Qadın bir millətin nisfi-mühümmünü təşkıl edir. O, aciz isə, hüquqsuz və mərifətsiz olursa, millətin yarısı xəstə və məflucdur — deməkdir. Qasım bəy Əmin mərdümşikə məfluc bir adamla səhih üləza bir adam bərabər olamaz və xəstə adam bəlildir ki, sağ və salim bir adamla döyüşə də bilməz.

Bu və bu qəbil nəsihətləri indi bu süfur kənarlarlnda verilən konqreslərdə (leksiyalarda) eşitmək qabil olduğu kimi, İstanbulda çıxan qəzetələrdə də ara bir oxumaq olur.

Fəqət bununla bərabər bütün Balkan məğlubiyyətıni qadınların dar yubka geymələrində görənlər də var. Onlarla da mübarizə aparmaq lazım gəliyor”.

 

Məhəmməd Əmin Rəsulzadə

Hazırladı: Eminquey