adalet.az header logo
  • Bakı -°C
03 Sentyabr 2014 12:13
19767
MƏDƏNİYYƏT
A- A+

Səhnədən doymayan aktyor - Yaşar Nuri

"Mən həyatı məhəbbətsiz təsəvvür edə bilmirəm” – bu fikirləri görkəmli aktyor Yaşar Nuri hər müsahibəsində, çıxışlarında söyləyərdi. Belə söyləməyə haqqı vardı, çünki tamaşaçılarına bəxş etdiyi hər bir obrazına verdiyi sevgi qəlbimizdə həm ona, rollarına, elə sevginin özünə qarşı elə duyğular həkk edib ki, onu silməyə zamanın gücü çatmaz. Necə ki, bu gün aramızda olmasa da böyük məhəbbətlə xatırlayırıq.

Bu gün onun – sevilən xalq artisti, kino və teatr aktyoru Yaşar Nurinin anadan olduğu gündür. İstər komik, istərsə də dramatik rolların məharətli ifaçısı olan sevimli aktyorun 63-cü doğum günüdür. Səhnədə heç vaxt yorulmadığını deyən böyük aktyor, təəssüf ki, müqəddəs hesab etdiyi səhnəni doymadan tərk etdi. 


1951-ci il sentyabrın 3-də Bakıda anadan olan Yaşar Məmmədsadıq oğlu Nuriyev Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. O, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib. Mərhum aktyor 1974-cü ildə Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub. Yaşar Nuriyev Milli Dram Teatrında işlədiyi illərdə repertuardan düşməyən 20-dən çox tamaşada yaddaqalan obrazlar yaradıb. Bunların sırasında Sərsəm Salman ("Dəli yığıncağı”), Məşədi Oruc ("Ölülər”, C.Məmmədquluzadə), Əbdüləli bəy, ("Sevil”, C.Cabbarlı), Ağamusa Nağıyev ("Mesenat”, Ə.Əmirli), Kürən ("Xəcalət”, H.Mirələmov) Rəhman ("Fəryad”, B.Vahabzadə), İsgəndərzadə ("Ah, Paris… Paris!..”, Elçin), Xandəmir ("Afət”, Hüseyn Cavid) və s. xüsusi yer tutur.


Bundan başqa aktyor "Səni axtarıram", "Evləri köndələn yar", "Qonşu qonşu olsa", "Kökdən düşmüş piano", "Qatarda", "Ac həriflər", "Ordan-burdan" televiziya tamaşalarında da yaddaqalan obrazlar yaradıb. 


Yaşar Nuri kino sənətində də yaratdığı bir sıra obrazları ilə tamaşaçıların rəğbətini qazanıb. Bunlar arasında "Yol əhvalatı", "Bəyin oğurlanması" "Yuxu", "Qəm pəncərəsi" filmləri Azərbaycan tamaşaçısının dəfələrlə, sevə-sevə izlədiyi filmlərdəndir.


İstedadlı aktyor teatr sənətində böyük uğurlara görə Azərbaycan Respublikasının Lenin Komsomolu (1984), "Qızıl dərviş” (1992 və 1996) mükafatları laureatıdır. Səhnədə və ekranda yaratdığı parlaq obrazlara görə 1981-ci ildə əməkdar, 1989-cu ildə isə xalq artisti fəxri adına layiq görülüb.

2012-ci il sentyabrın 1-də respublika Prezidentinin fərmanı ilə "Şöhrət” ordeni ilə təltif edilib.

Tanınmış aktyor uzun sürən xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də ömrünün 61-ci ilində vəfat edib.