adalet.az header logo
  • Bakı -°C
19 Dekabr 2025 17:45
53
GÜNDƏM
A- A+

Səhiyyə Nazirliyində tibb mütəxəssisləri ilə görüş keçirildi - FOTO

Azərbaycanın Səhiyyə Nazirliyində baş ağrıları üzrə beynəlxalq aləmdə yüksək nüfuza malik olan aparıcı mütəxəssislərlə görüş keçirilib.

Adaet.az xəbər verir ki, görüşdə Danimarka, Almaniya, Belçika və İtaliyadan olan tanınmış alimlər – Kopenhagen Universitetinin (Danimarka) nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin (IHS) sabiq prezidenti professor Məsud Aşina, Essen Universitetinin professoru, Avropa Baş Ağrı Federasiyasının (EHF) sabiq prezidenti professor Zaza Katsarava, Brüssel Universitet Xəstəxanasının nevroloji klinikasının rəhbəri, EHF-nin Idarə Heyətinin üzvü professor Yan Versijpt, Sapienza Universitetinin professoru, Avropa Nevrologiya Akademiyasının (EAN) Baş ağrı panelinin üzvü Canluka Koppola, eləcə də miqren və baş ağrıları üzrə mütəxəssis, “Azərbaycan Miqren Mütəxəssisləri” İctimai Birliyinin həmtəsisçisi Sərxan Əmirquliyev iştirak ediblər.

Görüş zamanı baş ağrıları və miqrenin müasir diaqnostika və müalicə üsulları, bu sahədə beynəlxalq klinik yanaşmalar, eləcə də gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə səhiyyə naziri Teymur Musayev ölkə rəhbərliyinin səhiyyə sahəsinə, xüsusilə də ixtisaslaşmış tibbi xidmətlərin inkişafına daim xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Bildirilib ki, son illər Azərbaycan səhiyyəsində həyata keçirilən islahatlar çərçivəsində nevrologiya sahəsi, o cümlədən baş ağrılarının diaqnostika və müalicəsi istiqamətində mühüm addımlar atılıb: “Prezidenti İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sisteminin müasirləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübənin tətbiqi və əhalinin yüksək keyfiyyətli tibbi xidmətlə təmin olunması dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu baxımdan, beynəlxalq ekspertlərlə əməkdaşlıq bizim üçün xüsusi əhəmiyyət daşıyır”.

Nazir həmçinin qeyd edib ki, belə görüşlər yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılması, elmi-tədris əlaqələrinin gücləndirilməsi və qabaqcıl müalicə protokollarının tətbiqinə töhfə verir.

Öz növbəsində qonaqlar Azərbaycanda səhiyyə sahəsində aparılan islahatları yüksək qiymətləndirərək, elmi və praktiki əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər. Diqqətə çatdırılıb ki, baş ağrıları (sefalgiya) cəmiyyətə əhəmiyyətli dərəcədə sosial-iqtisadi ziyan vuran və dünyada əlilliyə ən çox gətirən on səbəb sırasındadır. Baş ağrılarının düzgün müalicəsini təmin etmək üçün səhiyyə işçilərinin peşəkar hazırlığı, dəqiq diaqnoz, eləcə də sadə həyat tərzinin dəyişdirilməsinin zəruri olduğu qeyd olunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.